Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlamətdar olan oktyabr ayı hər birimizi ümummilli lider, Azərbaycanın milli müstəqillik konsepsiyasının müəllifi Heydər Əliyevi əvəzsiz milli sərvətimiz olan müstəqilliyin qorunması istiqamətindəki misilsiz xidmətlərinə görə bir daha böyük ehtiram hissi ilə anmağa, müstəqilliyimizin bəxş etdiyi nailiyyətləri qiymətləndirməyə sövq edir. Dövlət müstəqilliyinin əsasını təşkil edən ərazi bütövlüyünün təmin olunması məsələsi iki il öncə Ali Baş Komandanın rəhbərliyi ilə öz həllini tapmışdır. Qüdrətli ordumuz tərəfindən işğalçı Ermənistanın yeni təxribatlarının qarşısını almaq məqsədilə başlanılan Vətən müharibəsindəki həlledici qələbələr oktyabr ayında müasir tariximizə həkk olunmuşdur.
Naxçıvanın etibarlı müdafiəsi müstəqil
dövlətimizin ordu quruculuğu siyasətinin əsasını təşkil edir
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!” – deyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılan ordu quruculuğu siyasəti bu gün ölkəmizdə, eləcə də mənfur düşmənlə həmsərhəd olan, onilliklərboyu erməni işğalına qarşı qətiyyətlə mübarizə aparan Naxçıvanda uğurla davam etdirilir. Muxtar respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan etibarlı müdafiə olunur. Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və hakim yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılmışdır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq digər bölgələrdə olduğu kimi, Havuş və Buzqov istiqamətlərində də müdafiə mövqelərində xidmət şəraiti yaxşılaşdırılmışdır. Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Havuş və Buzqov bölgələrində olmuş, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanmışdır. Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmış, şəxsi heyətə təşəkkür elan etmiş, yaradılan şəraitlə maraqlanmış, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olmuşdur. Muxtar respublika rəhbərinə müdafiə mövqelərində bildirilmişdir ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən Havuş və Buzqov bölgələrindəki mövqelərdə etibarlı müdafiə sistemi qurulmuşdur. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz üçün nümunəvi xidmət şəraiti yaradılmışdır. Dayanıqlı mühəndis istehkam qurğuları və əsgərlərimizin bilik və bacarığı mövqelərin etibarlı müdafiəsinə təminat verir. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı istənilən tapşırığı uğurla icra etmək imkanı yaradır.
Sonra Ali Məclisin Sədri digər mövqelərdə də olmuş, xidmətin təşkili və hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti ilə maraqlanmışdır. Bildirilmişdir ki, yenidən qurulan yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunmuşdur. Mövqelərdə ideoloji işin təşkili və mənəvi-psixoloji hazırlığın artırılması diqqətdə saxlanılır. Əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait yaradılmışdır. Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunur.
Muxtar respublika rəhbəri Buzqov bölgəsində yerləşən mövqelərdə də olmuş, əsgər və zabitlərlə görüşmüş, mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir. Gətirilmiş 2 tona yaxın meyvə, tərəvəz və ərzaq məhsulları, 23 televizor, 3500 dəst isti geyim, 10 min qutu siqaret anbarlara təhvil verilmişdir.
Etibarlı müdafiə sistemi sərhəd kəndlərində rahat yaşayışa, insanların sərbəst şəkildə gündəlik təsərrüfat işləri ilə məşğul olmalarına təminat verir, onlarda böyük inam, ruh yüksəkliyi yaradır. Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Havuş kəndinə gəlmiş, kənd tam orta məktəbində dərs prosesi ilə maraqlanmış, pedaqoji kollektivlə söhbət etmişdir. Bildirilmişdir ki, məktəb bu il yüz faizlik nəticə göstərmişdir. Muxtar respublika rəhbəri şagirdlərə hədiyyələr təqdim etmişdir. Məlumat verilmişdir ki, kənd əhalisi, əsasən, heyvandarlıq, bağçılıq, arıçılıqla məşğul olur. Kəndin ərazisində dərman bitkiləri yetişir ki, onlar da toplanaraq festivallarda, yarmarkalarda satışı həyata keçirilir. Kənddə məskunlaşma artmış, son altı ildə kənddə 18 yeni ev tikilmişdir. Hazırda isə iki evdə tikinti işləri aparılır.
