AZ EN RU

Naxçıvanda Milli Teatr Günü qeyd edilib

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında tədbir keçirilib. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə hər il martın 10-u – “Milli Teatr Günü” kimi qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il 3 fevral tarixli Sərəncamı ilə bu il həm də Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illik yubileyi ölkə səviyyəsində qeyd edilir. 2023-cü il həm də Naxçıvan teatrının yaradılmasının 140 illik yubileyi ilə əlamətdardır.

    Bütün müsəlman Şərqində ilk dünyəvi, peşəkar teatr olan Azərbaycan teatrının yaranma tarixindən, keçdiyi inkişaf mərhələlərindən danışan nazir vurğulayıb ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı ötən əsrin 70-ci illərindən başlayaraq yeni bir mərhələyə qədəm qoyub. Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi zamanı söylədiyi dolğun və mənalı çıxışı xalqımızın milli sərvəti adlandırdığı Azərbaycan teatrının gələcək inkişaf proqramına çevrilib.
    Çıxışda son illərdə ölkəmizdə teatr sənətinin inkişafı ilə bağlı görülən işlərdən danışılıb, peşəkar teatrın inkişafına göstərilən diqqət və qayğıdan Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrların da uğurla bəhrələndiyini bildirilib.
    Qeyd edilib ki, ölkə başçısının Azərbaycan teatrının inkişafında özünəməxsus yerini, xalqımızın mədəni və ictimai həyatında mühüm rolunu nəzərə alaraq imzaladığı “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında” tarixi Sərəncam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” status verilməsi haqqında qərarı göstərilən diqqətin bariz sübutudur. 
    Mədəniyyət naziri mədəni sərvətimiz olan teatrın qorunması və inkişaf etdirilməsində əməyi olan, teatra könül verən bütün mədəniyyət, teatr xadimlərini, teatrsevərləri hər iki yubiley münasibəti ilə təbrik edib, bu sahədə çalışan insanlara yeni sənət uğurları arzulayıb.
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı “Heydər Əliyev İli” çərçivəsində mədəniyyətimizin, teatrımızın böyük qayğıkeşi Ulu Öndərə həsr edilmiş Aqşin Babayevin “Xilaskar” əsəri əsasında hazırlanacaq tamaşa ilə teatrsevərlərini sevindirməyə hazırlaşır. 
   Tədbirin bədii hissəsində şair-dramaturq Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunub.
    Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmanqulu Əhmədovdur. Səhnə əsərində Xalq artistləri Rza Xudiyev (Topal Teymur), Rövşən Hüseynov (Divanbəyi), Azərbaycan Respublikasının Əməkdar artistləri Nazlı Hüseynquliyeva (Dilşad), Əli Əliyev (Yıldırım Bəyazid), Vidadi Rəcəbli (Əli paşa) və digər aktyorlar tarixi obrazlarla teatrsevərlərin qarşısına çıxıblar. Tamaşa maraqla qarşılanmışdır.

***

    AMEA Naxçıvan Bölməsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı ilə birgə “Azərbaycan milli teatrı – 150” və “Naxçıvan teatrı – 140” mövzularında elmi konfrans keçirilib.

    Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 3 fevral tarixli Sərəncamını xatırladan akademik Azərbaycan teatrının təşəkkül tarixinə qısa nəzər salıb. Teatrın xalqın maarifləndirilməsində, mədəni səviyyənin inkişafında, milli düşüncənin təşəkkülündə xüsusi rolundan bəhs edən bölmə rəhbəri deyib ki, XIX əsrin II yarısından başlayaraq Şuşada, Bakıda, Lənkəranda, Naxçıvanda və ölkənin başqa bölgələrində xalq teatr tamaşaları nümayiş olunub. Məhz bu səbəbdəndir ki, həmin dövrdən başlayaraq Azərbaycan ziyalıları dram əsərlərinin səhnələşdirilməsinə, bütövlükdə, ölkədə teatr məktəbinin formalaşmasına xüsusi diqqət göstəriblər. 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnəyə qoyulması Azərbaycan teatrı üçün əlamətdar hadisə kimi tarixə düşüb. 
    Akademik vurğulayıb ki, teatr sənəti təkcə aktyorluq bacarığı ilə məhdudlaşmır, o həm də yüksək bədii gücə malik dram əsərlərinin, musiqi, rəssamlıq, səhnə tərtibatı kimi ustalıq tələb edən sənətlərin vəhdətidir. Naxçıvan teatrı da, öz növbəsində, 140 illik fəaliyyəti dövründə sənət aləminə peşəkarlar yetirməyi bacarmışdır.
    Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov konfransda “Azərbaycan milli teatrının təşəkkülü, formalaşması və inkişafı” mövzusunda məruzə edib. Məruzədə teatrımızın yaranması və keçdiyi keşməkeşli inkişaf tarixinə nəzər salınıb, milli teatrımızın inkişaf tarixi dövrlər üzrə təhlil edilib, Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev “Naxçıvan Dövlət Milli Dram Teatrı bu gün” adlı məruzəsində teatrın müasir inkişafından danışıb. Məruzəçi ötən ilin aprel ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusunun verilməsini Naxçıvanın teatr tarixində əlamətdar hadisə kimi qiymətləndirib. 
    “Naxçıvan teatrının keçdiyi şərəfli inkişaf yolu” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov Naxçıvan teatrının inkişafında tanınmış maarifpərvər ziyalıların xidmətlərindən, müxtəlif vaxtlarda tamaşaya qoyulan əsərlərdən, rolları ifa edən aktyorlardan, müstəqillik illərində Naxçıvan teatrının əldə etdiyi uğurlardan bəhs edib.

***

    Naxçıvan Dövlət Universitetində Milli Dram Teatrının yaranmasının 150-ci ildönümü qeyd olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev dünya mədəniyyət tarixində teatrların yaranmasının dövlətçiliyin tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. Rektor teatr ənənəsinin qorunmasının vacibliyini qeyd edərək cəmiyyətin müxtəlif sahələrinin maarifləndirilməsindəki rolundan danışıb. Diqqətə çatdırılıb ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşılan muxtar respublikamızda teatr və incəsənət sahələri üzrə ixtisaslı kadrların hazırlanması işinə xüsusi əhəmiyyət verilir. 2011-ci ildə ali təhsil ocağında Teatr və mədəniyyətşünaslıq kafedrasının nəzdində Aktyor sənəti ixtisasının fəaliyyətə başlaması ixtisaslı aktyor kadrlara olan tələbatın ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 

    Azərbaycan peşəkar teatrının yaranması, təşəkkülü, janrlarının formalaşması və inkişafı barəsində danışan Teatr və mədəniyyətşünaslıq kafedrasının dosenti, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Ələkbər Qasımov Azərbaycan Milli Teatrının keçdiyi keşməkeşli dövrün milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
     Aktyor sənəti ixtisasının tələbələri Qurban Səidin “Əli və Nino” əsərindən bir parça, Ramiz Rövşənin şeirləri əsasında hazırlanmış “Dünya qəfil işıqlansa” adlı tamaşa kompozisiya, Hüseyn Cavidin “İblis” faciəsindən parça və “Susqunluq” bədii kompozisiyaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.03.2023 21:58