AZ EN RU

Sabitlik, güclü iqtisadiyyat və sosial rifaha heablanmış qətiyyətli siyasət bundan sonrakı dinamik inkişafa da etibarlı zəmanətdir

Yanvar ayının ictimai-siyasi mənzərəsi cari ilin də muxtar respublikamız üçün çoxcəhətli  uğurları ilə yaddaqalan olacağını deməyə əsas verir

İcmal

   Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin qətiyyət və prinsipiallıqla davam etdirilməsi nəticəsində əldə olunan çoxşaxəli inkişaf, sosial rifah halının günbəgün yüksəlməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında daha firavan gələcək üçün əsaslı zəmin yaradır. Ötən il də muxtar respublikada iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub. Naxçıvan müstəqillik illərində inkişaf dinamikasına görə nəinki Azərbaycanda,  Qafqazın ən inkişaf etmiş ən öncül regionlarından biri kimi tanınır. Təsadüfi deyil ki, ötən ilin muxtar respublika üçün ən möhtəşəm hadisələrindən olan Azərbaycan Respublikası Prezidentinin qalib ölkənin rəhbəri və müzəffər Ordunun Ali Baş Komandanı kimi  ata yurduna səfəri dövlət başçısının bu siyasi qənaəti ilə tarixə həkk olunmuşdur: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir”.       

     Yeni ilə möhtəşəm uğurlarla...

  Blokadanın törətdiyi, dünyanı bürüyən qlobal humanitar-iqtisadi problemlərə baxmayaraq, muxtar respublika ötən il də liderlik missiyasını əzmkarlıqla qoruyub saxlamışdır. Buna müstəqillik illərindən etibarən muxtar respublikada sabitlik, güclü iqtisadiyyat və sosial rifaha  hesablanmış qətiyyətli siyasət nəticəsində nail olunmuşdur. Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 69 dəfə, sənaye məhsulunun həcmi 117 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 15 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 141 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 348 dəfə, nəqliyyat sektorunda yük daşınması 27 dəfə, pərakəndə əmtəə dövriyyəsi 49 dəfə, əhali gəlirləri isə 61 dəfə artmışdır.  2021-ci ildə inkişafı xarakterizə edən əsas göstərici kimi onu qeyd edə bilərik ki, ötən il ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat olub. Bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manata çatmışdır. İqtisadiyyatın davamlı inkişafı əhali gəlirlərinin həcmini də artırmışdır. Muxtar respublikada orta hesabla hər nəfərə düşən əhali gəlirlərinin həcmi ötən dövrlə müqayisədə 44 dəfədən çox artaraq 2021-ci ildə 4185 manata yaxın olmuşdur.

     Ötən ili də möhtəşəm uğurlarla yola salan muxtar respublika sakinləri yeni ili ulu öndərin siyasi xəttinə sonsuz inam və sədaqət hissindən doğan gələcəyə əminlik və qurub-yaratmaq əzmi ilə, bayram sevinci ilə qarşılamışdır. Yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində iştirak etmiş, muxtar respublikada fəaliyyət göstərən 30 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatlarının təmsil olunduğu ictimai iaşə xidmətinin təşkili ilə maraqlanmış, sakinlərin bayramını təbrik etmiş, uşaqlara hədiyyələr vermişdir. Ali Məclisin Sədri 2021-ci ilin sabitlik, inkişaf, tərəqqi və sosial rifahla başa vurulduğunu bildirmiş, 2022-ci ildə də bu işlərin davam etdiriləcəyini diqqətə çatdırmış, həyata keçirilən tədbirlərdə əməyi olanlara təşəkkür etmişdir. Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də yeni il şənlikləri keçirilmişdir.

