Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının qətiyyət və uğurla reallaşdırıldığı Naxçıvanda görülən işlər sosial rifah, dinamik iqtisadi tərəqqi, humanitar siyasət nəticəsində innovasiyayönümlü inkişaf şəklində öz real bəhrələrini verməkdədir. Bunu ötən ilin son ayındakı ictimai-siyasi proseslər, qazanılan uğurlar da sübut edir.
Tarixə qızıl hərflərlə yazılan quruculuq və inkişaf siyasəti
Müstəqillik illərində muxtar respublikada səhiyyə xidməti sahəsində də köklü islahatlar aparılıb, səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilib, tibbi kadrların səviyyəsi yüksəldilib. Yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, pandemiya ilə mübarizə tədbirləri muxtar respublikada mütəşəkkil təşkil olunub, qabaqlayıcı tədbirlər pandemiyanın qədim diyarda geniş yayılmasının qarşısını alıb. Bir məsələni də qeyd etmək lazımdır ki, muxtar respublikada koronavirus pandemiyasının qarşısının alınmasında müasir səhiyyə infrastrukturu, peşəkar tibbi heyətlə yanaşı, evlərdə karantin rejiminin tətbiqi və müalicənin təşkili də mühüm rol oynayır. Elə bu mühüm amili nəzərə alan Ali Məclis Sədrinin tapşırığı ilə son 2 il ərzində muxtar respublikanın səhiyyə müəssisələrinə tələbata uyğun təcili tibbi yardım maşınları verilib. Dekabrın 1-də muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobilinin verilməsi də bu istiqamətdə görülən işlərin davamı, vətəndaşların sağlamlığına göstərilən qayğının əyani ifadəsidir. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında qeyd edib ki, muxtar respublikada həyata keçirilən çoxşaxəli və məqsədyönlü tədbirlər nəticəsində istər ucqar dağ kəndlərində, istərsə də şəhər mərkəzlərində səhiyyə müəssisələri üçün lazımi şəraitin yaradılması, tibbi avadanlıqların quraşdırılması, həkim hazırlığı və profilaktik tədbirlərin görülməsi muxtar respublikada mövsümi xəstəliklərin yayılmasının qarşısını almışdır. Muxtar respublika rəhbəri Naxçıvanda pandemiya ilə mübarizədə iştirak edən bütün həkimlərə və tibb işçilərinə, baytarlıq təbabəti xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkürünü bildirib, birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Sonra avtomobillərin açarları təqdim edilib, yeni alınmış təcili tibbi yardım avtomobillərinə baxış olub.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikada da real bəhrələrini verməkdədir. Ötən il də muxtar respublika tarixinə quruculuq və sosial-iqtisadi inkişaf ili kimi düşüb. Təkcə ötən ilin 3 ayı ərzində Ordubad rayonunun 3 kəndində abadlıq-quruculuq işlərinin tamamlanması dediklərimizin əyani sübutudur. Rayonun böyük turizm potensialı olan Dırnıs kəndində, eləcə də Vələver yaşayış məntəqəsində geniş tikinti-quruculuq işləri aparılıb, bu kəndlər də simasını tamamilə dəyişərək abadlaşan yaşayış məntəqələri sırasına qoşulub. Bir vacib faktı da qeyd etmək yerinə düşər ki, aparılan genişmiqyaslı quruculuq işləri zamanı ümummilli liderin “Təhsil millətin gələcəyidir” siyasi strategiyası əsas götürülərək yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilir, təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Təkcə onu demək kifayətdir ki, ötən il muxtar respublikada 8 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, hazırda 5 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Dekabrın 3-də 3 mərtəbədən ibarət olan 216 şagird yerlik Dırnıs kənd tam orta məktəbinin, dekabrın 23-də isə 3 mərtəbədən ibarət olan 198 şagird yerlik Vələver kənd tam orta məktəbinin yeni binalarının istifadəyə verilməsi istər tədris kollektivlərinin, istərsə də şagird kontingenti və sakinlərin böyük sevincinə səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov məktəblərdə yaradılan müasir tədris şəraiti, maddi-texniki baza ilə tanış olub, hər iki məktəbdə elektron sinifdə 200-dən artıq təhsil müəssisəsi arasında keçilən interaktiv dərsləri izləyib. Muxtar respublika rəhbəri Vətən müharibəsi iştirakçıları ilə şagirdlər arasında görüşlərin keçirilməsi barədə tapşırıq verib. Şahmat sinfinə baxış zamanı Ali Məclisin Sədri onlayn şahmat yarışlarına üstünlük verilməsinin zəruriliyini vurğulayıb, Naxçıvanda şahmatın tədrisinin nümunə kimi təqdim olunduğunu bildirib.
