AZ EN RU

2 Fevral - Gənclər Günü qeyd olunub

    Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 2 fevral  – Gənclər Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Sonra gənclər siyasətinə həsr olunan film nümayiş olunub.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin müavini Təhminə Mustafayeva çıxış edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də ilk dəfə müstəqil dövlətin gənclər forumu keçirildi və həmin gün Azərbaycan tarixinə Gənclər Günü kimi yazıldı. 
    Diqqətə çatdırılıb ki, bu gün Vətəninə, adət-ənənələrinə, öz kökünə sadiq və dövlətinə xidmət edən, müqəddəs bayrağımızı ən uca zirvələrdə, Şuşada dalğalandıran Azərbaycan gəncləri bu siyasətdən həmişə bəhrələnib. Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gənclərinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətənimizin tərəqqisi naminə həyata keçirdiyi möhtəşəm işlərdə yaxından iştirakı xalqımızda xoşbəxt gələcəyə tükənməz inam və əminlik yaradır.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək deyib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir. Ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə genişmiqyaslıdır. 
    Qeyd olunub ki, muxtar respublikamızda da gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Diyarımızda gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə, onların istedad və intellektlərinin inkişafına yönəlmiş addımlar atılır. Naxçıvan gəncliyinin uğurları, nailiyyətlər ölkə Prezidentinin qayğısı ilə ən yüksək səviyyədə qiymətləndirilir, onlara fəxri adlar, mükafatlar verilir.
    Çıxış edənlərdən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirib ki, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolu danılmazdır. Gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri dövlətin dəstəyi ilə dünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Ölkəmizdəki yüzlərlə gənc aktiv təşkilatı fəaliyyətləri ilə seçilirlər. Dövlətin gənclərə dəstək və diqqəti Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissini artırır. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar innovativ düşüncəyə, yüksək intellektə malik gənclərin yetişməsini zərurətə çevirib. Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal təmsil olunur, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə layiqli töhfələr verir, göstərilən etimadı öz uğurları ilə cavablandırır.  
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov çıxışında vurğulayıb ki, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı nəticəsində bu gün onlar muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir, dövlət idarəçiliyi elm, təhsil, iqtisadiyyat, mədəniyyət, və digər sahələrdə irəli çəkilir, xidmətləri qiymətləndirilir. Bütün bunlar isə elmli, savadlı, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə hesablanmış addımlardır.
    Çıxışlardan sonra tədbirin bədii hissəsinə start verilib. Gənc musiqiçilərin ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirilib.  Çıxışlar qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
    Sonra muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən, eyni zamanda  Vətən müharibəsində iştirak edən gənclərə diplom və təşəkkürnamələr təqdim edilib. Sonda xatirə şəkli çəkilib.

Gülcamal TAHİROVA

Nəşr edilib : 01.02.2023 16:49