AZ EN RU

Ərzaq təhlükəsizliyinin təmin edilməsi dövrün tələbidir

    Ərzaq təhlükəsizliyi bütün insanların yaşamaq üçün zəruri olan ərzaq məhsullarına iqtisadi çıxışının təmin olunması, sağlamlığın və fəal həyat təminatının qorunub saxlanılması və beləliklə də cəmiyyətin inkişafının əsasıdır. Eyni zamanda etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin tərkib hissəsi olmaqla iqtisadi, xüsusilə aqrar siyasətin əsas hədəfidir. 

    Hazırda dünya iqtisadiyyatında baş verən proseslərin ümumi təhlilindən belə nəticəyə gəlmək olar ki, ərzaq təhlükəsizliyi gündən-günə daha ciddi xarakter daşıyan bir məsələyə çevrilir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Qarşıdakı illər ərzində əhali artımı ilə müqayisədə ərzaq istehsalının nisbətən azalması bir daha qida təhlükəsizliyinin təmin olunmasının gələcək illərdə də nə dərəcədə zəruri xarakter daşıyacağını göstərir. 
    Qeyd etmək lazımdır ki, son illərdə dünyada baş verən müxtəlif qlobal böhran və məhəlli münaqişələr, ilk növbədə, əhalinin zəruri və sağlam qida məhsulları ilə təminatı məsələsini qarşıya qoydu. Bu həm beynəlxalq, həm də lokal səviyyədə qida təchizatı zəncirinin zəifləməsi və bəzi hallarda qırılması kimi ciddi təhlükələrlə özünü göstərdi. Lakin ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan iqtisadi siyasətin nəticəsində bu sahədə də dayanıqlı inkişafa nail olundu. 
    Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Belə ki, 2001-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nda deyilir: “Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi Azərbaycan Respublikası Hökumətinin mühüm vəzifələrindən sayılır”.
    Bu məqsədyönlü siyasətin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən və icrası uğurla başa çatan “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın əsas strateji hədəfi kimi ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi müəyyən olunaraq bu hədəfə çatmaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirildi.
    Bundan əlavə, Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə təsdiqlənmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” da uğurla icra olunur. Bu proqramlar muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Bunun ifadəsidir ki, muxtar respublikada 2016-cı illə müqayisədə 2021-ci ildə kənd təsərrüfatı məhsulları istehsalı 33,5 faiz artıb. Bu gün muxtar respublikada 384 növdə məhsulun istehsalı, həmçinin 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına səbəb olub. Nəzərə alsaq ki, bunların əksəriyyəti qida məhsullarıdır, əminliklə deyə bilərik ki, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə də şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan edilməsi də bu sahədə uğurlu nəticələrin əldə olunmasına əlavə stimul yaratmaqla sənaye məhsulu üzrə yerli istehsalın artmasına əhəmiyyətli təsir edib. Qeyd etmək yerinə düşər ki, muxtar respublikada 2022-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 446 milyon 943 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5272,4 manata çatıb. Bəhs olunan dövrdə 475 milyon 517 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 23122 ton, süd istehsalı 81908 ton təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,7 faiz, süd istehsalı isə 1,4 faiz artıb.    
    Aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyi üçün başlıca amildir. Muxtar respublikamızda bu sahənin inkişafı məqsədli tədbirlərin həyata keçirilməsi, Dövlət proqramlarının uğurlu icrası təsərrüfatların müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirməklə yanaşı, məhsul bolluğuna zəmin yaradıb. Belə ki, qapalı suvarma şəbəkələrinin tikintisi, yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi, məhsul istehsalçılarının mineral gübrələrlə təmin olunması, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının güzəştli lizinq şərtləri ilə fermerlərə verilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara bu sahəni inkişaf etdirmək üçün güclü stimuldur.
    Fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları və əhalinin ilin soyuq fəsillərində kənd təsərrüfatı məhsullarına olan tələbatını dolğun şəkildə ödəmək məqsədilə əksər rayonlarda iritutumlu soyuducu anbarlar, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanalar tikilib. Təkcə 2021-ci ildə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 6 soyuducu anbarın və 5 istixana təsərrüfatının yaradılması, 3 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb.
    Bu gün aqrar sektorda məhsul istehsalının həcmində xüsusi çəkiyə malik olan ailə təsərrüfatları muxtar respublikada əhalinin ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında, bu sahədə idxaldan asılılığın azalmasında, eləcə də ərzaq təchizatı zəncirində əvəzsiz rola malikdir. 
    Araşdırmalar göstərir ki, bazar münasibətləri şəraitində ərzaq bazarının formalaşdırılması və məhsulların keyfiyyətinin yüksəldilməsinin mühüm cəhətlərindən biri də məhsulun keyfiyyətinin idarə olunması sisteminin təkmilləşdirilməsidir. Muxtar respublikada istehsal olunan məhsulların, eləcə də idxal edilən qida məhsullarının keyfiyyətinin müvafiq standartlara uyğunluğunun yoxlanılması sahəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Latviya Respublikasının Latviya Milli Akkreditasiya Bürosu Dövlət Agentliyi (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçmiş Mərkəzi Qida Sınaq Laboratoriyası, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin laboratoriyası və Naxçıvan Gömrük Ekspertizası İdarəsi fəaliyyət göstərir. 

    Bu gün qarşıya qoyulan vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada davamlı və adekvat ərzaq təklifinin formalaşdırılmasına, istehsal və satış infrastrukturunun genişləndirilməsinə, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsulları ilə etibarlı təminatına zəmin yaradıb.

Teymur ABBASOV
 iqtisad elmlər doktoru, 
Naxçıvan Dövlət Universitetinin professoru 

Nəşr edilib : 07.12.2022 18:31