AZ EN RU

Hüseyn Cavidin 140 illik yubileyi qeyd olunub

    “Naxçıvan” Universitetində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Hüseyn Cavidin bənzərsiz əsərləri Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil edir. O, əsərlərində təbliğ etdiyi türkçülük ideologiyasını, aşıladığı Turan sevdasını, humanizm ideyalarını özü üçün ən böyük təhlükə hesab edən sovet hakimiyyətinin repressiya siyasətinin qurbanı olub. Hüseyn Cavidin 140 illiyinin ölkə səviyyəsində, eləcə də muxtar respublikamızda geniş şəkildə qeyd edilməsi böyük şair-dramaturqun bədii irsinə göstərilən ehtiramın təcəssümüdür.
    Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti İman Cəfərov “Azərbaycan romantizm ədəbi cərəyanı və Hüseyn Cavid” məruzəsi ilə çıxış edib. Tədbir Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə davam edib, şairin lirik şeirləri bədii qiraət olunub.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 24.10.2022 20:22