AZ EN RU

Ayrılmadı könül candan!

    Ayrılmadı könül candan!.. Bu ifadə qəlbinin lap dərinliklərində Vətən sevgisi olan, torpağına məhəbbəti olan biri üçün mənası dağları aşacaq bir ifadədir. Bu ifadənin bərpası üçün nə qədər canlar getdi, nə qədər qanlar töküldü... Çoxları dilində bir şüar gəzdirə bilər, “Vətənimi sevirəm!”– deyə bilər. Bunu sübut etmək üçün isə qəlbində böyük qüdrət və o qüdrətdən doğan Vətən sevgisi olmalıdır. Bir zaman ana Vətən tək qalmışdı, dadına çatacaq igidləri isə həlak olmuşdu onun uğrunda, Vətənin bir dayağı qalmamışdı, bunu edən isə köçüb gəldiyi, ölkəmizə qonşu olduğu andan bizə kin, nifrət bəsləyən bir toplum idi.

    Sanki and içmişdilər qonşularının hərəsindən bir pay oğurlamağa. Hər ölkəyə xəbər göndərdilər, özləri xislətlilərin havadarlarından bəhrələndilər, haqq-ədalət carçısı olub rədd cavabı verən ölkələrə isə düşmən kəsildilər.
    Azərbaycanın və bütün Türk dünyasının incisi, gözünə nur, qəlbinə sevgi, həyatına həyat qatan bir şəhər, o şəhər ki xəstə gələr düzələr, qoca gələr cavanlaşar, gələnlərin ruhu təzələnər bu şəhərdə. Azərbaycan deyiləndə yada düşən, mədəniyyət beşiyi deyiləndə ağla gələn şəhər, gözəlliyi ilə Qarabağı aydınladan, Azərbaycana can olan şəhər, özündə tarixi, qədim kökləri yaşadan şəhər, mənzərəsindən adam doymayan, havası sanki cənnət havası olan şəhər. Pənahəli qüdrətli, Vaqif şöhrətli şəhər.
    Belə gözəlliyə məxsus bir şəhərə gözü düşən daşnak ermənilər bu şəhərin işğal olunması üçün çox çalışdı, öz məğrurluğunu qoruyan Şuşa özünə vurulan zərbələrə dözdü, qəlbinə batan iynələrə dözdü, ancaq bir an ayrılmadı anası Qarabağdan, Cıdır düzündən izlədi balası Xankəndini, sevdi öz millətini, bir ibadətgah oldu öz xalqına.
    Şuşa and içmişdi sanki başqa xalqın olmayacağına, öz anasından ayrı üzünün gülməyəcəyinə. Belə də oldu.
    Bir gün erməni daşnakları hücum etdi Qarabağa, əsas hədəfləri isə cənnətməkan Şuşa oldu. Azərbaycan xalqının, dövlətinin xaosundan istifadə edən daşnakların hücumu qarşısında  qürurla dayandı Şuşa, çünki o öz anasını, balalarını qoruyurdu. Canından can idi Qarabağ ona. Ona görə əzmlə durdu, yıxılmadı. Amma artıq dözə bilmədi, torpağında canlar getdi, qanlar töküldü və çox, təəssüf ki, Şuşa işğal olundu. Anası Azərbaycan da, Qarabağı da işğal edən ermənilər bildilər Şuşanın, Qarabağın məğrurluğunu, ona görə də artıq qorxurdular.
    Qorxurdular, çünki bilirdilər ki, candan can almışdıq, yarımçıq canmı olar, ona görə Azərbaycanın yenidən öz canını, balasını geri alacağını bilirdilər. Çünki bir insan necə öz balasından ayrı qala bilməzsə, Azərbaycan da qala bilməzdi Qarabağsız.
     Qarabağsız Azərbaycan, ruhsuz insan kimi idi sanki öz gözünü, ruhunu itirmişdi, bu cənnətməkan Qarabağ onun üçün böyük bir ifadə idi.
    Qarabağın gözəlliyinə gözəllik qatan onun dərdlərə dərman bulaqları, xəstəni sağaldan havası idi, təəssüf ki, bu gözəllikdən ermənilər istifadə edirdi.
