Ümummilli liderimiz Heydər Əliyevin müstəqillik, inkişaf strategiyasının, ümummilli mənafelərin dövlət siyasətinə çevrilməsinin bəhrəsidir ki, Azərbaycan proqressiv inkişaf yolunda inam və qətiyyətlə irəliləyir. Bu, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, bu böyük ideyaların sədaqətlə yaşadılması nəticəsində qazanılan möhtəşəm uğurlardır: “Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz ulu öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk”.
Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər də ulu öndərin uzaqgörən siyasətinin bəhrələridir. Bu dinamik iqtisadi tərəqqidə enerji təhlükəsizliyinin təmin olunması xüsusi yer tutur. Aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bu gün muxtar respublikada elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir. Bu işlərin davamı olaraq Şərur rayonunun Zeyvə kəndində Günəş Elektrik Stansiyasının tikintisi qısa müddətdə və yüksək keyfiyyətlə aparılmış, hər birinin gücü 330 vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuşdur. Mayın 5-də – ulu öndərin anadan olmasının 99 illiyi ərəfəsində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Muxtar respublika rəhbəri əlverişli təbii resurslar hesabına alternativ enerji mənbələrindən istifadənin əhəmiyyətindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, bu istiqamətdə görülən işlərdən sonra muxtar respublikanın enerji tələbatı tamamilə bərpa olunan enerji hesabına ödəniləcəkdir.
Ali Məclisin Sədri Zeyvə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırmış, əməyi olanlara təşəkkür etmiş, “Pure Energy Development” SARL şirkətinin rəhbərinə stansiyanın tikintisindəki səmərəli fəaliyyətə görə təşəkkürünü bildirmiş, əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir. Sonra stansiyaya baxış olmuşdur. Yeni Günəş Elektrik Stansiyasının layihə gücü 8 meqavata çatdırıldığı üçün il ərzində 12 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək, bununla da muxtar respublikanın Günəş Elektrik stansiyalarının gücü 36 meqavata, illik istehsal gücü isə 55 milyon kilovat-saata çatdırılacaqdır. Bu da, ümumilikdə, muxtar respublikada enerji istehsalının 11 faizə yaxınını təşkil edəcəkdir. Şərur rayonunda qurulan 8 meqavatlıq Günəş Elektrik Stansiyası isə rayonun elektrik enerjisinə olan tələbatının 17 faizini təşkil edəcəkdir. Ali Məclisin Sədri Şərur rayonunda tikiləcək 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının layihəsinə və əraziyə baxmış, işlərə başlanılması barədə tapşırıqlar vermişdir.
Ümummilli liderimiz Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən biri də Azərbaycanın təhlükəsizliyinin və dövlətçiliyinin etibarlı təminatı olan xarici siyasət strategiyasını formalaşdırmaqdır. Bu gün Azərbaycanın müstəqil dövlət kimi inkişafının, dünya siyasət arenasında etibarlı nüfuz qazanmasının və qətiyyətli söz sahibinə çevrilməsinin əsasında müstəqil Azərbaycanın ulu öndər tərəfindən müəyyənləşdirdiyi düşünülmüş xarici siyasət dayanır. Mayın 7-də Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransın iştirakçılarını salamlamış, çıxışında ulu öndərin ölkəmizə hər iki rəhbərliyi dövründə Azərbaycanın xarici əlaqələrinin inkişafı və beynəlxalq münasibətlər sisteminə inteqrasiyasına nail olunması istiqamətində misilsiz fəaliyyətindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, ötən əsrin 70-80-ci illərində imperiya tərkibində olmasına baxmayaraq, ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq iqtisadi, mədəni və elmi-texniki əlaqələri genişlənmiş, 1990-1993-cü illərdə isə dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasında müstəqil Azərbaycanın xarici siyasət kursunun əsasını qoymuşdur. Ulu öndər Heydər Əliyev blokada və işğal təhlükəsi qarşısında olan Naxçıvanda böyük xilaskarlıq missiyasına başlamışdı. Muxtar respublika rəhbəri diqqətə çatdırmışdır ki, ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi olaraq Naxçıvanda müstəqilliyin və milli dövlətçiliyin bərpası tədbirləri daxili və xarici siyasət müstəvisində paralel şəkildə aparılmış, gələcək dövlət müstəqilliyi quruculuğuna xidmət edən mühüm tarixi qərarlar qəbul edilmişdir. Ulu öndərin siyasi fəaliyyətinin nəticəsi olaraq 1992-ci ildə Türkiyə Respublikası ilə “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu”, İran İslam Respublikası ilə “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında protokol” imzalanmış, Azərbaycan-Türkiyə və Azərbaycan-İran münasibətlərinin əsası qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında xarici siyasətlə bağlı qəbul edilən qərarlar sonrakı dövrdə ölkəmizin diplomatik münasibətlər sisteminin mühüm tərkib hissəsinə çevrilmişdir.
