Sentyabr ayı 3 sentyabr 1991-ci ildə həm deputatların, həm də minlərlə muxtar respublika sakininin tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, müstəqilliyimizin sarsılmaz bünövrəsinin məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulması ilə səciyyələnir. Ulu öndər muxtar respublikanın ozamankı ağır vəziyyətində böyük fədakarlıq göstərərək doğma diyarı iqtisadi fəlakətlərdən, işğaldan qorumuş, müstəqilliyimizin etibarlı təməli qəbul edilən mühüm siyasi tarixi qərarlar vasitəsilə Naxçıvanda qoyulmuşdur. Həmin dövrdə Naxçıvanda milli dövlətçiliyimizin bərpası yönündə atılan qətiyyətli addımlar, bütövlükdə, müstəqil Azərbaycanın gələcək dövlətçilik konsepsiyasının əsasını təşkil etmişdir. Müstəqillik illərində bu siyasət ölkəmizdə, onun Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilmişdir. Bunu ötən ayın hadisələrinin ictimai-siyasi təhlili də aydın sübut edir.
Ciddi hazırlıq işləri, verilən zəruri tapşırıqlar və onların uğurlu icrası istənilən iqlimdə və
mövsümdə gündəlik həyat ritmini, fəaliyyəti təmin edir
Qlobal siyasi-iqtisadi proseslər, inkişaf etmiş dünya ölkələrinin pandemiya, iqtisadi böhran, təbii fəlakətlər, fövqəladə hallar zamanı yaranan sosial-iqtisadi problemlərin öhdəsindən hansı səviyyədə gələ bilməsi ilə bağlı təcrübə göstərir ki, iqtisadi tənəzzülə yol verməmək, sosial-iqtisadi dinamikanı qoruyub saxlamaq, yeni iqtisadi göstəricilərə nail olmaq üçün düzgün idarəetmə prinsipi, məqsədyönlü siyasət, yüksək məsuliyyət hissi vacib amildir. Azərbaycanda aparılan çoxşaxəli və düşünülmüş iqtisadi strategiyanın davamı olaraq Naxçıvan Muxtar Respublikasında da istər sosial-iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istərsə də aparılan genişmiqyaslı quruculuq işləri əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində uğurlar qazanılması ilə nəticələnib. Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması, müasir təhsil, səhiyyə, mədəniyyət və nəqliyyat infrastrukturunun yaradılması, yolların abadlaşdırılması, içməli su təminatı nəticəsində müstəqilliyin ilk illərində üzləşdiyimiz, xüsusilə də payız-qış mövsümündə dözülməz olan problemlər tamamilə aradan qaldırılmışdır. İndi artıq kəskin kontinental iqlimə malik Naxçıvanda əhali payız-qış aylarının gətirəcəyi problemlərlə üzləşməkdən ehtiyat etmir, əksinə, xüsusilə də payız fəslində yerli istehsal nəticəsində yaradılan ərzaq bolluğundan faydalanır, qışda isə qış turizminin inkişaf etdirilməsi sayəsində bütün fəsillərin ecazkar təbii gözəlliklərindən zövq ala, mənəvi və mədəni istirahət edə bilir. Bu uğurların arxasında hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi, aid qurumlar tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi dayanır. Ənənəvi olaraq payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirələrdə görüləcək işlərin müəyyənləşdirilməsi, muxtar respublika rəhbərinin verdiyi konkret tapşırıqlar və icrası yarana biləcək problemlərin vaxtında qarşısının alınmasına xidmət edir.
Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirədə növbəti payız-qış mövsümündə də əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, qaz təchizatı, dayanıqlı ərzaq təminatı ilə bağlı müxtəlif tapşırıqlar vermişdir. Qeyd edək ki, müşavirədə verilən tapşırıqlar yerlərdə müzakirə edilmiş, qarşıya qoyulan vəzifələrin icrasına nəzarət gücləndirilmişdir.
