AZ EN RU

Hamiliklə bağlı tədbir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilib.
    Naxçıvan Dövlət Universitetində Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələrə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi olub.
    Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq “Oxunması zəruri olan kitablar”ın əhəmiyyətindən, həm şair, həm də diplomat kimi fəaliyyət göstərən A.S.Qriboyedovun həyat və fəaliyyətindən danışıb.
    Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Fariz Əhmədov hamiliklə bağlı keçirilən tədbirlərin tələbələr üçün böyük əhəmiyyətindən bəhs edib.
    Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbə müdiri Əzizə Süleymanzadə və kitabxananın əməkdaşı Aysel Əhmədova çıxış edərək bildiriblər ki, əsərdə ölkəmizin bir çox şəhərlərində olan şair-diplomatın 1819-cu ildə Naxçıvanla tanış olması, burada qalması, onun yazılarında Naxçıvan, Qazançı, Culfa, Sədərək kimi şəhər və kəndlərin adlarının çəkilməsi, Naxçıvanla bağlı qeydləri, xatirə və digər yazılarından bəhs olunur. Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” kitabında diqqəti çəkən ən əsas məqamlardan biri də Qriboyedovun 1828-ci ilin oktyabrında Culfa şəhərində yazdığı məktubdur. Qafqazın ali baş komandanı, general Paskeviçə ünvanlanan məktub işğalçı ermənilərin Cənubi Qafqazın əzəli sakinləri olmaları yönümündəki sayıqlamalarına ən tutarlı cavablardan biridir. 
    Sonra tələbələrlə birgə əsər ətrafında müzakirələr aparılıb. 

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.03.2022 19:28