AZ EN RU

Açıq dərs keçilib

    Naxçıvan Dövlət Tarix Muzeyində hamiliklə bağlı Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün “Muzeylərdə ekspozisiyanın fəaliyyətinin təşkili” adlı açıq dərs keçilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin iş planına əsasən təşkil olunan dərsdə nazirliyin aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva muzeylərin cəmiyyətin inkişafında, maddi-mənəvi irsin, mədəni dəyərlərin və eləcə də xalqın tarixi yaddaşının qorunub saxlanmasındakı rolundan danışıb. Vurğulanıb ki, muzeydəki eksponatlar gənc nəslin intellektual düşünmə qabiliyyətini artırır. Ekspozisiyanın təşkilində mühit uyğunluğu, məzmun dolğunluğu nəzərə alınmalı, yaradıcı yanaşma olmalı, ardıcıllığa diqqət edilməlidir.
    Açıq dərsdə Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyevanın “Muzeylərdə ekspozisiyanın fəaliyyətinin təşkili” mövzusunda çıxışı dinlənilib. Muzeyin ekspozisiyasının fond materialları əsasında xronoloji ardıcıllıqla dövrlərə görə tərtib edildiyi tələbələrin diqqətə çatdırılıb. Dərsdə qeyd olunub ki, Tarix Muzeyi arxeoloji, etnoqrafik, numizmatik materiallar, tətbiqi sənət nümunələri, rəsm, heykəltəraşlıq əsərləri, muzeyə təqdim olunan hədiyyələr, digər müəssisə və təşkilatlardan verilmiş eksponatlar və sair materiallar əsasında tərtib olunur. Ekspozisiya tərtib edilərkən sitatların, izahlı mətnlərin, etiketlərin yerli-yerində yazılmasına diqqət yetirmək lazımdır. Muzey əşyalarının deyə bilmədiyi sözü, ifadə edə bilmədiyi fikri sitatlar, izahlı mətnlər və etiketlər deməlidir.
    Eksponatların adı etiketlərin üzərində Azərbaycan və ingilis dillərində yazılmalıdır. Bu muzeyə gələn xarici vətəndaşların hər bir eksponat haqqında ətraflı məlumat alması üçün vacibdir.
    Açıq dərs mövzu ilə bağlı müzakirələr və tələbələrin suallarının cavablandırılması ilə davam edib.
    Sonda muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.12.2022 20:01