Naxçıvanın ilkin Daş dövründən başlanan tarixinin
öyrənilməsi, ümumilikdə, Qafqazşünaslıq baxımından mühüm əhəmiyyət kəsb edir
Qədimliyi ilə tarixə meydan oxuyan, insanlığın beşiyi sayılan Naxçıvan Azərbaycan xalqının tarixini, mədəniyyətini, milli dəyərlərini yaşadan tarixi abidələrlə zəngin bir diyardır. Dövlət müstəqilliyimizin bəhrələrindən biri və ən önəmlisi uzun illər sovetləşmə siyasəti ilə məcburən uzaqlaşdırıldığımız milli söykökümüzə, qədim tariximizə, milli-mədəni irsimizə sahib çıxmağımızdır. Müstəqillik illərində Azərbaycanın qədim və dilbər guşəsi Naxçıvanın tarixi hərtərəfli tədqiq olunub, minlərlə tədqiqat materialı, elmi əsərlər və kitablar nəşr edilib. Eyni zamanda Naxçıvanşünaslıq Mərkəzi yaradılıb. Hazırda “İlandağ” geoparkının yaradılması və YUNESKO-nun Maddi İrs Siyahısına daxil edilməsi ilə bağlı layihə həyata keçirilir. Bununla da Naxçıvan ərazisinin müqəddəsliyi və qədimliyi bir daha beynəlxalq səviyyədə öz təsdiqini tapacaqdır. 2022-ci ildə muxtar respublikada Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyaları və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən arxeoloji tədqiqatlar aparılmışdır. Bu ilin avqust-sentyabr aylarında Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası Sirab kəndi ərazisindəki Uçan Ağıl yaşayış yerində arxeoloji qazıntı aparmış, abidənin tədqiqi zamanı Naxçıvanda Göyçə və Zəngəzur obsidianından istifadə olunduğu aşkar edilmişdir. Uçan Ağılda aparılan araşdırmalar bu yaşayış yerinin Erkən və Orta Eneolit dövrlərinə aid olduğunu, eyni zamanda Erkən Eneolit mədəniyyətinin Kültəpənin Neolit mədəniyyəti əsasında inkişaf etdiyini, insanların başlıca olaraq köçmə maldarlıqla məşğul olduğunu göstərir. Son Neolit və Son Eneolit dövrləri arasında yaranan xronoloji boşluğu doldurmaq, köçmə maldarlığın tarixinin öyrənilməsi baxımından Uçan Ağıl yaşayış yerinin tədqiqi mühüm əhəmiyyət daşıyır. Uçan Ağıl yaşayış yeri Kültəpə və Ovçular təpəsi ilə əlaqəli öyrənilir. Burada yaşayan köçəri maldarlar dağlıq və ovalıq ərazilər arasında əlaqələndirici funksiyanı yerinə yetirmiş, heyvandarlıq və metalişləmə ilə məşğul olmuşlar. Bunu qədim yaşayış yerindən metalişləmə ilə bağlı aşkar edilən materiallar sübut edir. Uçan Ağıl yaşayış yeri Naxçıvanın, ümumilikdə, Qafqazın tarixini öyrənmək üçün çox əhəmiyyətlidir. Bu cür qədim yaşayış yerləri və arxeoloji abidələr bir daha təsdiq edir ki, Naxçıvan mədəniyyətlərin qovuşduğu yerdir.
Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Babək rayonunun Sirab kəndi ərazisindəki Uçan Ağıl qədim yaşayış yerinə gəlmiş, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanmışdır. Muxtar respublika rəhbəri ekspedisiyanın nəticələrinin beynəlxalq səviyyədə yayılması, nüfuzlu jurnallarda dərc olunması, bu sahədə işlərin davam etdirilməsi, Uçan Ağıl yaşayış yerinin qeydiyyata alınması, ərazisinin çəpərlənməsi və qorunması barədə tapşırıqlar vermişdir.
Müqəddəs Vətən borcunu qəhrəmanlıqla
verənlərin xatirəsi ölməzdir, əbədidir
Vətən torpaqları uğrunda torpaqlarımızı mənfur düşmən işğalından azad etməklə müstəqil dövlətimizin ərazi bütövlüyünə nail olmaq naminə canından keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızla xalq qürur duyur. Hər biri bir şanlı tarix, qəhrəmanlıq örnəyi olan şəhidlərimizin müqəddəs xatirəsini xalqımız daim yaşadacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “... bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaqdır”. Muxtar respublikada şəhidlərə yüksək ehtiram, onların ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasının ilk örnəyi isə elə şəhidlərimizin qarşılanma mərasimindən başlayır. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmiş, təxribatın qarşısı alınarkən Naxçıvandan olan hərbi qulluqçularımız da böyük rəşadət göstərmiş, onlardan baş leytenant Əli Əliyev, baş çavuş Rəşad Hüseynli şəhidlik zirvəsinə yüksəlmişlər. Sentyabrın 14-də və 16-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimləri olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, şəhidlərimizin ailə üzvləri tədbirlərdə iştirak etmişlər. Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər. Şəhidlərimiz doğulduqları torpaqlara – son mənzilə yola salınmışlar. Ali Məclisin Sədri şəhid ataları Cavad Əliyev və Ramiz Hüseynov ilə görüşərək başsağlığı vermişdir.
