Keşməkeşli tarixi mübarizə yolu keçən, dövlətçilik tariximizdə müstəsna yerə malik olan Naxçıvan Muxtar Respublikası bu gün dahi şəxsiyyət Heydər Əliyev ideyalarının işığında sabaha inam və qətiyyətlə irəliləyir. Uzun illər mənfur düşmən tərəfindən Azərbaycanın əsas ərazisindən təcrid olunub blokadaya salınsa da, bu diyar tarixən ölkədəki siyasi-ictimai proseslərin mərkəzində olmuş, öz siyasi elitası, vətənpərvər və zəhmətsevər sakinləri ilə ölkəmizin tərəqqisinə töhfəsini əsirgəməmişdir. Bu qədim diyar ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi, Prezident cənab İlham Əliyevin yürütdüyü inkişaf, tərəqqi, milli bütövlük və yenilməzlik siyasətini əldə rəhbər tutaraq ölkənin qorunmasında, qüdrətlənməsində, beynəlxalq müstəvidə siyasi-hərbi, iqtisadi uğurlar əldə etməsində uğurla, fəal iştirak edir. Bunu ötən ayın ictimai-siyasi mənzərəsi də bir daha sübut edir.
Vətən uğrunda şəhadətə yüksəlmək, fədakar əməyi ilə
Vətənə başucalığı gətirmək vətənpərvərlik örnəyidir
Qırx dörd günlük Vətən müharibəsindəki Tarixi Zəfər ölkəmizin hərbi-siyasi, iqtisadi qüdrətini, xalq-dövlət-ordu birliyini təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dövlət müstəqilliyi, Vətənin müdafiəsi uğrunda ən böyük fədakarlıq nümunəsinin – Vətən uğrunda canından belə keçmənin nəsillərdən-nəsillərə ötürülən ən dəyərli milli miras kimi qorunub yaşadıldığını da sübut etdi. Bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin – vətənpərvər gəncliyin yetişdirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi idi. Tarixi Zəfərlə xalqımız işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməklə yanaşı, həm də illərdən bəri arzusunda olduğu şəhidlərimizin qisasını almaq fürsətini dəyərləndirdi. Şəhidlərimizin qanını yerdə qoymadıq, tarixi ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi tarixdə əbədi yaşamaq haqqı qazandıq. Bütün bunlar üçün isə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizə borcluyuq. Bu borcun bir müqəddəs məramı da odur ki nə qədər ki mənfur düşmən öz işğalçı, qisasçı niyyətindən əl çəkməyib, nə qədər ki tarixi reallıqla barışmayıb, şəhidlərimizin şərəfli döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik nümunəsi gənc nəsil tərəfindən davam etdiriləcək. Avqustun 5-də Kəlbəcər rayonunda yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində hərbi qulluqçumuz, leytenant Babək Əliyev şəhidlik zirvəsinə yüksəlmişdir. Avqustun 6-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər. Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilmişdir. Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildirmişlər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılmış, sonra “Qurani-Kərim”dən ayələr oxunmuş, şəhid cənazəsinin önündən keçilmişdir. Şəhidin cənazəsi doğulduğu Culfa rayonunun Ləkətağ kəndinə yola salınmış, Ali Məclisin Sədri şəhidin atası Əsgər Əliyev ilə görüşərək başsağlığı vermişdir.
Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Vətən qarşısında xidməti olanlara hərtərəfli qayğı göstərilir, şəhid ailələri və qazilər, eləcə də 20 ildən artıq qüsursuz xidmət edən hərbi qulluqçular mənzillə, qazilərimiz həm də avtomobillə təmin olunurlar.
Avqustun 6-da şəhid ailəsinə və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış etmiş, qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmiş, şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzillərdə rahat həyat arzulamış, qazilərimizi avtomobillə təmin olunmaları, təltif olunanları dövlətimizin ali mükafatlarına, gəncləri isə xüsusi aylıq təqaüdə layiq görülmələri münasibətilə təbrik etmişdir. Ali Məclisin Sədri şəhid ailəsi və qazilərə mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmişdir.
