AZ EN RU

Əhalinin sosial müdafiəsinə xidmət edən tədbirlər uğurla həyata keçirilir

    Muxtar respublikada sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü islahatlar yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olub. İqtisadi sahədə qazanılan nailiyyətlər sosial müdafiə tədbirlərinin əhatə dairəsinin genişlənməsinə və keyfiyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərib. Bunun nəticəsidir ki, cari ilin birinci rübü ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 112 min 700 manat və ya 10,8 faiz artıb. Ümumiyyətlə, ötən üç ay ərzində müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə 31 milyon 989 min 200 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 11 faiz çoxdur. Bundan əlavə, fərdi uçot sistemi ilə əhatə olunanların sayında da xeyli artım var.  Belə ki, cari ilin I rübü ərzində fərdi şəxsi hesab açanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,1 faiz çox olub.
    Qeyd edək ki, fonda daxilolmaların səviyyəsinin yüksək olması cari ilin ötən dövründə pensiya və müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsinə imkan yaradıb. Fond cari ilin birinci rübü ərzində pensiya təminatı və sosial sığorta sahəsində qarşıya qoyulan tapşırıqları yerinə yetirib. Qurumun büdcəsinin xərclər istiqaməti üzrə pensiya və məcburi dövlət sosial sığortahaqqı üzrə ödənişlərinin maliyyələşdirilməsinə cari ilin üç ayı ərzində 50 milyon 354 min manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur. Cari ilin üç ayı ərzində 408 nəfərə əmək pensiyası təyin olunub, 4192 nəfərə isə məcburi dövlət sosial sığortahaqqı hesabına müavinət ödənilib.
    Məlumat üçün bildirək ki, cari ilin ötən dövrü ərzində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm islahatlar həyata keçirilib. Belə ki, minimum əmək pensiyasının məbləği 20 faiz artırılaraq 240 manata çatdırılıb. Həmçinin ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinin məbləği 3,4 faiz indeksləşdirilərək artırılıb. Bundan başqa, sığorta prinsipi ilə pensiya alan əmək pensiyaçılarına rüb ərzində 50 manat məbləğində olmaqla il ərzində 200 manat, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım ödənilir. Bundan əlavə, sosial sığorta sisteminin davamlı inkişafı məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də artımına səbəb olub. Belə ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği cari ildən artırılaraq 200 manatdan 300 manata çatdırılıb. Sığortaolunanlar vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği isə 300 manatdan artırılaraq 350 manat məbləğində müəyyən olunub.

    Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 19.04.2022 19:13