AZ EN RU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytı yenilənib

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyasının təqdimat tədbirində ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev çıxış edərək əvvəlcə muxtar respublikamızda ekologiya sahəsində həyata keçirilən tədbirlər, nazirliyin bu istiqamətdəki fəaliyyəti ilə bağlı geniş məlumat verib. Qeyd edilib ki, nazirliyin və tabeli idarələrin fəaliyyəti barədə muxtar respublikanın kütləvi informasiya vasitələrində geniş ictimaiyyətə vaxtaşırı məlumat verilir. Həmçinin nazirliyin internet saytında bəzi informasiyalar yerləşdirilir. Əvvəlki internet saytının imkanları çox məhdud idi və yeni versiyanın hazırlanması zərurəti yaranmışdı. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanan yeni sayt istifadəçi rahatlığını təmin etmək üçün hər cür imkana sahibdir. Belə ki, istifadəçi istər kompüteri, istər planşeti, istərsə də mobil telefonu ilə rahatlıqla saytın məlumatlarından istifadə edə bilər. Çünki sayt bu ekran ölçülərinə uyğunlaşdırılıb. İnternet saytının əsas səhifəsində nazirliyin fəaliyyət istiqamətləri, strukturu, tabeli qurumları, sosial şəbəkə hesabları, ünvanı və əlaqə vasitələri haqqında məlumatlar yerləşdirilib. Sayt həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. 
    Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya.nakhchivan.az domen adı ilə fəaliyyət göstərəcək yeni internet səhifəsinin müasir təhlükəsizlik sertifikatı ilə təmin olunması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi məqsədilə mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər görülüb. 
    Nazirliyin əməkdaşı Saleh Həsənov rəsmi internet saytının yeni versiyasının təqdimatını edərək bildirib ki, saytda “Mətbuat” bölməsində “Xəbərlər” altbölməsinə keçid təmin olunub və burada muxtar respublikanın ictimai həyatında baş verən hadisələr öz əksini tapıb. Fotoqalereya və videoqalereya altbölmələrində muxtar respublika ekologiyasına aid şəkil və videolar, “Hesabat” altbölməsində isə nazirliyin kollegiya iclasları və aylıq hesabatları yerləşdirilib. “Maraqlı məlumatlar” bölməsindən muxtar respublikanın coğrafi xüsusiyyətlərinə, fauna və florasına aid məlumatlar əldə etmək olar, “Elektron xidmətlər” bölməsində isə  “Ekologiya təqvimi”, “Ekologiya könüllüləri”, “Ekologiya ədəbiyyatı” bölmələrinə keçidlər təmin olunub. Həmçinin gündəlik hava haqqında məlumatları “Hava proqnozu” bölməsindən öyrənmək mümkündür.
    Qeyd olunub ki, izləyicilər internet saytının “Qanunvericilik” bölməsindən ölkəmizdə ekologiya sahəsindəki qanunvericiliklə bağlı yeniliklərlə tanış ola biləcəklər. “Faydalı linklər” bölməsindən isə bir sıra internet saytlarına keçidlər etmək mümkündür.

 Nail ƏSGƏROV

Nəşr edilib : 15.02.2022 18:44