Hər bir ölkənin siyasi, iqtisadi və hərbi qüdrəti onun məqsədyönlü dövlət siyasətinin uğuru, dövlət-xalq birliyinin və insanların vətənpərvərliyinin təcəssümüdür. Ulu öndərin müəllifi olduğu və ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən siyasi xətt müstəqilliyimizi daha da möhkəmləndirmiş, inkişaf davamlı xarakter almış, torpaqlarımız işğaldan azad olunmuşdur. Qazandığımız nailiyyətlərdən biri də bu illər ərzində muxtar respublikamızda ölkəmizin ümumi inkişafına töhfə verənlərin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi, onların dövlət təltiflərinə, istedadı və qabiliyyəti ilə seçilən gənclərimizin isə xüsusi aylıq təqaüdə layiq görülməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Fərmana uyğun olaraq 20 ildən artıq qüsursuz xidmət edən ehtiyatda olan polkovnik-leytenant Fariz Həsənova yeni mənzilin orderi təqdim edilmişdir. Sonra Azərbaycan Respublikasının orden, medal və fəxri adları təqdim olunmuşdur. Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq etmiş, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda səylə çalışacaqlarına söz vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanına uyğun olaraq “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının Qızıl kitabı”nın yaradılması və onlara xüsusi təqaüdlərin təsis edilməsi uşaqlara göstərilən qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 18 iyul tarixli Sərəncamı ilə kikboksinq idmanı üzrə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Röya Abdullayevanın və STEAM təhsili üzrə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Kamal Qafarovun adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər. Ali Məclisin Sədri təqaüd kartlarını gənc istedadlara təqdim etmişdir.
Vətənpərvərlik həm də Vətəni sevərək
gözəlləşdirmək deməkdir
Şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkili, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə ərazinin təbii-iqtisadi şəraiti, həmçinin mühəndis, nəqliyyat və sosial infrastrukturu nəzərə alınmaqla muxtar respublikamızda da əlverişli hesab edilən, dövlət mülkiyyətində olan torpaq sahələri hesabına bağ ərazilərinin təşkili həyata keçirilir. Uzunoba gölü ətrafında yerləşən 20 hektar istifadəsiz torpaq sahəsi 2019-cu ildən bağ təsərrüfatı yaradılması üçün vətəndaşların istifadəsinə ayrılmış, ərazidə yeni Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınmışdır. Buraya nəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılmışdır. Yeni yaşayış-istirahət məntəqəsinin üstünlüyü ondan ibarətdir ki, həm Naxçıvan şəhərinə yaxındır, həm də Uzunoba Su Anbarının ətrafında yerləşir. Ərazinin havası təmiz, torpağı istifadəyə yararlıdır. Avqustun 11-də Bağ Evləri yaşayış-istirahət məntəqəsinin təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək bağ evlərinin də inkişafın göstəricisi kimi yaradılmış istirahət zonası olduğunu demiş, muxtar respublikanın digər yerlərində də modul ev tikdirmək istəyənlərin sifarişlərinin yerinə yetirilməsi ilə bağlı tapşırıq vermiş, modul evlərin layihələrinin muxtar respublikada turizmin daha keyfiyyətli inkişafına təsir göstərəcəyini vurğulamışdır. Ali Məclisin Sədri bu işlərin görülməsində əməyi olanlara təşəkkürünü bildirmiş, mənzil sahiblərinin hər birinə xoş istirahət və rahat həyat arzulamışdır. Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olmuş, ərazinin layihələndirilməsi və yeni bağ evlərinin tikilməsi, boş ərazilərdə yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.
Sərhədçilərimizə göstərilən hərtərəfli qayğı
Vətən sərhədlərinin etibarlı müdafiəsi üçün böyük stimuldur
Azərbaycanda sərhəd qoşunlarının yaradılmasına ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvanda başlanılmışdır. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində üçrəngli bayrağımız qaldırılmış və bununla da ilk milli sərhəd dəstəsinin təməli qoyulmuşdur. Müstəqillik illərində muxtar respublikada həyata keçirilən ordu quruculuğu tədbirləri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Diviziyada xidməti-döyüş fəaliyyəti ilə yanaşı, geniş quruculuq işləri də aparılmış, mərkəzi qərargah, 15 sərhəd zastavası və 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilmişdir. Yaradılan şəraitə uyğun olaraq diviziyada xidmət də hərbi nizamnamənin tələblərinə uyğun qurulmuş, şəxsi heyətin peşəkarlığı artırılmışdır. Bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasındakı 234 kilometrlik dövlət sərhədi etibarlı mühafizə olunur. Ölkəmizin hər bir yerində olduğu kimi, muxtar respublikamızda da zabit ailələrinə həm xidməti dövründə, həm də xidmətdən sonrakı illərdə diqqət göstərilir, onlar dövlətin qayğısı ilə əhatə olunurlar. 