Naxçıvan yeniyetmələr arasında şahmat olimpiadasına möhtəşəm şəkildə ev sahibliyi etdi. Bu həm də beynəlxalq tədbirə yüksək səviyyədə hazırlıq, təşkilatçılıq nümunəsi idi
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan idmanının inkişaf strategiyasının ölkəmizdə uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan bütün dünyada həm idman, həm də şahmat ölkəsi kimi tanınır və mütəmadi olaraq böyük şahmat yarışlarına uğurla təşkilatçılıq edir. Naxçıvan Muxtar Respublikasında şahmat dövlət qayğısı ilə əhatə olunub. Bu gün qədim diyarımızda 8 şahmat məktəbi fəaliyyət göstərir. Muxtar respublikanın ümumtəhsil məktəblərində şahmatın tədris olunması təqdirəlayiq haldır. Bütün bunlar gənclərin bu idman növünə marağını artırmışdır. Naxçıvan Muxtar Respublikasında 3 mindən artıq gənc şahmatla məşğul olur. Diyarımızda beynəlxalq şahmat yarışlarının keçirilməsi sahəsində də təcrübə və ənənə formalaşmışdır. 2003-cü ildə Naxçıvan şəhərində 20 yaşlı şahmatçılar arasında dünya çempionatı təşkil olunmuş, 2011-ci ildən etibarən isə muxtar respublikada hər il ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalları keçirilir. Beynəlxalq Şahmat Federasiyası 2022-ci ilin oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi haqqında qərar qəbul etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 21 iyun tarixli Sərəncamına əsasən olimpiadanın keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmış, hazırlıq işlərinə başlanılmışdır. Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində olimpiadaya hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Ali Məclisin Sədri müşavirəni açaraq muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirədə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına olimpiadanın Ümumdünya Şahmat Federasiyasının qaydalarına uyğun keçirilməsi, həmin yarış və tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, yarışlardan sonra iştirakçıların asudə vaxtının səmərəli təşkilinin diqqətdə saxlanılması, muxtar respublikanın tarixi və turizm yerlərinə gəzintilərin təşkil olunması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Məhz ciddi hazırlıq işlərinin aparılması, verilən tapşırıqların uğurlu icrasının nəticəsi idi ki, Naxçıvan şəhərində 23 ölkədən 200-ə yaxın şahmatçının iştirakı ilə keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası əlamətdar tarixi hadisəyə çevrildi. Olimpiadanın bağlanış mərasimi və qala gecəsində baş hakim Freyd Loranın da qeyd etdiyi kimi bu olimpiada dünya arenasında təşkil olunan ən yaxşı yarışlardan biri kimi yaddaqalan oldu. 23 ölkənin 34 komandası – 50 titullu zəka sahibi gərgin mübarizə aparması dünya şahmat azarkeşlərinin marağına səbəb oldu. Qardaş ölkənin – Türkiyənin təmsilçisi tarixdə ilk dəfə olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Gərgin mübarizə və rəqabət şəraitində keçən yarışda “Azərbaycan-1” və “Özbəkistan-1” komandaları da qaliblər cərgəsində özünü təsdiqlədi. Freyd Loranın da çıxışında qeyd etdiyi kimi Naxçıvan olimpiadaya yüksək səviyyədə hazırlanmış və bunun öhdəsindən məharətlə gəlmişdir. Bu isə əminliklə deməyə əsas verir ki, Naxçıvan bundan sonra da beynəlxalq şahmat tədbirlərinə ev sahibliyi etməyə hazırdır.
