AZ EN RU

IELTS qeydiyyat və imtahan mərkəzində ilk sınaq imtahanı olub

    Naxçıvan Dövlət Universiteti Xarici dillər fakültəsində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində sınaq imtahanı keçirilib. 50-yə yaxın nəfərin iştirak etdiyi imtahanda namizədlərin oxuma, yazma, dinləmə bacarıqları yoxlanılıb, fərdi danışıq qabiliyyətləri nəzərə alınaraq qiymətləndirmə aparılıb. İmtahanda oxuma və dinləmə prosesində sualların tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını IELTS mərkəzinin koordinatoru, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Bayram Əliyev həyata keçirib. 
    Qeyd edək ki, mərkəz Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq məhz muxtar respublikadakı ali təhsil ocağında yaradılıb və qeydiyyat və imtahan mərkəzi kimi fəaliyyət göstərir. Yaradılan mərkəzin məqsədi muxtar respublikada bu sahə üzrə ingilis dili bacarıqlarının qiymətləndirilməsi və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasıdır. 
    Məlumat üçün onu da bildirək ki, mərkəz yaxın zamanda universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə müsbət təsir göstərəcək. Onu da qeyd etmək yerinə düşər ki, artıq beynəlxalq əməkdaşlıqda irəliləyən ali təhsil ocağının gələcək perspektivlərində, ikili diplom layihələrində iştirakının təmin olunmasında xarici dil biliklərinin qiymətləndirilməsi vacib fakt kimi əhəmiyyətlidir. 

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 23.05.2022 20:58