AZ EN RU

Naxçıvanın mənəvi emblemi Yallı

Milli dəyərlərimizi öyrənək və yaşadaq

     Xalqımızın yaşayışı, bədii təfəkkürü sayəsində yaranan, onun həyat və məişətinin ayrılmaz hissəsinə çevrilən zəngin, tarixin bütün proseslərindən keçib gələn bu günümüzdə də öz təravətini və mahiyyətini itirməyən, milli dəyərlərimizdən sayılan yallılar xalqımızın yaratdığı, mayası, qayəsi saf olan bir sənət növüdür. Yallının Azərbaycan xalqının tarixində çox mühüm rolunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyev çıxışlarının birində demişdir: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir… Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır”. Bu sözlərdə ulu öndərin xalq sənətinə böyük sevgisi, məhəbbəti açıq-aşkar duyulur. Çünki yallı Azərbaycan xalqının birlik rəmzi, milli xüsusiyyətlərimizin örnəyi, xalq hikmətinin parlaq ifadəsidir. Əzəmət və qəhrəmanlıq tərənnüm edən yallı melodiyalarını dinləyərkən və xoreoqrafik hərəkətlərini izləyərkən daxilimizdə Vətən məhəbbəti, xalq sevgisi kimi ülvi hisslərin bir daha coşmasını duyuruq.

    Elə doğma Naxçıvanımız da təkcə tarixi-memarlıq abidələri ilə deyil, həm də mədəniyyətimizin ən qədim nümunəsi olan folklor rəqsləri – yallıları ilə tanınır. Xüsusilə də Şərurun qədim tarixə və mədəniyyətə malik olması təkcə onun daş abidələri, arxeoloji maddi mədəniyyət nümunələri ilə ölçülmür. O həm də mədəniyyətimizin incisi və ən qədim növü sayılan yallıları ilə öyünür. Bu da onu deməyə əsas verir ki, Şərur yallıları milli xoreoqrafiya sənətimizin zəngin və qiymətli xəzinəsidir. 
    Biz də el şənliklərimizdə mühüm yer tutan, insanlara sevinc, şadlıq, əyləncə bəxş edən Naxçıvan yallısı haqqında Azərbaycan Respublikasının Əməkdar artisti, “Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri Əfsər Novruzovla həmsöhbət olduq. Əfsər müəllim 24 ildir ki, bu sənət sahəsi ilə məşğuldur. Müsahibim dedi ki, yallı bizim keçmişimizi özündə yaşadan, onu gələcəyə aparan ən qiymətli xalq yaradıcılığı növüdür. Bu sənət növü şifahi şəkildə, yaddaşdan-yaddaşa köçürülərək yaşayıb, inkişaf edib və öz yaşamaq hüququnu məhz xalqın süzgəcindən keçirərək qazanıbdır. Yallılarda ifa olunan musiqi, oynanılan hər bir hərəkət özünəməxsus əhəmiyyət kəsb etməklə yanaşı, əcdadlarımızın yaşam tərzini, adət-ənənəsini, məişətini və bədii zövqünü özündə əks etdirir. Bu yallıların bir çoxu “Şərur” Xalq Yallı Ansamblı, “Nurani” və “Şərur qönçələri” yallı ansamblları tərəfindən respublikamızın paytaxtı Bakı şəhərində və eləcə də xarici ölkələrdə keçirilən bir sıra tədbirlərdə, folklor festivallarında ifa olunmuşdur. Şərurda kiçikdən-böyüyə elə bir adam tapa bilməzsən ki, yallı oynaya bilməsin. El arasında belə bir söz də var: “Yallı gedə bilmirsənsə, deməli, şərurlu deyilsən”. Şərur rayonundakı mədəniyyət müəssisələrinin hamısında yallı qrupları var. Həmin qrupların repertuarları müxtəlif yallılarla tez-tez yeniləşir və bu yeniliklər rayonda keçirilən müxtəlif tədbirlərdə nümayiş etdirilir. Şərurda yallı qruplarının daim inkişaf edərək fəaliyyət göstərməsi burada yaşayan insanların əcdadlarının yaratdığı birlik və saflıq rəmzi olan yallılara sevgisinin təzahürüdür. Qürur duyuruq ki, yüzə yaxın yallının əksəriyyəti Şərurda el şənliklərində və toylarda oynanılır. Bu reallıq dahi Üzeyir Hacıbəylinin “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub” söyləməsi fikrinin gerçəkliyini bir daha sübut edir. 
    Həmsöhbətim bildirdi ki, Şərurun ən geniş tərkibli və uzun müddət keçdikləri təcrübə nəticəsində professional səviyyəyə yüksələn üç yallı kollektivi var. Şərur Rayon Mədəniyyət Sarayında fəaliyyət göstərən “Şərur” Xalq Yallı Ansamblı və uşaqlardan ibarət “Şərur qönçələri” Çərçiboğan kənd mədəniyyət evinin “Nurani” yallı ansamblı. Fərqli yaşa mənsub olan bu kollektivləri bir-birinin ardıcılı, yaradıcılıq baxımından isə davamçısı hesab etmək olar. “Nurani” ansamblında yallısevər yaşlı kişilər yenə qol-qola, əl-ələ tutaraq əvvəlki şövqlə yallı gedir və gənclərə də yallının ifa qaydalarını öyrədirlər. Bu gün “Nurani” xalq yallı ansamblının repertuarında 20-yə qədər yallı oynanılır. Uşaqlardan və yeniyetmələrdən ibarət “Şərur qönçələri” ansambl isə ilk dəfə 1974-cü ildə Şərur rayonunun Yengicə kənd mədəniyyət evində mahir yallı ifaçısı və bilicisi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Səttar Əhmədovun təşəbbüsü ilə yaradılıb. “Şərur qönçələri” ansamblı Bakıda, Naxçıvanda və qardaş Türkiyədə keçirilən folklor festivallarında iştirak edib, diplom və mükafatlara layiq görülüb. 2000-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə keçirilən tədbirlərdə uğurlu çıxışlarına görə diplom və mükafatlara layiq görülən kollektivə mükafatları həmin vaxt Türkiyənin Prezidenti olmuş Süleyman Dəmirəl təqdim edib. 2010-cu ilin avqust ayında TÜRKSOY-un dəstəyi ilə keçirilən Türk ölkələri sənət günlərində də müvəffəqiyyət qazanan kollektiv təşkilatın diplom və mükafatına layiq görülüb. Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlət Başçılarının IX Zirvə Toplantısında milli yallılarımızı layiqincə nümayiş etdirən “Şərur qönçələri” ansamblının ifaları tədbir iştirakçılarının rəğbətini və alqışlarını qazanıb.
     Əfsər müəllim deyir ki, yallılar xüsusi məna və məzmun daşıyır. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, həmişə haqqa, ədalətə və sülhə can atmasını özündə yaşadıb. Elə götürək yallının ən qədim növlərindən biri olan “Qaladan-qalaya” rəqsini. Bu yallıda insanların döyüş əhvali-ruhiyyəsini, cəsarətini və mübarizliyini əks etdirən maraqlı səhnələr var. Musiqi sədalarına uyğun olaraq ifaçılar rəqsə ağır templə başlayırlar, sanki “döyüş meydanında düşmənlə üz-üzə gəliblər”. Rəqsin sonrakı hissəsində isə hərəkət müəyyən qədər sürətlənir, “Cəngi”nin sədaları döyüş məqamının çatdığını bildirir. Tərəflər üz-üzə dayanırlar. Dəstə başçıları öz güclərini göstərirlər. Oyunun digər hissəsində isə yenə də “qılınca əl atılır”. “Məğlub tərəf” qalib gəlmək əzmini göstərir. “Qan töküləcəyini”, “düşmənçilik yarana biləcəyini” görən ağbirçək ana meydana gələrək yaylığı ilə döyüşün qarşısını alır. “Uzundərə” havasında dəstələr sülh və barış arzusunda olduqlarını öz ifa tərzləri ilə də göstərirlər. 
    Müsahibim deyir ki, xoreoqrafik məzmununa görə yallılar iki növə ayrılır: süjet və rəqs tipli oyunlar. Süjetli oyunlar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunlarına bənzəyir. Bu rəqslərdə zarafat, gülüş üstünlük təşkil etsə də, digər yallılarda ifa və yeriş elementləri diqqəti çəkir. Nə gizlədək, milli-mənəvi sərvətlərimizin qorunması sahəsində itirdiklərimiz də çox olub. Bu da ona görə baş verib ki, tariximizin müəyyən dövrlərində incəsənətin bu sahəsinə maraq xeyli azaldığından onun bir çox nümunələri unudulub. Ötən əsrin 70-ci illərindən isə milli folklor rəqslərinin tədqiqi və təbliği istiqamətində əsaslı və ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. “Hoynərə”, “Dönə” kimi yallıların yenidən mədəni irsimizə qaytarılmasını  buna misal göstərmək olar. 
    Əfsər Novruzovun sözlərinə görə, xalq əmanətini yaşatmaq məqsədilə kollektiv yaradıcılıq axtarışlarını bu gün də uğurla davam etdirir: “Kəndbəkənd, oba-aba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayır, öyrənir, repertuarını daha da zənginləşdirir. Ömürlərinin qocalıq çağını yaşayan insanlarda bunlarla bağlı xeyli bilgilər var. Onların köməkliyi ilə unudulmaqda olan 4-5 yallı bərpa edilib. Hazırda isə repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən 50-dən çox yallı və rəqs vardır”. Ansamblın 15-ə yaxın üzvü vardır. Onların bir çoxu öz istedad və qabiliyyətləri ilə ölkə miqyasında yaxşı tanınıblar. Bu gün isə “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disklər hazırlanıb. Yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bu da onu göstərir ki, yallı sənəti Naxçıvanda qədimdən formalaşıb, inkişaf edir, təbliğ edilir. İnanırıq ki, “Şuşa ili”ndə, bu qədim şəhərimizin 270 illik yubiley tədbirləri çərçivəsində Qarabağımızın incisi, mədəniyyət beşiyi Şuşada Naxçıvan (Şərur) yallılarının sədası eşidiləcək.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 07.04.2022 19:22