Məktəbin pedaqoji kollektivləri ilə görüşdə çıxış edən muxtar respublika rəhbəri onları təbrik edərək deyib: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilin də əsası məktəbdə qoyulur. Ona görə də məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulmalıdır. Müstəqil ölkəmizin gələcəyinin təminatçısı olan gənclərin yetişdirilməsi üçün onlar yaxşı təhsil almalı, vətənpərvər ruhda böyüməlidir. Gənclər elə yetişdirilməlidir ki, onların nəinki Azərbaycanda, həmçinin istənilən xarici ölkələrdə ali təhsil almaq, peşə öyrənmək imkanları olsun”.
Muxtar respublika rəhbəri hər iki məktəbin son 5 illik nailiyyətlərini təhlil edərək qənaətbəxş qiymətləndirib. Məktəbdə təhsillə bərabər, gənclərimizi həm də vətənpərvər ruhda böyütmək, yaradılan şəraitdən səmərəli istifadə etmək, ailələrlə sıx əlaqə qurmaq, hər bir şagirdlə iş aparmaq, onları bacarığına və marağına uyğun ixtisaslara yönləndirmək, qurulanları qorumaq, eyni zamanda kollektivin öz işinə məsuliyyətlə yanaşması və gələcəkdə daha böyük nailiyyətlər qazanması ilə bağlı tapşırıq və tövsiyələrini verib, kollektivlərə tədrisdə uğurlar arzulayıb.
Kənd yaşayış məntəqələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən ardıcıl tədbirlərin davamı kimi dekabrın 3-də Dırnıs kəndində həkim ambulatoriyasının açılışı olub. Ali Məclisin Sədri səhiyyə ocağında yaradılan şəraitlə tanış olub, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzindən həkim briqadalarının göndərilməsi, bu sahədə broşürlərin hazırlanması barədə tapşırıqlar verib.
Müasir idarəetmə sistemi yaradılması istiqamətində görülən tədbirlərin davamı olaraq dekabrın 3-də Dırnıs, dekabrın 23-də isə Vələver kənd mərkəzləri də istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov binalarda yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, kənd mərkəzlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, rabitə evləri, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatları, arxiv, statistika otağı, klub, zal yerləşir. Ali Məclisin Sədri maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsi barədə tapşırıqlar verib.
Muxtar respublika rəhbəri kompleks quruculuq tədbirləri çərçivəsində Dırnıs və Vələver kəndlərində xidmət mərkəzlərinin də açılışlarını edib, yerli məhsulların satışına üstünlük verilməsi barədə tapşırıqlar verib. Qeyd edək ki, xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış kənd mərkəzlərinin hər birində 5 nəfər işlə təmin olunmuşdur. Ali Məclisin Sədri kənd sakinləri ilə görüşdə Ordubad rayonunun bu kəndlərinin də müasir yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: “Kənddə ailə təsərrüfatları formalaşıb, inkişaf edib. Ərazi imkan verir ki, burada heyvandarlıq, arıçılıq, meyvəçilik və bitkiçilik inkişaf etdirilsin. Bütün bunlardan səmərəli istifadə edərək gözəl, səfalı kəndi daha da abadlaşdırmaq lazımdır. Dövlət əhalinin rahatlığı üçün hər cür şərait yaradıb. Bütün bu işlərin görülməsi üçün ölkədə sabitlik, inkişaf və iqtisadi imkanlar olmalıdır. Ümummilli lider Heydər Əliyev siyasətinin davam etdirilməsi, o yola sədaqət bu gün kəndlərimizi, ölkəmizi abadlaşdırmaqla bərabər, ərazi bütövlüyümüzü təmin etdi. Bunların hamısı bugünkü reallıqlardır... Qısa müddətdə Azərbaycan inkişaf etmiş ölkələr sırasında özünəlayiq yer tutub. Ölkəmiz iqtisadi imkanlarına və təhsilin səviyyəsinə görə ön sıralarda dayanır. Bütün bunlar hamısı nailiyyətdir. Görülən işlər ölkəmizin bu günü ilə yanaşı, eyni zamanda onun gələcəyini də təmin edəcəkdir. Bütün bunlara dövlət-xalq birliyi nəticəsində nail olunub”.
