AZ EN RU

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib

    AMEA Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri və nəticələri” mövzusunda konfrans keçirilib.
    31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ermənilərin Cənubi Qafqaza gəlməsi, məqsədli şəkildə tarixi Azərbaycan torpaqlarına köçürülməsi, irəli sürdükləri əsassız ərazi iddialarından bəhs edib. Akademik 1918-ci il mart soyqırımının ağır nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Çıxışda ümummilli lider Heydər Əliyevin bu qanlı hadisələrə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilməsindən bəhs olunub.
    Daha sonra ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımları nəticəsində həyatını itirmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri və onların mahiyyəti”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “1918-1920-ci illərdə ermənilərin Naxçıvanda törətdiyi faciələr”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından deportasiyası və onun faciəli nəticələri” mövzusunda məruzələri dinlənilib.

***

    Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı tərəfindən keçirilən tədbirdə əvvəlcə Yaycı kəndində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyulub, onların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Yaycı kəndinin qəhrəmanlarının məzarları ziyarət olunub, şəhidlərimizin məzarlarına tər qərənfillər düzülüb, Vətən oğullarının xatirəsi ehtiramla anılıb.

    Kənd mərkəzində davam edən tədbirdə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, təcavüzkar ermənilər tərəfindən xalqımıza qarşı 200 ilə yaxın bir dövrdə törədilən soyqırımı Naxçıvandan da yan keçməyib. 1918-ci ilin iyununda Naxçıvana hücum zamanı Culfanın Yaycı kəndi də soyqırımına məruz qalıb. Həmin vaxt 4 minə yaxın əhalisi olan Yaycı kəndi talan edilib, 2000-dən çox kənd sakini qətlə yetirilib. Eyni zamanda rayonun Əbrəqunus, Qazançı, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilib.
    Vurğulanıb ki, bu hadisələrin əsl mahiyyətini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra açmaq mümkün olub. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə rəhbərliyi və göstərişi ilə 2007-ci ildə Yaycı soyqırımı qurbanlarının şərəfinə abidə ucaldılıb. Bu tarixi abidə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır, tariximizin hər səhifəsini diqqətlə öyrənməyi təbliğ edir.
    Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova 1918-ci il 31 Mart soyqırımının ağır nəticələrindən və 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədən ətraflı bəhs edib.
    Anım tədbirində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatı Veteranlar şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasının sədri Qurban Qurbanov, Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayeva, Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının gənc üzvü, Dizə kənd tam orta məktəbinin müəllimi Nənəxanım Əliyeva çıxış ediblər.

***

    Dünən Xatirə muzeyindən “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda muxtar respublika məktəbliləri üçün interaktiv dərs keçilib.

    Şahbuz rayonunun Mahmudoba kənd tam orta məktəbinin tarix müəllimi Rauf Bağırov tərəfindən keçilən interaktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. 
    Qeyd edilib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvandan da yan keçməyib, azğınlaşmış ermənilər burada da qanlı faciələr törədiblər.
    Bildirilib ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti tam açılmış, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. 
    İnteraktiv dərsə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi qoşulub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 31.03.2022 20:53