Ali Məclisin Sədri demişdir: “Ulu öndər Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi xarici nümayəndələrlə keçirilən görüşlər zamanı Azərbaycan həqiqətlərini, ölkəmizin üzləşdiyi siyasi və iqtisadi böhranı, xüsusilə də torpaqlarımızın işğal faktını dünya ölkələrinin və beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq məsələyə ədalətli mövqe tələb etmişdir. O dövrdə Naxçıvanın dünyanın böyük dövlətlərinin və mötəbər beynəlxalq təşkilatlarının diqqət mərkəzinə çevrilməsi bir tərəfdən mövcud tarixi-siyasi şəraitlə bağlı idisə, digər əsas səbəb dünya şöhrətli siyasi xadim Heydər Əliyev şəxsiyyətinə göstərilən ehtiramın daha bir ifadəsi idi. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər isə Naxçıvana biganə münasibətlərini davam etdirir, işğal təhlükəsi və blokada çətinliklərinin aradan qaldırılması istiqamətində heç bir təşəbbüs göstərmir, hakimiyyətə sahiblənən xalq cəbhəsi isə yarıtmaz siyasətinə sadiq qalaraq, hətta Naxçıvanın beynəlxalq müqavilələrlə təsbit olunmuş muxtariyyət statusunun ləğvi kimi absurd bəyanatlar səsləndirirdi”.
Çıxışda vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev 1992-ci ildə Türkiyəyə səfəri zamanı beynəlxalq Qars müqaviləsini yenidən gündəmə gətirməsi əslində, bu addım təkcə Naxçıvanın muxtariyyət statusunun deyil, bütövlükdə, ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində həyata keçirilən tədbir kimi böyük siyasi əhəmiyyətə malikdir.
Bildirilmişdir ki, 1993-2003-cü illərdə ölkə həyatının başqa sahələri kimi, xarici siyasət kursu da tamamilə yenidən işlənildi, xarici dövlətlərlə bərabərhüquqlu və ölkəmizin mənafeyinə xidmət edən ikitərəfli əlaqələr yaradıldı, Azərbaycan dünyanın mötəbər beynəlxalq təşkilatlarına üzv seçildi. Qısa müddətdə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildi.
Ali Məclisin Sədri vurğulamışdır ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər də ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də ümummilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir. Bu qələbənin ən mühüm diplomatik nəticələrindən biri isə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılması olacaqdır.
“Ümummilli lider Heydər Əliyev məktəbinin özünəməxsusluğu ondadır ki, o, dünən olduğu kimi, bu gün də, gələcəkdə də müstəqil Azərbaycanın əsas siyasi və ideoloji dayağıdır”, – deyən Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyev yolunun davam etdirilməsi yolunda hər kəsə uğurlar arzulamış, “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransa mühüm əhəmiyyət verdiyini qeyd etmiş, təşəbbüskarlara və iştirakçılara təşəkkürünü bildirmişdir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək beləliklə, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyasından, Azərbaycanın genişlənən, hərtərəfli beynəlxalq əlaqələrinin əsasında ümummilli liderin xarici siyasət konsepsiyasının durmasından bəhs etmişdir. Qeyd olunmuşdur ki, hazırda ölkəmizin dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi, 21 konsulluğu fəaliyyət göstərir. Həmçinin Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub.
Sonra ümummilli lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunmuş, konfrans bədii hissə ilə davam etmişdir.
