AZ EN RU

Hüseyn Cavid məqbərəsində təmir-bərpa işləri aparılır

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ədəbiyyatımızın korifey nümayəndələrindən biri olan Hüseyn Cavid şəxsiyyətinə, ailəsinə, irsinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il 21 iyulda “Hüseyn Cavidin 100 illiyi haqqında” qəbul olunan Qərardan sonra böyük şair və dramaturqa dövlət səviyyəsində yüksək qiymət verilib, sənətkara münasibət köklü şəkildə dəyişib. Ötən əsrin 70-ci illərindən başlayaraq Cavid irsi geniş tədqiq olunmağa başlayıb, əsərləri kütləvi tirajla nəşr olunub, pyesləri teatrlarda səhnəyə qoyulub, xatirəsini əbədiləşdirmək üçün mühüm işlər həyata keçirilib. Həmçinin ümummilli liderin təşəbbüsü ilə şairin nəşi Sibirdən gətirilərək doğulub boya-başa çatdığı Naxçıvan şəhərində torpağa tapşırılıb, 1981-ci ildə şəhərin mərkəzində Hüseyn Cavidə olan ehtiramı əks etdirən məqbərə ucaldılıb. 
    Qeyd edək ki, 2022-ci ildə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin anadan olmasının 140 ili tamam olur. Prezident cənab İlham Əliyev ölkəmizdə şair-dramaturqun 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb,  Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq edilib.  
    Ömrünü xalqına həsr etmiş, özündən sonra zəngin bədii irs yaratmış böyük mütəfəkkir, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Hüseyn Cavidin ev- muzeyi və xatirə kompleksinin bərpasından sonra ədibin Naxçıvan şəhərində ehtişamla ucalan məzarüstü abidəsinin təmir-bərpa işlərinin aparılması muxtar respublikamızda sənətə və sənətkara göstərilən qiymətin daha bir ifadəsidir.
    Təmir-bərpa işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir. İnşaatçılar bu tarixi binanın dahi şair və dramaturqun adına layiq səviyyədə təmiri üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. İdarədən aldığımız məlumata görə, ilk növbədə, abidənin zirzəmisi təmir edilib. Hazırda inşaatçılar abidə kompleksində digər bərpa işləri ilə məşğuldurlar. Belə ki, divarlar yenidən ağardılır, şairin özü və ailə üzvlərinin məzarları üzərindəki daşlar təmizlənir, abidə kompleksinin həyətində abadlıq işləri görülür, bir sözlə, kompleksdə əsaslı yenidənqurma işləri həyata keçirilir. İnşaatçılar öhdələrinə götürdükləri işi keyfiyyətlə həyata keçirir, abidənin vaxtında təhvil verilməsinə səy göstərirlər.
    Hüseyn Cavidin və ailəsinin uyuduğu məzar və məzarüstü məqbərə muzeyin yaxınlığında yerləşir. Gözoxşayan yaşıllıq və təmizliklə əhatə olunan məqbərəni hər gün onlarla insan  ziyarətə gəlir, böyük ədibin xatirəsini yad edir...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 05.12.2022 20:11