Muxtar respublikada güclü iqtisadiyyatın və yüksək mədəniyyətin göstəricisi, inkişafın ilkin bələdçisi olan yol infrastrukturunun yenilənməsi də daim diqqət mərkəzində saxlanılır. Mərkəzlə yanaşı, bölgələrdə də müasir yolların salınması əhalinin təhlükəsizliyini və rahatlığını təmin edir, sosial-iqtisadi inkişafa xidmət göstərir. Dırnıs və Vələver yaşayış məntəqələrində kənd avtomobil yollarının yenidən qurulması da bölgələrdə infrastruktur quruculuğu istiqamətində görülən işlərin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dekabrın 3-də və 23-də həyata keçirilən quruculuq işləri ilə tanış olub. Muxtar respublika rəhbərinə Vənənd-Pəzməri yolunda aparılan yenidənqurma işləri haqqında da məlumat verilib, Ali Məclisin Sədri Vənənd-Pəzməri avtomobil yolunda işlərin davam etdirilməsi barədə tapşırıq verib.
Qeyd edək ki, müasir yol-nəqliyyat infrastrukturu yaradılmasına dövlət qayğısının bir bariz nümunəsi də dekabrın 21-də Babək rayonunun Cəhri qəsəbəsində olarkən Ali Məclis Sədrinin Cəhri-Gərməçataq kənd avtomobil yolunda görülən yenidənqurma işləri ilə də maraqlanmasıdır. Muxtar respublika rəhbəri yolda yenidənqurma işlərinin davam etdirilməsi və sakinlərin təkliflərinin nəzərə alınması barədə tapşırıqlar verib.
Muxtar respublikanın ədliyyə orqanlarında innovativ yeniliklərin tətbiqinə xüsusi diqqət yetirilir, müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilir, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların fəaliyyəti təkmilləşdirilir. Dekabrın 8-də Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisinin inzibati binasının istifadəyə verilməsi də görülən işlərin davamıdır. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri çıxış edərək ölkəmizdə qeydiyyat şöbələrinin fəaliyyətinin qanunvericiliklə tənzimləməsindən, vaxtilə Naxçıvan şəhərində 1 Qeydiyyat şöbəsi vardısa, hazırda muxtar respublikada 8 Qeydiyyat şöbəsi, 1 Nikah Evi, 11 Notariat Ofisinin fəaliyyət göstərməsindən danışıb, müasir tələblərə cavab verən binada fəaliyyətini davam etdirəcək yeni Qeydiyyat şöbəsinin kollektivini bu münasibətlə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Hərbi tərəfdaşlıq inkişaf etdirilir
Azərbaycan ilə qardaş Türkiyə arasında əlaqələrin inkişafı müasir dövrümüzdə hər iki ölkənin prezidentləri tərəfindən daha da inkişaf etdirilir, xüsusilə də hərbi sahədə əməkdaşlıq genişləndirilir. Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, general-mayor Zəkəriyə Yalçınla görüşüb. Muxtar respublikamızın rəhbəri yeni vəzifəyə təyin olunması münasibətilə qonağı təbrik edib, Azərbaycan-Türkiyə münasibətlərinin hərbi sahədə uğurla davam etdirildiyini diqqətə çatdırıb. İkinci Qarabağ müharibəsinin qazanılmasında Türkiyənin tutduğu ədalətli mövqedən və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsindəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirib, əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulayıb.
Vaxtilə aqrar məkan kimi tanınan Naxçıvan Muxtar Respublikası aqrar-sənaye
diyarı kimi şöhrət qazanmaqdadır
Son dövrlər muxtar respublikanın iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən birinə çevrilən sənaye yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Həmin sektorda aparılan islahatların nəticəsidir ki, tarixən aqrar məkan kimi formalaşan Naxçıvan Muxtar Respublikası aqrar-sənaye diyarına çevrilməkdədir. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsinin diqqətdə saxlanılması muxtar respublikanın sosial-iqtisadi tərəqqisinə xidmət edir. Dekabrın 13-də “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik məmulatlar istehsalı sahəsi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Məlumat verilib ki, yeni müəssisə sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və yeni iş yerlərinin açılmasına imkan verəcəkdir. Müəssisədə Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb, 30 nəfər işlə təmin olunub. İllik istehsal gücü 1440 ton olan müəssisədə polietilen şirinq, masa örtüyü, müxtəlif polietilen torbalar olmaqla, 15 çeşiddə məhsul istehsal ediləcəkdir. Müəssisə daxili tələbatı keyfiyyətli yerli məhsullar hesabına ödəyəcəkdir. İstehsal olunan məhsulların ölkəmizin digər regionlarına da satışı nəzərdə tutulub. Müəssisə rəqabətə davamlı məhsul istehsal etməklə iqtisadi inkişafa mühüm töhfə verəcəkdir.
Muxtar respublika rəhbəri çıxış edərək yeni müəssisənin qurulmasında əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirərək deyib: “Bu gün ölkəmizdəki sabitlik və inkişaf, sahibkarlara göstərilən dövlət qayğısı, verilən kreditlər və daxili bazarın qorunması imkan verir ki, yeni sahibkarlar formalaşsın, kiçik müəssisələr inkişaf edərək böyük sənaye müəssisələrinə çevrilsinlər. Plastik məmulatlar istehsalı müəssisəsinin qurulması da yeni iş yerlərinin açılması ilə yanaşı, muxtar respublikada bu sahə üzrə mütəxəssislərin formalaşmasına da imkan verəcəkdir. Həmçinin muxtar respublikada bu sahədə əvvəllər tullantı formasında olan məhsullar yenidən xammal kimi təkrar istehsala cəlb olunacaqdır. Bu da ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır”. Ali Məclisin Sədri müəssisənin fəaliyyətində daxili bazarı təmin etməklə yanaşı, ixrac imkanlarının da yaradılmasının zəruriliyini bildirib, kollektivi təbrik edərək müəssisəni işə salıb. Muxtar respublika rəhbəri müəssisədə istehsal olunan məhsulların keyfiyyətinə nəzarət olunması, məhsul çeşidinə diqqət yetirilməsi, plastik tullantıların yığılaraq müəssisəyə təhvil verilməsinə köməklik göstərilməsi və yeni istehsal sahələrinin yaradılması barədə tapşırıqlar verib.
Dekabrın 17-də isə Naxçıvan şəhərində müxtəlif təyinatlı yeni istehsal və xidmət sahələrinin təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri çıxışında istifadəyə verilən müəssisələrdə həm sahibkarın, həm də dövlətin mənafeyinin qorunduğunu diqqətə çatdırıb, bu işdə əməyi olanlara təşəkkürünü bildirib, yaradılan şəraitlə maraqlanıb, müəssisəni işə salıb. Bildirilib ki, istehsalat sahəsində 7 müxtəlif təyinatlı müəssisə fəaliyyət göstərəcəkdir. Bunlar tullantıların təkrar emalı, mebel istehsalı sahəsi, ərzaq və məişət avadanlıqlarının saxlanması anbarı, ərzaq məhsullarının paketlənməsi və logistik mərkəz, 2014-cü ildə “AKİ Əczaçılıq Anbar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış uşaq bezi istehsalı, tibbi spirtin qablaşdırılması və mebel istehsalı sahələridir. Müəssisələrdə, ümumilikdə, 215 iş yeri yaradılmışdır. Ümumilikdə, müəssisələrin qurulmasına 6 milyon 509 min manat investisiya qoyulmuşdur ki, bunun da 730 min manatı dövlət maliyyə dəstəyidir. Məlumat verilib ki, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən yaradılan “Tudor Logistik və Sənaye Mərkəzi” əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayacaq.
