AZ EN RU

Naxçıvan möhtəşəm inkişaf modelinin yeni konsepsiyalarını tarixə yazmaqda davam edir

Yeni günün, yeni inkişaf mərhələsinin başlanğıcı olan yaz fəslinin ilk ayı –

mart ayının siyasi-ictimai xarakteristikası bunu bir daha təsdiqləyir

Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının dinamik inkişafı, sosial-iqtisadi və mədəni tərəqqi baxımından yeni tarixi mərhələnin əsasının qoyulması ilə nəticələnməkdədir. Mühüm geostrateji məkanın, Azərbaycanın qədim tarixi diyarının dövlət müstəqilliyi və muxtariyyət nəticəsində qorunub saxlanılması, blokada şəraitində misligörünməmiş inkişafı ümummilli liderin siyasi irsinə sədaqətin bəhrəsidir. Naxçıvanda görülən işləri, sosial-iqtisadi və mədəni inkişafı yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Siz, Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq-quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür”. Muxtar respublikanın siyasi-ictimai həyatında mart ayında baş verən proseslərin təhlili bunu bir daha aydın təsdiq edir.

Fədakar insan əməyinə verilən dəyər doğma diyarımızın

inkişafı naminə daha əzmkar fəaliyyətə səsləyir

Muxtar respublikanın hərtərəfli inkişafında başlıca amil burada rəhbər – xalq birliyinin ideal nümunəsinin yaradılması, naxçıvanlıların doğma diyarımızda həyata keçirilən inkişaf strategiyasını ürəkdən dəstəkləyərək bu prosesdə fəal iştirak etmələri, inkişafa töhfə verənlərin, dövlətçiliyimizin güclənməsində xidmətləri olan fədakar insanların isə fəaliyyətinin daim yüksək qiymətləndirilir. Bu da növbəti daha böyük uğurlara daha geniş meydan açır. Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının medallarının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının, eləcə də “Rəşadətli əməyə görə” nişanının təqdimat mərasimi keçirilib. Ali Məclisin Sədri cənab Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə və göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib, medalları və fəxri adların döş nişanlarını və vəsiqələrini, eləcə də “Rəşadətli əməyə görə” nişanını təqdim edib. Muxtar respublikamızın rəhbəri şəhidlərimizə rəhmət diləyib, bir daha təltif olunanları təbrik edib, işlərində uğurlar arzulayıb.

Muxtar respublikamız şanlı Vətən müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etməklə yanaşı, şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı ilə də bir nümunədir

44 günlük şanlı Vətən müharibəsindəki böyük Zəfər 30 illik erməni işğalına son qoymaqla, ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə, lider-xalq-ordu həmrəyliyimizdən doğan milli iradəmizi və qətiyyətimizi nümayiş etdirməklə əbədilik qürur mənbəyinə çevrildi. Müharibə dövründə ölkəmizdə bütün sosial müdafiə mexanizmləri müntəzəm həyata keçirildiyi kimi, postmüharibə dövrünə də sosial dəstək paketi operativ şəkildə reallaşdırılmaqdadır. Bu dəstək paketi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibədə yaralanmış və sağlamlıqlarını itirmiş hərbçiləri, eyni zamanda onların yaxınlarını əhatə edir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız isə təkcə şanlı Vətən müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etməklə deyil, həm də şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilməsi ilə də nümunə gücündədir. Ötən müddətdə Vətən müharibəsi qazilərindən 56-na sağlamlıq imkanlarının məhdudlaşması ilə bağlı təyinat aparılıb, 75 ailə özünüməşğulluq proqramına cəlb edilib. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılmış Psixoloji Dəstək Xidmətində 40-dan artıq şəxsə xidmət göstərilib. Bu günədək müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik olunub, 19 nəfərin kredit borcları ödənilib, 32 ailənin məişət şəraiti yaxşılaşdırılıb, 1 şəhid ailəsi üzvünün təhsil xərcləri qarşılanıb. Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və sağlamlıq imkanlarının məhdudlaşması müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti nəticəsində ötən müddətdə 126 şəhidin 251 ailə üzvünə vəsiqələr verilib, 277 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 39 uşaq üçün sosial müavinət,           2 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilib. Vətən müharibəsi iştirakçılarından 13-ü Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə alıb, 21-nə texniki və yardımçı reabilitasiya vasitələri təqdim edilib. İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin mənzil və avtomobillərlə təminatı diqqətdə saxlanılıb, ümumilikdə, 28 şəhid ailəsi mənzillə, 28 qazi avtomobillərlə təmin olunub. Yeni yaşayış binalarında yerləşən, tam təmir edilən 2 və 3 otaqlı mənzillərdə lazımi məişət şəraiti yaradılıb. Silsilə tədbirlərin davamı olaraq martın 15-də – İlaxır çərşənbə günü daha 10 şəhid ailəsinə və qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim edilib.

Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: “İkinci Qarabağ müharibəsində lider-xalq birliyi və igid oğullarımızın qəhrəmanlığı xalqımıza böyük Zəfər qazandırdı. Bu gün Azərbaycanda şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xalqımızın birlik və vətənpərvərliyinin ifadəsi olan Novruz bayramı ərəfəsində muxtar respublikada şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil və avtomobillərlə təmin olunması da bu tədbirlərin davamıdır”.

Muxtar respublika rəhbəri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib, şəhid ailələrinə və qazilərə rahat həyat arzulayıb. Tədbir çay süfrəsi arxasında davam edib.

Qədim diyarın sakinləri ümumdövlət, ümummilli, ümumxalq bayramımız olan Novruzu yaddaqalanuğurlar, ruh yüksəkliyi ilə qarşılayıb

Novruz Azərbaycan xalqının milli dəyərlərini, tarixi keçmişini, təfəkkür tərzini və etnik mədəniyyətini özündə yaşadan, dünya mədəniyyət tarixində özünəməxsus yeri olan qədim bayramımızdır. Digər milli-mənəvi dəyərlərimiz kimi Novruz bayramı da zaman-zaman qadağa və məhrumiyyətlərə məruz qalmış, lakin milli mənəviyyatına və soykökünə sadiq qalan xalqımız onu tarixin bütün keşməkeşlərindən mətanətlə qoruyaraq yaşatmışdır. Novruzun milli bayram kimi dövlət səviyyəsində qeyd olunması isə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu milli soykökə və dəyərlərə qayıdış siyasətinin nəticəsidir. Bu gün Novruz bayramı həm də milli həmrəylərimizin toxunulmaz rəmzinə çevrilmişdir.

Şanlı Zəfərimizin Azərbaycana əbədilik bahar bəxş etdiyi üçündür ki, ölkəmizdə, onun muxtar diyarında insanlar Novruz bayramını ikiqat ruh yüksəkliyi, əmək coşqunluğu, Vətənə sevgi, doğma torpağa bağlılıq, qurub-yaratmaq əzmi ilə qeyd edir. Əsrlərin yaşıdı olan bu milli bayram Naxçıvan Muxtar Respublikasında bu il də quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunub. Bu, Heydər Əliyev ideyalarının inam və qətiyyətlə reallaşdırılmasının daha bir təntənəsi idi. Ali Məclisin Sədri martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında muxtar respublikamızın çoxcəhətli uğurlarının səbəbini məhz belə dəyərləndirib: “Bu gün Novruz bayramı Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq, birlik, sabitlik və firavanlıq şəraitində, ən əsası isə böyük Qələbə sevinci ilə qeyd olunur. Bunun bir səbəbi var: o da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən Heydər Əliyev yolu, xalqımızın bu yola olan dərin sədaqəti və birliyidir. Ulu öndərin yolunun davam etdirilməsi nəticəsində muxtar respublikada da 2021-ci il inkişaf və quruculuq dövrü kimi tarixə düşmüş, ümumi daxili məhsul istehsalı 3 milyard manatdan artıq olmuşdur. Bu dövrdə iqtisadi göstəricilər artım dinamikası ilə qeydə alınmış, sənaye məhsulu 1,7, əsas kapitala yönəldilən vəsaitlər 2, kənd təsərrüfatı məhsulu 5,3, informasiya və rabitə xidmətləri 6,9 və pərakəndə əmtəə dövriyyəsi 2,1 faiz artmışdır. Özəl bölmənin inkişafı da diqqətdə saxlanılmış, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 142 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmışdır. Muxtar respublikada tikinti-quruculuq işləri də davam etdirilmiş, 355 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bütün bu uğurlara insan əməyi, zəhməti olmadan nail olmaq mümkün deyil. Muxtar respublikamızın inkişafına öz töhfəsini verənlərin hamısına təşəkkürümü bildirirəm. Əminik ki, iqtisadi imkanlar muxtar respublikada bundan sonra da inkişaf dinamikasını qoruyub saxlayacaqdır. Bayramın yeniləşdirici ab-havasına uyğun olaraq abadlıq-quruculuq işləri 2022-ci ildə də davam etdiriləcək, iqtisadiyyatın bütün sahələrində inkişaf təmin olunacaq, sabitlik daha da möhkəmləndiriləcəkdir”.