20 il qüsursuz xidmət edənlərə mənzillər verilir, bir sözlə, zabit ailələri, bu gün orduda xidmət edən hər kəs dövlətin qayğısını hiss edir. Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə edilən dinamik inkişaf, o cümlədən ordu quruculuğuna olan xüsusi diqqət və qayğı “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir. 5-ci Sərhəd Zastavası üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Qeyd edək ki, 5-ci Sərhəd Zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi 9 kilometrdir. Yeni xidmət və yaşayış kompleksinin inşasına 2021-ci ilin sentyabr ayında başlanılmışdır. İkimərtəbəli qərargah binasında əsgərlər üçün 40, subay zabitlər üçün 8 yerlik yataqxana, sinif, silah, rabitə və 3 iş otağı, 28 yerlik yeməkxana, ərzaq və tərəvəz anbarları, qurutma otağı və sığınacaq yerləşir. Ərazidə yardımçı bina da tikilmişdir. Yeni xidməti-yaşayış kompleksində həm şəxsi heyət üçün xidməti şərait, həm də zabit, gizir ailələri üçün lazımi yaşayış şəraiti yaradılması sərhədçilərimizə, onların ailələrinə göstərilən dövlət qayğısının bariz nümunəsi, xidmətin yaxşı təşkil olunmasına hesablanmış dövlət siyasətinin davamıdır. Buradakı mənzillər lazımi mebel, məişət avadanlıqları ilə də təmin olunmuşdur. Bütün bunlar Azərbaycan dövlətinin öz ordusuna olan diqqətidir.
Avqustun 22-də – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümündə yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermiş, sonra yeni xidməti-yaşayış kompleksi ilə tanışlıq olmuşdur. Ali Məclisin Sədri yaradılan şəraitin qarşılığında xidmətin lazımi səviyyədə aparılması, dövlət sərhədlərinin möhkəmliyinin təmin olunması ilə bağlı tapşırıqlar vermişdir.
Muxtar respublikamızın rəhbəri sərhədçi uşaqlarına hədiyyələr təqdim etmiş, mənzillərdə yaradılan şəraitlə tanış olmuşdur. Mənzillə təmin olunan ailələrə meyvə, tərəvəz və ərzaq payları verilmişdir. Sonra şəxsi heyətlə görüş olmuşdur. Ali Məclisin Sədri sərhədçiləri salamlamış, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümü və 5-ci Sərhəd Zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətini və sərhədçi ailələrini təbrik etmiş, sərhədlərimizi etibarlı mühafizə etdiklərinə görə şəxsi heyətə təşəkkürünü bildirmişdir.
Muxtar respublika rəhbəri sərhəd qoşunlarının şəxsi heyətinin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin etmək üçün nə qədər böyük məsuliyyət daşıdıqlarını xatırlatmış, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bundan sonra da sərhəd rejim qaydalarını və əməliyyat şəraitini daim nəzarətdə saxlamasının, sərhədçi adının şərəfinin uca tutulmasının zəruriliyini vurğulamış, demişdir: “Sərhədləri etibarlı mühafizə olunan ölkədə sabitlik, təhlükəsizlik və inkişaf da davamlı olur. Ona görə də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti yaradılan şəraitdən, müasir texnika və avadanlıqlardan səmərəli istifadə edərək qaçaqmalçılığa və digər qanun pozucularına qarşı qətiyyətlə mübarizə aparmalı, xidməti-döyüş fəaliyyətini daha da gücləndirməlidir”. Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında və gələcək xidmətdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə uğurlar arzulamışdır.
Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını səsləndirmişdir.
Təhsilə dövlət qayğısı Vətənin işıqlı
gələcəyinə etibarlı zəmanətdir
Bu gün ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında bu sahənin hərtərəfli yüksəlişi, tərəqqisi, maddi-texniki cəhətdən möhkəmlənməsi, dünya standartlarına uyğun təhsil ocaqlarının qurulması təmin edilir.
Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur rayonunun Alışar kənd məktəbində aparılan tikinti işlərinə baxmışdır. Bildirilmişdir ki, 2 mərtəbədən ibarət olacaq 342 şagird yerlik məktəb binasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılır. Burada 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar nəzərdə tutulmuşdur. Yenidənqurma işləri zamanı binaya iki korpus əlavə edilmişdir. Binanın həyətində bufet, qazanxana tikilir, idman qurğuları quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcəkdir.
