AZ EN RU

Əməkdar rəssam Ülviyyə Həmzəyevanın “Əcdadların izi ilə” adlı fərdi sərgisi açılıb

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində nazirliyin dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın “Əcdadların izi ilə” adlı fərdi sərgisi açılıb. Sərgidə müəllifin 80-dən çox rəsm əsəri nümayiş etdirilib. 

    Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov çıxışında qeyd edib ki, Ülviyyə Həmzəyevanın qədim Naxçıvanda anadan olması nəinki yaradıcılığına müsbət təsir göstərib, eyni zamanda onu yurda, el-obaya bağlayıb. Mədəniyyət paytaxtımız Şuşaya həsr etdiyi rəsm əsəri də onun Vətənə, torpağa, xalqa, milli amallara bağlılığını göstərir. Ülviyyə xanımın sənətində olan duyğularını bu sərgidə sezmək olar.

    AMEA-nın prezidenti İsa Həbibbəyli deyib: “Rəsm əsərlərindəki süjet və kompozisiya, mifoloji obrazlar və motivlər, milli dəyərləri mənalandıran simvolika, qurama parçaları hamısı bir yerdə Ülviyyə Həmzəyeva sənətinin fərdi özünəməxsusluğunu müəyyən edir. O, müasir mərhələdə Azərbaycan miniatür rəssamlıq sənətinin əsas yaradıcısıdır. Mifoloji obrazlarla xalq sənəti detallarının sintezi və müasirliklə vəhdəti Ülviyyə Həmzəyevanın yaratdığı müasir miniatür sənəti nümunələrinin simasını müəyyən edir. Azərbaycanın klassik miniatür rəssamlığı, əsasən, xalq oyunları və liro-epik əsərlərin motivləri əsasında yaradıldığı halda Ülviyyə Həmzəyevanın miniatürləri mifoloji motivlər, xalq sənəti örnəkləri və müasir həyat fəlsəfəsi üzərində köklənmiş fərqli sənət hadisəsidir. Ülviyyə Həmzəyeva mifoloji miniatür janrının yaradıcısıdır. Bütün bunlar Ülviyyə Həmzəyevanın Azərbaycan təsviri sənətində fərqli təfəkkürə malik yaradıcı simalardan biri olduğunu təsdiq edir”.
    İsa Həbibbəyli vurğulayıb ki, rəssamın yaradıcılığı dünya miqyasında da tanınır. Belə ki, əsərləri hələ universitetdə təhsil aldığı dövrlərdə ABŞ, Türkiyə, Fransa kimi ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilib və tamaşaçı rəğbəti qazanıb. Daha sonra rəssam aktiv olaraq dünyada rəssamlıq və incəsənət sahəsində keçirilən önəmli sərgi, festival və simpoziumlara dəvət alıb və əsərləri bir çox tədbirlərdə dəyərləndirilərək ən yüksək mükafatlara layiq görülüb. 
    Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında deyib: “Ülviyyə Həmzəyeva sənətdə durduğu yerə əcdadların izi ilə gəlib. Onun sənəti milli kimliyə xidmət edir. Digər tərəfdən dinindən, irqindən asılı olmayaraq, insanlar sənətə baxarkən zövq alırlarsa, bu sənət ümumbəşəridir. Azərbaycan mədəniyyətini dərindən bilməyənlər də bu zövqü hiss edirlər. Ülviyyə Həmzəyeva Naxçıvanda uğurla fəaliyyət göstərən və ənənələrimizi gələcək nəsillərə çatdıran əvəzsiz sənətkardır”.
  Naxçıvanda formalaşan zəngin rəssamlıq ənənələrinin əhəmiyyətini vurğulayan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev qeyd edib ki, Ülviyyə xanım hələ gənc yaşlarında çox iş görüb. Əsərə hansısa bir elementi daxil etmək olduqca çətindir. Ülviyyə xanımın əsərlərində zəngin ənənələri sezmək olar. Naxçıvan rəssamlıq məktəbinin kökündə formalaşan bu ənənələr Ülviyyə xanımın əsərlərində də öz əksini tapıb.
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Rafiq Kərimov Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq rəssamı Fərhad Xəlilovun təbrik məktubunu oxuyub, rəssama həsr etdiyi şeiri səsləndirib. Ülviyyə Həmzəyevanın qızı İlknurun milli musiqi alətimiz olan tarda ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
    Sonda Ülviyyə Həmzəyeva sərgiyə toplaşanlara minnətdarlığını bildirib və qonaqları sərgiyə baxmağa dəvət edib.

AZƏRTAC

Nəşr edilib : 31.10.2022 21:15