Ali Məclisin Sədri Novruz bayramı münasibətilə şəhid ailələrini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, veteranları, bütün muxtar respublika əhalisini təbrik edib.

Muxtar respublika rəhbərinin təbrikindən sonra musiqi kollektivlərinin rəngbərəng ifalar təqdim etdiyi, Novruz adətlərimizin və milli dəyərlərimizin nümayiş olunduğu möhtəşəm Novruz şənliyi başlayıb. Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi üzvlərinin ifaları, tulum və digər nəfəsli milli musiqi alətlərində səsləndirilən xalq mahnıları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qruplarının təqdim etdiyi yallı rəqsləri birlik və həmrəyliyin rəmzi kimi hərarətlə qarşılanıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudovun oxuduğu mahnı, Naxçıvan Dövlət Filarmoniyasının xor kollektivinin ifa etdiyi xalq mahnısı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi tərəfindən şənlik iştirakçılarına təqdim edilən “Saçları səməni oğlan” Novruz kompozisiyası, Naxçıvan Musiqi Kollecinin “Sazçalanlar” ansamblının ifası bayram əhvali-ruhiyyəsi ilə maraq doğurub, alqışlarla qarşılanıb.

Ali Məclisin Sədri “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin, “Ləzzət Qida Sənaye” Мəhdud Məsuliyyətli Cəmiyyətinin, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin, “Badamlı Mineral Sular” Мəhdud Məsuliyyətli Cəmiyyətinin stendlərinə baxıb.

Bayram şənliyində Təhsil Nazirliyi tərəfindən innovativ dərnəklərin təqdimatı olub. Muxtar respublika rəhbəri məktəblilərin hazırladığı xalq yaradıcılığı nümunələrindən ibarət əl işlərinə baxıb. Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzinə aid stenddə müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət, heykəltəraşlıq və zərgərlik, həmçinin Naxçıvan milli mətbəxinə aid nümunələr sərgilənib. Universitetin xarici tələbələrindən ibarət rəqs qrupunun ifasında “Gülüm hey” və yallı rəqslərindən ibarət kompozisiya, “Sarı gəlin” mahnısının təqdimatı xoş təəssürat yaradıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar tərəfindən hazırlanan əl işləri, cəzaçəkmə müəssisəsinin ərazisindəki istixanalarda yetişdirilən məhsullar nümayiş edilib.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin dekorativ-tətbiqi sənət nümunələrinə baxıb, “Var gülüşündə” və “Yaşa, mənim xalqım” mahnıları tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan xüsusi istedada malik qadınların əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə qadınların Naxçıvan daşlarından hazırladıqları bəzək əşyaları, dekorativ-tətbiqi sənət nümunələri, taxta üzərində yandırmalar, suvenirlər, bayram şirniyyatları, eləcə də istehsal etdikləri müxtəlif məhsullar maraqla qarşılanıb.

Ailə əməyinə üstünlük vermək, təsərrüfat işlərinə başlamaq, məhsuldarlığın əsasının qoyulması Novruz bayramının mahiyyətini əks etdirməklə ilin ruzi-bərəkətli keçəcəyinə də zəmanət verən mühüm amildir. Bayram tədbirinə ailə təsərrüfatları tərəfindən çıxarılan məhsullar, xüsusi zövqlə qablaşdırılmış milli şirniyyat və mətbəx nümunələri böyük marağa səbəb olub. Minlərlə şəhər sakininin və turistin iştirak etdiyi şənlikdə muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən ictimai iaşə xidməti göstərilib. Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə şənliklər keçirilib.

Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır

Ümummilli lider Heydər Əliyevin milli və mənəvi dəyərlərimizin qorunması, insanların dini etiqadlarına, vicdan azadlığına dövlət səviyyəsində ehtiram göstərilməsi ilə bağlı miras qoyduğu mütərəqqi siyasi konsepsiya bu gün də uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan multikultural bir ölkə kimi dünyada tanınır. Ümummilli liderimizin müəyyənləşdirdiyi bu xətt bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. Müstəqillik illərində dahi şəxsiyyətin müəyyənləşdirdiyi dövlət-din münasibətləri Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirilib, 169 məscid tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilib. Hazırda muxtar respublikada 214 məscid vardır. Nuh Peyğəmbərin türbəsi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və 3 imamzadə bərpa olunub. Dindarların biliklərinin artırılması sahəsində də işlər görülüb, 407 din xadiminə vəsiqə verilib. Mövcud dini-mədəni irsin və görülən işlərin nəticəsi olaraq Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib.

Bu gün muxtar respublikada dövlət-din münasibətləri dəyərlərimizə və qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində sistemli tədbirlər görülür. “Yaşadığımız dövrdə dini öyrənərək və mahiyyətinə uyğun təbliğ etmək qarşıda duran əsas vəzifədir” konsepsiyasını əsas götürən Ali Məclis Sədrinin rəhbərliyi ilə müstəqillik illərində muxtar respublikada Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura, Mənəvi Dəyərlər Fondu, hər rayonda Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyalar və dini icmalar yaradılıb. Həmçinin dini təhsil sistemi təkmilləşdirilib, “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılıb, eyni zamanda dindarlar üçün kurslar təşkil olunub. Muxtar respublikada dini-mənəvi dəyərlərlə bağlı ümumiləşdirici əsərlər, 20-yə qədər kitab və monoqrafiyalar, çoxsaylı məqalələr nəşr etdirilib. Bundan başqa, bu sahə ilə bağlı müxtəlif aktual mövzularda elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaları müdafiə edilib. Muxtar respublikada indiyədək bərpa olunan 70-dən artıq tarix-mədəniyyət abidəsinin böyük bir qismini İslam dini ilə əlaqədar olan abidələr, o cümlədən məscidlər, xanəgahlar, türbələr, imamzadələr və başqaları tutur. Ali Məclis Sədrinin sərəncamları əsasında AMEA Naxçıvan Bölməsi tərəfindən İslam mədəniyyətinin möhtəşəm nümunələrinə həsr olunmuş “Gülüstan türbəsi” və “Qarabağlar Türbə Kompleksi” kitablarını hazırlayıblar. İslam dini ilə bağlı olan “Naxçıvanın türk-islam mədəniyyəti abidələri”, “Naxçıvanın məscid və ziyarətgahları”, “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri” və digər kitablar hazırlanaraq nəşr etdirilib. Bu gün muxtar respublikada dövlət-din münasibətlərinin inkişafı sahəsində görülən işlərin nəticəsidir ki, dini-mənəvi dəyərlərimiz qorunur, sağlam dini-ideoloji təbliğat işi aparılır. Martın 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Ali Məclisin Sədri çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə mənəvi dəyərlərin qorunub yaşadılmasını diqqətdə saxlamış, müstəqillik illərində ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazası yaradılmış, vicdan və etiqad azadlığı təmin olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdəki fəaliyyətini isə muxtar respublika rəhbəri belə səciyyələndirib: “Artıq Azərbaycan dünyaya dövlət-din modelini təqdim edir, ölkəmizdəki dini dözümlülük və tolerantlıq nümunə kimi qəbul olunur”.

“Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır”, – deyən Ali Məclisin Sədri bildirib ki, o cəmiyyət sağlamdır ki, orada mənəvi dəyərlərə sahiblik vardır. Bu gün dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında isə dini həmrəylik və tolerantlıq hökm sürür. Təktanrıçılığın mərkəzlərindən olan Naxçıvanda yerli əhali 653-cü ildə İslam dinini könüllü qəbul etmiş, bu ərazidə sağlam dini etiqad və zəngin mənəvi dəyərlər sistemi formalaşmışdır. Təsadüfi deyil ki, on beşinci əsrdə tərtib olunmuş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvan İslamın ən güclü dayaqlarından biri kimi göstərilmişdir.      

Ali Məclisin Sədri müşavirədə aidiyyəti üzrə tapşırıqlar da verib. Qeyd olunub ki, geo­strateji baxımdan çox mühüm bir məkanda yerləşən Naxçıvanda bütün sahələr üzrə olduğu kimi, milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biri olan dini təhlükəsizliyin təmin olunması da önəmlidir.

Ali Məclisin Sədri deyib: “Sağlam mənəviyyat üç yolla – milli kimliklə dinin, elmlə dinin və təhsillə dinin vəhdəti hesabına formalaşır. Qarşıda duran birinci vəzifə dini kimliyimizlə milli kimliyimizin vəhdət təşkil etməsidir. Bu səbəbdən də dini dəyərlərimizlə milli adət-ənənə və dəyərlərimiz xalqımızın varlığının ifadəsi kimi vahid sistem formasında qorunmalı, inkişaf və təbliğ edilməlidir”. Məzhəbçilik, radikalçılıq və xurafatçılığın dini-mənəvi dəyərlərə zidd, eyni zamanda milli təhlükəsizlik üçün təhdid olduğunu diqqətə çatdıran muxtar respublika rəhbəri aidiyyəti qurumlara tapşırıq verib ki, məzhəb və dini ayrı-seçkiliyə, qeyri-ənənəvi dini cərəyan və təriqətlərə qarşı tədbirlər davam etdirilməli, dini baxışlardan kənar məqsədlər üçün istifadə cəhdlərinin qarşısı alınmalıdır. Muxtar respublika rəhbəri İslamın elm və təhsilə, mənəvi saflığa çağırış olduğunu, dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rol oynadığını diqqətə çatdırıb, elmlə dinin vəhdətinə nail olunması, bu sahədə birgə tədqiqatlar aparılması, elmi-dini ədəbiyyatlar yazılması ilə bağlı tapşırıqlar verərək vurğulayıb ki, dini-mənəvi dəyərlərimizə tariximizin mirası kimi yox, bu günümüzün və gələcəyimizin təminatı kimi yanaşılmalıdır. Qeyd edilib ki, dünyəvi dini təhsilin dinin əsaslarının doğru şəkildə cəmiyyətə çatdırılmasında və yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm vasitə olduğunu nəzərə alaraq “Naxçıvan” Universitetindəki Dinşünaslıq ixtisası üçün kadr hazırlığı təkmilləşdirilməli, bu günün reallıqları ilə səsləşən və din sahəsində sağlam ictimai şüuru formalaşdıran kadrlar hazırlanmalıdır. Məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçiliyi təbliğ edən ədəbiyyat, əşya və digər materiallar dini mahiyyətindən uzaqlaşdırdığı üçün onların ekspertizası aparılmalıdır. Dini dəyərlərimizi düzgün təbliğ etməklə gənclərimizi Vətənə sədaqət, vətənpərvərlik ruhunda tərbiyə etmək, onları Vətəni qorumaq üçün hazırlamaq istiqamətində sistemli iş aparılmalıdır. Muxtar respublika rəhbəri dindarların attestasiyasının davam etdirmək, Ramazan və Məhərrəmlik aylarının fəzilətlərinə və dəyərlərimizə uyğun keçirilməsinə nail olmaq, dini maarifləndirmə tədbirlərinin effektivliyini artırmaq, din və cəmiyyət, din və dövlət münasibətlərinin mahiyyətini ifadə edən maarifləndirici tədbirlər keçirmək, müzakirələr aparmaq, kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə etməklə bağlı mühüm tapşırıq və tövsiyələr verib.

Dini-mənəvi dəyərlərə həsr olunmuş sərgi ilə tanışlıq zamanı muxtar respublika rəhbəri Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinin dini maarifləndirmə tədbirlərində və kadr hazırlığında istifadəsinin əhəmiyyətini vurğulayıb, ali dini təhsilli kadrların hazırlanması və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində dini ədəbiyyatların tərcümə olunması barədə müvafiq tapşırıqlar verib, dini-mənəvi dəyərlər sahəsində görülən işlərdə əməyi olanlara və muxtar respublika dindarlarına təşəkkür edib. Sonra Babək, Ordubad, Culfa və Kəngərli rayonlarının dini icmalarına avtomobillər təqdim olunub.

Dünya təhsil sisteminə inteqrasiya gələcək inkişafa hədəflənib

Muxtar respublikamızın qonşu ölkələr,  xüsusilə də qardaş Türkiyə ilə iqtisadi-ticarət, mədəniyyət əlaqələri durmadan inkişaf edir. Səhiyyə, mədəniyyət, ticarət və iqtisadi sahələri əhatə edən bu əlaqələr sırasında təhsil tərəfdaşlığı da xüsusi yer tutur. Təkcə onu qeyd etmək kifayətdir ki, dünyanın 130-dan çox ölkəsi ilə beynəlxalq əməkdaşlığa malik olan Naxçıvan Dövlət Universitetinin Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə geniş əməkdaşlıq fəaliyyəti mövcuddur. Əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin nəticəsidir ki, hazırda Naxçıvan Dövlət Universitetində ali təhsil alan 1500-ə yaxın xarici ölkə vətəndaşının 1100-ə yaxını türkiyəli tələbələrdir. Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Ankara, Qazi və İstanbul Texnik universitetlərinin rektorları ilə görüşüb.

Ali Məclisin Sədri qardaş Türkiyənin ilk yerlərdə olan universitet rektorlarının Naxçıvana səfərindən məmnunluğunu bildirib, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkür edib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına toxunan Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib və təhsilin hər bir ölkə üçün strateji sahə olduğunu bildirib. Ali Məclisin Sədri “Elm paylaşıldığı zaman daha da çoxalır” fikrini xatırladaraq ali təhsil müəssisələri arasındakı əməkdaşlığın bu baxımdan faydalı olacağını vurğulayıb.

Yeni günün, yeni inkişaf mərhələsinin başlanğıcı olan yaz fəslinin ilk ayı – mart ayının siyasi-ictimai xarakteristikası bir daha onu göstərir ki, Qurucu Rəhbərin yüksək vətənpərvərlik amalının və fədakar siyasi fəaliyyətinin bəhrəsi olaraq Naxçıvan möhtəşəm inkişaf modelinin yeni konsepsiyalarını tarixə yazmaqda davam edir. Bu, eyni zamanda ölkə rəhbərinin ümummilli lider Heydər Əliyev ideyalarına sonsuz sədaqətinin, bu ideyaların inam və qətiyyətlə reallaşdırmasının, eləcə də qədim və doğma diyar Naxçıvana böyük qayğısının, doğma münasibətinin parlaq təcəssümüdür: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”.

- Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

Nəşr edilib : 18.04.2022 20:43