AZ EN RU

46 il uşaqların sağlamlığı keşiyində

    Tanrı öz bəndələrinə qəribə tale, ruzi, qismət, ömür payı, alınyazısı verib. Birinə yüksək dəyərli mənəviyyat, yüksək əxlaqi-keyfiyyət, birinə yüksək zəka və idrak bəxş edib. Kimisinə isə bu məziyyətlərlə yanaşı, əllərinə şəfa, ürəyinə təpər verir ki, insanların sağlamlığı keşiyində dayansın. O da bax belə insanlardandır. O, dünyaya gəlib ki, körpələrə öz sevincli, şəfalı əllərini uzatsın, onlara köməklik etsin. Baharın ilk çağında nərgizin, bənövşənin torpaqdan boy atdığı, dünyanın qış yuxusundan oyandığı bir gündə dünyaya göz açıb. Qəlbi, əməli, niyyəti, arzusu da həmişə baharlı olub. İnsanlara həmişə bahar sevinci, xoşbəxtliyi bəxş edib. Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi həkimlik peşəsinin, xüsusən uşaq həkimi sənətinin müqəddəsliyini qorumaq, nüfuzunu saxlamaq onun üçün ali məqsədə çevrilib. Bu şərəfli amalı gerçəkləşdirmək o qədər də asan deyil və həm də hər kəsə qismət olmur. Haqqında söz açmaq istədiyim həkim ağbirçəyimiz, bir çox insani keyfiyyətləri özündə cəmləşdirən, uzun həyat yolu keçmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının şöbə müdiri Yazgül Rzayevadır. 

    O, ömrünün yarısından çoxunu elimizin, obamızın, Vətənimizin gələcəyi olan körpələrə şəfa verməyə sərf edib. 46 ildir ki, Naxçıvan səhiyyəsində külüng çalır, körpələrə şəfa paylayır. Övladı xəstə olan valideynlərin naümid gözlərinə ümid, nigaran baxışlarına sevinc çöhrəsi bəxş edən bu nəcib peşə yiyəsi Yazgül həkimi yenə iş başında, körpələri müayinə edərkən görürəm. Həkim deyir ki, elə gün olub ki, yenicə ana olduğum xəstəxana palatasından qalxıb öz körpəmin üzünü görməmiş ağır vəziyyətdə olan başqa bir körpəni müayinə etməyə yollanmışam. Muxtar respublikanın elə bir kəndi, şəhəri yoxdur ki, mən oraya xəstə müayinə etməyə getməyim. Xalqın müqəddəs saydığı, inanıb, etibar etdiyi həkim adını daşıyan insan hər dəqiqə qəfil gecə zənglərinə, qəfil hadisələrə hazır olmalıdır. Lazım gələrsə, lap pay-piyada da olsa, hökmən getməlisən. Axı orada həkimi nigarançılıqla, həyəcan hissi ilə gözləyən var. Hansı ixtisas həkimi olursansa ol, öncə həkimsən, insan sağlamlığının keşiyində dayanmalısan. Vətəni qoruyan sadiq, inamlı əsgər kimi. 
    Gözlərindən qayğı qarışıq fərəh, sevinc oxunan Yazgül həkim deyir ki, həkimlik rahatlıq sevənlərin sənəti deyil, gecəsi, gündüzü bilinməyən peşədir. Amma nə qədər əzablı-əziyyətli olsa da, sonu fərəhlidir. İşin sonunda bilirsən ki, kimi isə sevindirmisən, xeyirxahlıq etmisən. Belə məqamlarda keçirdiyin həyəcan da, əziyyətlər də insanın gözünə görünmür. Belə məqamlarla çox rastlaşmışam. Narahat ürəklərə təsəlli vermək, baxışlardakı nigarançılığı, narahatlığı sevincə çevirmək mənə görə dünyanın ən böyük xoşbəxtliyidir. Əlbəttə ki, bu, böyük əzm və iradə, eləcə də insanlığa dərin məhəbbət tələb edir. 
   Həkim onu da bildirir ki, günümüzdə xəstəlikləri müəyyən etmək üçün bir çox vasitələr vardır və onların köməyi ilə xəstəlikləri aşkara çıxarmaq daha da asandır: “Azərbaycan Tibb Universitetinə qəbul olub yaxşı qiymətlərlə oranı bitirib yurdumuza qayıdanda indiki gənclər qədər şanslı deyildim. Bizim o zamanlar nə müasir aparatlardan istifadə etmək imkanımız var idi, nə də ki hər cür şəraiti olan xəstəxanalardan. Naxçıvanın ilk uşaq nevropatoloqu idim. Uşaq həkimi olmağa da, bu ixtisası seçməyə də atamın istəyi ilə qərar versəm də, tələbə vaxtlarımdan öz ixtisasımı çox sevmiş və tibbi biliklərə dərindən yiyələnməyə çalışmışdım. Yaxşı bilirdim ki, işim çətin, məsuliyyətli olsa da, şərəflidir. Bu gün dönüb ötən illərə boylananda müstəqillik qazandığımız ilk illərdə çəkdiyimiz çətinliklər gözümdə canlanır. Təkcə həkim yox, ana kimi, qadın kimi dövlətimizə minnətdarlığım artır”.
    Muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğıdan söz açan müsahibim deyir ki, Naxçıvanda Tibb fakültəsinin açılması səhiyyə sahəsinə göstərilən ən böyük qayğıdır: “Bir vaxtlar kiminsə övladının, kiminin isə özünün həkim olmaq arzusu ürəyində qalırdı. Çünki həkim olmaq üçün Naxçıvandan çox uzaqlarda – Rusiyanın soyuq, şaxtalı şəhərlərində, ya da paytaxt Bakıda yerləşən tibb universitetlərində təhsil almalı olurdular. Yəqin ki, bu sözlərimi hamı təsdiqləyər ki, ən az yeddi il tələbə oxutmaq, özü də uzaq diyarlarda, çətin olurdu. Ən əsası isə illər öncə bir çox valideyn qız övladının uzaqda təhsil almasını istəmirdi. Bu da səhiyyə sahəsində qadın həkimlərin sayını barmaqla sayılacaq həddə çatdırırdı. Tibb fakültəsi Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq tibbi kadrlara olan tələbatı ödəmək üçün ümummilli liderimizin dəstəyi, Ali Məclisin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə 1999-cu ildə yaradılıb. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən dövr ərzində inkişaf edərək hazırda həm bakalavr, həm də rezidentura təhsili üzrə həkim hazırlığı həyata keçirir. Bu gün fakültənin müasir xəstəxanası tələbələrin nəzəri və praktik biliklərinin təkmilləşdirilməsində müstəsna rol oynayır. Muxtar respublikamızda fəaliyyət göstərən bütün xəstəxanalarda tələbələrin təcrübə keçmələrinə hər cür şərait yaradılıb. Tibb sahəsi üzrə yüksək­ixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün universitet qonşu ölkələrlə əməkdaşlıq edir. Universiteti bitirən həkimlər qonşu dövlətlərdə yüksək təkmilləşdirmə kurslarına göndərilir. 2001-ci ildən həm də Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Ötən illərdə bu fakültəni bitirən və Naxçıvanın səhiyyə ocaqlarında cəmiyyətin sağlamlığının keşiyində dayanan onlarla həkim vardır ki, onlar ölkəmizin bir çox rayonunda öz müqəddəs missiyalarını uğurla yerinə yetirirlər. Bu gün mən həm şəfa verdiyim körpələrə, həm müəllimi olduğum, peşəsində böyük nailiyyətlər qazanan gənc həkimlərə, həm də dövlətimizin yaratdığı imkanlarla gündən-günə inkişaf edən səhiyyəmizə baxıb qürur duyuram. Xəstəxanalarda yaradılan müasir şərait də həkim və tibb bacılarının işinin daha da keyfiyyətli olmasına imkan verir. Çalışdığım xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz edilməsi, bu avadanlıqlarla diaqnozların dəqiq qoyulması, müayinə və müalicələrin səmərəli aparılması üçün ağxalatlı peşə sahiblərinin insan sağlamlığının qeydinə qalmaq kimi mühüm və xeyirxah bir missiyanı uğurla həyata keçirmələrinə şərait yaradır”. 
    Yazgül xanım deyir ki, Vətənimizdə bütün sahələrdə dövlətinə xidmət edən insanların əməyi daim yüksək qiymətləndirilir. Həkim də, müəllim də, mühəndis də, zəhmət adamı da bu qayğıdan öz payını alır. Mənim də əməyim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində cənab Prezidentimizin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmağım əməyimə verilən növbəti yüksək dəyər və diqqətdir. 
    Deyirlər, baharda doğulan insanlar daxilən daha zəngin olurlar. Belə adamlar gözəllik qanunları ilə qurub-yaratmağı sevir, həyat həqiqətinə olan güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər. Yazgül xanım bacarıqlı həkim olmaqla yanaşı, həm də gözəl anadır. Onun bir qızı və iki oğlu, 7 nəvəsi var. Övladlarından biri və həyat yoldaşı bu şərəfli peşənin yiyəsidir. Həyat yoldaşı uzun illər xalqın sağlamlığının keşiyində dayanıb. O, hərbi xidmət rəisi işlədiyi vaxtlarda Sədərək döyüşlərində neçə-neçə Vətən övladını ölümdən xilas edib . 
    Övladlardan söz düşmüşkən, Yazgül həkimin bir tibb işçisi, ana kimi valideynlərə məsləhətini də oxucularımıza çatdırmaq istərdik:
    – Allahın ən gözəl hədiyyəsi də, sınağı da övladdır. Hər bir valideyn övladının qayğısına qalır, onun xəstələnməməsi üçün əlindən gələni edir. Amma bəzən ata və ananın qayğısı, diqqəti uşaqlarımızı xəstəliklərdən uzaq tutmağa kömək edə bilmir. Bütün valideynlərin ən böyük istəyi övladının sağlamlığını etibarlı əllərə əmanət etməkdir. Amma o da xüsusi vurğulanmalıdır ki, ən gözəl həkim də, müəllim də valideynin özüdür. Bu mənada, valideynlərimizə övladlarının əqli, fiziki, mənəvi inkişafına həssas yanaşmalarını tövsiyə edərdim. Muxtar respublikada yaradılan müasir səhiyyə infra­strukturu, peşəkar həkimlərimizin olması, aparılan tibbi maarifləndirmə işləri imkan verir ki, valideynlərimiz ilk baxışda övladlarında hər hansı bir sağlamlıq problemləri hiss etmiş olsalar, onun ilkin mərhələdə, daha effektiv müalicəsi üçün vaxtında həkimə müraciət etsinlər. Sağlam gələcəyimizin məsuliyyətini həm də valideynlər daşımalıdır.
    Həkimlə bir saatdan çox həmsöhbət olduğum vaxtda onun mobil telefonuna tez-tez zəng gəlir, qapı döyülür. Kimisi yeni doğulan körpəsi, kimisi isə məktəb yaşındakı uşağı üçün məsləhətlər alır. Elə bu məqamda onun nə qədər məsuliyyətli bir peşəyə sahib olduğunu bir daha anlayıram. Yadıma böyük şair Nəriman Həsənzadənin “Bir insan ömrünü girov qoymuşam, bir şair ömrünü yaşatmaq üçün” misrası düşür. Görürəm ki, bu dəyərli xanım da bir insan ömrünü ona həsr edib ki, bir yox, min qadın, körpə ömrü yaşasın. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 14.03.2022 20:37