AZ EN RU

Əmək pensiyaçılarına indeksləşdirilmə ilə bağlı əlavə vəsaitin və 2022-ci ilin I rübü üzrə maddi yardımın ödənilməsi başa çatdırılıb

    Əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə pensiyaların mütəmadi olaraq artırılması həyata keçirilən sosial islahatların əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral  tarixli Sərəncamına əsasən, ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin məbləği 3,4 faiz indeksləşdirilərək artırılıb. Bundan əlavə, əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) rüb ərzində 50 manat məbləğində, ümumilikdə, il ərzində 200 manat olmaqla maddi yardım ödəniləcəkdir.
    Sərəncamın icrası ilə bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsindən və maddi yardımların ödənilməsindən irəli gələn vəzifələr barədə şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib. Fond tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi muxtar respublika üzrə 40 min əmək pensiyaçısına şamil edilib. İndeksasiyanın həyata keçirilməsi məqsədilə fondun büdcəsindən hər ay 390 min manat, maddi yardımın ödənilməsi üçün isə rübdə 2 milyon  manat əlavə vəsait ayrılıb. Qısa müddət ərzində fondun yerli qurumları tərəfindən pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həmçinin müvafiq şəxslərə maddi yardımın ödənilməsi prosesi başa çatdırılıb. Hesablanmış vəsaitlər pensiyaçıların ödəniş kartlarına və ya qeydiyyatda olduqları ünvanlarının poçt bölmələrinə köçürülüb.
    Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 182 min 512 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı məbləğləri də indeksləşdirilməklə 6,7 faiz artırılıb.
    Qeyd edək ki, 2022-ci il ərzində nəzərdə tutulan digər rüblərin maddi yardımları əmək pensiyaçılarına hər rübün birinci ayında – aprel, iyul və oktyabr aylarında ödəniləcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

Nəşr edilib : 16.02.2022 20:03