AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

    Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ölkəmizdə demokratik seçki ənənəsinin formalaşmasında Heydər Əliyev irsi” mövzusunda seminar keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. 
    Mərkəzi Seçki Komissiyasının akt zalında  davam edən tədbirdə Ulu Öndərin, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında yerləşən dairə seçki komissiyalarında keçirilən müxtəlif tədbirlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü, bütövlükdə, millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz dahi rəhbərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu görkəmli şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.
    Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 
    Vurğulanıb ki, Ulu Öndərin ölkəmizdə apardığı məqsədyönlü siyasətin mərkəzində dayanan ən əsas məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşının ictimai-siyasi sabitliyin qorunub saxlandığı bir ölkədə yaşamasının təmin edilməsi olmuşdur. Dahi şəxsiyyət tərəfindən atılan qətiyyətli addımlar və görülən təxirəsalınmaz tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmiş, xalqın siyasi və ictimai asayişinin qorunduğu bir respublikada təhlükəsiz yaşamağı təmin olunmuşdur. 
    Daha sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.

Naxçıvan Muxtar Respublikası 
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti 

***

    Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Açıq qapı” günü keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələri iştirak ediblər. 

    Əvvəlcə tələbələr buradakı kitabxana ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumatlar alıblar. Sonra onlara prokurorluğun kriminalistik avtomaşının iş prinsipi izah olunub, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elanetmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib. 
    Prokurorluğun iclas zalında keçirilən tədbirdə çıxışlardan əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Təşkilat və İcraya nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri  Pərviz Zülfüqarov açaraq bildirib ki,  Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı  Azərbaycanın bütün bölgələrində, müstəqil Azərbaycan Respublikasının memarı, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü geniş qeyd edilir. Həmin tədbirlər Ulu Öndərimizin əziz və unudulmaz xatirəsinə dərin hörmətin bariz nümunəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilən “Açıq qapı” gününün keçirilməsində  də məqsəd Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə tədbir iştirakçılarını məlumatlandırmaq, onları prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış etməkdən ibarətdir. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası prokurorunun köməkçisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov prokurorluq orqanlarının dövlət təsisatları sistemindəki yeri və prokurorluqda həyata keçirilən islahatlarla bağlı çıxış edib. 
    Prokurorluğun şöbə prokuroru, kiçik ədliyyə müşaviri Qumral Yusifova prokurorluq orqanlarına Ulu Öndər Heydər Əliyevin göstərdiyi qayğıdan danışıb. 
    Prokurorluğun şöbə prokuroru, kiçik ədliyyə müşaviri Taryel İsmayılov ittihamın müdafiəsi haqqında qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar haqqında iştirakçılara məlumat verib. 
    Sonda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov müəllifi olduğu “Qanunçuluq və hüquq düşüncəsi” adlı kitabını tələbələrə hədiyyə edib. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 20.04.2023 00:05