İkinci Vətən müharibəsində Vətəni müdafiə və beynəlxalq humanizm prinsiplərinin qorunması naminə erməni vandalları və işğalçıları üzərində tarixi Qələbə qazanılması xalqımızın terror, qətliam, işğalçılıq əleyhinə tarixi mübarizə ənənələrinin bu gün ölkəmizdə dövlət siyasətinin əsasını təşkil etdiyini bütün dünyaya sübut etmişdir. Tarixən sülhün, əmin-amanlığın keşikçisi olan Azərbaycan xalqının faşizm üzərində qələbənin əldə edilməsində də böyük xidmətləri olmuşdur. 1941-1945-ci illər müharibəsində xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirmiş, faşizm üzərində qələbəyə mühüm töhfə vermişdir. Lakin ötən əsrin 90-cı illərində hakimiyyətə gələn səriştəsiz rəhbərlərin tariximizə biganə və laqeyd münasibətinin növbəti təzahürü idi ki, xalqımızın faşizmə qarşı ön və arxa cəbhədəki mütəşəkkil mübarizəsi, göstərdiyi hərbi rəşadət və qəhrəmanlıq az qala unudulmaqda idi. Ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 9 may Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının imtiyazları və statusları bərpa olunmuşdur. Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il olduğu kimi, 2022-ci ildə də “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalamışdır. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunması, tarixi Qələbə qazanılması dövlətçilik və hərb tariximizə qızıl hərflərlə yazılmaqla faşizm əleyhinə qəhrəmanlıq mübarizəsi aparan sələflərimizin layiqli davamçısı olduğumuzu bir daha sübut etdi.
1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunmuşdur. Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlmiş, veteranlarla görüşmüş, onları qələbə münasibətilə təbrik etmişdir. Sonra Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirmişdir. Həmin gün Naxçıvan Muxtar Respublikasının rayonlarında da 1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
Milli müstəqilliyimizin bəhrələrindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının elm, təhsil, iqtisadiyyat, turizm və digər sahələrdə çoxcəhətli beynəlxalq əlaqələrinin inkişafıdır. Bu tərəfdaşlıq Naxçıvanın Azərbaycanın inkişaf edən muxtar diyarı kimi dünyada tanıdılmasına, bu diyara dünyəvi marağın daha da artmasına səbəb olur. Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Ərzurum Atatürk və Van Yüzüncü İl universitetlərinin rektorları ilə görüşmüşdür. Ali Məclisin Sədri qonaqları salamlamış, vaxtilə hər iki universitetdə olduğunu xatırlatmışdır. Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkmiş, Naxçıvanda Türkiyədən olan tələbələrin təhsil aldığını bildirmiş, universitetlər arasında qarşılıqlı təcrübə, eləcə də müəllim-tələbə mübadiləsinin, ikili diplom layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türk Tarix Qurumunun sədri Birol Çətin ilə görüşmüşdür. Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə Türk Tarix Qurumu arasında imzalanan əməkdaşlıq protokolunun əhəmiyyətini vurğulamış, ortaq türk tarixinin yazılmasının vacibliyini diqqətə çatdırmışdır. Qədim türk torpağı olan Naxçıvan tarixinin Nuh Peyğəmbərlə bağlı olduğunu bildirən Ali Məclisin Sədri Anadolunun türkləşməsində və İslam dininin o ərazilərdə yayılmasında Naxçıvanın rolundan danışmışdır. Ali Məclisin Sədri müstəqillik illərində Naxçıvan tarixinin öyrənilməsi sahəsində görülən işlərdən bəhs etmiş, Naxçıvanşünaslığın mühüm elmi nailiyyətlərlə zənginləşdirildiyini qeyd etmiş, birgə əməkdaşlığın faydalı olacağına əminliyini bildirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti xalqa və dövlətçiliyə xidmət nümunəsidir. Ulu öndərimiz bugünkü müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycanın tərəqqi və inkişaf yolunun müəllifi kimi xalqımızın qəlbində əbədiləşmişdir. Bu gün ümummilli lider Heydər Əliyevin inkişaf və tərəqqiyə, milli rifaha xidmət edən dövlətçilik strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmiş, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası da inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan bütün nailiyyətlərin əsasında məhz ümummilli liderimizin ideyalarına sarsılmaz sədaqət dayanır.