Muxtar respublika rəhbəri istehsal olunan məhsulların keyfiyyətinə nəzarət olunması, qablaşdırmaya diqqət yetirilməsi, yeni biznes layihələrinin təqdim olunması, yerli xammalla işləyəcək müəssisələrə üstünlük verilməsi və daxili bazarın qorunması barədə tapşırıqlar verib.
Maddi-mənəvi irsə, milli və dini dəyərlərə
sahiblik hissi olan yerdə
Zəngin və qədim maarifçilik ənənələrinə malik Naxçıvanda mətbuatın birəsrlik tarixi vardır. 1921-ci ilin noyabrında “Cavanlar həyatı”, 1921-ci ilin dekabrından etibarən “Füqəra səsi”, 1922-ci ilin aprel ayından isə “Şərq qapısı” adı ilə nəşr olunan qəzet müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali Məclisin Sədri cənab Vasif Talıbovun qayğısı ilə “Şərq qapısı” qəzetinin 75, 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı isə muxtar respublikada jurnalistikanın inkişafına, ziyalılığa verilən yüksək qiymətdir. Sərəncamın icrası istiqamətində AMEA Naxçıvan Bölməsində elmi konfrans və ümumilikdə, yubileylə bağlı 13 tədbir keçirilib, bölmə ilə birlikdə “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı hazırlanıb, yubiley münasibətilə qəzet əməkdaşlarının 6 kitabı işıq üzü görüb, yaradıcılıq müsabiqəsi keçirilib, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən qəzetin rəsmi internet saytı yenilənib, mətbuatda silsilə məqalələr dərc olunub. Bəhs etdiyimiz həmin tarixi Sərəncama əsasən dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilib.
Ali Məclisin Sədri “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibətilə kollektivi, muxtar respublikanın bütün mətbuat işçilərini, ziyalıları və oxucuları təbrik edərək deyib: “Bu gün tərəddüdsüz demək mümkündür ki, “Şərq qapısı” qəzeti Naxçıvanın muxtariyyət tarixini öyrənmək baxımından ən etibarlı mənbədir. Qəzetin 100 illik tarixində Naxçıvanın taleyi və müqəddəratı, çətinlikləri və uğurları əks olunub. İctimai nəzarət funksiyasını yerinə yetirən orqan kimi qəzet bu gün də muxtar respublikanın tanıdılması və təbliğində səmərəli fəaliyyət göstərir, sosial-iqtisadi və mədəni inkişafa öz töhfəsini verir. Qəzetçilik böyük zəhmət, xüsusi səy, peşəkar yanaşma, hadisələri obyektiv dəyərləndirmək, prosesləri qabaqlamaq və düzgün təhlil etmək bacarığı tələb edən sənətdir. Əgər ilk dəfə nəşrə başlayanda “Şərq qapısı” qəzetinin başlıca məqsədi cəmiyyətdə maarifçiliyə, elmi və mədəni tərəqqiyə nail olmaq idisə, bu gün qəzetin qarşısında bununla bərabər, həm də çevik informasiya siyasəti aparmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək, Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və quruculuq salnaməsini yaratmaq və tarixiləşdirmək kimi mühüm vəzifələr durur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il dekabrın 17-də “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması haqqında imzaladığı Sərəncam tədbir iştirakçılarının diqqətinə çatdırılıb. “Şərq qapısı” qəzetinin baş redaktoru Sultanova Mehriban Paşa qızına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı təqdim edilib. “Şərq qapısı” qəzeti ilə uzunmüddətli əməkdaşlıq edən, qəzetin Culfa rayon müxbiri vəzifəsində çalışmış, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcova qəzetin 100 illik yubileyi ilə bağlı qiymətli hədiyyə təqdim olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə “Şərq qapısı” qəzetinin 2 əməkdaşı “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adı, qəzetin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 4 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar. Ali Məclisin Sədri fəxri adın döş nişanını və vəsiqəsini, eləcə də “Rəşadətli əməyə görə” nişanını və vəsiqəsini təqdim edib. Muxtar respublika rəhbəri mətbuat nümayəndələri ilə səmimi söhbət edib, jurnalistika peşəsinin və mətbuatın əhəmiyyətini vurğulayıb, nəşr olunan kitabların dərs vəsaiti kimi istifadəsinin vacibliyini bildirib, bu illər ərzində səmərəli fəaliyyətlərinə görə muxtar respublika teleradio və mətbuat işçilərinə təşəkkür edib.
Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında milli-mənəvi dəyərlərimizə, o cümlədən yeni məscidlərin inşa edilməsinə, tarixi məscidlərin isə bərpa və təmir olunmasına diqqət və qayğı xüsusi yer tutur. Bu tədbirlərin davamı olaraq Cəhri qəsəbəsində tam yararsız vəziyyətdə olan tarixi məscidə yeni həyat verilib. Məscid orta əsrlər dövründən bəri Cəhri əhalisinin həyatında mühüm rol oynayıb. Ancaq Sovetlər Birliyi dövründə baxımsızlıq ucbatından xeyli aşınıb, uçub-dağılıb. Buna baxmayaraq, məscid Naxçıvan memarlıq məktəbinin ənənələrinə uyğun olaraq müasir üslubda yenidən inşa olunaraq dekabrın 21-də istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri çıxış edərək deyib: “… mənəviyyatlı insanlar vətənpərvər insanlardır. Vətənpərvər insanlar isə harada yaşamalarından və hansı işlə məşğul olmalarından asılı olmayaraq, Vətəninə, ölkəsinin möhkəmliyinə xidmət edirlər. Uzun illər işğal altında olan torpaqlarımız da məhz Ali Baş Komandanın rəhbərliyi ilə vətənpərvər və mənəviyyatlı insanlarımız, müzəffər Ordumuz tərəfindən azad olundu. Əsgərlərimizin azad olunmuş torpaqlarda, dağıdılmış məscidlərdə Quran oxumaları insanlarımızın nə qədər böyük mənəviyyata sahib olmalarının göstəricisidir. Bu mənada, məscidlər təkcə ibadət yeri deyil, həm də mənəviyyat ocağıdır”.
Milli həmrəylik və Vətənə məhəbbət
Vətən oğullarına qayğıdan başlayır
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il sentyabrın 23-də “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb, 1 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb. 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 23 şəhid ailəsi və qazi mənzillə, 18 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olunub, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərilib, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənilib, 25-nin isə mənzilləri təmir olunub. Bu tədbirlərin davamı olaraq dekabrın 24-də – Azərbaycan Respublikası Prezidentinin yubileyində Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunub.
Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda ictimai-siyasi sabitliyi və inkişafı təmin etmişdir. Bu gün isə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf konsepsiyasının bəhrəsi olaraq Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas edərək Milli Qurtuluşa, ölkə Prezidenti cənab İlham Əliyev isə ərazi bütövlüyümüzü təmin etməklə tarixi Zəfərə qovuşdurmuşdur”. Ali Məclisin Sədri əlamətdar gündə qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Əsası ulu öndərimiz tərəfindən qoyulan dövlət-xalq-ordu birliyinin ideal təzahürüdür ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi Qələbə qazanıb. Naxçıvan Muxtar Respublikasında da həmrəylik bayramında əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması bu birliyin daha bir nümunəsi kimi mühüm əhəmiyyətə malikdir. Dekabrın 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Ali Məclisin Sədri Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına gəlib, burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onların səhhəti ilə maraqlanıb, əsgərləri və tibbi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Ali Məclisin Sədri yeməkxanada olub, hərbi qulluqçuların qidalanması ilə maraqlanıb, hospitalda mülki şəxslər üçün də tibbi xidmətin təşkili və kadr işinin diqqətdə saxlanılması barədə tapşırıqlar verib.
Dinamik inkişaf firavan gələcəyə zəmanətdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında kompleks inkişaf davam etdirilib, əməkhaqları artırılıb, yüksək rifaha nail olunub, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib. Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin ən mühüm hadisəsi mayın 10-da Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri olub. Səfər zamanı dövlət başçısı bir sıra mühüm sosial obyektlərin açılışında iştirak edib, digərlərinin tikintisi, Ordubadda dəmir yolu stansiyasının yenidən qurulması ilə tanış olub. İqtisadiyyatın əsas inkişaf göstəricisi sayılan ümumi daxili məhsul istehsalı 2020-ci illə müqayisədə 2021-ci ildə 2,4 faiz artaraq 3 milyard manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi 6525 manat təşkil edib ki, bu da 2020-ci ildəki göstəricidən 3,4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb. Görülən işlərin nəticəsidir ki, 2021-ci ildə istehsal olunan sənaye məhsulunun həcmi artaraq 1 milyard 69 milyon manatdan çox olub. Bunun da 92 faizi qeyri-dövlət sektorunun payına düşüb. 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64 min hektardan artıq sahədə əkin aparılıb. Əkilmiş sahələrin 32 min 721 hektarını taxıl təşkil edib, zəmilərdən 103 min tondan artıq məhsul yığılıb. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məskunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərib, muxtar respublika əhalisinin sayı artaraq 463 min nəfər olub. Dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzəsində bu faktları qeyd edib.
Bu uğurlarda zəhməti olanların fədakar əməyi isə dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Dekabrın 30-da – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası təltiflərinin təqdimat mərasimi də buna bariz sübutdur. Ali Məclisin Sədri təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə görə təşəkkür edib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim edib.
Muxtar respublikada əldə olunan uğurların əsasında müasirləşmə və novatorluq, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, hərtərəfli inkişafa xidmət edən genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü siyasət dayanır. Bütün bu nailiyyətlərin isə əsasında müstəqil Azərbaycanımızın memarı və qurucusu, bir vaxtlar böhran, işğal, tənəzzül məngənəsində məhv olmaqda olan Naxçıvanın xilaskarı ümummilli lider Heydər Əliyev dayanır. Bəlkə də, bu, bir təsadüf deyil, tarixi zərurətdir ki, xalqımız, eləcə də naxçıvanlılar hər ilin sona çatdığı ərəfədə – ulu öndərin anım günündə qazanılan uğurlar, ölkənin, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikanın dinamik tərəqqisi üçün Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyevin müqəddəs ruhunu dərin ehtiramla yad etməyi özlərinə mənəvi borc bilirlər.
Ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi – xilaskarlıq və quruculuq missiyası məhz ulu və qədim diyar Naxçıvanda pərvəriş tapıb. Həmin illərdə dahi şəxsiyyət, bütünlükdə, ölkəni gələcək parçalanmadan, iqtisadi tənəzzüldən, siyasi məğlubiyyətdən, müstəqilliyini itirmək kimi dəhşətli faciədən xilas edib, doğma Naxçıvanı erməni işğalından qorumaqla Azərbaycanımızın bugünkü Tarixi Zəfərinin, ərazi bütövlüyünün əsasını qoyub. Məhz buna görədir ki, qədirbilən naxçıvanlılar ulu öndərin xatirəsini daim uca tutur, onun nurlu xatirəsini ehtiramla yad edirlər. Ali Məclisin Sədri hər il olduğu kimi, ötən il dekabrın 12-də də müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Ümummilli liderə ən böyük ehtiram və sədaqət isə muxtar respublikada onun siyasi irsinə sadiqlik, layiqli siyasi varis kimi bu ideyaların gerçəkləşməsi yolunda tükənməz əzmkarlıq, fədakar əmək və qətiyyətdir. Ali Məclis Sədrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında dediyi kimi: “Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2022-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Ölkə Prezidentinin də dediyi kimi: “Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik”.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti