AZ EN RU

Əcnəbi tələbələrin maarifləndirilməsi davam etdirilir

    Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Əcnəbilərin hüquqi vəziyyətinə dair əcnəbi tələbələrlə növbəti maarifləndirici tədbir keçirilib. 
   Əvvəlcə Naxçıvan Dövlət Universitetinin prorektoru Xəyal Camalov və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov, xidmətin şöbə rəisi Kənan Məmmədov və baş inspektoru Tural Bayramov  çıxış ediblər. Çıxışlarda əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazənin verilməsi proseduru barədə məlumat verilib. 
   Vurğulanıb ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər geniş əsaslar mövcuddur. Eyni zamanda Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də tətbiq olunur ki bu da ölkəmizdə əcnəbi tələbələrə göstərilən humanist mahiyyətin növbəti təzahürüdür.
    Çıxışda əcnəbi tələbələrin icbari tibbi sığorta ilə bağlı məlumatlandırılması mövzusuna da toxunulub
    Universitetin Tibb fakültəsinin Stomatologiya ixtisasının I kurs tələbəsi Osman Tan və həmin ixtisasın hazırlıq kursunun tələbəsi Muhamməd Dağgöl bu gün muxtar respublikada tam rahat, təhlükəsiz və ən yüksək səviyyədə təhsil aldıqlarını diqqətə çatdırıb, göstərdikləri köməyə görə əcnəbi tələbələr adından Dövlət Miqrasiya Xidmətinə minnətdarlığını bildiriblər.
    Sonra bir qrup əcnəbi tələbəyə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib. Həmçinin tələbələrə xidmət tərəfindən hazırlanan bukletlər paylanılıb. 
    Maarifləndirmə tədbirinin yekununda əcnəbi tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu əks etdirmək baxımından böyük maraq yaradıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin

mətbuat xidməti

Nəşr edilib : 26.05.2022 21:02