    Dözmürdü Azərbaycan, bu haqsızlığa dözmürdü, necə dözə bilərdi, öz canını itirmişdi, zorla əlindən almışdılar.
    Hər gün Vaqifin şeir səsi, Xan qızı Natəvanın zümzüməsi gələn torpağından indi Vaqif qəhri, Natəvan ağısı eşidilirdi.
    Şuşanın Cıdır düzünə həsrət idi, oradan Şuşanın balası Xankəndi açıq görsənir, öz balalarına həsrət qalmışdı Qarabağ.
    Bu isə yıxmırdı Azərbaycanı, Qarabağı. Ermənilərin zərbəsinə sinə gərir, öz varlığını, gücünü göstərirdi düşməninə. Bu məqamda bir haşiyə çıxaraq dahimiz Səməd Vurğunun bir misrasını qeyd etmək istəyirəm:
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!
    Bunun nə olduğunu isə yalnız qəlbinin dərinliyində Vətən sevgisi olan insan bilər.
    Yavaş-yavaş qalxdı ayağa, lap qəlbinə vurulan yaraların acısına rəğmən qalxdı ayağa, 30 il, az yox, 30 il düşmən əsarətində qaldı bu Vətənin canı, 30 ildə nələr çəkdi onun başı, nə müsibətlər gördü, tapdaq altında qaldı.
    Bir gün Qarabağ, ana Vətənin oğul səsini öz torpağında eşitdi, 2010-cu il idi. Birdən erməni əsgərləri arasında bir hay-şivən qopdu, nə olduğunu bilməyən ermənilər çaşbaş qaldılar. Amma kiminsə onları vurduğunu bilirdilər. Bu qəhrəmanlar qəhrəmanı, sərkərdə qətiyyəti, gözündə ancaq Vətən sevgisi olan, qəlbi ancaq can Azərbaycanla döyünən Mübariz İbrahimov idi.
    Səngərdə dözə bilməmişdi torpağında düşmənin gəzməsinə, cəsarətinə qurban olduğum şəhidim. Ata-anasına məktub yazıb, gecənin qaranlığında düşmən postuna irəliləmişdi qisas almaq üçün. Çünki canının parçası idi Qarabağ. İrəlilədikdən sonra erməniləri vurmağa başlamış, onların üstünə bir şir kimi çökmüşdü. Xeyli erməni əsgəri öldürmüşdü, amma arxadan bir neçə güllə yarası almış və sözün əsl mənasında, qəhrəmancasına şəhid olmuşdu. Ermənilər özləri etiraf edərək Mübarizin nəşindən belə qorxduqlarını bildirmişdilər. Vətən sağ olsun!
    Hər gün uzaqdan onu izləyən əsgərinə “Xilas et məni, geri qaytar anama!” – deyə sanki yalvarırdı Qarabağ, onun gözü olan Şuşa isə ağlayırdı məğrurluqla, o, əsgərinə həsrətlə baxırdı, çünki dözə bilmirdi bu iztiraba, çəkə bilmirdi bu həsrəti, bulaqlarının suyunun dadının dəyişməsinə, havasının çirkləməsinə dözə bilmirdi. Hər gün düşmən tapdağında olmaq, düşmənin namərd sözlərinə şahid olmaq, sevgisiz qalmaq, anasız qalmaq çətin gəlirdi ona, hər gün uzaqdan gələn Xanın səsindən ötrü darıxmışdı, Xan qızı Natəvanın doğma yurdunu məhəbbətlə seyr edə-edə oxuduğu şeirdən ötrü darıxmışdı, Vaqifin poeziyasından, Bülbülün ifasından ötrü darıxmışdı.
    Və bir gün...
    Səhər Qarabağ top səsinə oyandı, 24 ildən sonra eşitdiyi top, tüfəng səsləri qorxutdu onu.
    Diksindi, narahat oldu. Narahat oldu ki, əsgər balalarıma nə isə olar, amma sevinc də var idi qəlbində, çünki 24 il əvvəl ayrıldığı anasına qovuşacaqdı. Çünki bilirdi Azərbaycan əsgərinin gücünü, iradəsini, rəşadətini, məğrurluğunu. Ona görə də artıq hazır idi anasına qovuşmağa, o tərəfə, bu tərəfə boylanırdı, 24 il əvvəl eşitdiyi səsləri eşidirdi, lakin bu dəfə məğrur səslər idi, çünki Azərbaycan Ordusu artıq başlamışdı əməliyyatlara. Aprel ayının 1-i, 2016-cı il idi. Bu qədər böyük bir iradə ilə irəliləyən əsgərlərin qarşısında heç bir qüvvə dayana bilməzdi, 24 illik qurduğu istehkamlarla belə bu iradənin qarşısında ermənilər aciz idi. Əsgərlərinin  səsini eşidən Şuşa diksindi, o öz anasından ötrü darıxırdı. Görən gözü olan Cıdır düzündən o tərəfə boylanır, əsgərlərinin iradəsi qarşısında qaçan ermənilərə nifrət oxuyurdu qəlbində. Necə də qürurlanırdı, necə də məğrur dayanmışdı. Çünki 24 il düşmən əsarətində qalmışdı, hər gün düşmən üzü görürdü, dayana bilmirdi, köks ötürərək bu acıya dözməyi bacarırdı. Cıdır düzündən boylanan Şuşa gözlərinə inanmadı, Azərbaycan əsgəri artıq Lələtəpəni geri almışdı, qürurla dalğalanan bayrağımızı görüb, sevincini dağları ilə, təpələri ilə bölüşdü. Hər saniyəsi maraqlı idi bu döyüşün, çünki ancaq Azərbaycan əsgəri irəliləyir, tarixi torpaqlarını anası can Azərbaycana qaytarırdı.
    Amma çox az davam edən bu döyüş nədənsə, birdən dayandı, nə olduğu bilinmədən dayandı. Qarabağ bu müharibənin burada qalmayacağını bilirdi, çünki o Azərbaycana geri dönəcəyini bilirdi. Şuşa yenə də qorxdu, amma yenə də öz məğrurluğunu qorudu. Anasına can olmaq üçün, balasına ana olmaq üçün dözürdü, Azərbaycan əsgərinə yuva olacaqdı o.
    Ermənilər isə bu vaxtlar ərzində də öz işlərini görürdülər, yəni Azərbaycanın milli yeməklərini, milli musiqisini öz adlarına çıxarmaqla dünyaya guya qədim xalq olduqlarını sübut etmək istəyirdilər. Bununla qalmır, qədim Azıx mağarasında “işlər aparır”, buranın onlara məxsus olduğunu car çəkirdilər. Azərbaycanın qəlbini oğurlayan bir toplum, xarici dövlətlərin də ağlını oğurlamağa başladı, yalan məlumatlarla dünya ölkələrini Azərbaycana düşmən etmək istədi, amma bu heç də mümkün olmadı.
    Artıq 2020-ci ilin iyul ayı idi, həmişəki kimi ürəyində narahatlıq hiss edirdi cənnətməkan Qarabağ. Sanki qorxurdu nədənsə və bir anda yenidən səslər gəlməyə başladı, artıq o əmin idi ki, bu Azərbaycan əsgərinin irəliləyişidir, sevindi Qarabağ, güldü Şuşa. Lakin sevinci çox az çəkdi, bir neçə gün sonra Azərbaycanın qüruru, səngər generalı kimi tanınan general Polad Həşimov şəhid oldu, bu xəbəri eşidən hər bir əsgər göz yaşını saxlaya bilmədi və elə əsl müharibənin təməli qoyuldu. Canı candan, ananı baladan ayıran erməni toplumu fərqində olaraq yeni istehkamlar tikib, mövqelərini daha da möhkəmləndirdi. Lakin ürəyi qisas hissi ilə alovlanan bir əsgərə bu istehkamlar bir tel naziklikdə gəlirdi, artıq qəlbindəki nifrəti püskürtmək istəyirdi erməni toplumuna and içmişdi canı cana qatmaqdan ötrü. Və bir gün, səhər Günəş öz şəfəqlərini yavaş-yavaş üzə çıxarırdı, nazik şəfəqləri Qarabağın gözündə, Şuşanın qəlbində, bütün Qarabağa bərq vurdu. Birdən yenə də güclü səslər eşidildi, bu səslər Azərbaycan əsgərinin rəşadətlə döyüşünün, əzmlə irəliləyişinin səsi idi...
     27 sentyabr 2020-ci il... Bu tarix idi hər şeyin başlanğıcı, müqəddəs tarix. Bütün kinin, nifrətin coşduğu, ananın, atanın, uşağın, qocanın bir mövqedə toplaşdığı tarix idi. O gün hər kəs birləşmişdi, çünki bu əsrlərin qanlı savaşı olacaqdı, keçmişin qisası, gələcəyin qüruru idi. Qarabağda artıq Azərbaycan əsgərinin səsi gəlirdi və bu səsdən qorxaraq titrək erməni səsləri də eşidilirdi. Sanki bir şir ordusu çaqqal toplumunun üstünə gedirdi, Azərbaycan əsgəri bir şir gücü ilə irəliləyirdi mədəniyyətini, tarixini, inanc yerini almağa. Belə də oldu, hər gün irəliləyən Azərbaycan əsgərinin  qarşısında bir qarışqa kimi əzilirdi düşmən, sadəcə, əsgərimin səsi yetərdi onun qaçmasına. Əsgərimə isə güc verən onun öz torpağında döyüşməsi idi, çünki anasından ayrı düşmüş Qarabağ inanc, qürur, şərəf, qeyrət yerimizdir. Bu yoldan geri dönmək qeyri-mümkün idi. Ona görə bir-bir azad edirdi kəndini, şəhərini bu cənnətməkanın. İrəlilədikcə qürrələnirdi, sevinirdi həm torpaqlar, həm də öz cəsarətini yansıdan xalq. Əsgərimin ruhunun qidası həm Qarabağ idi, həm də xalqının güvəni. Çünki kiçikdən-böyüyə hər kəs qələbə xəbəri gözləyirdi. Hər kəndin işğaldan azad olunması bizim üçün bir müqəddəs gün hesab edilirdi. Bəs bu strategiyanın müəllifi kim idi? Hər zaman xalqın dəstəyini alan, ordunun sevgisini qazanan, uğurlu fəaliyyəti ilə daim rəğbətlə qarşılanan Ali Baş Komandan cənab İlham Əliyev. Dövlət başçımız həm səngərdə müzəffər Ordu ilə düşmənlə mübarizə aparır, həm də Qərb ölkələrinin təzyiqləri qarşısında mətinliklə dayanırdı. Bu iradənin nəticəsi olaraq xalq və əsgərlə öz tarixi torpaqlarını işğaldan azad etdi. Günbəgün anası Azərbaycana daha da yaxınlaşan Qarabağ düşmənin belinin necə sınmasına şahid olurdu. Sadəcə, 44 gün çəkdi bu şanlı qələbə, 44 gün ərzində qayıtdı öz anasına Qarabağ, amma nə qədər canlar getmişdi bu canın anasından ayrılmaması üçün, nə qədər qanlar tökülmüşdü. Şuşa isə bir başqa idi, artıq səmasında qürurla uçan qartal Şuşanı daha fərqli süzürdü, qoynunda açan zanbaqların ətri bir başqa idi, bulağından axan suyun dadı dəyişmişdi. Xarıbülbül isə tamam fərqlənirdi öz təbiətində, bu yeganə güldür ki, sadəcə, Qarabağda açır. Amma bu dəfə fərqli görünüşdə olacaqdı, çünki ətrini şəhid ətrindən, suyunu isə şəhid qanından alırdı. Artıq bu torpaqda yenidən axşamlar Xanın avazı, Vaqifin şeiri, Xan qızı Natəvanın zümzüməsi eşidilirdi, bu səslərlə isə nur içində yatan şəhidlərimiz qürurlanır, fəxr edirdi özləri ilə. Biz də fəxr edirik, qürur duyuruq sizlərlə, müqəddəs ruhunuz qarşınızda baş əyirik! Ayrılmadı könül candan. Bu can nə qədər ki Vətən adlı könüldən ayrılmayıb, sizlər könlümüzdə, ruhumuzda, varlığımızda yaşayacaqsınız!  

Əli YARIYEV 
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə ll kurs tələbəsi

Nəşr edilib : 29.10.2022 01:02