AZ EN RU

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Məruzəsi

    Hörmətli deputatlar və sessiya iştirakçıları!
    Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əsas inkişaf göstəriciləri üzrə müsbət dinamika qorunub saxlanılmış, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmişdir. Hesabat dövründə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi daha da möhkəmləndirilmiş, inkişafın əsas göstəricisi hesab olunan əhali rifahı yüksəldilmiş, yeni iş yerləri açılmış, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilmişdir. 
    2022-ci ilin birinci yarısında muxtar respublikada ümumi daxili məhsulun həcmi  1 milyard 363 milyon manatdan artıq olmuşdur ki, bunun da 86 faizi özəl bölmənin payına düşmüşdür. 
    Ötən dövrdə muxtar respublikada sahibkar­lıq fəaliyyətinin təşviqi məqsədilə 24 milyon manatdan artıq kredit verilmiş, dövlət dəstəyi hesabına 68 layihə üzrə yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Tikinti-quruculuq işləri də geniş vüsət almış, 113 obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 197 obyektin tikintisi və yenidən qurulması davam etdirilmişdir. 
    Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatlar 2022-ci ilin ikinci yarısında da davam etdirilməli, makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır. 

T A P Ş I R I Q L A R

    Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına və büdcə vəsaitlərindən qənaətlə istifadəyə nəzarəti gücləndirməli, təhlillər aparılmalı, növbəti ilin büdcə proqnozları hazır­lanmalıdır.
    Muxtar respublikada tələbatın yerli istehsal hesabına ödənilməsi iqtisadi islahatların əsas hədəfidir. İqtisadiyyat Nazirliyi əsas tələbat malları üzrə yerli istehsalı təşviq etməli, yeni sahibkarlıq müəssisələrinin yaradılması dəstəklənməli, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə kredit təşkilatları tərəfindən sahibkarlıq müəssisələrinin kreditləşdirilməsinə və həmin kreditlərdən təyinatı üzrə səmərəli istifadəyə nəzarət olunmalıdır.
    İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda mövqeyinin möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində işləri davam etdirməli, daxili tələbat və ixrac imkanları, o cümlədən ixrac bazarlarında baş verən tendensiyalar düzgün təhlil olunmalıdır. Həmçinin Dövlət Gömrük Komitəsi gömrük keçid məntəqələrində xidməti davranışın düzgün qurulmasını və nizam-intizamın möhkəmləndirilməsini diqqətdə saxlamalıdır.
    Dövlət Vergi Xidməti vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının vaxtında və tam yığılmasını təmin etməli, nağdsız ödəniş təşviq olunmalıdır.
    Muxtar respublikada sənayeləşmə prosesinin daha da sürətləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının dəstəklənməsi məqsədilə 2022-ci il “Sənaye ili” elan edilmişdir. İqtisadiyyat Nazirliyi sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsini və yeni sənaye müəssisələrinin yaradılmasını davam etdirməli, rentabelli sahələrə investisiyaların cəlbi istiqamətində iş aparılmalıdır.
    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında məhsulların və xidmətlərin keyfiyyətinə, bütövlükdə qida təhlükəsizliyi tədbirlərinə dövlət nəzarətini gücləndirməli, İqtisadiyyat Nazirliyi ilə birlikdə ailə təsərrüfatları məhsullarının emalı, qablaşdırılması və ixracına dəstək verilməlidir.
    Kənd təsərrüfatı olmadan ərzaq təhlükəsizliyini təmin etmək, emal müəssisələrinin xammala olan tələbatını ödəmək mümkün deyil. Bu səbəbdən də muxtar respublikada aqrar sahə kompleks inkişaf etdirilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Lakin aparılan yoxlamalar zamanı məlum olur ki, əkinəyararlı torpaqlar tam şəkildə əkilmir. Kənd Təsərrüfatı Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri əkin strukturuna daxil olan torpaqların əkilməsini diqqətdə saxlamalı, bununla bağlı müvafiq tədbirlər görməli, eyni zamanda dəmyə torpaqlarda taxıl əkini təşviq olunmalıdır. 
    Muxtar respublikada yaşayış məntəqələri üzrə torpaqlardan təyinatdankənar istifadə və zəbt halları hələ də qalmaqdadır. Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidməti və rayon icra hakimiyyətləri torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısını almalı, əhali məlumatlandırılmalı, xəbərdarlıqlardan nəticə çıxarmayanlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməlidir.
