AZ EN RU

Naxçıvanda “8 Mart – Beynəlxalq Qadınlar Günü” ilə bağlı flaşmob keçirilib

Martın 8-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhəri Heydər Əliyev prospektində təşkil olunan flaşmobda Naxçıvan Dövlət Filarmoniyasının musiqi qrupları və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivləri iştirak edib.

Əvvəlcə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin nağara ifaçısı Nəcəf Hacılı diqqətçəkən musiqi nömrəsi ifa edib. Ardınca Estrada Orkestrinin nəfəsli alətlərdən ibarət musiqi qrupu tərəfindən “Lambada”  musiqisi ifa edilmiş və həmin musiqiçilərin müşayiəti ilə Filarmoniyanın rəqs qrupu “Qaynana” filmindən “Mən oldum” musiqisi ilə rəqs etmişdir.

Sonra Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin oğlan və qızlardan ibarət rəqs qrupu çıxış edib və yaxınlıqda olan xanımlara tər güllər bağışlayıb.

Şəhər sakinləri flaşmobu alqışlarlar qarşılayıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.03.2023 17:00