         Muxtar respublikanın çoxcəhətli inkişaf strategiyasını fərqləndirən başlıca amil mərkəzdən ucqarlara doğru bütün yaşayış məntəqələrini əhatə etməsidir

     Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsidir. Muxtar respublikada müstəqillik illərindən etibarən ulu öndərin siyasətinin uğurla davam etdirilməsi,  iqtisadiyyatın davamlı inkişafı, əhalinin dayanıqlı məskunlaşmasını və insanların layiqli yaşayışını təmin etmək istiqamətində aparılan məqsədyönlü siyasət öz bəhrəsinin verməkdədir. Bu siyasətin prioritet istiqamətlərindən birini yaşayış məntəqələrinin cəmiyyət üçün sağlam, müasir və abad yaşayış mühitə çevrilməsi, yerlərdə müasir infrastruktur qurulması təşkil edir. Ötən dövrdə Naxçıvan şəhəri və rayon mərkəzləri ilə yanaşı, qəsəbə və kəndlər də tarazlı inkişaf etdirilmiş, sakinlərin rifahının yüksəlməsinə xidmət edən kompleks quruculuq işləri aparılmış, ən ucqar kəndlərdə müasir həyat tərzi yaradılmışdır. Ötən dövrdə muxtar respublikada 52 min 364 şagird yerlik 174 ümumtəhsil məktəbi, 250-dən çox səhiyyə obyekti, dövlət qurumlarının bir ünvanda fəaliyyətini təmin edən, müasir idarəetmə modeli olan 5 qəsəbə və 147 kənd mərkəzi, əhalinin işlə təmin olunması və rahatçılığına hesablanmış xidmət mərkəzlərinin tikilərək istifadəyə verilməsi insan amilinə verilən dəyərin ifadəsidir. Qədim diyarın inkişafının yeni mərhələsinə yüksəlməsi, həyata keçirilən quruculuq işlərinin paytaxt şəhərimiz və ya rayon mərkəzləri ilə kifayətlənməyib, mərkəzdən ucqarlara doğru bütün yaşayış məntəqələrini əhatə etməsidir.

    Şərur rayonunun Çərçiboğan kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Kənddə geniş quruculuq işləri aparılmış, yol yenidən qurulmuş, ümumtəhsil və uşaq musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilmişdir. 2022-ci il yanvarın 14-də Şərur rayonunun müasirlik xəritəsini tamamlayan, yeni ilin ilk quruculuq ünvanı olan Çərçiboğan kəndində bəhs etdiyimiz yeni sosial obyektlər istifadəyə verilib.

  Muxtar respublikada aparılan məqsədyönlü siyasətin prioritet istiqamətlərindən biri gənc nəslin hərtərəfli biliyə malik, vətənpərvər ruhda yetişməsi, intellektual kadr potensialının formalaşması qayğısına qalınmasıdır. Bu təhsil siyasətinin əsasını isə Naxçıvanda müasir təhsil infrastrukturunun yaradılması təşkil edir. Müstəqillik illərində  muxtar respublikada 52 min 364 şagird yerlik 174 ümumtəhsil məktəbinin istifadəyə verilməsi dediklərimizə əyani sübutdur. Təkcə ötən il Şərur rayon Şəhriyar, Qarabürc, Babək rayon Araz, Göynük, Ordubad şəhər 1 nömrəli, Nüsnüs, Əndəmic, Dırnıs və Vələver kənd tam orta məktəbləri istifadəyə verilmişdir. Təhsil quruculuğundan Çərçiboğan kəndinə də pay düşmüş, 654 şagird yerlik məktəb binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Məlumat verilmişdir ki, digər müasir tədris şəraitilə yanaşı, məktəbdə  STEAM kabinəsi də yaradılıb.  Şagirdlər hazırladıqları “Xətt izləyən robot” və “Ağıllı parkinq” layihələrini təqdim etmişlər. Muxtar respublika rəhbəri elektron lövhəli sinifdə AMEA Naxçıvan Bölməsi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan müstəqillik illərində” mövzusunda keçilən interaktiv dərsi izləmişdir.

   Elmi-nəzəri biliklərin mükəmməl mənimsənilməsi, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, təhsil ocaqlarında şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, fiziki sağlamlığı da diqqət mərkəzində saxlanılır ki, Çərçiboğan kənd tam orta məktəbinin müasir binasında da bu məqsədlə hərbi kabinədə lazımi şərait yaradılmışdır. Ali Məclisin Sədri hərbi peşənin əhəmiyyətini vurğulamış, gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirilməsi barədə tapşırıq vermişdir.

  Qeyd edək ki, məktəbin idman zalında bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisi məqsədilə müasir şərait yaradılmış, məktəbdə müxtəlif idman klubları yaradılmışdır. Şagirdlərin məntiqi təfəkkürünün inkişafında şahmatın tədrisinin əhəmiyyəti nəzərə alınaraq  məktəbdə şahmat sinfi də fəaliyyət göstərəcək.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Çərçiboğan kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə görüş zamanı məktəbin tədrisin müasir tələbləri səviyyəsində qurularaq istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, 30 ildən artıq bir tarixə dövlət müstəqilliyimizin qorunub yaşadılması üçün ölkəmizdə vətənpərvər və təhsilli gənclər yetişdirilməsinin zəruriliyini, bu prosesin uğurla həyata keçirilməsində təhsil ocaqlarının başlıca rol oynadığını vurğulamışdır.

    Ali Məclisin Sədri demişdir: “Bu gün yetişən gənclik XXI əsrdə yaşayır. XXI əsr isə yeni texnologiyalar əsridir. Məktəbdə kompüter sinfi, STEAM otağı, laboratoriyalar, kitabxana və başqa müasir tədris avadanlıqları istifadəyə verilir ki, gənclərimiz özlərini XXI əsrin gəncləri kimi hazırlaya bilsinlər. Müəllimlərin vəzifəsi isə Vətəninə, xalqına sədaqətli, vətənpərvər gənclər yetişdirməkdən ibarətdir. Bütün bunlar həyata keçirildiyi zaman ölkəmizin müstəqilliyi də uzunömürlü olacaq, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini qoruyub saxlayacaq”.

    Muxtar respublika rəhbəri bildirmişdir ki, gənclərin hərtərəfli yetişməsi üçün, ilk növbədə, məktəb və müəllimlər üçün şərait yaradılmalıdır. Çərçiboğan kənd tam orta məktəbindəki şərait imkan verəcəkdir ki, qarşıda duran bu vəzifələr layiqincə yerinə yetirilsin, təhsilli, vətənpərvər gənclər yetişdirilsin.

   Məktəbin nailiyyətlərindən bəhs edən Ali Məclisin Sədri son 5 ildə məktəbin nailiyyətlərinin 50 faizdən yuxarı olduğunu diqqətə çatdırmış, bu nailiyyətlərə görə kollektivə təşəkkür etmiş, tədrisdə uğurlar arzulamışdır.

     Muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da daim diqqət və qayğı göstərilir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi vardır. Bunlardan 22-si müasir şəraitə malik yeni binalarla təmin olunub. Hazırda muxtar respublikanın musiqi məktəblərində 4700-dən artıq şagird təhsil alır. Musiqi məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni binaların tikilməsi milli musiqimizin yaşadılması və təbliği, istedadlı musiqiçi kadrların yetişdirilməsinə böyük töhfə verir. Çərçiboğan kənd Uşaq Musiqi Məktəbi üçün müasir binanın inşa olunması da bu mərama xidmət edir. Yanvarın 14-də məktəbin yeni binası istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov binada yaradılan şəraitlə tanış olmuşdur.

    Məlumat verilmişdir ki, 1983-cü ildən fəaliyyət göstərən Çərçiboğan kənd Uşaq Musiqi Məktəbində 8 ixtisas üzrə 140 şagirdin təhsili ilə 21 müəllim məşğul olur. 2021-2022-ci tədris ilində məktəbə 29 şagird qəbul olunmuşdur. Təhsil müəssisəsində Xor kollektivi, Nəfəsli alətlər, Xalq çalğı alətləri, Nağaraçalanlar ansamblları və uşaqlardan ibarət həvəskar Yallı qrupu fəaliyyət göstərir.

   Ali Məclisin Sədri musiqi məktəbinin kollektivi ilə görüşmüş, musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək 1983-cü ildən fəaliyyət göstərən musiqi məktəbinin nailiyyətlərindən, nəfəsli alətlər və uşaq yallı ansambllarının muxtar respublikanın bir çox tədbirlərində iştirakından danışmışdır. Muxtar respublika rəhbəri məktəbdə milli musiqi ilə yanaşı, dünyəvi musiqinin də öyrədilməsinin zəruriliyini vurğulamış, məktəbdə yeni ixtisasların açılmasına, Avropa musiqi alətlərinin tədrisinə diqqət yetirilməsinin əhəmiyyətini qeyd etmişdir. Ali Məclisin Sədri musiqi təhsilinin pilləli olmasının zəruriliyini vurğulamış, muxtar respublikada bu sahəni seçən gənclərin daha sonra orta ixtisas və ali təhsil almaları üçün hərtərəfli şərait yaradıldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada uşaq musiqi məktəbləri, Musiqi Kolleci və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi fəaliyyət göstərir. Qarşıda duran əsas vəzifənin uşaq musiqi məktəblərində tədrisin səviyyəsini yüksəltmək və musiqi təhsili sahəsində ardıcıllığı təmin etməkdir.

  Muxtar respublika rəhbəri musiqi duyumu olan gənclərin seçilməsi, onlarla xüsusi məşğul olunması, müəllimlərin vəzifələrini layiqincə yerinə yetirmələri ilə bağlı zəruri tapşırıq və tövsiyələr vermiş, kollektivə fəaliyyətində uğurlar arzulamışdır.

   Muxtar respublika bütün yaşayış məntəqələrində əhaliyə nümunəvi xidmətin təşkili, sosial problemlərin çevik həlli, sağlamlığı qayğısına qalınması ilə də nümunə gücündədir. Demək olar ki, bütün yaşayış məntəqələrində yaradılan kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, müasir yol infrastrukturu buna əyani sübutdur. Yanvarın 14-də Çərçiboğan kəndində də kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilmişdir. Açılış tədbirlərində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kənd mərkəzinin binasında yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, 339 üzvü olan Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik zal və qazanxana yerləşir. Bildirilmişdir ki, Çərçiboğan kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin gün əhalinin rahatlığının təmin olunması istiqamətində kənddə görülən kompleks tədbirlərin digər ünvanı  olan yeni xidmət mərkəzinin də açılışını etmişdir. Məlumat verilmişdir ki,burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış,  9 nəfər işlə təmin olunmuşdur. Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına, yerli məhsullara üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.

 Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Çərçiboğan kəndinin avtomobil yolu da yenidən qurulmuşdur.        

  Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümumi uzunluğu 15,8 kilometr olan yolda yaradılan şəraitlə tanış olmuşdur.

 Ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı, səhiyyə ocaqlarının fəaliyyətinin davamlı olaraq gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Muxtar respublikada da səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqətdə saxlanılır. Yanvarın 14-də Çərçiboğan kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov səhiyyə ocağının fəaliyyəti ilə maraqlanmışdır. İkimərtəbəli həkim ambulatoriyası müayinə və müalicə işlərinin, yüksək səviyyəli tibbi xidmətin təşkili üçün müasir avadanlıqlarla təhciz edilmişdir. Ali Məclisin Sədri sakinlərin, xüsusilə uşaqların sağlamlığına və peşə hazırlığına diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.

   Kənd sakinləri ilə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Çərçiboğan kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: “Həyata keçirilən tədbirlər imkan verəcək ki, kənd bundan sonra da inkişaf etsin, daha da abadlaşsın, torpaqlar əkilsin, insanların yaşayış şəraiti daha da yaxşılaşsın. Əgər bir ölkədə sabitlik varsa, o ölkə inkişaf edəcəkdir, orada insanlar rahat yaşayacaq, insanların rifah halı yaxşılaşacaqdır. Azərbaycan 30 ildir, müstəqil yaşayaraq inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bütün bunlara dövlət-xalq birliyi və ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunub. Ümummilli liderimiz Heydər Əliyev yolunun bəhrəsi də yaradılan bu şəraitdir”.

          Yaradıcılıq istedadının doğurduğu tam fərqlilik və ya muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə

Ümummilli liderimizin maddi-mədəni irsə varislik prinsipinin, milli mədəniyyətimizə inkişafına həssas və yanarlı münasibətdən böyük qayğı muxtar respublikamızda da sədaqətlə davam etdirilir.  Muxtar respublikada incəsənətin inkişafına yaradılan şərait rəssamlıq sənəti sahəsində də uğurların qazanılmasına şərait yaradır. Naxçıvan rəssamlıq məktəbində varislik təmin olunmuş, gənc və istedadlı rəssamlar yetişmiş, onların yaradıcılığı hərtərəfli stimullaşdırılmışdır. Bu sahədə təhsilin bütün pillələri – orta ixtisas, ali və akademik pillələri təmin olunmuş, sərgi salonları, emalatxanalar və qalereyalar istifadəyə verilmişdir. Eyni zamanda rəssamların əməkləri qiymətləndirilir, fəxri adlar verilir, Prezident mükafatına və təqaüdünə layiq görülürlər. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, Ali Məclis Sədrinin sərəncamları ilə Rəssamlar Birliyinin 40 və 50 illik yubileyləri qeyd olunmuş, yeni bina istifadəyə verilmişdir. Bu günədək keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarında, ümumilikdə, 36 ölkədən 250-yə yaxın rəssam iştirak etmişdir. Təbii ki, bu da Naxçıvanda sənətə verilən dəyərin daha bir ifadəsidir. Sevindirici haldır ki, hər il Rəssamlar Birliyində onlarla sərgi açılır, yüzlərlə yeni əsər nümayiş etdirilir. Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı fərdi yaradıcılıq sərgisi isə yaradıcılıq istedadının doğurduğu tam fərqliliyi ilə muxtar respublikamızda mədəniyyət hadisəsi kimi yadda qalmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sərginin açılışında iştirak etmişdir.

   Ali Məclisin Sədri rəssamlığın özünəməxsus sənətkarlıq xüsusiyyətlərini təhlil etmiş, bu sahədə təhsillə bərabər, istedadın da mühüm rol oynadığını vurğulamışdır. Muxtar respublika rəhbəri demişdir: “Bu gün sərgisi keçirilən Leyla Əzimbəyovanın özünəməxsus janr üslubu var. Onun əsərlərində həyat olduğu kimi görünür, rəng seçimləri heç də bədbin deyil, əhvali-ruhiyyə yaradan rənglərdir. Leyla Əzimbəyovanın fərdi yaradıcılıq sərgisi Bakı şəhərindən sonra Naxçıvanda keçirilir, onun əsərləri ölkəmizin tanınmış rəssamları tərəfindən yüksək dəyərləndirilir”.

  “Bugünkü sərgi muxtar respublikanın mədəni həyatında bir hadisədir. Çünki Leyla Əzimbəyovanın yaradıcılığı muxtar respublikanın, ümumilikdə isə ölkəmizin rəssamlıq sənəti sahəsində yeni bir formadır, janrdır”, – deyən Ali Məclisin Sədri bu münasibətlə rəssamları və Leyla Əzimbəyovanı təbrik etmişdir. Qeyd olunmuşdur ki, sərginin bir əhəmiyyəti də ondan ibarətdir ki, həm Bakıda, həm də Naxçıvanda satılacaq əsərlərdən əldə olunacaq vəsaitlər ölkə Prezidenti tərəfindən yaradılmış “YAŞAT” Fonduna köçürüləcəkdir ki, bu da ərazi bütövlüyümüzün bərpa olunmasında sağlamlığını itirmiş qazilərin müalicəsinə və digər işlərə sərf olunacaqdır. Ali Məclisin Sədri bu təşəbbüsə görə rəssama təşəkkür etmiş, sərginin uğurlu olmasını arzulamışdır.

   Sonra sərgiyə baxış olmuşdur. Məlumat verilmişdir ki, sərgidə Leyla Əzimbəyovanın əsərləri əsasında hazırlanan “Fərqli olaraq” adlı albom-kataloqu və rəssamın 38 əsəri nümayiş etdirilir. Sərgidə rəssamın portret, peyzaj, kompozisiya və natürmort janrlarında çəkdiyi əsərlər dərin məzmunu və yaradıcılıq xüsusiyyətləri ilə seçilir. Bu əsərlərdə həyat eşqi, insan və təbiətə doğma münasibət diqqəti daha çox cəlb edir. Rəssam Leyla Əzimbəyova “Arpaçay” əsərini Ali Məclisin Sədrinə hədiyyə etmişdir.

  Muxtar respublika rəhbəri bu illər ərzində muxtar respublikanın rəssamlıq sənətində əldə olunan uğurlardan, irəliləyişlərdən danışaraq qeyd etmişdir ki, hazırda muxtar respublika rəssamlarının əsərləri nəinki ölkəmizdə, həm də beynəlxalq sərgilərdə nümayiş olunur. Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə etdiklərinə görə muxtar respublika rəssamlarına təşəkkür etmişdir.

          Müstəqilliyimiz dönməz və əbədi, xalqımızın onu qorumaq iradəsi isə sarsılmazdır

  Ölkəmizin bugünkü qələbə, inkişaf və tərəqqisinin rəhni olan dövlət müstəqilliyimiz şanlı, keşməkeşli mübarizə tarixinə malikdir. 30 ildən artıq bir işğal tarixinə Böyük Zəfərlə son qoymağın, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda son damla qanınadək şərəfli mübarizə aparmaq örnəyinin təməli məhz ötən əsrin 90-cı illərindən başlayan müstəqillik  uğrunda mübarizə tarixi ilə qoyulmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri və xüsusi təyinatlılar tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanıb və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir.

 20 Yanvar hadisələri muxtar respublikanın ən yeni tarixinə təkcə sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətlərlə deyil, həmin gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının aramsız hücumları ilə də işğalçılıq faktı kimi yazılmışdır. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdur. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il 19 yanvar tarixli Qərarına əsasən Naxçıvan MSSR sovet imperiyasının tərkibindən çıxmışdır. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlamışdır. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayanmış, qəhrəmancasına mübarizə aparmış, şəhidlər versə də, Naxçıvanı qoruyub saxlamışlar.

  Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi bu gün də yüksək tutulur. Ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan xalqının 2020-ci ilin payızında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı Zəfər şəhidlərimizin ruhuna ehtiram olmaqla yanaşı, həm də xalqımızın öz milli həmrəyliyi və mübarizliyi ilə dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağa hər an hazır olduğunu, inkişaf etmiş bir dövlət və xalq olaraq işğalçılıq və terror siyasətinə qarşı daim mübariz olduğumuzu bir daha sübut etdi.

 Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlmiş, xiyabandakı Ana abidəsinin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir. Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoymuşdur.

   Yeni ilin ilk ayının ictimai-siyasi mənzərəsinə nəzər saldıqda bir daha aydın görünür ki, yeni ilə müxtəlif sahələrdə qazanılan möhtəşəm uğurlarla qədəm qoyan Naxçıvan Muxtar Respublikasında qazanılan sosial-iqtisadi inkişaf, əldə olunan sosial-rifah, quruculuq tədbirləri yeni ilin ilk ayında da qətiyyətlə davam etdirilmişdir. Bu isə cari ilin də muxtar respublikamız üçün çoxcəhətli  uğurları ilə yaddaqalan olacağını deməyə əsas verir. Ölkə başçımızın Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarına müraciətində dediyi kimi: “Bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək”.

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 16.02.2022 18:04