    Muxtar respublikada mütərəqqi suvarma metodlarının tətbiqi, meliorativ tədbirlərin görülməsi və hidrotexniki qurğuların istifadəyə verilməsi su təminatını yaxşılaşdırmışdır. Lakin buna baxmayaraq yerlərdə suyun bölgüsü ilə bağlı problemlər qalmaqdadır. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti müvafiq icra hakimiyyətləri ilə birlikdə suvarma suyundan düzgün istifadə və mövsüm ərzində suvarma tədbirlərinin səmərəli təşkilini diqqətdə saxlamalı, əkin sahələrinin su təminatı aqrotexniki qaydalar çərçivəsində həyata keçirilməlidir.
    Ekoloji tarazlığın qorunması tədbirləri sırasında ətraf mühitdən və təbii sərvətlərdən səmərəli istifadə xüsusi yer tutur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi muxtar respublikada təbii sərvətlərdən və ətraf mühitdən istifadə ilə bağlı münasibətləri qanunvericiliyə uyğun tənzimləməli, rüsumlar və ekoloji ödənişlər müvafiq qaydada ödənilməli, heyvandarlıqla məşğul olanlar  yaylaqlardan istifadə qaydaları barədə məlumatlandırılmalı, düzgün bölgü aparılmalıdır. 
    Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən islahatlar bütün yaşayış məntəqələrini əhatə etmiş, şəhər, qəsəbə və kəndlərdə müasir infrastruktur yaradılmışdır. Şəhər və rayon icra hakimiyyətləri qurulanları qoruyub saxlamalı, abadlıq-təmizlik işlərinə nəzarət olunmalı, reyd komissiyalarının müəyyənləşdirdiyi nöqsanlar aradan qaldırılmalı, vətəndaşlarla iş gücləndirilməlidir. 
    Yaradılan şərait muxtar respublikada yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin fəaliyyəti üçün də geniş imkanlar açmışdır. Bu səbəbdən də yerli icra orqanları və bələdiyyələr arasında sıx əməkdaşlıq qurulmalı, illik fəaliyyət proqramları hazırlanıb həyata keçirilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaqlar icarəyə verilməli, ərazilərin təmizliyi diqqətdə saxlanılmalıdır. 
    Bu gün muxtar respublikada baytarlıq təbabəti sahəsində görülən işlərin nəticəsidir ki, epizootik vəziyyət sabitdir. Dövlət Baytarlıq Xidməti bundan sonra da epizootik vəziyyəti nəzarətdə saxlamalı, dezinfeksiya işləri qrafik əsasında davam etdirilməli, fərdi baytarlıq xidmətinin əhatə dairəsi genişləndirilməli, mütəxəssis hazırlığına və baytarlıq-sanitariya nəzarətinə diqqət artırılmalıdır.
    Təhsil Nazirliyi yeni tədris ilinə hazırlıq görməli, muxtar respublikanın ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində tədrisin və təlim-tərbiyənin təşkili nəzarətdə saxlanılmalı, STEAM kabinələrin və STEAM Təlim-Tədris Mərkəzinin qurulması başa çatdırılmalıdır. 
    Mədəniyyət müəssisələrində kadr işi, konsert və musiqi təhsili müəssisələrində fəaliyyət qənaətbəxş deyil, rayon mədəniyyət saraylarının imkanlarından səmərəli istifadə olunmur. Mədəniyyət Nazirliyi qeyd olunan nöqsanları aradan qaldırmalı, kadr siyasətinə diqqəti artırmalı, iş və əmək intizamı gücləndirilməli, rayon mədəniyyət saraylarında illik qrafik əsasında konsertlər təşkil olunmalı, tamaşalar nümayiş etdirilməlidir. 
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin məşğulluğu və sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı Dövlət proqramlarından irəli gələn vəzifələri diqqətdə saxlamalı, özünüməşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilməlidir. 
    Səhiyyə Nazirliyi tibb xidmətinin keyfiyyətini, eləcə də həkim və tibb işçilərinin peşəkarlığını artırmalı, tibbi avadanlıqlardan səmərəli istifadə edilməli və qorunmalıdır. Həmçinin nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə sağlamlıq imkanları məhdud şəxslərin müraciətlərini obyektiv araşdırmalı, qanunvericiliyə uyğun pensiya təyinatı aparılmalıdır. 
    Gigiyena və Epidemiologiya Mərkəzi muxtar respublikada epidemioloji vəziyyətlə bağlı tədbirləri davam etdirməli, sanitariya-gigiyena normalarına əməl olunmalıdır.
    Gənclər və İdman Nazirliyi gənclərin idmana marağının artırılması üçün layihələr hazırlamalı, ölkə və beynəlxalq səviyyəli idman yarışlarında muxtar respublikadan olan idmançıların iştirakını təmin etməli, idman federasiyaları ilə qarşılıqlı fəaliyyət artırılmalıdır.
    “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti fermer və torpaq mülkiyyətçilərini tələbata uyğun kənd təsərrüfatı texnikaları, avadanlıqlar və gübrələrlə təmin etməli, lizinq xidmətinin əhatə dairəsi genişləndirilməlidir. 
    Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının düzgün hesablanması və təyinatı ilə bağlı işləri davam etdirməli, qanunsuz pensiya ödənişlərinin qarşısı alınmalı, fondun fəaliyyətini əhatə edəcək yeni elektron sistemlərin qurulması başa çatdırılmalıdır. 
    Gənc ailələrin mənzil təminatı həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsidir. Lakin buna baxmayaraq “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətində ciddi dönüş yaratmalı, nöqsanlar qısa zamanda aradan qaldırılmalı, fəaliyyət yeni tələb və qaydalar əsasında qurulmalıdır.
    Muxtar respublikanın malik olduğu geniş turizm potensialından istifadə və bu sahədə təbliğat işi qənaətbəxş deyil. Ona görə də Turizm Departamenti muxtar respublikanın mövcud turizm potensialı və turizm xidməti infrastrukturları haqqında məlumatlarını yeniləməli, kənd yaşayış məntəqələri üzrə turizm potensialı dəyərləndirilərək yeni marşrutlar müəyyənləşdirilməlidir.
    Dövlət İmtahan Mərkəzi mövcud qanunvericiliyə uyğun olaraq dövlət orqanlarında işə qəbul, attestasiya və sertifikasiya ilə bağlı imtahanları davam etdirməli, kadr hazırlığı üzrə kursların təşkili və test bazasının zənginləşdirilməsi diqqətdə saxlanılmalıdır.
    Dövlət Arxiv İdarəsi Dövlət proqramında nəzərdə tutulan vəzifələrin icrasını təmin etməli, aid dövlət orqanları ilə əlaqəli işləməli, dövlət arxiv idarələrinin fəaliyyəti təkmilləşdirilməlidir.
    Dövlət Sığorta Xidməti sığorta fəaliyyəti sahəsində innovativ xidmətləri və könüllü sığortanın əhatə dairəsini genişləndirməli, aqrar sığortaya marağın artırılması ilə bağlı tədbirlər görülməlidir.
    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməli, tibbi sığortanın tətbiqini və icbari tibbi sığorta haqlarının toplanmasını diqqətdə saxlamalıdır. 
    Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti-quruculuq işləri aparılarkən mühəndis-texniki tələblərə əməl etməli, keyfiyyətə və təhlükəsizlik tədbirlərinə nəzarət artırılmalıdır. 
    Muxtar respublikada müasir yol infrastrukturu qurulur, nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir. Dövlət Nəqliyyat Xidməti yaradılan şəraitdən istifadə edərək sərnişin və yükdaşıma sahəsində xidmətin səviyyəsini daha da yüksəltməli, Avtomobil Yolları Dövlət Agentliyi yol tikintisi işlərini davam etdirməklə keyfiyyətə diqqəti artırmalıdır. 
    Muxtar respublikada elektrik enerjisi istehsalı, xüsusilə də alternativ və bərpaolunan enerjidən geniş istifadə, yaşayış məntəqələrinin tamamilə qazlaşdırılması enerji təhlükəsizliyini təmin edib. Dövlət Energetika Xidməti elektroenergetika infrastrukturunun müasirləşdirilməsinə diqqəti artırmalı, Qaz İstismar Xidməti təbii qaz təminatında texniki qaydalara əməl etməli,  keyfiyyətə üstünlük verilməlidir. Hər iki qurum elektrik və qaz sayğaclarına müdaxilə və qanunsuz istifadə hallarının qarşısını almalı, itki minimuma endirilməlidir. 
    Rabitə və Yeni Texnologiyalar Nazirliyi yüksəkixtisaslı kadr hazırlığını diqqətdə saxlamalı, əhaliyə keyfiyyətli rabitə və internet xidməti göstərilməli, yerlərdə mütəmadi monitorinqlər aparılmalı, çatışmazlıqlar aradan qaldırılmalıdır.
    Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  muxtar respublikanın rayonlarının tarixi və Naxçıvan etnoqrafiyası ilə bağlı kitabların nəşrini ilin sonuna qədər başa çatdırmalı, “Elm Festivalına” hazırlıq görülməlidir. 
    Ali təhsil müəssisələri tərəfindən yeni tədris ilinə hazırlıq görülməli, tələbə qəbulunun nəticələri təhlil olunaraq növbəti ilin qəbul planı barədə təkliflər hazırlanmalıdır.   
    Sağlam gənclik etibarlı gələcək deməkdir. Gənclər Fondu ali, orta ixtisas və ümumtəhsil məktəbləri ilə əlaqələri daha da gücləndirməli, gənclər düzgün istiqamətləndirilməli, müvafiq layihələr həyata keçirilməli, könüllülük fəaliyyəti təşviq olunmalıdır. 
    Düzgün statistik təhlillərin aparılması  inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əsas amildir. Dövlət Statistika Komitəsi dövlət qurumları ilə işə xüsusi diqqət yetirməli, sahələr üzrə statistik məlumatlar toplanaraq təhlil olunmalı, müqayisələr aparılmalı, ümumi inkişafı əks etdirən göstəricilər ictimailəşdirilməlidir. 
   Hüquq-mühafizə orqanları profilaktika tədbirlərini davam etdirməli, nizam-intizam daha da möhkəmləndirilməli, ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmalıdırlar.
    Ordu, birləşmə və hərbi hissələr Naxçıvan Qarnizonu üzrə təsdiq edilmiş Uzlaşma Planında nəzərdə tutulan tədbirləri ardıcıl şəkildə icra etməli, şəxsi heyətin döyüş hazırlığının artırılması və xidmətin təşkili sahəsində tədbirlər görülməlidir. 
    Daxili İşlər Nazirliyi polis sahə inspektorları ilə işə və yol hərəkətinin təhlükəsizliyinə diqqəti artırmalı, elektron idarəetmə vasitələrindən istifadə artırılmalıdır. 
    Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Hərbi Prokurorluq aidiyyəti üzrə qanunların tətbiqinə və icrasına nəzarəti gücləndirməlidirlər.
    Fövqəladə Hallar Nazirliyi mövsümə uyğun olaraq maarifləndirmə tədbirlərini genişləndirməli, yanğın təhlükəsizliyi sahəsində işlər davam etdirilməlidir.
    Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrasına və bələdiyyələrin fəaliyyətinə nəzarəti gücləndirməli, metodiki köməklik göstərilməlidir.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırışını təşkil etməli, hərbi uçotun dəqiq və düzgün aparılmasına nəzarət olunmalıdır.
    Naxçıvan Beynəlxalq Hava Limanı yaradılan şəraitdən, qurulanlardan, alınan maşın-mexanizmlərdən və texnikalardan səmərəli istifadə edərək xidmətin keyfiyyətini və intizamı daha da yüksəltməlidir.
    Muxtar respublikanın yaradıcılıq birlikləri fəaliyyətlərini ümumi inkişafa uyğun qurmalı, müxtəlif müsabiqə və tədbirlər keçirilməli, kütləvi informasiya vasitələri ilə əlaqələr genişləndirilməlidir. Kütləvi informasiya vasitələri maddi-texniki bazadan səmərəli istifadə etməli, ədəbi dil normaları qorunmalı, teleradio və qəzet materialları hazırlanarkən keyfiyyətə daha çox diqqət olunmalıdır.   
    Hörmətli sessiya iştirakçıları!
    Ümummilli liderin yoluna sədaqət, qarşıya qoyulan vəzifələr və müəyyənləşdirilən hədəflər ölkəmizdəki inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirəcəkdir. Bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında hər birinizə uğurlar arzulayır, çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. Biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur”.
    Sağ olun!
 

Nəşr edilib : 16.07.2022 17:00