AZ EN RU

2022-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

    Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilmişdir.
    Cari ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 227 milyon manata yaxın olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 4800,5 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,3 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 56,7 faiz təşkil etmişdir.
    2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 2,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,5 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 2,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,6 faiz artmışdır.

Makroiqtisadi göstəricilər


    *) müqayisəli qiymətlər üzrə
    **) yanvar-avqust ayları göstəricisi

Sənaye

    Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
    2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 885 milyon 535 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 2,4 faiz üstələmişdir.
    Sənaye məhsulu istehsalının 94,5 faizi malların, 5,5 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92 faiz təşkil etmişdir.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

    2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 89 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 60 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
    Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-sentyabr aylarında 9 milyon 792 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 13,6 faiz çoxdur.

Hərbi quruculuq

    Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
    2022-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində dörd avtomobil saxlancının tikintisi başa çatdırılmış, beş anbarın, dörd avtomobil saxlancının, hərbi zavodun, körpünün, texniki nəzarət, gündəlik texniki qulluq,  texniki təmir və qulluq binalarının, yanacaqdoldurma və avtoyuma məntəqələrinin tikintisi, əsgər yataqxanasının əsaslı təmiri, daxili avtomobil yolunun yenidən qurulması davam etdirilmişdir. 
    Babək rayonunda bir avtomobil saxlancının tikintisi başa çatdırılmış, iki yeraltı saxlancın, Şərur rayonunda bir avtomobil saxlancının tikintisi davam etdirilmişdir.
    Şahbuz rayonunda yaşayış binasının və dörd bölük mərkəzinin tikintisi, iki yataqxananın əsaslı təmiri başa çatdırılmış, avtomobil saxlancının tikintisi davam etdirilmişdir.
    “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman kompleksinin yenidən qurulması və əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, hamam, camaşırxana və anbar binasının tikintisi, Babək rayonunda Nehrəm Təlim Mərkəzinin və Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yataqxana binasının yenidən qurulması davam etdirilmişdir.
    Şərur rayonunda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 5-ci Sərhəd Zastavası üçün xidməti-yaşayış kompleksinin, 7-ci Sərhəd Zastavası üçün yaşayış binasının tikintisi, 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksinin yenidən qurulması başa çatdırılmış, Ordubad rayonunda 24-cü Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir.
    Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 7 ailəyə mənzil təqdim olunmuşdur.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

    Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. 2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 175 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 213 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

    Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə  uyğun olaraq 2022-ci ilin doqquz ayında 7 kənd mərkəzinin tikintisi, 1 kənd mərkəzinin yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yenidən qurulması başa çatdırılmış, Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir.
    Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə  13 traktor və qoşqusu verilmişdir. 
    Muxtar respublikada 3 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 3 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Uzunoba Su Anbarı ətrafında Bağ Evləri yaşayış-istirahət məntəqəsinin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir.
    Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 364 min 717 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur.  
    Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilir. 
    Babək rayonunun Sirab kəndində və Uzunoba Su Anbarı yaxınlığında içməli su xətlərinin çəkilişi başa çatdırılmış, Cəhri qəsəbəsinə və Vayxır kəndinə içməli su xətlərinin çəkilişi davam etdirilir.
    Şərur rayonunun Alışar, Babək rayonunun Qahab, Kəngərli rayonunun Qabıllı kəndlərində və Qıvraq qəsəbəsində hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri 

    Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
    2022-ci ilin məhsulu üçün muxtar respublikada 64 min 259 hektar sahədə əkin aparılmışdır. 

Cəmi əkin sahələri, hektarla

 

    Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılmış və 2022-ci ilin məhsulu üçün 33 min 466 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 32 min 567 hektarı payızlıq, 899 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 21 min 378 hektarında buğda, 12 min 88 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 745 hektar artmışdır. Cari ildə taxıl zəmilərindən 107 min 418 ton məhsul tədarükü edilmişdir.
    Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2022-ci ildə 3481 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 11 hektar çoxdur. Əkin sahələrindən 54 min 998 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 0,6 faiz üstələyir.
    2022-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 74 hektar sahədə tütün əkini aparılmışdır. 1 oktyabr 2022-ci il tarixə əkin sahələrindən 100,5 ton qurudulmuş tütün tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 40 faiz çoxdur.
    Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə  təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”- nın icrası diqqətdə saxlanılmış, cari ilin yanvar-sentyabr aylarında 4 istixana təsərrüfatının və 2 soyuducu anbarın yaradılması,  5 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 3 soyuducu anbarın yaradılması davam etdirilmişdir.
    Bu dövr ərzində üzümçülüyün inkişafı istiqamətində tədbirlər davam etdirilmiş, yeni üzüm bağları salınmışdır.
    Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-sentyabr aylarında 144 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2022-ci ilin yanvar-sentyabr aylarında 82 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 41-i nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 13012,8 ton mineral gübrə ilə təmin olunmuşdur.
    1 oktyabr 2022-ci il tarixə 109 min 880 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 7340,4 ton dən üçün qarğıdalı, 351,7 ton dən üçün günəbaxan, 77 min 746 ton tərəvəz, 33 min 789 ton ərzaq üçün bostan məhsulları, 41 min 806 ton meyvə, 10271,6 ton üzüm tədarük edilmişdir. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.
    Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2022-ci ilin yanvar-sentyabr aylarında da diqqətdə saxlanılmış, 38 heyvandarlıq təsərrüfatının yaradılması, 28 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 12 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 10 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2022-ci ilin yanvar-sentyabr aylarında 11 milyon 762 min 200 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,9 faiz çoxdur.
    2022-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq təsərrüfatlarında 9759 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 11 min 820 baş sağlam bala alınmışdır. 
    Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradır. 
    1 oktyabr 2022-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 127 min 184 baş, qoyun və keçilərin sayı 784 min 935 baş olmuşdur ki, bu da 1 oktyabr 2021-ci il tarixə olan göstəriciləri 1,4 və 1,8 faiz üstələmişdir.
    Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılmış, 1 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilir.
    2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 21512,5 ton ət, 75794,5 ton süd istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 və 1,4 faiz çoxdur.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 2022-ci ilin yanvar-sentyabr aylarında 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 9 arıçılıq təsərrüfatının yaradılması, 5 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-sentyabr aylarında 547 min 200 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 25 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırmışdır. 
    Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilmiş, 2022-ci ilin yanvar-sentyabr aylarında Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi başa çatdırılmış, Culfa Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilmişdir. 
    Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə yeni avtomobillər və laboratoriya avadanlıqları verilmişdir. Bununla yanaşı, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinə bitkiçilik və baytarlıqda istifadə olunan dərman preparatlarının səyyar satışını həyata keçirmək məqsədilə “Changan” markalı uyğunlaşdırılmış səyyar aptek avtomobili verilib.
    Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və  kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması  məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. 
    2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 14 milyon 234 min 900 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 9,5 faiz çoxdur.
    Muxtar respublikada aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 27 yanvar tarixdə “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalanmışdır.
    Muxtar respublikada dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazır­lanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatı təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 16 fevral tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalanmışdır.
    Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2022-ci ilin yanvar-sentyabr aylarında bir il öncəyə nisbətən 3,7 faiz çox, yəni 431 milyon 374 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulu, 
min manat 

 

    Bu dövr ərzində meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqətdə saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazilərində qapalı suvarma və kollektor-drenaj şəbəkəsinin, Nehrəm qəsəbəsi, Şahbuz rayonunun Külüs, Mahmudoba, Nursu kəndləri ərazilərində qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilmişdir.  
    Bundan əlavə, Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında iki, “Əshabi-Kəhf” ziyarətgahına gedən avtomobil yolunun kənarında, Şərur rayonunun Alışar kəndində və Kəngərli rayonunda Şahtaxtı Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə gedən avtomobil yolunun kənarında hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.
    Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2022-ci ilin yanvar-sentyabr aylarında 232 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 122,7 min ağac və gül kolu əkilmişdir. 
    Muxtar respublikada hidrometeorologiya və meşə təsərrüfatı sahələrində maddi-texniki bazanın gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya, Meşələrin İnkişafı və Meşə Təsərrüfatı idarələrinin inzibati binasının tikintisi davam etdirilir.

