AZ EN RU

Ağır atletlərimizdən uğurlu nəticə

    Ölkəmizin paytaxtı Bakı şəhərinin Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında 9-10 aprel tarixlərdə  keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına yekun vurulub.
    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi çempionatda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb. Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması olub.
    Yarışda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 3 idmançısı da mübarizə aparıb. Məşqçi Şəfi Hüseynovun rəhbərliyi altında ən böyük uğura qadınların yarışında Gülcahan Əliyeva imza atıb. Belə ki, 55 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançımız, ümumilikdə, 105 kiloqramın (birdən 45,  təkanla qaldırmada 60 kiloqram) öhdəsindən gələrək ölkə çempionu adını qazanıb. İlk dəfə olaraq böyüklərin yarışında mübarizə aparan 15 yaşlı idmançımız Həsən Babayev 81 kiloqram çəki dərəcəsində 195 kiloqramı ram edərək dördüncü olub. Tərmenxan Babayev də eyni nəticəni göstərib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 14.04.2022 19:45