AZ EN RU

Beynəlxalq yarışların uğurlu iştirakçısı...

    Ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyan, Azərbaycan gənclərinə hər zaman böyük qayğı, məhəbbətlə yanaşan Ümummilli Lider Heydər Əliyev deyirdi ki, hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır. Çox qürurverici, fərəhli haldır ki, Prezident cənab İlham Əliyevin Ulu Öndərin ənənələrinə sadiqliyi sayəsində ölkəmizin işıqlı bu günü, aydın sabahı təmin olunub, istedadlı, bacarıqlı, sağlam əqidəli, intellektual səviyyəli uğurlu gəncliyin formalaşmasına əlverişli şərait yaradılıb, gənclər ölkə həyatının bütün sahələrində aparıcı qüvvəyə çevriliblər. Beynəlxalq bilik yarışlarında, olimpiadalarda əldə etdiyi nailiyyətlərlə, müasir dövr bilikləri, dərslərdəki fəallığı, hazırcavablığı ilə həm valideynlərinin, həm də müəllimlərinin fəxrinə çevrilən gənclərimizdən biri də Rza Quliyevdir... 

    2008-ci il sentyabrın 13-də Naxçıvan şəhərində dünyaya göz açan Rza atasının peşəsi, daha dəqiq desək, çalışdığı bank işi ilə əlaqədar bir neçə il ölkəmizin digər yerlərində yaşayıb. Bakıda, Lənkəranda, Şəmkirdə ibtidai təhsil alıb, 6-cı sinfə isə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə qədəm qoyub. Elə gənc Rzanın qeyri-adi savad və istedadını ilk olaraq bu aspektdən dəyərləndirmək yerinə düşər ki, adətən, məkandəyişmə, müxtəlif təhsil ocaqlarında davam etdirmək məcburiyyətində qalma uşaqlarda psixoloji gərginlik, təhsildə geriləmə, ruhdan düşmə hallarına səbəb olur. Belələri həm məktəbdəki həmyaşıdları tərəfindən qəbul olunmaq, həm də tez-tez dəyişməli olduğu mühitdə özlərini təsdiqləmək baxımından əsl “mübarizə aparmalı olurlar”. Yalnız həmsöhbətim kimi xüsusi savad və qabiliyyəti, sosial ünsiyyət bacarığı və mənimsəmə keyfiyyətinə malik olanlar, necə deyərlər, bu mübarizədən qalib çıxa bilirlər. Bir məsələni də qeyd etməliyik ki, bu məsələdə heç şübhəsiz ki, onun valideynləri də böyük mənəvi psixoloji dəstək olub. Həm müxtəlif mühitlərdə əxlaq və tərbiyəsinin qorunması, həm də istedad və qabiliyyətini dəyərləndirərək düzgün məcraya istiqamətləndirilməsi baxımından Rza Quliyev muxtar respublika səviyyəli bir sıra viktorinalarda, o cümlədən şəhər məktəbləri arasında komanda şəklində keçirilən “Zəfər tarixi”, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Naxçıvan tarixi”, “Naxçıvan coğrafiyası” adlı bilik yarışlarında II, III yerləri tutub. Rzanın əsas maraq göstərdiyi fənlər içərisində xüsusi intellekt tələb edən riyaziyyat, xarici dil olaraq isə ingilis dili üstünlük təşkil edib. Riyaziyyat müəllimi Aynur Hacıyeva ona bu fənni ürəkdən sevdirib. İngilis dili üzrə qrammatika, danışıq kurslarına yazılan Rza müəllimləri Yasəmən Orucova və Pərviz Babayev sayəsində tez zamanda linqivistik bacarıqlarını inkişaf etdirə bilib. O, müasir dövrün gəncləri, onlar qarşısında duran tələblərlə bağlı fikirlərini belə ifadə edir: – Amerikalı professor Riçard Nelsonun dəyərli fikirlərini, demək olar ki, hər gün azı bir dəfə özümə xatırlatmağı borc bilirəm: “Adi insanlar vaxtlarını neçə keçirməyi düşünür, müdrik insanlar isə vaxtdan necə faydalanmağı”. Bəli, bu hikmətli ifadədən yola çıxaraq demək olar ki, gərək həyatda heç bir anı boş keçirməyəsən, öyrənməkdən, çalışmaqdan yorulmayasan, usanmayasan. Qarşına çıxan maneələri aşmaq üçün inadkar olasan, daha əzmlə, səylə çalışasan. Ancaq bir həqiqəti də unutmaq olmaz ki, dəyişən zamanla, dövrlə ayaqlaşmaq, müasir