Müasirliyi ilə gözoxşayan qədim yurd yeri
Son illər həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri, sosial sahəyə qayğı və yeni infrastrukturun yaradılması muxtar respublikanın kənd yaşayış məntəqələrini müasirləşdirmişdir. Babək rayonunun böyük yaşayış məntəqələrindən olan Sirab kəndində də quruculuq işləri aparılmış, əhalinin rahat yaşayışı təmin olunmuşdur. Sirab kənd tam orta məktəbinin yeni binası inşa edilmiş, Sirab kənd yolunda yenidənqurma işləri aparılmış, yaşayış məntəqəsindəki kənd mərkəzi və həkim ambulatoriyasında müasir iş şəraiti yaradılmışdır. Sentyabrın 26-da Ali Məclisin Sədri cənab Vasif Talıbov Sirab kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olmuş, məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, tədrisdə uğurlar arzulamışdır. Muxtar respublika rəhbəri məktəbin tikintisində əməyi olanlara təşəkkür etmiş, tədrisin keyfiyyətinə, nizam-intizama ciddi diqqət yetirilməsi və qurulanların qorunması barədə tapşırıqlar vermişdir. Kənd sakinləri ilə görüş zamanı Ali Məclisin Sədri onları görülən işlər münasibətilə təbrik etmişdir. Qeyd edək ki, kompleks quruculuq tədbirləri çərçivəsində Sirab kəndində bir sıra abadlıq işləri də görülmüşdür.
Təhsildə profilləşmə yeni intellekt potensialını
üzə çıxarmaq məramına xidmət edəcək
Ölkə Prezidenti cənab İlham Əliyevin ümummilli liderin təhsil siyasətini uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsil yeni inkişaf mərhələsindədir. Muxtar respublikada 3 ali, 4 orta ixtisas təhsili, 212 ümumtəhsil, 5 peşə, 22 məktəbəqədər, 35 məktəbdənkənar təhsil müəssisəsi, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir. Müstəqillik illərində 200-dən artıq məktəb binası, ali təhsil ocaqları üçün yeni tədris korpusları və universitet şəhərcikləri istifadəyə verilmişdir. Bu gün bütün təhsil pillələri üzrə müasir texnologiyaların tətbiqi, 7 mindən çox kompüter və 700-dən artıq elektron lövhənin, STEAM kabinələrinin qurulması, xarici dillərin tədrisi imkan verir ki, muxtar respublika gəncləri ixtisaslı kadr kimi formalaşsınlar.
Muxtar respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi ilə yanaşı, pedaqoji kadr təminatı da əsas götürülür. Elm və təhsilin inkişaf prioritetləri həm də təbiət elmləri sahəsində şagirdlərə dərin biliklərin verilməsinə tələbatı artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması da bu zərurətdən irəli gəlir. Sentyabrın 15-də – Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edərək ilk dəfə tədrisə başlayan tələbə və şagirdləri, eləcə də muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin bütün şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü, Kimya-Biologiya Təmayüllü Liseyin kollektivini isə həm də yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik etmişdir.
Tədris korpusu ilə tanışlıq zamanı məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 342 şagird yerlik binada 19 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, direktor, psixoloq, hərbi kabinə, ən müasir avadanlıqlar və öyrədici STEAM qurğuları ilə təchiz edilmiş STEAM kabinəsi, kitabxana, idman zalı, qarderob və texniki otaqlar yerləşir. Binada internetə çıxışı olan 58 kompüter və 16 elektron lövhə quraşdırılıb. Liseyin kitabxana fondunda 5931 kitab və 840 test toplusu vardır. Şagirdlər hazırladıqları “Eksperiment robot”, “Danışan çiçək”, “Mtiny kodlaşdırma robotu” layihələrini Ali Məclisin Sədrinə təqdim etmişlər. Muxtar respublika rəhbəri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda keçilən interaktiv dərsi izləmiş, tikinti işlərində əməyi olanlara təşəkkür etmiş, liseydə təhsilin keyfiyyətinin diqqətdə saxlanılması və yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı tapşırıqlar vermişdir.
Səhiyyə islahatlarının əsasında kadr hazırlığı üçün
yaradılan hərtərəfli şərait dayanır
Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan ardıcıl islahatlar, genişmiqyaslı quruculuq işləri səhiyyə sisteminin sürətli inkişafını təmin etmişdir. Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həm bakalavr, həm də rezidentura üzrə həkim hazırlığı, Naxçıvan Tibb Kollecində isə orta tibb işçilərinin hazırlığı həyata keçirilir. Səhiyyə işçilərinin tibbin müxtəlif profilləri üzrə müasir elmi biliklərinin artırılması məqsədilə elmi-praktik seminar və konfransların təşkili ilə yanaşı, Naxçıvan Dövlət Universiteti və Tibb Kollecində təhsil alan gələcəyin tibb işçiləri üçün də yüksəkixtisaslı həkimlər tərəfindən təlimlərin keçirilməsi diqqətdə saxlanılır, universitetin Tibb fakültəsinin müasir tələblərə cavab verən xəstəxanasında tələbələr nəzəri biliklərlə yanaşı, praktik biliklərini də zənginləşdirə bilirlər. Yaradılan şəraitin və görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada yüksək tibbi bilik və bacarıqlara yiyələnən həkim və orta tibb işçiləri nəinki muxtar respublikada, eləcə də ölkədə və xarici ölkələrdə öz ixtisasları üzrə seçilən tibb işçiləri kimi fəaliyyət göstərirlər. Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri və üzvləri, Almaniyanın “Richard Wolf” şirkətinin regional direktoru və Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru ilə görüşmüşdür. Ali Məclisin Sədri Bilik Günündə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ilk dərs saatını tədris etdikləri üçün qonaqlara təşəkkür etmiş, tədris bazası və təhsilin keyfiyyətinə görə Tibb fakültəsinin bölgədə nüfuza malik olduğunu, xarici ölkələrdən tələbələrin təhsil aldığını vurğulamışdır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi ilə qardaş Türkiyə Respublikasının Tibb fakültələri arasındakı əlaqələrə diqqəti çəkən Ali Məclisin Sədri tələbələrin kurslara göndərildiyini, onlayn tədrisin təşkil olunduğunu bildirmişdir. Ali Məclisin Sədri tibb təhsilinin əsasının kimya-biologiya ixtisaslarının tədrisindən başladığını, istifadəyə verilən Kimya-Biologiya Təmayüllü Liseyin muxtar respublikada tibbi kadr təminatı üçün baza rolunu oynayacağını diqqətə çatdırmışdır. Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikada ən ucqar kəndlərdən tutmuş, şəhər mərkəzinə qədər müasir avadanlıqlarla təmin olunan səhiyyə müəssisələri tikilərək istifadəyə verilmişdir. Sonra Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov tibb elminə, təhsilinə və səhiyyə sahəsinə göstərdiyi diqqətə görə “Həkimlərin dostu” fəxri adını Ali Məclisin Sədrinə təqdim etmişdir.
İqtisadi-ticarət əlaqələrinin genişlənməsi
növbəti uğurlara yol açacaq
Naxçıvanda iqtisadi resurslardan səmərəli istifadə, iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin, sahibkarlıq obyektlərinin yaradılması iqtisadi-ticarət əlaqələrinin artmasına da rəvac vermişdir. Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüş, görüşdə Naxçıvan Muxtar Respublikası ilə Asiya İnkişaf Bankı əlaqələrindən, həyata keçirilən layihələrdən bəhs olunmuş, gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir. Ali Məclisin Sədri Asiya İnkişaf Bankı tərəfindən 7 istiqamət üzrə icra olunması nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sisteminin İnkişafı” layihəsinin ərzaq təhlükəsizliyinin və məşğulluğun təmin olunmasında əhəmiyyətini qeyd etmiş, layihənin əməkdaşlıq üçün geniş imkanlar açacağını vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası ölkəmizin uğurlu xarici siyasəti, iqtisadi əlaqələri çərçivəsində qonşu ölkələrlə də iqtisadi-ticarət və mədəniyyət əlaqələrini genişləndirir. Naxçıvan Muxtar Respublikasının qardaş Türkiyənin yaxın vilayətləri arasında səmərəli iqtisadi-ticarət əlaqələri isə müstəsna əhəmiyyətə malikdir. Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Hüseyn Engin Sarıibrahim ilə görüşmüşdür.
Görüşdə Naxçıvan-İqdır əlaqələrinin Azərbaycan-Türkiyə münasibətlərindəki rolundan, eləcə də muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı enerji, nəqliyyat, təhsil və iqtisadi-ticarət əlaqələrindən bəhs olunmuş, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Ötən ayın ümumi ictimai-siyasi xarakteristikası da bir daha deməyə əsas verir ki, elm və təhsilin inkişafı, uğurlu sosial layihələrin, innovasiyaların tətbiqi, səmərəli əməkdaşlıq istiqamətində qazanılan uğurlar məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasına, dövlətçiliyə dönməz sədaqət prinsiplərinə əsaslanır. Müstəqillik illərində, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən tədbirlər diyarımızın hərtərəfli dinamik inkişafına təkan vermişdir. Bütün bunlar muxtar respublika tarixinə Azərbaycanın dahi şəxsiyyət Heydər Əliyevə məxsus inkişaf strategiyasının bəhrələri kimi yazılmışdır. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir”.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti