AZ EN RU

Ana dilimiz xalqımızın milli ruhunun ifadəsidir

    Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
    Hər hansı bir xalqın dilinin mükəmməl şəkildə formalaşması, onun ünsiyyət vasitəsinə çevrilməsi uzun tarixi prosesin nəticəsində mümkündür. Azərbaycan xalqı ana dilimizin saflığını qorumuş, bu dildə əfsanələr, rəvayətlər, dastanlar yaradaraq bu günə çatdırmışdır. Əsrlərboyu analarımız həzin laylalarını bu dildə söyləmiş, nənələrimiz bizə bu dildə şirin nağıllar danışmışlar. Bu dildə zəngin xalq yaradıcılığı nümunələri – dastanlar, nağıllar, bayatılar, rəvayətlər, əfsanələr, atalar sözləri, mahnılar yaranmış, min illərin dil çeşməsində durularaq və sınaqlardan keçərək günümüzədək gəlib çıxmışdır. Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabir, Məmməd Araz və başqa görkəmli söz ustaları bu dildə ölməz sənət nümunələri yaratmış, Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.
    Azərbaycan dili öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə seçilir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə arealına malik, yüksək yazı və nitq mədəniyyəti olan və daim zənginləşən dildir.
    Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli   liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas hissəsi kimi diqqətdə saxlamışdır. Hələ sovet dövründə imperiya təzyiqlərinə baxmayaraq, ulu öndər böyük cəsarət göstərərək 1978-ci ildə Azərbaycan dilini Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Həmin dövrdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanılmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur. Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı ölkəmizin keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, ötən əsrdə SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.
    Ümummilli lider Heydər Əliyev demişdir: “...Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz... Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək; onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmaycaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır”.
    Görkəmli dövlət xadimi hakimiyyətə ikinci qayıdışından sonra da ana dilimizin qorunması və inkişafı istiqamətində mühüm qərarlar qəbul etmiş, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu öndərin müvafiq fərmanı ilə ölkəmizdə kiril əlifbasından istifadəyə son qoyulmuş, latın qrafikasının tətbiqi ilə bağlı bir sıra işlər həyata keçirilmişdir.
    Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Dövlət başçısının sonrakı sərəncamları əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Eləcə də ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 30 dekabr tarixdə imzaladığı “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamı ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlərboyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik... Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur... Biz əsrlərboyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.
    Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir. Son illər muxtar respublikada nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensik­lo­­pediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, türk-islam ədəbiyyatının “Şahnamə”si sayılan “Qutadqu bilik” (XI əsr) poemasının, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri”, böyük İslam mütəfəkkiri Nemətullah Naxçıvaninin 3 cildlik “Əl-fəvatih-ül-ilahiyyə-vəl-məfatih-ül-qeybiyyə”, 3 cildlik “Naxçıvan tarixi” kitabları, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub saxlanılması sahəsində əsaslı tədbirlərdəndir.     
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırmışdır. Bu gün muxtar respublikada ticarət və iaşə obyektlərinə, coğrafi ünvanlara doğma dilimizdə adların verilməsi, reklam lövhələrinin dilimizin qayda-qanunlarına uyğun yazılması ana dilimizin qorunması sahəsində həyata keçirilən tədbirlərdəndir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması dilimizlə bağlı tədbir və nəşrlərin həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Həmçinin Naxçıvan Yazıçılar Birliyinin fəaliyyətinin gücləndirilməsi, onun nəzdində Tərcümə mərkəzinin fəaliyyət göstərməsi də dilimizin, sözümüzün qorunub inkişaf etdirilməsində mühüm addımlardandır.   
    Azərbaycan dilinin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, ötən dövrdə dilimizin işləkliyi və düzgün təbliği diqqətdə saxlanılmış, muxtar respublikanın televiziya və radiolarında Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır. Bu qurumlar televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsində mühüm rol oynayır. Diyarımızda Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsi, aparıcıların fonetik normalara əməl etməsi, reklam mətnlərinin səlis və aydın olması daim nəzarətdədir. 
    Azərbaycan Respublikasının 2020-ci i 8 may tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 533-1-ci maddə əlavə edilmişdir. Müvafiq maddəyə əsasən kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərə yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslərə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Fərmanı ilə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişikliklər edilmişdir. Həmin dəyişikliyə əsasən muxtar respublikada dövlət dili normalarının pozulması teleradio yayımlarında baş verdikdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, şöbə və sektor müdirinə, digər kütləvi informasiya vasitələrində aşkar edildikdə Naxçıvan Mətbuat Şurasının sədrinə protokol tərtib etmək səlahiyyəti verilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilmiş, mükafat komissiyası yaradılmış və komissiyanın əsasnaməsi təsdiq olunmuşdur. Ali Məclis Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən ədəbiyyat sahəsi üzrə “Poetik-praktik Azərbaycan dili” dərs vəsaitinə görə pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudov Naxçıvan Muxtar Respublika mükafatına layiq görülmüşdür. Kitab Azərbaycan dilinin öyrədilməsi, onun tədrisi haqqında pedaqoji poema tədris tariximizdə iz qoyacaq bir əsərdir. 
    Naxçıvan Dövlət Universitetində Azərbaycan dili fənni ilə bağlı dərslərin tədrisinə və ixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Tarix-filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr səviyyəsinin bütün kurslarında fənnin müxtəlif dərəcədə tədrisinin həyata keçirilməsindən başqa xarici dillər fakültəsində, qeyri-ixtisaslarla əlaqəli fakültələrdə Azərbaycan dili, nitq mədəniyyəti dərsləri də yüksək səviyyədə təşkil olunur. Bundan başqa, universitetin magistr səviyyəsində Azərbaycan dili fənni ilə bağlı pedaqoji və nəzəri istiqamətli bir sıra dərslər keçilir. İxtisaslara uyğun olaraq dərslərdə tanınmış professor və elm xadimləri iştirak edir. Həmçinin tələbələrin müasir şair və yazıçılar, elm xadimləri ilə mütəmadi olaraq görüşləri təşkil edilir ki, bunlar da tələbələrin öz ixtisaslarına daha dərindən yiyələnmələrinə şərait yaradır. Naxçıvan Dövlət Universitetində Ana Dili Günü ilə bağlı hər il universitetin Media Mərkəzində verilişlər hazırlanır, eləcə də Azərbaycan dilinin təbliği ilə bağlı xarici tələbələr arasında yazı müsabiqələri, tədbirlər keçirilir. Bundan əlavə, Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrə bir il ərzində hazırlıq kursunda Azərbaycan dili və Nitqin inkişafı fənləri tədris olunur ki, bu dərslərdə xarici ölkə vətəndaşları tədris ilinin sonunda ana dilimizi mükəmməl şəkildə mənimsəyirlər. Bu, dilimizin dünyada coğrafi arealının genişlənməsinə, tanınmasına və təbliğinə də şərait yaratmış olur.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bütün təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, maddi-tədris bazası möhkəmləndirilmiş, tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılmışdır. Təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunmuş, kitabxana fondu zənginləşdirilmişdir. Hər il muxtar respublika ümumtəhsil məktəblərində Azərbaycan dilinin inkişafı və qorunması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə dilimizin zənginliyi şagirdlərimizə təbliğ edilir, məktəblilərarası inşa yazı, şeir müsabiqələri, yarışlar keçirilir, maarifləndirici söhbətlər aparılır. Eləcə də mütaliə aylığı, kitab müzakirəsi və oxucu konfransları, ədəbi-bədii gecələr, disputlar, bilik yarışları təşkil edilir.
    Bu gün dövlət dilimiz beynəlxalq tədbirlərdən, teatr səhnələrindən, konsert salonlarından, elmi müəssisələrdən, idman saraylarından, ordu hissələrindən əzəmətlə, məğrur səslə eşidilməkdədir. Bu gün hər birimizdən Azərbaycan dilinə münasibətdə, dilimizin saflığının qorunmasında vətəndaşlıq mövqeyi tələb olunur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımızın ulu babalardan miras qalan bu ən qiymətli milli sərvətini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Aysel EMİNOVA
AMEA Naxçıvan Bölməsi İncəsənət, 
Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi

Nəşr edilib : 29.07.2022 18:29