AZ EN RU

Ətraf mühitin mühafizəsi ekoloji siyasətin əsasını təşkil edir

    Ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması ilə yanaşı, aqrar sənaye potensialından səmərəli istifadə edilməsi, Sənaye ilində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması fonunda ekoloji tarazlığın qorunması, meşəliklərin artırılması, yaşıllıq sahələrinin genişləndirilməsi cari ilin ötən dövründə də aktual məsələ kimi diqqətdə saxlanılmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisində 25 fevral 2022-ci il tarixdə təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən verilmiş tapşırıqların icrası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas fəaliyyət istiqaməti olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Muxtar respublikada ətraf mühitin qorunması sahəsində ardıcıl tədbirlər görülür, yaşıllıqlar artırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə bu il də yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması, eləcə də bərpa əkinləri üçün hazırlıqlar görməli, hava şəraitinə uyğun olaraq yaşıllaşdırma tədbirlərinə başlanılmalıdır. Yaşıllaşdırma tədbirlərində ting tələbatı yerli imkanlar hesabına ödənilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs bu sahədə tədbirlərə diqqəti artırmalı, tingçilik təsərrüfatlarında hazırlıqlara başlanılmalıdır”. Bu tövsiyələr nazirliyin bu sahədəki fəaliyyətinin perspektivlərini müəyyən edir.
    Ötən yarım ildə muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər icra hakimiyyətləri və vətəndaşlar tərəfindən, ümumilikdə, 232,0 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılmış, yeni meyvə bağları salınmış, toxumla əkin aparılmışdır. Ümumilikdə, 150 min ədəd meyvə, meşə, həmişəyaşıl tingləri, üzüm, bəzək və gül kolları əkilmişdir. Yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinglərinə, həmişəyaşıl ağaclara olan tələbat, əsasən, nazirlik tərəfindən təmin edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 120 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılmış, yeni meyvə bağları salınmış, toxumla əkin aparılmışdır.
    Muxtar respublikamızda ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması və artırılması diqqətdə saxlanılmış keçirilən yaşıllaşdırma tədbirlərində 4,6 hektarı üzüm olmaqla, 55,6 hektar sahədə meyvə bağı, yaşıllıq zolaqları salınmışdır. Meyvə bağlarının salınmasında yerli sortlara üstünlük verilmiş, əsasən, badam, cəviz, üzüm, tut, ərik, alma, tinglərindən istifadə olunmuşdur. Muxtar respublikamızın təbii-iqlim şəraitinə uyğunlaşa bilən və iqtisadi cəhətdən səmərəli olan növlərin inkişaf etdirilməsi məqsədilə 2015-2016-cı illərdə salınmış püstə bağında lazımi aqrotexniki işlər görülmüş, yerli şəraitdə yetişdirilmiş püstə tingləri və toxumları ilə 2,0 hektar sahədə yeni püstə bağı salınmış, qapalı damcılı suvarma sistemi quraşdırılmışdır.
    2022-ci ilin birinci yarım ilində Naxçıvan şəhəri ərazisində 7,0 hektar, Şərur rayonu ərazisində 11,2 hektar, Babək rayonu ərazisində 4,7 hektar, Culfa rayonu ərazisində 11,3 hektar, Ordubad rayonu ərazisində 14,6 hektar, Şahbuz rayonu ərazisində 9,2 hektar, Kəngərli rayonu ərazisində 13,4 hektar, Sədərək rayonu ərazisində 12,0 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılmışdır.
    Bəhs olunan dövrdə nazirlik tərəfindən 2,0 hektar ərazidə toxmacarlıq və qələmkökləndirmə sahələri yaradılmış, tingçilik təsərrüfatlarında növ müxtəlifliyi diqqətdə saxlanılmış, həmçinin təcrübə məqsədilə əkinlər aparılmış, 15 min ədəd üzüm, 10 min ədəd iydə, 3 min ədəd çinar qələmləri əkilmişdir. Mövsüm ərzində bərpa işlərinin fasiləsiz aparılması məqsədilə 1800 ədəddən artıq dibçəkdə ting yetişdirilmişdir. 
    Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki¸ bu gün tinglik sahələrdə 350 min ədəddən artıq meyvə tingləri mövcuddur. O cümlədən çinar, püstə, armud, heyva, üzüm, sərv, maklura, akasiya ting­ləri yetişdirilmiş və bu sahədə təcrübə əldə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq Naxçıvançay, Əlincəçay, Gilançay, Nəsirvazçay, Arpaçay vadilərində çilik üsulu ilə əkin işləri aparılmış, ümumilikdə, 6200 ədəd iydə, söyüd və qələmə çilikləri çay vadilərində əkilmişdir.
    Dövlət Meşə Fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində 250 ədəd müxtəlif cır meyvə ağaclarına calaq vurulmuşdur. Əkin işlərində toxumla əkinin üstünlükləri əsas götürülərək Ağbulaq Kənd-Turizm İstirahət Bölgəsi, Darıdağ ərazisində və xüsusi mühafizə olunan təbiət ərazilərində 80,0 hektar sahədə şırım üsulu ilə toxumla əkin aparılmış, 1280,0 kiloqramdan artıq üzüm, alça, ardıc, palıd, həmərsin, yemişan, badamça, iydə toxumları əkilmişdir.
    Ətraf mühitin mühafizəsinə, diyarımızın zəngin flora və faunasının, iqlim müxtəlifliyinin qorunmasına, nəticə etibarilə, insan amilinə xidmət edən ekoloji tədbirlər bundan sonra da  davam etdiriləcəkdir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.08.2022 18:34