    Nəqliyyat, informasiya-rabitə və energetika

    Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
    2022-ci ilin yanvar-sentyabr aylarında Babək rayonunun Sirab kənd avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində üç avtomobil yolunun, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Həmzəli-Axura, Alışar və Xanlıqlar kəndinə giriş, Babək rayonunda Cəhri qəsəbəsi-Aşağı Buzqov, Vayxır, Ordubad rayonunda Vənənd-Pəzməri, Azadkənd, Xanağa və Sədərək rayonunda Dəmirçi kənd avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir. 
    Bundan əlavə, Culfa rayonunda Darıdağ ərazisində avtomobil yolunun və Kəngərli rayonunda Şahtaxtı Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə gedən yeni avtomobil yolunun tikintisi, Şərur Sənaye Məhəlləsinin avtomobil yolunun, Babək rayonunda Uzunoba Su Anbarı ətrafında avtomobil yolunun, Babək şəhərində avtomobil yolunun, Culfa rayonunda Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin avtomobil yolunun, “Naxçıvanterminalkompleks” Birliyinin Sədərək tır parkının avtomobil yolunun yenidən qurulması davam etdirilmişdir. 
    Babək rayonunun Sirab kəndində iki körpünün tikintisi və bir körpünün təmiri, Şərur rayonunun Alışar kəndi ərazisində və Babək rayonunda Uzunoba Su Anbarı ətrafında hər birində iki körpünün əsaslı təmiri başa çatdırılmış, Ordubad rayonunun Vənənd kəndində bir körpünün təmiri davam etdirilmişdir.
    “Naxçıvanterminalkompleks” Birliyinin Sədərək tır parkında yardımçı binanın və Şərur şəhərində avtovağzal binasının tikintisi davam etdirilmişdir.
    Bu dövr ərzində hava nəqliyyatının inkişafı da diqqətdə saxlanılmış, sərnişinlərin qarşılanması və yola salınması zamanı hava limanına gələn şəxslərin rahatlığını təmin etmək üçün aerovağzal kompleksinin Şərq və Qərb terminallarının girişində çardaq tikilmiş, hava limanına yeni teleskopik trap və maşın-mexanizmlər verilmişdir. 
    “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında nəzarət-ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması davam etdirilir. 
    Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
    Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində marşrutlara 6 yeni elektrobus buraxılmış, elektriklə işləyən 2 yeni taksi istismara verilmişdir. Elektrobuslar və taksilər müasir sərnişindaşıma xidməti göstərməklə bərabər, ekologiyanın da çirklənməsinin qarşısının alınmasına müsbət təsir göstərir.  
    2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın nəqliyyat sektorunda 12 milyon 576 min 700 ton yük, 82 milyon 396 min 800 sərnişin daşınmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8 faiz, sərnişin daşınması 3,9 faiz artmışdır.
    2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 5 avtomat telefon stansiyası quraşdırılmış, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilmişdir.
    2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin müvafiq dövründəki göstəricini 2,9 faiz üstələyərək 46 milyon 967 min 800 manat olmuşdur. 
    Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində Şərur rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. 
    Bundan əlavə, Şərur rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda 0,3 meqavat gücündə Külək Elektrik Stansiyasının tikintisi davam etdirilir.
    Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Ordubad rayonunun Xanağa kəndində 35/10 kilovoltluq elektrik yarımstansiyasının tikintisi başa çatdırılmış, Culfa rayonunda 132/110/35/10 kilovoltluq elektrik yarımstansiyasının tikintisi davam etdirilir.  
    Muxtar respublikada 37,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 18 müxtəlif gərginlikli transformator yarımstansiyası quraşdırılmışdır.
    1 oktyabr 2022-ci il tarixə muxtar respublikada 88 min 915 əhali abonenti təbii qazla təmin olunmuşdur. 
    Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Şərur, Babək və Culfa şəhərlərində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

    Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
    2022-ci ilin doqquz ayında muxtar respublikada sahibkarlara 36 milyon 913 min 400 manat kredit verilmişdir. Verilmiş kreditin 12 milyon 284 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 24 milyon 628 min 900 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 11 hüquqi və  2254 fiziki şəxs qeydiyyata alınmışdır.
    Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
    Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar  Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
    2022-ci ilin yanvar-avqust aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği 595,6 manat təşkil etmişdir ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 9,4 faiz çoxdur.
    Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 318 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində Aşpaz peşəsi üzrə 12, Bərbər peşəsi üzrə 40,  Bərbər-manikürçü peşəsi üzrə 30, Dərzi peşəsi üzrə 35, Xalçaçı peşəsi üzrə 11, Elektrik montyoru peşəsi üzrə 12, Traktorçu-maşinist peşəsi üzrə 20, Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyorupeşəsi üzrə 51, Qazanxana maşinisti peşəsi üzrə 20, Gözətçi ixtisası üzrə 13, Qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru peşəsi üzrə 30, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Qazanxana maşinisti peşəsi üzrə isə 12 məhkum olmaqla, ümumilikdə, 286 nəfər ixtisasartırma kurslarına cəlb olunmuşdur. Cari ilin doqquz ayı ərzində 206 nəfər müdavim kursları bitirmişdir. Hazırda  Dərzi peşəsi üzrə 15, Bərbər-manikürçü peşəsi üzrə 14, Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru peşəsi üzrə 14, Qazanxana maşinisti peşəsi üzrə 17 və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Qazanxana maşinisti peşəsi üzrə isə 12 məhkum olmaqla,  ümumilikdə, 72 nəfər müdavim kursları davam etdirir.
    Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 3049 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

    İstehlak bazarı

    Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
    2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 521 milyon 740 min 400 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 96,7 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.
    Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində “Naxçıvan Saray” kompleksinin, Culfa rayonunun Ləkətağ, Ordubad rayonunun Anaqut kənd­lərində istirahət mərkəzlərinin, Dizə kəndində ticarət mərkəzinin,  Üstüpü kəndində kənd turizm evinin tikintisi başa çatdırılmış, Babək rayonunun Aşağı Buzqov, Culfa rayonunun Bənəniyar kəndlərində və Culfa şəhərində xidmət sahələrinin tikintisi davam etdirilir.
    Şərur rayonunun Vərməziyar, Həmzəli, Babək rayonunun Vayxır, Ordubad rayonunun Kələki, Azadkənd, Xanağa, Unus və Pəzməri kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilir.

Bank işi və sığorta fəaliyyəti

    Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır.
    1 oktyabr 2022-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 220 min 631-ə çatmışdır ki, bunun da 212 min 922-si və ya 96,5 faizi aktiv hesablardır. Cari ilin yanvar-sentyabr aylarında açılmış 40 min 940 bank hesabının  40 min 926-sı aktiv hesablar olmuşdur.
    1 oktyabr 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1689 olmuşdur. 
    2022-ci ilin doqquz ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 213 milyon 22 min 100 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 29,2 faiz çoxdur. Verilmiş kreditlərin 17 milyon  554 min 800 manatı və yaxud 8,2 faizi qısamüddətli, 195 milyon 467 min  300 manatı və yaxud 91,8 faizi uzunmüddətli kreditlər olmuşdur.
    Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aktivlərinin həcminə görə ölkənin ilk 5 bankından biri olan “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhərində yeni filialı fəaliyyətə başlamış, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilir.
    Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 4 milyon 578 min 100 manat olmuşdur ki, bunun da 1 milyon 14 min 100 manatını könüllü, 3 milyon 564 min manatını isə icbari sığorta təşkil etmişdir. 

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

    Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması, rektorluq binasının yenidən qurulması davam etdirilir. 
    Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq ölkə­mizdə ilk dəfə Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzi fəaliyyətə başlayıb. Bundan əlavə, təhsil ocağında yeni laboratoriya, kitabxana və kabinələr istifadəyə verilib.
    Cari ilin 18-21 iyun tarixlərində Naxçıvanda Birinci Beynəlxalq Tibbi Forum  keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 10 iyun tarixli müvafiq Sərəncamına uyğun olaraq keçirilən tədbir dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasına yeni imkanlar yaradıb.
    Naxçıvan şəhərində 342 şagird yerlik Kimya-Biologiya Təmayüllü Lisey kompleksinin və Babək rayonunun Sirab kəndində 960 şagird yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılmış, Ordubad rayonunun Azadkənd, Pəzməri kəndlərində məktəb binalarının və Babək rayonunun Nehrəm qəsəbəsində 3 nömrəli məktəb binasının tikintisi, Şərur rayonunun Alışar, Vərməziyar, Həmzəli, Babək rayonunun Vayxır, Ordubad rayonunun Xanağa, Unus və Kələki kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilir. 
    Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılmış, Naxçıvan şəhərində mərkəz üçün binanın tikintisi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli müvafiq Sərəncamına uyğun olaraq cari ilin ötən dövründə Naxçıvan şəhərində “STEAM təhsil festivalı” keçirilib.
    Naxçıvan şəhərində 210 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmış, Babək və Şahbuz şəhərlərində məktəbdənkənar təhsil müəssisələri üçün binaların tikintisi davam etdirilir.
    Cari ilin ötən dövründə təhsil televiziyası və radiosunun yeni internet saytı və studiyası istifadəyə verilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 18 iyul tarixli Sərəncamı ilə 2022-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
    Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülmüşdür. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1573-ü, yaxud 56 faizi 200 baldan yuxarı nəticə göstərmişdir. Muxtar respublika üzrə 254 məzun 500-dən yuxarı bal toplamışdır.
    Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində Diaqnostika Müalicə Mərkəzi üçün MRT və Babək rayonunun Vayxır kəndində həkim ambulatoriyası binalarının tikintisi, Şərur rayonunun Axura kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilir. 
    Naxçıvan Muxtar Respublika Xəstəxanasında hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün stomatoloji kabinə fəaliyyətə başlayıb. 
    Səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə  “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur. 
    Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının tikintisi davam etdirilir.
    Sosial layihələr çərçivəsində 2022-ci ilin yanvar-sentyabr aylarında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 1113 cərrahi əməliyyat aparılmışdır.
    Hesabat dövrünün sonuna muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 381 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 5 şəhid ailəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 12 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfər yeni mənzillərlə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 20 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfər minik avtomobilləri ilə təmin olunub.
    Muxtar respublikada sosial qayğıya ehtiyacı olan 143 ailənin hər birinə 2 baş iribuynuzlu, 68 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 24 ailənin hər birinə miniyerşumlayan aqreqat, 13 ailənin hər birinə 10 arı ailəsi və arıçı ləvazimatları, 13 ailənin hər birinə  otbiçən aqreqat, 4 ailənin hər birinə inkubator və quş tükü təmizləyən aparat, 2 ailənin hər birinə qaynaqçı avadanlıqları və ləvazimatları, 5 ailənin hər birinə su motoru, 2 ailəyə dərzi avadanlıqları və ləvazimatları, 2 ailəyə bərbər avadanlıqları və ləvazimatları, 1 ailəyə dülgər avadanlıqları, 1 ailəyə bərbər-manikürçü avadanlıqları və ləvazimatları, 1 ailəyə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 ailəyə turşu, mürəbbə və şirələrin hazırlanması üçün ləvazimatlar, 1 ailəyə dekorativ əl işlərinin hazırlanması üçün ləvazimatlar,  1 ailəyə spirtli içkilərin istehsalı avadanlıqları, 1 ailəyə  südsağan aqreqat və su motoru, 1 ailəyə  təmir-tikinti alət və ləvazimatları verilmişdir. Ümumilikdə, cari ilin yanvar-sentyabr aylarında 284 ailənin özünüməşğulluğu təmin edilmişdir. Hesabat dövrü ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirmiş 7 nəfərə həvəsləndirici tədbir olaraq arpa-buğda qıran aqreqat, 2 nəfərə isə otdoğrayan aqreqat verilmişdir.
    Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan memorandum çərçivəsində 9 ailənin hər birinə  dərzi avadanlıqları və ləvazimatları, 5 ailənin hər birinə  heyvandarlıq sahəsi üzrə canlı aktivlər və yem ehtiyatı, 3 ailənin hər birinə  kiçik dülgər sexi avadanlıqları, 3 ailənin hər birinə kiçik dəmirçi sexi üçün avadanlıqlar və ləvazimatlar, 2 ailənin hər birinə  avtomobil şinlərinin bərpası və təmiri xidmətlərinin göstərilməsi üçün avadanlıqlar, 1 ailəyə avtoçilingər xidmətlərinin göstərilməsi üçün avadanlıqlar, 1 ailəyə telefon təmiri avadanlıqları,1 ailəyə kiçik foto-atelye avadanlıqları, 1 ailəyə bərbər-manikürçü avadanlıqları, 2 ailəyə miniyerşumlayan aqreqat və qoşqu, 1 ailəyə plastik qapı və pəncərə istehsalı üçün avadanlıq, 1 ailəyə zərgər avadanlıqları, 1 ailəyə inkubator, 1 ailəyə motosiklet və tam üz dəbilqə, 1 ailəyə istixana ləvazimatları, 1 ailəyə isə musiqi alətləri verilməklə, ümumilikdə, 34 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin olunub. 
    Həmçinin sosial tərəfdaş qismində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən sosial qayğıya ehtiyacı olan 9 ailənin hər birinə 2 baş iribuynuzlu, 9 ailənin hər birinə  20 baş xırdabuynuzlu, 2 ailənin hər birinə isə 10 yeşik arı ailəsi verilməklə, ümumilikdə, 20 ailənin özünüməşğulluğu təmin olunub.
   Hesabat dövrünün sonuna 307 tənha ahıl və əlil vətəndaşlara evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 248 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 254 nəfərin müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslər 1066 texniki və köməkçi reabilitasiya vasitələrilə təmin olunmuş,  227 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.
    Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsi, bu sahədə təlim-tədris proseslərinin daha da müasirləşdirilməsi və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
    Cari ilin ötən dövründə muxtar respublikanın bütün rayonlarında keçirilmiş bayram yarmarkaları, “Kətə” və “Göycə” festivallarında 64 sağlamlıq imkanları məhdud şəxsin 2066 ədəd əl işi nümayiş etdirilmiş, 50 istedadlı şəxsin 598 ədəd əl işi satılmışdır.
    Bu dövrdə idmanın inkişafı da diqqətdə saxlanılmış, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yaradılmasının 55-ci ildönümü münasibətilə “Bir uşaq-bir top” festivalı keçirilib.  Bundan əlavə, Naxçıvanda ilk badminton klubu Naxçıvan Dövlət Universitetində yaradılmış, təhsil ocağında stadionun və Şərur Şəhər Stadionunun yenidən qurulması davam etdirilmişdir.
    Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin ödənilməsinə 149 milyon 112 min 930 manatdan artıq vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,9 faiz çoxdur.
    Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə artaraq 1 sentyabr 2022-ci il tarixə 464 min 602 nəfər  olmuşdur. 
    Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
    Bu istiqamətdə cari ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində Uşaq Kitabxanasının və “Zəfər” Parkının, Kəngərli rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilmişdir.
    Şərur Rayon Mədəniyyət Sarayının tikintisi başa çatdırılmış, Mərkəzi Kitabxana və Uşaq Kitabxanası binasının yenidən qurulması davam etdirilir.
    Naxçıvan teatrına “milli” statusu verilmiş, Miniatür Kitab Muzeyi və Naxçıvan Dövlət Rəsm Qalereyası yenidən qurulmuşdur.
    Naxçıvan şəhərində məscidin tikintisi, Ordubad Cümə məscidinin yenidən qurulması davam etdirilir.
    Culfa rayonunda Bayraq Meydanının yenidən qurulması, Ordubad rayonunda Azadkənddə tarixi körpünün bərpası davam etdirilir.
    Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının dini icmalarına cənazə avtomobilləri, icma rəhbərlərinə və din xadimlərinə  yay geyimləri verilib.
    Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, 2022-ci ilin yanvar-sentyabr aylarında Culfa rayonunda Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 19 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin və “DOST” Mərkəzinin tikintisi davam etdirilir. 

Hüquq-mühafizə orqanları ilə iş

    Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsinin inzibati binalarının yenidən qurulması başa çatdırılmış, Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin və Naxçıvan şəhərində dəmir yolu nəqliyyatında polis şöbəsinin inzibati binasının tikintisi, Culfa Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin yenidən qurulması davam etdirilir. Bundan əlavə, cari ilin ötən dövründə polis sahə inspektorlarına xidməti planşetlər verilib.
    Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə əldə olunmuş uğurlar,  səmərəli məşğulluğunun təmin edilməsi üzrə görülən mühüm işlər muxtar respublikanın davamlı inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yeni imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Statistika Komitəsi

Nəşr edilib : 21.10.2022 21:10