Türkiyə-Azərbaycan əlaqələri müstəqil dövlətçilik işığında
Qədim dövlətçilik tarixinə malik iki qardaş xalqı ortaq dəyərlər, eyni məram, amal birləşdirir. Bəlkə də, Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü ilə yanaşı, Türkiyə Cümhuriyyətinin yaradılması tarixinin də eyni aya – oktyabr ayına təsadüf etməsi bu sarsılmaz tarixi bağlardan irəli gələn bir tarixi gerçəklikdir. Türkiyə və Azərbaycan xalqları tarixin bütün dövrlərində hər zaman bir-birinin yanında olmuşlar. Azərbaycanı ilk olaraq 1991-ci il 9 noyabr tarixində müstəqil dövlət kimi tanıyan da məhz bu qardaş ölkə olmuşdur. Azərbaycan dövləti ilə Türkiyə arasındakı müttəfiqlik səviyyəsinə yüksələn qarşılıqlı əlaqələr bu gün hər iki ölkənin istənilən sahədə uğurlar qazanmasına rəvac verir. Bu əlaqələrin daha da möhkəmlənməsində isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası müstəsna rol oynayır. Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil olunmuşdur. Ali Məclisin Sədri rəsmi qəbulda iştirak etmişdir. Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad olunmuş, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmiş, cümhuriyyətin qurulması ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Muxtar respublika rəhbəri Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 99-cu ildönümü münasibətilə tədbir iştirakçılarını, konsulluğun əməkdaşlarını və qardaş Türkiyə xalqını təbrik etmiş, rifah və tərəqqi arzulamışdır.
Muxtar respublikada sosial-iqtisadi inkişaf bütün sferalarda öz real bəhrələrini
verməkdədir
Dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri, açılan yeni iş yerləri, istehsal və xidmət sahələrinin yaradılması, muxtar diyarımızda ərzaq və enerji təhlükəsizliyi problemlərinin həllini tapması ölkə başçısı cənab İlham Əliyevin siyasətinin uğurları, dövlət müstəqilliyinin bəhrələridir.
Muxtar respublikamızın paytaxtı ilə yanaşı, bütün yaşayış məntəqələrini də əhatə edən quruculuq tədbirlərindən Şahbuza da pay düşüb. Oktyabrın 18-də – Müstəqilliyin Bərpası Günündə Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yaradılan şəraitlə tanış olmuş, Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır. Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada müasir iş şəraiti yaradılmış, Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi ilə aid nazirlik və komitə arasında fasiləsiz elektron əlaqə təmin edilmişdir.
Muxtar respublikada xalqımızın qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir. Məscid və mərasim evlərinin inşası da görülən bu işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Oktyabrın 18-də Şahbuz şəhərində Mərasim Evi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov binada yaradılan şəraitlə tanış olmuşdur. Həmin gün Ali Məclisin Sədri Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan binanın layihəsinə baxmış, tikinti işləri ilə də maraqlanmış, tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Qədim tarixə və mədəniyyətə malik olan Ordubad rayonunun davamlı sosial-iqtisadi inkişafı təkcə rayon mərkəzini deyil, zəngin təbiəti və təmiz havası ilə seçilən ucqar dağ kəndlərini də əhatə edir. Unus və Pəzməri kəndlərində insanların rahatlığına xidmət edən sosial obyektlərin istifadəyə verilməsi dövlətimizin iqtisadi qüdrətinin, ölkəmizdə insan amilinə verilən dəyərin və uğurla davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Oktyabrın 28-də Ordubad rayonunda ikimərtəbəli 120 şagird yerlik Unus kənd tam orta məktəbi və Pəzməri kənd ümumi orta məktəbi istifadəyə verilmiş, Ali Məclisin Sədri yeni təhsil obyektlərində yaradılan şəraitlə tanış olmuşdur. Məktəblərin pedaqoji kollektivləri ilə görüş zamanı muxtar respublika rəhbəri ən ucqar dağ kəndlərində Naxçıvan şəhərindəki təhsil ocaqlarındakı eyni, müasir tədris şəraitinin yaradıldığını, bu siyasətin həmin kəndlərdə oxuyan şagirdlərin də gələcəkdə ölkəmizin və ya dünyanın istənilən ali məktəbində təhsil ala bilməsi məqsədi daşıdığını vurğulamış, yaradılan şəraitdən düzgün istifadə edilməklə təhsilli, vətənpərvər şagirdlər yetişdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Oktyabrın 28-də Unus və Pəzməri kənd mərkəzləri istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov binalarda yerləşən təşkilatların fəaliyyətləri və yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, kənd mərkəzlərində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə məntəqəsi, eyni zamanda rabitə evi, kitabxana, arxiv, mədəniyyət evi, 38 yerlik zal və qazanxana yerləşir. Unus və Pəzməri kənd mərkəzlərində yerləşən feldşer-mama məntəqələrində yaradılan şərait sakinlərə operativ və yüksək səhiyyə xidmətinin təşkili, vətəndaşların sağlamlığının etibarlı təminatı məqsədi daşıyır.
Oktyabrın 28-də Unus və Pəzməri kəndlərində sakinlərin gündəlik ehtiyaclarının ödənilməsini təmin edəcək xidmət mərkəzləri də istifadəyə verilmişdir. Xidmət mərkəzlərində bərbərxana, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Xidmətin təşkili üçün hər cür şərait yaradılmış bu mərkəzlər əhalinin özünüməşğulluğunun təmin olunması baxımından da təqdirəlayiqdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov xidmət mərkəzlərində yaradılan şəraitlə tanış olmuş, ailə təsərrüfatı məhsullarına üstünlük verilməsi barədə tapşırıq vermişdir.
Ordubad rayonunun sosial-iqtisadi inkişaf xəritəsi daha bir mühüm əhəmiyyətli infrastruktur layihəsi ilə də zənginləşmiş, oktyabrın 28-də Vələver-Başkənd-Qoruqlar-Anaqut-Dırnıs-Kələki-Unus-Pəzməri kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir. 8 kəndi birləşdirən avtomobil yolunun yenidən qurulması bölgədə turizmin inkişafına töhfə verəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır. Ali Məclisin Sədri yolda işlərin keyfiyyətlə aparılması münasibətilə Avtomobil Yolları Dövlət Agentliyinin kollektivinə təşəkkür etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müasirləşən kəndlər sırasına qoşulan yaşayış məntəqələrinin sakinləri ilə görüş zamanı Unus və Pəzməri kəndlərinin müasir və “ağıllı kənd”lər sırasına daxil olmaları münasibətilə sakinləri təbrik etmiş, yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə və məskunlaşmanın artacağına əminliyini bildirmişdir.
Muxtar respublikada iqtisadi strategiyanın başlıca uğurlarından biri strateji sahə olan taxılçılığın inkişafıdır. Bu məqsədlə taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb olmuşdur. Əhaliyə lizinq yolu ilə texnikaların verilməsi, torpaqlarda meliorativ tədbirlərin aparılması, yeni toxum sortlarının gətirilməsi, dövlət tərəfindən əkinçilərə subsidiyaların verilməsi və biçindən sonra taxılın alınması bu sahəyə marağı artırıb.
Oktyabrın 25-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında payızlıq taxıl əkininin gedişi ilə bağlı səyyar müşavirə keçirilmişdir. Ali Məclisin Sədri çıxış edərək muxtar respublikada taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən bəhs etmiş, bu vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır. Muxtar respublika rəhbəri buğda səpini prosesini izləmişdir.
Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Culfa rayonunda Külək Elektrik Stansiyası qurulmuşdur.
Enerji mənbələrinin şaxələndirilməsi enerji təhlükəsizliyinə töhfə verən əsas amillərdəndir. Culfa Külək Elektrik Stansiyası da gələcəkdə bu ərazidə daha böyük layihələrin həyata keçirilməsində, enerji idarəetməsində müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanmasında və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində faydalı olacaqdır. Oktyabrın 31-də Culfa Külək Elektrik Stansiyası istifadəyə verilmişdir. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Hər birinin gücü 30 kilovat olan 10 külək turbini yeni qurulan 132/110/35/10 kilovoltluq “Culfa” yarımstansiyasının yaxınlığındakı əkinəyararsız ərazidə quraşdırılmışdır. İstehsal olunan elektrik enerjisi 10 kilovoltluq “Yaycı” hava elektrik verilişi xəttinə ötürüləcəkdir. Ali Məclisin Sədri Culfa Külək Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə Dövlət Energetika Xidmətinin kollektivini təbrik etmiş, stansiyanın qurulmasında əməyi olanlara təşəkkürünü bildirmiş, hədiyyələr təqdim etmiş, növbəti külək elektrik stansiyasının tikintisi barədə tapşırıqlar vermişdir.