Ali Məclisin Sədri tikinti işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən biri də təhsilin inkişafını müstəqil Azərbaycanın gələcəyinə hədəflənmiş dövlət siyasətinin prioriteti kimi daim diqqətdə saxlaması olmuşdur. Bu gün ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev təhsil quruculuğunu və insan kapitalının formalaşdırılmasını başlıca hədəf kimi müəyyənləşdirmişdir. Naxçıvan Muxtar Respublikasında da təhsil inkişafın əsas istiqamətidir. Aparılan quruculuq işlərində məktəb tikintisi xüsusi yer tutur. Müstəqillik illərində muxtar respublikada 200-dən artıq məktəb binası tikilmiş və ya yenidən qurulmuş, peşə və orta ixtisas məktəbləri, universitet şəhərcikləri istifadəyə verilmiş, bütün təhsil pillələri üzrə maddi-texniki baza möhkəmləndirilmişdir. Yaradılan şərait tədrisin səviyyəsinin artmasına, yeni təlim metodlarının tətbiqinə geniş imkanlar açmışdır. Muxtar respublikanın təhsil müəssisələrində internetə çıxışı olan 700-dən artıq elektron lövhə, 7 mindən çox kompüter quraşdırılmış, 106 STEAM kabinəsi, zəngin fonda malik kitabxanalar və laboratoriyalar istifadəyə verilmişdir. İnnovativ təlim metodlarının, xüsusilə də STEAM təhsilin tətbiqi və tədrisin təcrübə sahələrinə yaxınlaşdırılması ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Ümumilikdə, 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirmiş, onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir. Məzunların buraxılış imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artmışdır. Belə ki, muxtar respublika üzrə 254 məzun 500-dən yuxarı bal toplamışdır. Bu gün hər bir naxçıvanlı gənc üçün gələcəkdə xalqına, Vətəninə layiqincə xidmət etmək üçün ali təhsilə yiyələnməklə yanaşı, buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək Ali Məclisin Sədri ilə ənənə halını almış görüşdə iştirak etmək də ülvi arzuya çevrilmişdir. Çünki gənclərin həyatında heç vaxt unudulmayacaq bu görüşdə iştirak etmək, muxtar respublika rəhbərinin dəyərli tövsiyələrini dinləmək onların gələcək təhsil illərində, ixtisaslı kadr kimi yetişmələrində və fəaliyyətlərində böyük stimul olur. Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik etmiş, demişdir: “Bu gün hər birinizin həyatında çətin və bir o qədər də məsuliyyətli dövr başlayır. Unutmayın ki, elm, bilik sahibi olmaq işin bir tərəfidir. Əsas məsələ qazanılan bilikləri səmərəli tətbiq etmək, əmək sərf edərək əsl mütəxəssis kimi yetişmək, ölkəmizin ümumi inkişafına töhfə verməkdir”. Muxtar respublikanın rəhbəri tövsiyə etmişdir ki, hər bir gənc seçdiyi ixtisas üzrə biliklərə dərindən yiyələnməli, peşə sahibinə çevrilməlidir. Tələbə-gəncliyin əsas vəzifəsi yalnız təhsil almaq deyil, bununla yanaşı, həm də hərtərəfli şəxsiyyət kimi formalaşmaqdır. Çünki əsl gənclik peşələrə sahib olmaqla potensialını ölkəsinin inkişafına sərf edəndir. Ali Məclisin Sədri demişdir: “Gələcəkdə hansı ixtisas üzrə təhsil almağınızdan və hansı peşə sahəsində fəaliyyət göstərməyinizdən asılı olmayaraq, hər biriniz tariximizə, dilimizə, dövlətçiliyimizə, adət-ənənələrimizə, milli dəyərlərimizə sahib çıxmalısınız”. Tələbə və valideynlər dövlətimizə təhsilin inkişafına göstərilən qayğıya görə minnətdarlıq etmiş, sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və mükafat təqdim olunmuşdur.
Avqust ayının ictimai-siyasi mənzərəsinə nəzər saldıqda aydın görünür ki, muxtar respublikamızda Naxçıvanın hərtərəfli inkişafına, qorunub yaşadılmasına, gələcəyin qurucuları olacaq yüksək intellektli, vətənpərvər, dövlətçiliyə sədaqət ruhlu nəslin yetişməsinə hədəflənmiş məqsədyönlü siyasət həyata keçirilir. Diyarımızın günbəgün çiçəklənməsi və rifahına, parlaq istedad və biliyə malik vətənpərvər övladların yetişdirilməsinə, iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsinə, diyarımızın qədim tarixinin, turizm potensialının təbliğinə hesablanmış bu uğurlu siyasətin əsasında isə dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin müdrik ideyaları dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu ödərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən ümummilli liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır”.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti