AZ EN RU

Naxçıvanda “Bir uşaq-bir top” festivalı keçirilib

    1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yaradılmasının  55-ci ildönümü münasibətilə “Bir uşaq-bir top” festivalı keçirilib. 
    Tədbir iki hissədən ibarət olub. Birinci hissədə gənc rəssamların futbol haqqında kompozisiyaları, Face art, Ayaq bilyardı, Zorba futbol, Maket qapıya qol vuruşu, şən klounlarla futbol oyunu təşkil edilib. 
    Tədbirin rəsmi hissəsində  Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.  
    “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın uğurlu nəticələri barədə danışan nazir qeyd edib ki, yaradılmış müasir idman infrastrukturu gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub, bu da, öz növbəsində, muxtar respublikada beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıbdır. 
    Bildirilib ki, 55 illiyi qeyd edilən “Araz-Naxçıvan” komandası I divizionda qalib olub, Premyer Liqada çıxış edib, qonşu ölkələrdə müntəzəm olaraq təlim-məşq toplanışları keçirilibdir. Komandamız Region Liqasının yenicə başa çatan mövsümünü bürünc medalla tamamlayıbdır.
    Muxtar respublikada 1244 nəfər yeniyetmə və gəncin aktiv şəkildə futbolla məşğul olduğunu və 17 stadion, 30 minifutbol meydançasının mövcud olduğunu, stadionlardan 10-nun əsaslı təmir olunaraq istifadəyə verildiyini xatırladan Ramil Hacı son dövrlər futbolun inkişafı istiqamətində icra olunan digər işlər barədə məlumat verib. Klubun 55 illik yubileyinin əlamətdar gündə – 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günündə qeyd olunmasının böyük rəmzi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran gənclər və idman naziri bu münasibətlə uşaqları təbrik edib, Naxçıvanda idmanın inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə idmançılar adından minnətdarlığını ifadə edib.
    Qonaqları salamlayan Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov uşaqları 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib. Bildirib ki, dövlət uşaq siyasəti ölkəmizdə prioritet məsələlərdən biridir. Ulu öndər tərəfindən yaradılan bu siyasət ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Naxçıvan Muxtar Respublikasında da idmana göstərilən diqqət və qayğıdan danışan Vüqar Abbasov qeyd edib ki, idmançılarımız çıxış etdikləri yarışlarda Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırır, ölkəmizin idman ənənələrini layiqincə təmsil edirlər. Yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıq edən federasiya sədri “Araz-Naxçıvan”ı 55 illik yubileyi münasibətilə təbrik edib, komandanın veteran futbolçularına təşəkkürünü bildirib.
    Çıxışlardan sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii gimnastika bölməsinin “Pon-pon” qızlar qrupunun çıxışı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi tələbələrinin ifasında “Tənzərə” yallısı maraqla qarşılanıb. Tamaşaçılara, eyni zamanda “Araz-Naxçıvan”ın tarixi, uğurları və tanınmış azərbaycanlı oyunçular haqqında məlumat verilib. 
    Sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladlarına hədiyyələr verilib. Hədiyyələri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov təqdim ediblər.
    Festivalda xüsusi qayğıya ehtiyacı olan uşaqlar da mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev təqdim ediblər.
    “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun ilk baş məşqçisi olmuş Tofiq Axundovun həyat yoldaşı və qızına isə xüsusi hazırlanmış “3” və “55” nömrəli formalar təqdim olunub. Formaları Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibinin müavini Kamran Vəliyev təqdim edib.
    Festivalda “Araz-Naxçıvan”ın veteran futbolçuları da mükafatlandırılıb. Mükafatları Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov təqdim edib. 
    Sonra “Araz-Naxçıvan”ın veteran və gənc komandaları arasında yoldaşlıq görüşü keçirilib. 
    Festivalda hər uşağa bir top hədiyyə edilib. Bol hədiyyəli oyunlar, əyləncəli şoular, məşhur müğənnilərin çıxışları ilə yaddaqalan “Bir uşaq-bir top” festivalı Xalq artisti Aygün Kazımovanın konserti ilə davam edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 02.06.2022 00:00