Gələcəyimizə qayğı, uğurlu təhsil siyasəti sabahkı inkişafa etibarlı zəmanətdir
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir, zəngin maarifçilik ənənələrinə malik diyarımızda gənc nəslin layiqli vətəndaş kimi yetişməsi, onların təlim-tərbiyəsi, dünyagörüşlərinin formalaşması, güclü intellektual potensiala malik kamil mütəxəssis kimi hazırlanması istiqamətində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir” ideyası təhsildə qazanılan nailiyyətlərdə öz təzahürünü tapır. Muxtar respublikada uşaqların təlim-tərbiyəsinə və təhsilinə xüsusi diqqətlə yanaşılır, bütün təhsil pillələri, o cümlədən məktəbəqədər tərbiyə müəssisələri üçün müasir şərait yaradılır. Uşaqların məktəbə hazırlanması, onlara ilkin biliklərin və vərdişlərin öyrədilməsində məktəbəqədər təhsilin – uşaq bağçalarının müstəsna rolu nəzərə alınaraq onların fəaliyyətinin təşkilinə xüsusi dövlət qayğısı göstərilir. Bu gün muxtar respublikada fəaliyyət göstərən 20 uşaq bağçası 4 minə yaxın uşaq qəbuletmə imkanına malikdir. Müasir tələblər səviyyəsində qurulan, müsabiqə yolu ilə seçilən istedadlı və qabiliyyətli şəxslərin çalışdıqları bağçalarda uşaqların sağlam fiziki və mənəvi tərbiyəsi gələcək nəslin layiqincə yetişməsi ilə yanaşı, həm də valideynlərin məhsuldar fəaliyyət göstərmələri, cəmiyyətə daha çox fayda vermələri baxımından əhəmiyyətlidir.
Oktyabrın 5-də – Beynəlxalq Müəllimlər Günündə Naxçıvan şəhərində 8 nömrəli yeni uşaq bağçasının istifadəyə verilməsi isə gələcəyimiz olan uşaqlara göstərilən qayğının daha bir ifadəsi, həm də muxtar respublikanın çoxsaylı müəllim ordusunun müqəddəs peşə bayramına bir ərməğan oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Beynəlxalq Müəllimlər Günü münasibətilə muxtar respublikanın bütün pedaqoji kollektivlərini, uşaq bağçasının istifadəyə verilməsi münasibətilə isə ailələri və burada işlə təmin olunanları təbrik etmişdir. Muxtar respublika rəhbəri zəruri tapşırıqlar vermiş, yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır. Sonra bağçaya baxış olmuş, tədbirlər zalında məktəbəhazırlıq qrupunun uşaqları ulu öndər Heydər Əliyevə həsr olunmuş, eləcə də vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, mahnılar oxumuş, rəqs etmişlər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərinin Afiyəddin Cəlilov küçəsindəki 5 mərtəbəli, 18 mənzilli yaşayış binasında aparılan yenidənqurma və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi binasının tikinti işləri ilə də maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.
Naxçıvanda təhsil quruculuğu sahəsində görülən işlər 1925-ci ildən fəaliyyət göstərən, zəngin təhsil ənənələrinə malik 2 nömrəli tam orta məktəbi də əhatə etmiş, burada müasir maddi-texniki baza və tədris şəraiti yaradılmışdır. Oktyabrın 19-da Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Üçmərtəbəli 276 şagird yerlik məktəbdə digər müasir tədris şəraiti ilə yanaşı, dünya təhsil sistemində tətbiq olunan STEAM təhsil metodunun tətbiqi üçün müasir təchizata malik STEAM kabinəsi də yaradılmışdır. Şagirdlər hazırladıqları “Elektron dövriyyə və mühəndislik dəsti ilə radio”, “Çaylarda su səviyyəsini ölçən cihaz” və “Sənayedə avtomatik ip sarıyan mexanizm” layihələrini təqdim etmişlər. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Hüseyn Cavid – 140” mövzusunda keçilən interaktiv dərsi izləmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası müvafiq kateqoriyadan olan uşaqların təhsil hüquqlarını təmin etmiş, inklüziv təhsilə keçid imkanlarını artırmış, məsafədən təhsilin əhatə dairəsini genişləndirmişdir. Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar həm məktəbəqədər, həm də ümumi təhsil müəssisələrinə cəlb olunur, bu müəssisələrdə onlar üçün zəruri tədris şəraiti təmin edilir. Görülən tədbirlərin davamı olaraq 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmışdır. Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, mərkəzin əsas vəzifəsi sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrinə gələ bilməyən uşaqların məktəbin pedaqoji işçiləri vasitəsilə müasir təhsil texnologiyalarından istifadə etməklə ümumtəhsil proqramlarını evdə mənimsəməsini təmin etməkdən ibarətdir.
Muxtar respublika üzrə 24 I-IX sinif şagirdi distant təhsilə cəlb olunmuş, onlar üçün hərtərəfli şərait yaradılmışdır. Muxtar respublika rəhbəri distant tədris prosesi ilə maraqlanmış, şagirdlərlə söhbət etmişdir. Sonra pedaqoji kollektivlə görüş olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2 nömrəli tam orta məktəbin müasir tədrisin tələbləri səviyyəsində qurulması, eyni zamanda məktəbin nəzdində Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, tədrisin yaradılan şəraitə uyğun qurulmasının əhəmiyyətini vurğulamışdır.
Qədim diyarımız dini və milli-mənəvi dəyərlərə
yüksək ehtiram nümunəsi ilə də seçilir
Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dini-mənəvi dəyərlərin hər bir mütərəqqi cəmiyyət üçün vacib sahə olduğunu vurğulamış, demişdir: “Bu gün Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri dəyərlərimizə və qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində sistemli tədbirlər görülür”. Bu tədbirlər muxtar respublika rəhbərinin səy və təşəbbüsü ilə bu gün də uğurla davam etdirilir.
Bütün İslam aləmi üçün ən əziz bayramlardan biri olan Mövludun fəlsəfəsi bununla bitmir. Burada məqsəd ondan ibarətdir ki, müsəlmanlar Məhəmməd Peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salsın, onun yüksək insani keyfiyyətlərindən, əxlaqi dəyərlərindən ibrət götürsünlər. Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır. Hər il olduğu kimi, bu il də muxtar respublikanın bütün məscidlərində müqəddəs mövlud dindarlarla birgə qeyd olunur. Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərindəki Came məscidinə gəlmiş, Peyğəmbərimizin mövludu münasibətilə keçirilən tədbirdə iştirak etmişdir. Sonra “Qurani-Kərim”dən ayələr oxunmuş, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanmış, şəhidlərimizə rəhmət dilənmişdir. Ali Məclisin Sədri Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə dindarları təbrik etmişdir. Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasında istedadlı qadınların və fiziki imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması diqqətdə saxlanılır. Məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkil olunması onların sosial təminatı ilə yanaşı, həm də dəyərlərimizin yaşadılmasına xidmət edir. Məhdud fiziki imkanlı şəxslər və qadınlar tərəfindən milli dəyərlərimizin tərkib hissəsi kimi formalaşan sənətkarlıq sahələrinin yaşadılması məmnunluq doğurur. Naxçıvan Muxtar Respublikasında bu layihəyə 15 il bundan əvvəl başlanılıb və bu gün özünü uğurla təsdiqləməkdədir. Sentyabrın 28-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış açılmışdır. Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sərgiyə baxmışdır.
Məlumat verilmişdir ki, sərgi-satışa 442 şəxsin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Ali Məclisin Sədri sərgi-satış iştirakçılarına təşəkkürünü bildirmiş, sərgi-satışda nümayiş olunan əl işlərindən Milli Dəyərlər Muzeyinə verilməsi və layihənin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Yaradıcılığı ilə Azərbaycan mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermiş sənətkarların xatirəsinin əbədiləşdirilməsi, onların sənət irsinin yaşadılması, öyrənilməsi və təbliği muxtar respublikamızda ənənə halını almışdır. Bu, milli-mənəvi dəyərlərimizə böyük qayğının bariz ifadəsidir. Azərbaycan xalça rəssamlığının görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyev öz sənəti və yaradıcılığı ilə seçilmiş, xalça sənətinin yaşadılması sahəsindəki xidmətləri və zəhməti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Ali Məclis Sədrinin 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən isə Naxçıvan Dövlət Xalça Muzeyinə görkəmli sənətşünas alim, xalçaçı-rəssam Kamil Əliyevin adı verilmişdir.
Oktyabrın 22-də – görkəmli sənətkarın anadan olduğu gündə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edərək Kamil Əliyev yaradıcılığını sənətkarlıq baxımından yüksək qiymətləndirmiş, muzeyin bu şərəfli adı layiqincə qoruyacağına əminliyini bildirmiş, muzeyə Kamil Əliyevin adının verilməsi münasibətilə tədbir iştirakçılarını, ictimaiyyəti və kollektivi təbrik etmişdir. Sonra muzeydə Xalq rəssamı Kamil Əliyevlə bağlı yaradılmış guşəyə baxış, ekspozisiya ilə tanışlıq olmuşdur.
Naxçıvanda keçirilən olimpiada Azərbaycan şahmat
tarixində əlamətdar hadisə kimi yadda qaldı
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə şahmatın inkişafını əsas məqsədlərdən biri kimi müəyyənləşdirmiş, bu sahədə sistemli tədbirlər görülmüş, Azərbaycan şahmat məktəbi formalaşdırılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndərin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmata dövlət səviyyəsində qayğı vardır. Naxçıvan şəhərində və rayon mərkəzlərində müasir şahmat infrastrukturunun qurulması, ümumtəhsil məktəblərində şahmat fənninin tədrisi və keçirilən beynəlxalq yarışlar muxtar respublikada şahmata böyük maraq yaratmışdır. Hazırda Naxçıvanda 3 mindən artıq gənc aktiv şəkildə şahmatla məşğul olur, 1 qrossmeyster, 3 beynəlxalq usta, 2 FIDE ustası, 1 beynəlxalq hakim və 2 FIDE hakimi fəaliyyət göstərir.
Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç ilə görüşmüş, həmin gün Naxçıvan Dövlət Milli Dram Teatrında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı münasibətilə olimpiadanın bütün iştirakçılarını təbrik etmiş, şahmatçıları və qonaqları salamlamış, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının dünyanın müxtəlif ölkələrindən gələn yeniyetmə şahmatçılar arasında dostluq əlaqələrinin yaranmasına öz töhfəsini verəcəyini və sağlam mübarizə şəraitində keçəcəyini bildirmişdir. Ali Məclisin Sədri olimpiadada iştiraklarına görə bütün şahmatçılara və qonaqlara təşəkkürünü bildirmiş, şahmatçılara qələbə arzulamış, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasını açıq elan etmişdir.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçin də açılış mərasimində əminlik ifadə etdiyi kimi, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası digər ölkələr üçün nümunə olmuş, olimpiadada oyunlar rəqabətli keçmişdir. 23 ölkənin 34 komandası – 50 titullu zəka sahibinin gərgin mübarizə apardığı olimpiada dünya arenasında təşkil olunan ən yaxşı yarışlardan biri kimi yaddaqalan olmuşdur. Heç şübhəsiz ki, yüksək səviyyədə təşkil olunan bu turnir nəinki Naxçıvanın, Azərbaycanın şahmat tarixinə yazılacaq mühüm hadisə kimi şahmatçıların gələcək inkişaflarına da töhfə verəcəkdir.
Oktyabr ayında Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında baş verən hadisələr bir daha təsdiq edir ki, sabitlik, tərəqqi, inkişaf nümunəsi kimi tanınan Naxçıvan Muxtar Respublikası bütün sahələrdə yüksəliş tempi ilə inamla irəliləyir. Ümummilli lider Heydər Əliyev ideyalarının işığı altında inkişaf edən Azərbaycanın bu muxtar diyarının timsalında, bütövlükdə, ölkəmizin müstəqillik ideyaları altında dinamik tərəqqisi aydın görünür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir”.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti