AZ EN RU

Novruz bayramı muxtar respublikamızda yüksək əhvali-ruhiyyə ilə qeyd edilib

Şərur rayonu

    Yazın gəlişi ilə ilıq yaz Günəşinin şəfəqləri altında torpaq cana gəlir, çayların suyu aşıb-daşır, gur şəlalələr sanki bahar nəğməsi oxuyur. 
    Ölkəmizin hər yerində olduğu kimi, Şərur rayonunda da Novruz bayramına əvvəlcədən geniş hazırlıq işləri aparılmışdır. Bütün yaşayış məntəqələrində Novruz adət-ənənələrinə uyğun təmizlik, abadlıq işləri görülmüş, səmənilər göyərdilmiş, bayram süfrələri bəzədilmişdi. Rayon mərkəzində bayram şənliyi yüksək əhvali-ruhiyyə ilə qeyd olunmuşdur. Əvvəlcədən Baharı, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla, üçrəngli bayrağımızla bəzədilmiş meydanda rayon Mədəniyyət Şöbəsinin musiqi və teatr kollektivlərinin hazırladıqları əyləncəli, rənga­rəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanmışdır.
    Alovu ərşə ucalan tonqalın ətrafında rəqs edənlərin, yallı gedənlərin, halay tutanların çıxışları, əllərində Baharın rəmzi olan səməni tutmuş qızların meydanboyu hərəkətləri, pəhləvanların göstərdikləri maraqlı nömrələr, Keçəl və Kosanın Novruz əhvali-ruhiyyəli məzəli hərəkətləri və zarafatları hər kəsin diqqətini çəkmişdir. “Arpaçay” instrumental ansamblının müşayiəti ilə Novruzu, Baharı vəsf edən nəğmələr və xalq mahnıları, saz havaları ifa edilmiş, qara zurnanın səsi ərşə yüksəlmişdir. “Şərur qönçələri” uşaq yallı ansamblı, uşaq musiqi məktəblərinin şagirdləri ifa etdikləri rəqslərlə şənliyi daha da rövnəqləndirmişlər. 
    Tədbirin aparıcıları rayonda həyata keçirilən sosial-iqtisadi inkişafdan danışmış, qeyd etmişlər ki, bu gün Şərur geniş tikinti meydanına çevrilmişdir. Bu inkişafın, bu tərəqqinin fövqündə rayon sakinləri bayramlarımızın tacı olan Novruzu daha xoş əhvali-ruhiyyə ilə qarşılayırlar. 
    Tədbirin musiqili-əyləncəli hissəsi başa çatdıqdan sonra xalqımızın qədim sənət – misgərlik və dulusçuluq nümunələrinin, toxuculuq məmulatlarının, kənd təsərrüfatı alətlərinin, mətbəx nümunələrinin nümayiş etdirildiyi sərgiyə baxış olmuşdur. Sərgiyə Şərur şəhərindən və rayonun, demək olar ki, bütün kəndlərindən milli dəyərlərimizi əks etdirən nümunələr çıxarılmışdı. 
    Şənlikdə arzular, diləklər də bildirilmiş, Dədə Qorqud babamızın müdrik kəlamları xatırlanmışdır: “Torpağımız bərəkətli olsun, tonqallarımız heç vaxt sönməsin!”

Babək rayonu

    Bayramsayağı bəzədilən  Babək şəhərinin mərkəzi meydanında da bayram şənliyi keçirilib, yaz fəslinin yurdumuza qədəm qoyması təmtəraqla qeyd olunub. Tədbirin aparıcıları babəkliləri Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. 

    Bildirilib ki, artıq odlar diyarı Azərbaycan baharın, yazın gəlişini qalib ölkə kimi qarşılayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində Novruz bayramı əfsanəvi Cıdır düzündə, Şuşada da qeyd olunur. Bu il yaranmasının 270 illiyini keçirəcəyimiz Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşanın bərpa olunması, festivallar, poeziya günləri, tarixin və mədəniyyətin yenidən bu qədim Azərbaycan şəhərinə qaytarılması dosta sevinc, düşmənə gözdağıdır. 
    Bayram tonqalı alovlandırıldıqdan sonra Novruzu vəsf edən nəğmələr ifa olunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivlərinin hazırladığı konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Xalq çalğı alətləri, nağara və saz ansambllarının ifası, yallı qrupunun təqdim etdiyi rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə müxtəlif milli oyunlar, qədim məişət əşyaları, milli mətbəximizin nümunələri və şirniyyatlar, adət-ənənələrimiz nümayiş etdirilib. Həmçinin yundarama, cəhrədə yunəyirmə, xalçatoxuma, kirkirədə qovutçəkmə, daşda ətdöymə kimi qədim el nümunələrimiz də nümayiş olunub və ictimaiyyətin nümayəndələri tərəfindən maraqla izlənilib. 
    Bayram tədbirində rayon sakinləri ilə də görüşüb həmsöhbət olduq. Cəhri qəsəbəsindən gəlmiş ziyalı Natiq Məmmədov dedi ki, Novruz milli dəyərləri, qədim keçmişimizi özündə yaşadan və hər bir azərbaycanlı üçün əziz bayramdır. Sevinirik ki, ulu əcdadlarımızdan bizə yadigar qalan Novruzu qalib ölkə, qalib xalq kimi qeyd edirik. Novruz bayramının dövlət səviyyəsində qeyd olunması bizi daha da qürurlandırır. Bu qürurun digər səbəbi isə budur ki, ildən-ilə dövlətimizin gücü artır. Hər yerdə genişmiqyaslı quruculuq, abadlıq işləri aparılır, kəndlərimiz öz simasını dəyişir. Elə bunun özü də bir bayram sevincidir.

Ordubad rayonu

    Ordubad rayonunda da Novruz bayramı xüsusi təmtəraqla qeyd olunub.
    Tədbirin aparıcıları vurğulayıblar ki, əsrlərin sınağından çıxmış milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. 

    Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramını dövlət müstəqilliyimizin xalqımıza verdiyi bəhrələrdən biri kimi səciyyələndirirdi. Ulu öndərin ideyalarının böyük ehtiramla yaşadıldığı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da Novruz bayramı xüsusi coşqu ilə keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə xalq yaradıcılığı günləri çərçivəsində diyarımızda bir-birindən maraqlı tədbirlərin təşkili Novruz bayramını ümumxalq şənliyinə çevirib.
    Kütləviliyi ilə seçilən bayram tədbirində nümayiş olunan maraqlı, rəngarəng meydan tamaşaları, Ordubad mətbəxinin inciləri sayılan məcməyi paxlavası, şəkərbura, qayğanaq, alana, sucuq, miyanpur, bir-birindən ləziz Ordubad yeməkləri, xüsusi səriştə ilə düzəldilmiş səmənilər, sənətkarların hazırladıqları əl işləri, qədim məişət avadanlıqları rayona təşrif buyurmuş qonaqların da diqqətini cəlb edib. Novruz şənliklərində meydan tamaşalarının qəhrəmanı olan Xanın çaparların müşayiəti ilə meydana gəlməsi böyük alqışlarla qarşılanıb. Musiqi kollektivlərinin ifa elədikləri maraqlı, rəngarəng musiqi nömrələri, rayon Uşaq-Gənclər İdman Məktəbinin karateçiləri, boksçuları və gimnastlarının nümunəvi çıxışları bayrama daha da rəng qatıb.

Culfa rayonu

    Xalqımızın milli ruhunu min illərdir, özündə yaşadan Novruz bayramının gəlişi ilə əlaqədar Culfa rayonunda da el şənliyi keçirilib.

    Tədbirdə aparıcılar rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, Novruz bayramı ulu əcdadlarımızın bizə miras qoyduğu ən gözəl yadigardır. Ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının milli bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır, xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır”. 
    Qeyd olunub ki, artıq iki ildir, bayram tonqalları arzu və ümidlərimizdən qanadlanaraq Qarabağımızda da şölə saçır. İşğaldan azad olunan torpaqlarımızda qalanan bayram tonqallarının tüstüsü düşmənə gözdağı verir.
    Vurğulanıb ki, ötən ilin mart ayında ölkə Prezidentinin Şuşada – Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırması, qüdrətli dövlət başçısının oradan dünyaya verdiyi mühüm mesajlar hər bir azərbaycanlının qəlbini sonsuz sevinc və qürur hissi ilə doldurdu. 
    Rayon sakinlərinin xoş ovqatla izlədikləri şənlikdə Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Rayon Mədəniyyət Şöbəsinin hazırladığı konsert proqramı tədbir iştirakçılarında yüksək əhvali-ruhiyyə,  xoş hisslər yaradıb, “Çeşmə” ansamblının ifaları, təqdim olunan rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
    Bayram sevincini yaşayan tədbir iştirakçıları ilə həmsöhbət olduq. Bildirdilər ki, Novruz məşəqqətli günlərə, sıxıntılı həyata son qoyaraq, tükənən gücləri bərpa edərək, insanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verir, qəlblərini ümid və inamla doldurur. İnsanlar canlanmaqda olan təbiətdən ilham alır, onların qurub-yaratmaq həvəsləri daha da artır. 
    Culfa rayonunda da keçirilən bayram tədbirində iaşə xidməti təşkil olunmuş, idmançılarımızın şənliyə öz töhfələrini bəxş etməsi maraqla qarşılanmışdır.

Kəngərli rayonu

    Muxtar respublikamızın hər yerində olduğu kimi, martın 19-da Kəngərli rayonunda da Novruz bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilmişdir. Rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı Novruzun atributu olan səmənilərlə, bahara aid plakatlarla, bayraqlarla bəzədilmişdi.

    Rayon Mədəniyyət Şöbəsinin hazırladığı “Elimizə bahar gəlir” adlı əyləncəli-kütləvi bayram şənliyinin aparıcıları qələbə sevincli, zəfər müjdəli Novruz bayramı münasibətilə tədbirə toplaşanları salamlayaraq bildiriblər ki, artıq iki ildir, xalqımız birlik, həmrəylik, bolluq və bərəkət rəmzi olan Novruz bayramını yüksək ovqatla, qələbə sevinci, xoş əhvali-ruhiyyə ilə qeyd edir. 
    Vurğulanıb ki, bu bayram rаyon sakinləri üçün həm də ikiqat əlamətdardır. Çünki Kəngərli rаyonu Novruz bаyrаmı ərəfəsində – 2004-cü il mаrtın 19-dа yаrаdılıb. Ötən müddət ərzində Kəngərli rayonu böyük inkişaf yolu keçmişdir. Rayon mərkəzində, bütün kəndlərdə infrastruktur layihələri reallaşdırılmış, yollar abadlaşdırılmış, yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, əhalinin rifah halı yaxşılaşdırılmışdır. 
    Sonra bayram tədbiri bir-birindən maraqlı musiqi nömrələri ilə davam etdirilmişdir. Novruzun əsas qəhrəmanları olan Kosa və Keçəl, Bahar qızın maraqlı-əyləncəli çıxışları alqışlarla qarşılanmışdır. Dədə Qorqud şənlik iştirakçılarını təbrik etmiş, onlara əmin-amanlıq, xoş gün-güzəran, mehribanlıq, səmimiyyət arzulamışdır. Meydanda qurulmuş Novruz tonqalını bir əlində məşəl, digərində isə Azərbaycan Bayrağı olan gənc alışdırmışdır.
    Rayon Mədəniyyət Sarayının “Kəngər” instrumental ansamblının və rayon uşaq musiqi məktəbləri kollektivlərinin müşayiəti ilə ifa olunan şən mahnılar, rəngarəng musiqi nömrələri tamaşaçılara xoş ovqat bəxş etmişdir. Bayram tədbirində Şahtaxtı kənd Mədəniyyət Evinin uşaqlardan ibarət yallı kollektivi və rayon Mədəniyyət Sarayının böyüklərdən və uşaqlardan ibarət yallı kollektivlərinin təqdim etdikləri qədim xalq rəqsləri bayram şənliyinə əlavə rəng qatmışdır. 
    Novruz şənliyində bayram yarmarkası da təşkil olunmuş, müxtəlif meyvə və tərəvəz məhsulları, bayram şirniyyatları satışa çıxarılmış, iştirakçılara iaşə xidməti göstərilmişdir.

Şahbuz rayonu

    Artıq elimizə, obamıza bahar gəlib. Bu bahar bir başqa bahardır. Qarabağ ətirli ikinci bahardır. Torpaqlarımızın işğaldan azad olunması yazın, bayramlarımızın coşğusunu daha da artırıb. 

    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2021-ci ildə xalqın birliyinin, həmrəyliyinin simvollarından biri olan Novruz bayramını Şuşa torpağında qeyd etməsi bizləri daha da qürurlandırdı. Cıdır düzündə alovlandırılan ən uca Novruz tonqalı isə Şuşamıza yeni bir işıq, düşmənə isə gözdağı oldu. 
    Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərinin tərənnümü olan Novruz bayramını şahbuzlular da böyük sevinc və fərəhlə qeyd ediblər. Rayon mərkəzində təşkil olunan Novruz şənliyində Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblı üzvlərinin ifasında səslənən mahnılar alqışlarla qarşılanıb. 
    Bayramın əsas personajları olan Kosa və Keçəlin sərgüzəştlərindən, duzlu-məzəli çıxışlarından sonra kənd mədəniyyət evlərində fəaliyyət göstərən folklor qruplarının çıxışları olub. “Hodu-hodu”, “Çöpüdü” kimi xalq oyunları ifaçılarının çıxışlarına, sazçalan uşaqların bulaq suyu kimi saf zəngulələrinə maraqla tamaşa edən şahbuzluların xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə də baxış olub.  
    Həmin gün rayon mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunmuş geniş iaşə və ticarət xidmətləri, qoğallı, paxlavalı çay süfrəsi burada yazı birgə qarşılayan şahbuzlular üçün əsl asudə vaxt və məzmunlu istirahət ab-havası yaradıb. Rayon ziyalıları Zakir Ələkbərov və Növrəstə Xudiyeva söhbət zamanı bildirdilər ki, müstəqillik illərindən sonra həyata keçirilən kompleks tədbirlər sayəsində rayonumuz müasirliyə qovuşub. 
    Könüllərə bir doğmalıq, mehribanlıq bəxş edən novruzu böyük sevinclə, fərəhlə qarşılayan şahbuzlular bu ildə də daha böyük uğurlar qazanacaqlarına əmindirlər. 

Sədərək rayonu

    Minilliklərboyu xalqımız Novruzu milli bayram kimi təntənə ilə qeyd edib. Bu ənənə yaşadılaraq və ildən-ilə daha da zənginləşdirilərək günümüzə qədər gəlib çatıb. 

    Sədərək rayonunda da Novruz bayramına əvvəlcədən geniş hazırlıq tədbirləri görülmüşdü. Hər yerdə Novruz adət-ənənələrinə uyğun təmizlik, abadlıq işləri aparılmış, səmənilər göyərdilmiş, bayram süfrələri bəzədilmişdi. Bayram münasibətilə keçirilən şənlikdə rayonun musiqi kollektivləri xalqımızın Novruz adət-ənənələrini, qədim el sənətkarlığından nümunələr nümayiş etdirib, Kosa, Keçəl və Bahar qız tamaşa göstərib, rəngarəng konsert proqramı ilə tədbir iştirakçılarına yüksək ovqat bəxş olunub.
    Şənlikdə həmsöhbət olduğumuz el ağsaqqalı Əkbər Kərimov dedi ki, Sədərək sakinləri bütün bayramları, eləcə də Novruz bayramını böyük sevinclə qarşılayır, insanlar tonqalı qalayır, şənlik edirlər. Şən mahnıların səsi sərhədin o tayına, mənfur düşmənin yaşayış məntəqələrinə qədər gedib çıxır. Düşmən artıq ordumuzun qüvvəsini yaxşı bilir. Bilir ki, onlar tərəfindən atılan hər hansı bir səhv addım ağır nəticələrə gətirib çıxara bilər. Bugünkü Novruz şənliyində insanların bu qədər əmin-amanlıqla iştirak etməsi bir daha onu göstərir ki, sədərəklilər dövlətimizin gücünə, qüdrətinə tam əmindirlər. Elə bu əminlik də rayon sakinlərini torpağa, yurda daha sıx tellərlə bağlayır, onları daha yaxşı işləməyə, Sədərəyi daha da çiçəkləndirməyə sövq edir. Hər bir sədərəkli göstərilən qayğıya görə dövlətimizə minnətdardır. 
    Tədbir iştirakçıları sonra xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxıblar. Sərgidə xalq sənətinin ağacişləmə, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, daşyonma sahələrini özündə əks etdirən nümunələr şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.03.2022 17:44