AZ EN RU

2 avqust – Azərbaycan Kinosu Günü qeyd olunub

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində               2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Fransada ­keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin nümayiş etdirilməsi ilə Azərbaycanda milli kinonun əsası qoyulmuşdur. 
    Vurğulanıb ki, bu gün Azərbaycan kinosunun yaradılmasının 124 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı – “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur. 124 illik çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini, insan və onun cəmiyyətdəki mövqeyini ekranlara gətirməklə bərabər, həm də dəyərlərini qorumuş və yaşatmışdır.
    İncəsənətimizin hamisi olan ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində milli kinonun inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Bu illərdə milli kino sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, kino sahəsində çalışan sənətkarlar diqqət və qayğı ilə əhatə edilmişdir.
    Bildirilib ki, ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il iyulun 3-də “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bununla da dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 22 dekabr tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Film Fondu yaradılmış və filmlərin qorunması təmin edilmişdir.
     Diqqətə çatdırılıb ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Muxtar diyarımızda da kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılmış, Şərur və Şahbuz şəhərlərində “Bahar”, “Araz” kinoteatrları, rayon mərkəzlərindəki mədəniyyət sarayları yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi bu sahəyə göstərilən qayğının daha bir ­nümunəsidir.
    Tədbirdə Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı yaradılmış, 2000-ci ilin yanvar ayından fəaliyyətə başlamışdır. Fond 2006-cı ildən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində müstəqil qurum kimi fəaliyyət göstərir. Müəssisədə bədii, elmi-kütləvi, sənədli və animasiya filmləri olmaqla, təxminən, 5000 adda film mühafizə edilir. 
    Qeyd edilib ki, ilk dəfə məhz bu gün geniş tamaşaçı auditoriyasına təqdim olunacaq Zeynəb Kazımovanın “Axırıncı namaz” qısametrajlı bədii filmi 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. Adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyən filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə elektron formatda bərpa olunub.
    Çıxışda nümayiş olunacaq digər sənət əsəri – 2019-cu ildə Bakı Media Mərkəzində rejissor Zaur Qasımlı tərəfindən ekranlaşdırılan, məşhur Nobel qardaşlarının XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafında göstərdikləri fəaliyyətdən bəhs edən “Miras” filmi haqqında da məlumat verilib. 
    Sonda Zeynəb Kazımovanın “Axırıncı namaz” bədii filminin təqdimatı olub, Zaur Qasımlının “Miras” bədii-sənədli filmi nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.08.2022 19:53