texnologiyalardan baş çıxarmaq da bugünkü gənclik üçün mühümdür, zəruridir. Əks halda, özünə perspektivli gələcək qurmaq, üz tutduğun yolda, seçdiyin peşədə, sənət sahəsində uğur qazanmaq mümkünsüzdür. Mən də məktəbin yuxarı siniflərində dövrümüzün yeniliklərindən geri qalmamağa, kompüterdə səlis işləməyə, müxtəlif proqramlar öyrənməyə, eləcə də ingilis dilində danışıq qabiliyyətimi artırmağa can atmışam, özümü bu sahələr üzrə keçirilən yarışlarda sınamaqdan çəkinməmişəm. Düşünürəm ki, az da olsa, qazandığım uğurların təməlində elə bu müasir biliklərə vaxtında, düzgün şəkildə yiyələnməyim dayanır. Fikrimcə, dövrümüzün gənci mütləq innovativ texnologiyalar yönündə, beynəlxalq təhsil tələbləri səviyyəsində özünü inkişaf etdirməlidir. 
    Rusiyalı psixoloqların düşüncələrinə görə, hər bir sahədə uğur qazanmağın şərtləri sırasında yüksək səviyyəli təhsil ala bilmək, sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti, özünəinamlı, məqsədyönlü olmaq da yer alır. Elə yazımızın qəhrəmanı Rzanın nailiyyətlərinin də məhz bu uğur formullarından qaynaqlandığını söyləsək, yanılmarıq. Belə ki, özünəinamlı, məqsədyönlü şəkildə çalışan bu gəncimiz yüksək səviyyədə yiyələndiyi riyazi bilikləri, xarici dil bacarıqları sayəsində 8-ci sinifdə bir sıra beynəlxalq uğurlara imza atmağa müvəffəq olub. Belə ki, ötən ilin may ayında İngiltərənin London şəhərində təşkil olunan “Teeneagle” Beynəlxalq ingilis dili olimpiadasının birinci mərhələsinə onlayn şəkildə qatılaraq qızıl medala layiq görülüb, sertifikatla təmin edilib. Bu uğurundan sonra İngiltərəyə dəvət alıb və avqustun 1-dən 7-nə kimi ölkəmizi həm komanda, həm də fərdi şəkildə yüksək səviyyədə təmsil edib, komanda yarışında II, fərdi olaraq III yerə çıxıb, bürünc medal qazanıb. 2022-ci ilin oktyabr ayında isə əsas təşkilatçılıq mərkəzi Sinqapur olan Sasmo beynəlxalq riyaziyyat olimpiadasında biliyini sınayıb və nəticədə, yarışın bürünc medalına yiyələnib. Qazandığı uğurlardan daha da həvəslənən Rza Quliyev ötən il dekabr ayının əvvəllərində növbəti dəfə “Teeneagle” Beynəlxalq ingilis dili olimpiadasının birinci mərhələsinə qatılaraq gümüş medal əldə edib. Hazırda isə bu ilin oktyabr ayında İtaliyanın Roma şəhərində keçirilməsi nəzərdə tutulan həmin beynəlxalq yarışın final mərhələsinə hazırlaşır. İnanır ki, bu dəfə daha böyük nəticə ilə Vətəninə qayıdacaq, həm müəllimlərinin, həm də valideynlərinin hədsiz sevincinə, fərəhinə, qüruruna səbəb olacaq.
    Deyirlər, uşaq ailənin güzgüsüdür, o, ailədə nə görürsə, onu da götürür. Elə bir sıra beynəlxalq yarışlarda uğurlu çıxışlar edən Rza ilə söhbətimizdə də aydın oldu ki, atasının bank işində çalışması, ixtisasca iqtisadçı olması övladının da mənəvi dünyasına əsaslı təsir göstərib, bu amilin onun gələcək peşə seçimində xüsusi rol oynayacağı şübhəsizdir. Belə ki, o da atası kimi iqtisadçı olmaq, maliyyə mütəxəssisi kimi yetişib, ölkəmizə savadlı, bilikli gənc kadr kimi töhfə vermək, xeyirli vətəndaş olaraq cəmiyyətdə nümunəvi mövqe qazanmaq arzusundadır. Hələlik isə qarşısında duran əsas məsələ iki il ərzində daha müfəssəl hazırlaşaraq IELTS imtahanından uğurla keçib, İngiltərənin Oksvord Universitetində mükəmməl təhsil almaqdır. Biz də Rza Quliyevə uğur nərdivanın pillələrində büdrəmədən, yıxılmadan ancaq irəli addımlamağı arzu edir, nailiyyətlərinin bundan sonra da davamlı, axarlı olmasını diləyirik...

 Nail ƏSGƏROV

Nəşr edilib : 02.02.2023 21:48