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir. Muxtar respublika rəhbəri demişdir: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən ümummilli liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Heydər Əliyev Muzeyinin fondunda saxlanılan rəsm əsərləri və xalçalardan ibarət sərgiyə baxmışlar.
Bu gün Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev siyasətinin bəhrələri olan davamlı inkişaf və yüksək rifahın şahididir. Muxtar respublikanın davamlı və çoxcəhətli sosial-iqtisadi inkişafı bu diyarın digər bölgələri kimi, Şərur rayonunu da yeni inkişaf mərhələsinə çıxarmışdır. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri, yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması məskunlaşmanın artmasına səbəb olmuşdur. Görülən işlər rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, onların qurub-yaratmaq əzmini daha da artırır.
Mayın 10-da – ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Ali Məclisin Sədri ulu öndərin siyasi xəttinin Şəruru da inkişafa qovuşdurduğunu bildirərək demişdir ki, Şərur rayonu yarandığı gündən ötən dövrdə heç vaxt bu qədər inkişaf etməmiş, rayonda bu qədər geniş quruculuq işləri aparılmamış, aqrar sahə belə inkişaf etdirilməmişdir. Vurğulanmışdır ki, Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binasında kollektivlər yaradılan şəraitdən istifadə edərək əhaliyə nümunəvi xidmət göstərməli, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməli, dövlətin qayğısına layiqli işlə cavab verməlidir.
Sonra binaya baxış olmuşdur. Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan binada 6 təşkilat fəaliyyət göstərəcək. Yeni Azərbaycan Partiyası Şərur Şəhər Ərazi İlk Partiya Təşkilatı, Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik Şərur Şəhər Bələdiyyəsi, Şərur rayon 1 saylı Notariat Ofisi və statistika işçilərinin və Şərur rayon Ağsaqqallar Şurasının fəaliyyəti üçün burada müasir şərait yaradılmışdır. Sonra Ali Məclisin Sədri Şərur Şəhər Mərkəzi Stadionunda olmuş, burada həyata keçiriləcək yenidənqurma işləri ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Muxtar respublikada mədəniyyətin hərtərəfli inkişafı təmin edilmişdir. Şərur Rayon Mədəniyyət Sarayının inşası da mədəniyyətə göstərilən qayğının bariz nümunəsidir. Mayın 10-da Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş, rayonda müxtəlif tədbirlərin hazırlanıb keçirilməsi, muxtar respublikanın teatr və musiqi kollektivlərinin iştirakı ilə tamaşa və konsert proqramlarının təşkil olunması ilə bağlı mühüm tapşırıqlar vermiş, bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamışdır. Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuş, “Şərur” Xalq Yallı Ansamblının çıxışı olmuş, Ali Məclisin Sədri ansamblın üzvləri ilə görüşərək tövsiyələrini vermişdir.
Son illər muxtar respublikada yenidən qurulan və ya tikilərək istifadəyə verilən yeni yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir. Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur şəhərində tikiləcək yeni yaşayış binasının layihəsinə və əraziyə baxmış, tikinti işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən yaradılmaqda olan Şərur Sənaye Məhəlləsində görülən işlərlə maraqlanmışdır. Bildirilmişdir ki, sənaye məhəlləsinin ərazisində 24 istehsal sexi, 6 inzibati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunmuşdur. İlkin olaraq 2 şirniyyat, 1 balın qablaşdırılması və 1 trikotaj malları istehsalı sahələri üzrə mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən müraciət daxil olmuşdur. Gələcəkdə bu sahələrin reallaşdırılması və fəaliyyətə başlaması istiqamətində, eyni zamanda inzibati binanın istehsal bloklarında corab və digər istehsal sahələri kimi müvafiq sahibkarlıq fəaliyyətinin təmin edilməsi istiqamətində işlər aparılır. 12 blokdan ibarət birinci istehsal korpusunda ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel olmaqla, 2 mebel müəssisəsi fəaliyyət göstərir. Korpusun digər 6 blokunda isə rayonun mövcud imkanlarına uyğun olaraq yerli resurslardan istifadə edilməsi müvafiq sahələr üzrə sahibkarların cəlb olunması üzrə araşdırmalar aparılır. 2 hissədən ibarət ikinci korpusda məktəbli ləvazimatları, kağız kisə və karton tara müəssisələri fəaliyyət göstərəcəkdir. Üçüncü korpusda isə bitki yağı istehsalı zavodunun qurulması istiqamətində işlər davam etdirilir. Ali Məclisin Sədri Sənaye məhəlləsində, əsasən, yerli xammala əsaslanan müəssisələrin qurulması barədə tapşırıqlar vermişdir.
Muxtar respublikada əhaliyə nəqliyyat xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin davamı olaraq Çin Xalq Respublikasının istehsalı olan “King Long” markalı elektrobuslar alınıb gətirilmişdir. Yeni elektrobuslarda 12 sürücü işlə təmin olunacaqdır. Elektrobuslar müasir sərnişindaşıma xidməti göstərməklə bərabər, ekologiyanın çirklənməsinin qarşısını almaq baxımından da əhəmiyyət kəsb edir. Mayın 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsə 6 yeni elektrobus təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş, avtobuslara texniki xidmətin vaxtında göstərilməsinin təmin edilməsi, elektriklə işləyən avtobuslar üçün kadr təminatının diqqətdə saxlanılması, elektriklə işləyən xidməti avtomobillərin alınmasının təmin olunması ilə bağlı tapşırıqlar vermişdir. Muxtar respublika rəhbəri demişdir ki, şəhərdaxili marşrutlarda bundan sonra elektriklə işləyən avtobuslara üstünlük verilməli, eyni zamanda yaxın məsafələrdə öz xidmətini həyata keçirən dövlət orqanları üçün də elektriklə işləyən avtomobillər alınmalıdır. Çünki bu nəqliyyat vasitələri həm ekoloji və rentabellik, həm də mütəxəssis yetişdirmək baxımından çox əlverişlidir. Sonra elektrobuslara baxış olmuşdur.
Sərhədlərin etibarlı mühafizəsi dövlət müstəqilliyinin əsas şərtlərindəndir. Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Silsilə tədbirlərin davamı olaraq mayın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma işlərindən sonra təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Ali Məclisin Sədrinə yenidənqurma işləri aparılan 320 yerlik əsgər yataqxanası və diviziyanın idman kompleksində görülən işlər barədə məlumat verilmişdir. Sonra diviziyada tikiləcək hamam-camaşırxana kompleksinin ərazisinə və layihəsinə baxış olmuşdur. Ali Məclisin Sədri tikinti işlərinə başlanılması və ətrafda yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə yaradılan Naxçıvan Sərhəd Dəstəsinin keçdiyi yola nəzər salmış, onun inkişaf edərək “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrildiyini və muxtar respublikada dövlət sərhədlərimizin etibarlı mühafizə edildiyini diqqətə çatdırmışdır. Muxtar respublika rəhbəri şəxsi heyətə təşəkkür etmiş, idman kompleksindən sərhədçi ailələrinin də istifadə etməsi, müxtəlif idman növləri üzrə daxili yarışların keçirilməsi barədə tapşırıqlar vermişdir.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla davam etdirilir. Muxtar respublikada sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, dövlət dəstəyi nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Hazırda muxtar respublikada otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır. Bu istiqamətdə növbəti addım atılmış, mayın 19-da Naxçıvan şəhərində yeni xidmət kompleksi – “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yeni xidmət kompleksində yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, sahəsi 10 min kvadratmetrdir. Zirzəmi qatı ilə birlikdə 7 mərtəbədən ibarət olan binada 45 otaqdan ibarət müasirtipli otel, şadlıq sarayı, ofis, 80 yerlik restoran, mətbəx və avtopark fəaliyyət göstərəcəkdir.
Ali Məclisin Sədri “Naxçıvan Saray” MMC-nin fəaliyyətə başlaması münasibətilə gələcək istifadəçiləri və kollektivi təbrik edərək yeni xidmət sahələrinin yaradılmasının ölkəmizin mədəni inkişafının göstəricisi olduğunu vurğulamış, əməyi olanlara təşəkkürünü bildirmişdir. Muxtar respublika rəhbəri demişdir ki, müasir dövrün tələbi insanlara müxtəlif xidmətləri bir yerdə göstərməkdən ibarətdir. Bu saray da bir neçə xidməti eyni vaxtda yerinə yetirəcəkdir. Gələcəkdə sarayda digər xidmət sahələri də yaradılacaq və kompleks formada fəaliyyət göstərəcəkdir. Bu da ilkin mərhələdə 63 nəfərin işlə təmin olunduğu kompleksdə əlavə iş yerlərinin açılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri yeni xidmət kompleksinin muxtar respublikanın həyatında önəmli yer tutacağına əminliyini bildirmiş, yaradılanların qorunması və qurulanlardan səmərəli istifadə olunması, cəmiyyətin tanıdılması və xidmətin təşkili barədə tapşırıqlar vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq etmiş, həmin Qanuna əsasən mayın 28-i ölkəmizdə Müstəqillik Günü elan edilmişdir. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görmüş, tarixi-mədəni irsə və milli soykökə qayıdışın əsasını qoymuş, milli kadr hazırlığına başlanılmış, iqtisadi potensial formalaşdırılmışdır. Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər isə dövlət müstəqilliyi üçün konkret tədbirlərin görüldüyü, mühüm tarixi qərarların qəbul edildiyi dövrdür. Ümummilli liderimiz Azərbaycanı bir əsrdə yenidən qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirmişdir. Bu gün müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutur. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi müstəqillik tariximizin ən möhtəşəm nailiyyəti, ümummilli lider Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalı 69, kənd təsərrüfatı məhsulları 15, sənaye istehsalının həcmi 117 dəfə artmış, 100 minə yaxın yeni iş yerləri açılmış, yaşayış məntəqələri böyümüş, 1 rayon, 4 qəsəbə və 2 şəhər yaranmışdır. Tikinti-quruculuq işləri geniş vüsət almış, 233 elm və təhsil ocağı, 364 mədəniyyət, 252 səhiyyə, 29 idman obyekti, 353 inzibati bina, 1346 istehsal və xidmət sahəsi tikilmiş, 1112 müxtəlif təyinatlı obyekt yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, bütün yaşayış məntəqələrini əhatə edən müasir yol-nəqliyyat və sosial infrastruktur istifadəyə verilmişdir.
Şərəfli və keşməkeşli mübarizə yolu olan müstəqillik tariximiz haqqında bu məlumatlar mayın 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Müstəqillik Gününə həsr olunmuş tədbirdə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin çıxışında öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə iştirak etmişdir. Tədbirdə Naxçıvan Dövlət Universiteti Simfonik Orkestrinin konserti olmuşdur. Ali Məclisin Sədri səhnə arxasına keçərək Naxçıvan Dövlət Universiteti Simfonik Orkestrinin üzvləri ilə görüşmüş, Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq simfonik orkestrin üzvlərinin müstəqillik dövrünün yetirmələri olduğunu, muxtar respublikada musiqi təhsili sahəsində mühüm işlər görüldüyünü vurğulamışdır. “Mədəniyyət hər bir ölkənin inkişafının göstəricisidir”, – deyən Ali Məclisin Sədri simfonik orkestrin çıxışını yüksək qiymətləndirmiş, kollektivə uğurlar arzulamışdır.
Həmin gün Ali Məclisin Sədri Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyinə və Naxçıvan Dövlət Rəsm Qalereyasına baxmışdır.
Ali Məclisin Sədri miniatür kitabların çapı, qalereyanın yeni əsərlərlə zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.
Ötən ayın ümumi ictimai-siyasi təhlili bunu deməyə əsas verir ki, Azərbaycan, onun qədim, eyni zamanda müasir tərəqqi yoluna qovuşmuş muxtar diyarı Naxçıvanda ümummilli lider Heydər Əliyevin arzuları reallaşmaqdadır. Bu gün hər bir azərbaycanlı müdrik Heydər Əliyev ideyalarının bəhrəsini yaşayır və və bu ideyaları sədaqətlə yaşadır. Bu isə daha xoşbəxt və firavan gələcəkdən soraq verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır”.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti