AZ EN RU

“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin icrası ilə bağlı yekun tədbir keçirilib

    İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin icrası ilə bağlı tədbir keçirilmişdir.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada dövlət qadın siyasətinin əsas prioritet istiqaməti olan qadınların məşğulluğu haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi  Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məqsədyönlü tədbirlər davam etdirilir, qadınların mikro və makrosahibkar olması üçün güzəştli şərtlərlə kreditlər verilir, dövlət tərəfindən müvafiq dəstək göstərilir. 

    Bildirilmişdir ki, ötən illərdə olduğu kimi Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı cari ildə də muxtar respublikada yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə növbəti layihənin icrası təmin olunmuşdur. 
    Komitə sədri bildirmişdir ki, bununla əlaqədar milli və xalq tətbiqi sənət nümunələri, sahibkarlıq və digər fəaliyyət sahələri ilə məşğul olmaq istəyən istedadlı qadınlar, xüsusən də qayğıya ehtiyacı olan ailələrin qadınları haqqında müvafiq orqanlardan alınan və komitəyə edilən şifahi müraciətlər əsasında məlumatlar toplanmışdır. Əlavə olaraq müvafiq qadınlar komitəyə dəvət olunmuş, gələcəkdə məşğul olmaq istədikləri sahə ilə bağlı ətraflı söhbət aparılmış və müvafiq təlimlərdə iştirak etmək istəyən 87 qadın haqqında məlumat hazırlanmışdır.
    Layihədə şəhid ailəsi olan qadınlar, sağlamlıq imkanları məhdud qadınlar, ailə başçısı olan qadınlar, nikahına xitam verilən qadınlar, aztəminatlı ailədən olan qadınlar və istedadlı qadınlar olmaqla, 70 qadın iştirak etmişdir. Muxtar respublikanın şəhər və rayonlarından olan 50 aztəminatlı ailənin üzvü və ya sağlamlıq imkanları məhdud olan qadınların cəlb olunması və hər bir nəfərə 760 GHF (1360 AZN) məbləğində sərmayə kapitalının verilməsi nəzərdə tutulmuşdur. Qadınlara veriləcək sərmayə kapitalının ümumi dəyəri isə 70000 manat olmuşdur. Sərmayə kapitalının verilməsi zamanı fəaliyyət sahəsinin qurulmasına görə qeyd olunan vəsaitdən artıq, az və ya qeyd olunan sərmayə kapitalının məbləğində vəsait bölgüsü aparılmış, qadınların sayı 50 nəfərdən 64 nəfərə çatdırılmışdır.
    Layihə çərçivəsində maliyyə savadlılığı üzrə 3 dəfə “Gələcəyini planlaşdır!” və           1 dəfə “Sahibkar ol!” təlimləri keçirilmişdir. Təlimlərdə muxtar respublikanın bütün rayonlarından olmaqla sağlamlıq imkanları məhdud, şəhid və aztəminatlı ailədən olan qadınlar iştirak etmiş, onlara  sertifikatlar təqdim olunmuşdur.
    Ramilə Seyidova məlumat vermişdir ki, sərmayə kapitalı alan 64 qadının məşğul olacağı sahələr üzrə siyahı hazırlanmış və Azərbaycan Mikromaliyyə Assosiasiyasına təqdim edilmişdir. Verilən 70 min manat sərmayə kapitalının 53 min 850 manatı (77 faizi) ailə təsərrüfatlarının qurulması üçün, 16 min 150 manatı isə (23 faizi) digər fəaliyyət sahələri (dərzilik, toxuculuq, bərbərlik, xalçaçılıq, dekorativ-tətbiqi sənət sahəsi və sair) üçün verilmişdir.
    Komitə sədri çıxışının yekununda qadınların sahibkar kimi formalaşmasına və onların  məşğulluqlarının təmin olunmasına, həmçinin bu layihənin yüksək səviyyədə, uğurla həyata keçirilməsinə göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.
    Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə haqqında ətraflı məlumat vermiş, muxtar respublikada qadınlara göstərilən yüksək diqqət və qayğıdan ətraflı bəhs etmiş, bu cür layihələrin muxtar respublikada nəzərdə tutulan vaxtda və uğurla icra olunduğunu diqqətə çatdırmışdır.
    Layihə iştirakçıları Misri Bağırova, Təhminə Əliyeva və Əsmər Baxşəliyeva çıxış edərək onlara və ailələrinə göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
    Sonra tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınlar arasında bağlanmış müqavilələrin təqdimolunma mərasimi keçirilmiş, qadınlara verilmiş sərmayə kapitalının dəyərində alınmış aktivlərin bəzilərinin nümayişi təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ailə, 
Qadın və Uşaq Problemləri üzrə Dövlət 
Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 19.08.2022 17:54