AZ EN RU

Bu ailə təsərrüfatı Naxçıvanın yerli şərabçılıq ənənələrinə öz töhfəsini verir

    Son illərdə muxtar respublikamızda həyata keçirilmiş tədbirlər kənd təsərrüfatı məhsullarının da istehsal həcmini artırmış, daxili bazarda məhsul bolluğu yaradılmışdır.Təsadüfi deyil ki, əvvəlki dövrlərdə olduğu kimi, bu ilin yanvar-avqust aylarında da muxtar respublikada  digər sahələrlə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı daha çox artmış, 354 milyon 489 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Buna görə də, əhalisinin əksəriyyətinin aqrar sahə ilə məşğul olduğu muxtar respublikada torpaq mülkiyyətçiləri hərtərəfli dövlət qayğısından səmərəli istifadə edərək daxili bazarın qorunmasında, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsində səy və bacarıqlarını əsirgəmir, qazandıqları uğurları ildən-ilə artırırlar. Kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara güzəştli şərtlərlə kreditlərin verilməsi bu sahənin inkişafına zəmin yaratmışdır. 

    Son illərdə kənd təsərrüfatı məhsulları istehsalında ailə təsərrüfatlarının da öz rolu var. Məhz ailə təsərrüfatlarına dövlət tərəfindən lazımi dəstəyin göstərilməsi, onların fəaliyyəti üçün lazımi potensial bazanın yaradılması bu fəaliyyət növünə marağı xeyli artırmışdır. Kiçik sahibkarlığa gedən yolun təməlini təşkil edən ailə təsərrüfatlarının inkişafı ailə üzvlərinin aktiv məşğulluğunu təmin etməklə yanaşı, yerli məhsul istehsalının stimullaşdırılmasına da öz töhfəsini verir. Nəticədə, daxili bazar qorunur, ixrac üçün potensial yaranır. Son illərdə yaradılmış şəraitdən layiqincə istifadə edərək məhsul istehsalını artıran ailə təsərrüfatlarından biri də Kəngərli rayonunun Çalxanqala kəndində Mətləb Dünyamalıyevə məxsus təsərrüfatdır. 
    Fərqli kənd təsərrüfatı məhsullarının bişmiş və çiy şəkildə qablaşdırılmasını həyata keçirən bu ailə təsərrüfatında əsas istiqamət şərab istehsalıdır. Belə ki, təsərrüfatın özünəməxsus üzüm bağı vardır ki, istehsal olunan məhsulun xammalı da buradan tədarük olunur. Yerli şərabçılığın inkişafına töhfə verən təsərrüfat 2019-cu ildə muxtar respublikada keçirilən “Aktiv ailə təsərrüfatı” müsabiqəsinin nəticələrinə görə I yerə layiq görülüb.
    Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş ailə təsərrüfatı ötən dövrdə istehsal sahəsini daha da genişləndirib, məhsul istehsalını artırıb. Mətləb Dünyamalıyevlə əvvəllər bir neçə dəfə görüşüb təsərrüfatın fəaliyyəti ilə bağlı oxucularımıza məlumat vermişik. Yaşadığı həyətyanı sahədə istehsal sahəsi quraraq işə başlayan təsərrüfat sahibi ötən dövrdə bu sahəni daha da genişləndirib. O bizimlə söhbətində bildirdi ki, həyətyanı sahəsində, ümumilikdə, 110 kvadratmetr sahədə tikinti işləri, 80 kvadratmetr sahədə isə təmir işləri aparılıb. Eyni zamanda təsərrüfatda istehsal üçün istifadə olunacaq 9 yeni ağac çəllək, 10 xum, ümumi tutumu 8 ton olan 3 ədəd Rusiya istehsalı çən quraşdırılıb. Azərbaycanın digər regionlarından sifariş edərək gətirdiyi 150-250 litrlik çəlləklər palıd ağacındandır ki, bu da məhsulun keyfiyyətinə öz təsirini göstərir. Müsahibimizin sözlərinə görə, təmir-tikinti işlərinə və avadanlıqların alınmasına, ümumilikdə, 58 min manat vəsait sərf olunub. Bu vəsaitin 38 min 500 manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşür.
   Söhbət zamanı öyrəndik ki, hazırda təsərrüfatda ağ və qara olmaqla, 5 çeşiddə üzüm çaxırı və 1 çeşiddə üzüm arağı istehsal edilir. Şəxsi təsərrüfatda yetişdirilən “qara mələyi”, “ağ üzüm”, “sarı kişmişi” kimi üzüm sortları tədarük olunduqdan sonra əvvəlcə burada yuyulub təmizlənir, sonra emal prosesinə cəlb edilir. Gigiyenik qaydalara ciddi əməl olunan istehsal sahəsində bütün proseslər nəzarət altında saxlanılır. Ən sonda hazır çaxır məhsulları müxtəlif formalı və ölçüdə qablara doldurularaq satış obyektlərinə göndərilir. İstehsal edilən məhsullar yalnız muxtar respublikada deyil, Azərbaycanın digər regionlarında da satılır. Belə ki, təkcə 2022-ci ilin ötən dövrü ərzində 1 tondan çox məhsul ölkəmizin digər bölgələrinə göndərilib.
    Məlum məsələdir ki, istənilən məhsulun istehsalı üçün xammalın olması şərtdir. Mətləb Dünyamalıyev də istehsal sahəsini genişləndirməklə yanaşı, əlavə olaraq 0,4 hektar ərazidə yeni üzüm bağı da salıb ki, bu da gələcəkdə məhsul istehsalının həcminin artmasına öz töhfəsini verəcək. Həmçinin təsərrüfat sahibi gələcəkdə viski istehsal etməyi də planlaşdırdığını qeyd etdi. Bildirdi ki, yerli ənənələrə uyğun olaraq təsərrüfatda istehsal olunan şərab məhsulları gələcəkdə muxtar respublika turizminə də töhfə olacaq. Həm də ona görə ki, burada istehsal olunan şərab məhsulları əl əməyinə əsaslandığına görə turizm baxımından cəlbediciliyi daha yüksəkdir.
    Çalxanqala kəndində fəaliyyət göstərən bu ailə təsərrüfatını indiyədək əldə etdiyi müsbət nəticələrə görə muxtar respublikamızın nümunəvi ailə təsərrüfatlarından biri kimi də qeyd edə bilərik. Çünki daim zəhmətkeşlik, əməksevərlik, təşəbbüskarlıq göstərən ailə üzvləri daxili bazarın təminatı üçün var-qüvvəsi ilə çalışırlar. Yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edən müsahibimiz göstərilən etimada bundan sonra da layiqincə cavab verəcəyini bildirdi. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 10.10.2022 21:06