AZ EN RU

Altı ay ərzində muxtar respublikada 3048 abonent internetlə təmin olunmuşdur

    Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin edilməsi, bütün yaşayış məntəqələrində istifadəçilərə genişzolaqlı internet təklif edilməsi, habelə göstərilən internet xidmətlərinin hər bir sakin üçün əlçatan olması dövlətimizin diqqət mərkəzindədir. 
    Müasir texnologiyaların tətbiq edilməsi nəticəsində göstərilən telekommunikasiya xidmətlərinin əhatə dairəsi ilbəil artırılır, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir, müasir rabitə sistemləri qurulur, sürətli internetə çıxış təmin olunur. Yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılır. Telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərininin müasir səviyyədə təşkili istiqamətində bir sıra layihələr həyata keçirilir. Həmin tədbirlər və artan tələbat fonunda Naxçıvan şəhərinin, Şərur, Babək, Ordubad, Şahbuz və Sədərək rayonlarının bir sıra kəndlərində fəaliyyət göstərən yeni nəsil HUAWEI NGN tipli avtomat telefon stansiyalarının internet tutumları artırılmışdır ki, nəticə etibarilə, 2700-dən artıq internet istifadəçisinin tələbatının ödənilməsinə imkan yaranmışdır. 2022-ci ilin ilk altı ayı ərzində, ümumilikdə, 3032 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunmuşdur. GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində isə Naxçıvan şəhərində 16 fərdi mənzilə fiber-optik xətlər çəkilmiş, zəruri avadanlıqlar quraşdırılmışdır.
    Qeyd olunanlarla yanaşı, internet xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində müvafiq təhlillər aparılmış, müraciətlərinə uyğun olaraq əhaliyə və dövlət qurumlarına texniki dəstək və metodik köməkliklər göstərilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində zəruri texniki tədbirlər görülmüşdür. Həmçinin rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınmasına dair qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı nazirliyin səlahiyyətli mütəxəssislərinin iştirakı ilə yerlərdə monitorinqlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni
Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.07.2022 19:32