AZ EN RU

“Kətə festivalı” maraqlı və rəngarəng anlarla yadda qaldı - FOTOLAR

Qədim və zəngin tarixə malik milli mətbəxlə bağlı istedadın üzə çıxarılmasında, milli dəyərlərin, xüsusən də milli mətbəximizin özünəməxsusluğunun təbliğində, ailələrdə milli mətbəx adət-ənənələrinin möhkəmləndirilməsində və bacarıqlı insanların özünüməşğulluğunu inkişaf etdirməsində “Kətə” festivalının mühüm rolu vardır. 7-8 aprel tarixlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan sayca beşinci olan bu festival maraqlı və rəngarəng anlarla yadda qaldı. Muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 200 kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektlərinin iştirak etdiyi bu festivala yerli sakinlər və qonaqlar tərəfindən böyük maraq var idi.  

Festivalın sonuncu günü “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə təşkil edildi. Münsiflər heyəti tərəfindən görünüşünə, çeşid müxtəlifliyi və dadına görə ən yaxşı kətəni bişirən 3 nəfər I yer, 3 nəfər II yer, 3 nəfər III  yerə layiq görülüb. Qaliblərə diplomlar təqdim olunub.  Biz də “Şərq qapısı” qəzeti olaraq qaliblərlə həmsöhbət olduq, onların təəssüratlarını öyrəndik.

I yerin qalibi Ruhiyyə Abbasova bizimlə söhbətində dedi: – Şahbuz rayonunun Nursu kəndindənəm. Beş ildir, “Kətə” festivalının iştirakçıyam. İlk dəfədir, qalib adını qazanıram, sevincliyəm. Dörd ildən çoxdur ki, ailə təsərrüfatı ilə məşğuluq. Heyvandarlıq bizim əsas məşğuliyyətimizdir. Bu təsərrüfat sahəsindən əldə etdiyimiz  süd, qatıq, şor, pendir və digər ağartı məhsullarını sataraq yaşayışımızı təmin edirik. Bununla yanaşı dövlətin qayğısı ilə Naxçıvan şəhərində təşkil olunan festivalların mütəmadi iştirakçısıyıq. Naxçıvanda yaşayan hər kəs bilir ki, Şahbuzun təbiəti çox gözəldir. Onun hesabına dağ və düzlərdə cana dərman müxtəlif dərman, eləcə də milli mətbəxdə müxtəlif yeməklərin hazırlanmasında  istifadə edilən onlarla bitkilər yetişir. Kətə hazırlamaq üçün topladığımız quzuqulağı, əvəlik, gicitkən, yer otu, şomu, qazayağı və digər bitkilər ona xüsusi ləzzət qatır. Bu festivalda da həmin bitkilərdən hazırladığımız kətələr alınıb, ləzzətlə yeyildi. Həmçinin festivala qırxbuğum, böyrək otu, solmazçiçəyi, andız, çobanyastığı, kəkotu, yarpız və digər dərman bitkilərini çıxarmışdıq ki, bunların da alıcı kütləsi böyük idi. Təndirdə, eləcədə sac üzərində bişirdiyimiz kətələr, eləcə də sacda qovurduğumuz qaz ayağı dürməkləri çox satıldı. Həmçinin öz məhsulumuz olan ayranı da onların yanında alıcılara təklif etdik. Dövlətimizə minnətdarıq ki, bizim üçün bu şəraiti yaradıb, həm milli mətbəx nümunələrimizi təbliğ edirik, həm də əldə etdiyimiz qazanc bizə işimizdə stimul verir.

Naxçıvan şəhər Tumbul kənd sakini Elman Süleymanov da I yerin qaliblərindən  idi. İki ildir, “Kətə” festivalında ailəsi ilə birgə iştirak edən müsahibim dedi:  –  Həyətyanı sahədə əkib, becərdiyimiz ispanaq, keşniş, soğan, şüyüd və digər bitkilərin qarışığından hazırladığımız kətələrin alıcısı çox idi. Yoldaşım Yeganə Süleymanova un taxtası üzərində kətələri hazır edib mənə verir, mən onları təndirdə bişirirdim, oğlum isə satış işinə baxırdı. Təndirdə bişirilən kətənin ayrı ləzzəti olur və çox da satıldı. Dədə-babadan qalan adət-ənənələrimizin yaşadılması çox gözəldir. Şəhərimizdəki qonaqlar, xüsusilə, türk qardaşlarımız böyük diqqətlə kətənin təndirdə bişirmə qaydalarını izləyir, dadının isə ləzzətli olduğunu deyirdilər. Alıcı razılığı bizi sevindirir.

Müşkünaz Qafarova festivalda I yeri tutmuş qaliblərdəndir. Culfa rayon Ərəzin kəndindən festivala gələn müsahibimi müşahidə etdikcə gördük ki,  o, sac üzərində kətə bişirir, alıcıların sayı isə getdikcə artırdı: –  İki ildir, bu festivalda iştirak edirəm. Ötən il də keçirilən “Kətə” festivalının qalibi olmuşam. Bu il də eyni həvəslə gəldik. Satışımız da yaxşı getdi. Kətə bişirmək uzaqdan asan görünsə də zəhmətli işdir. Hər iş zəhmətlidir, lakin qarşılığında həmişə sevinirsən. Bu il də birinci yeri tutdum. Bu mənə, eləcə də mənim kimi gənc qadınlar üçün fəaliyyətimizi genişləndirmək üçün böyük bir stimuldur. Festivalı təşkil edənlərə minnətdarlığımı bildirirəm.

Festivalda II yerə layiq görülən xanımlarından olan Ordubad rayon Üstüpü kənd sakini Samiyə Həsənova alıcı məmnuniyyətinin sirrini Naxçıvan kətəsinin düzgün texnologiyada bişirilməsi ilə əlaqələndirdi. Müsahibimiz bizimlə söhbət zamanı dedi:  – Elə ki, yaz ayı gəldi, odun üstündə sac asılır, göy kətəsinin hazırlanmasına başlanılır. Diyarımızın bütün bölgələrində quzuqulağı, cincilim, əvəlik, dağ keşnişi və digər bitkilərdən hazırlanan göy kətəsinin dadı heç də qazan yeməklərindən az sevilmir. Sac üstündə kətə çox tez, cəmi 5-7 dəqiqəyə hazır olur. Kətəni festivallarımızda, yarmarkalarda uzun illərdir, sac üstündə bişirirlər. Təcrübəmiz də göstərir ki, göy kətəni isti sac üzərində bişirdikdə dadı-tamı sobada bişiriləndən çox fərqlənir. Naxçıvanımızda daha çox xanımlar göy kətənin bişirilməsinə üstünlük verirlər. Göy kətəsini istənilən göy-göyərtinin qarışımı ilə hazırlamaq mümkündür.

         Samiyə xanım festivalda kətə ilə yanaşı Ordubad rayonunun dadlı-tamlı, adı dillər əzbəri olan müxtəlif növ şirniyyatlarının satışını da həyata keçirir. Müsahibimiz içli kökə, qutab, paxlava, ballı tort, napoleon tortu, sucuq və müxtəlif adda şirniyyatları alıcılarına təqdim edib. Həmsöhbətimizin fikrindən də aydın olur ki, iki gün müddətində çox yaxşı satış əldə edib. Hətta hər il festivalda iştirak etdiyi üçün ötən illərdə onun məhsullarını dadanlar bu il də dadlı-tamlı şirniyyatlardan yemək üçün ona üz tutublar.

III yerin qaliblərindən olan Kəngərli rayon Şahtaxtı kənd sakini Təranə İmanova öz təəssüratlarını bizimlə bölüşdü: –  İki gün davam edən “Kətə” festivalında mən də yaxından iştirak etdim, öz əllərimizin zəhməti ilə diyarımızın faydalı, cana məlhəm bitkilərindən növbə-növ dadlı-tamlı kətələr hazırladıq. Şükür Allaha yaxşı satış da etmişik. Şəhərimizin yerli sakinləri ilə yanaşı, qardaş Türkiyə Respublikasından olan tələbələr, eləcə də turistlər də var idi. Hər il bu festivalda iştirak edirəm. Burada mənimlə yanaşı,  rayonumuzu təmsil edən bir neçə zəhmətsevər xanımlarımız da var ki, onların əl dadları, hazırladığı kətələr alıcılar tərəfindən sevilir, seçilir. Bu il də mən festivalın qalibləri sırasındayam. Sözün düzü, “Ən dadlı Kətə” nominasiyası üzrə yer tutacağımı   gözləmirdim. Burada əsas məqsəd yer qazanmaq, hansısa nominasiya üzrə mükafatlandırılmaq deyil. Biz hamılıqla milli mətbəximizin ləziz təamlarını özünəməxsus şəkildə bişirib insanlara təqdim edirik. Düşünürəm ki, bu, bütün evdar xanımlarımızın vəzifə borcudur. Ana-nənələrimizdən bizə miras qalan milli mətbəx nümunələrimizi biz də gələcək nəsillərə olduğu kimi ərmağan etməliyik.

Təranə xanım onu da diqqətimizə çatdırdı ki, festivalda satdığımız kətələrdə diyarımzın dağlarında yetişən yabanı bitkilərdən də istifadə etdik: – Göy kətəsi yabanı bitkilərdən hazırlananda daha təbii və dadlı olur. İçliyi yuxa kimi yayılmış xəmirin içərisinə qoyulur, yarımdairə şəklində bükülərək, sacda hər iki üzü qızardılmaqla hazırlanır. Bişdikdən sonra arasına kərə və ya bitki yağı qoyularaq alıcılara təqdim edilir. Çox sevincliyəm ki, alıcılarımızın hər biri kətələrimizdən razılıq edirlər. Elə bunun nəticəsidir ki, zəhmətlə keçən iki günün ardından üçüncü yerin qalibi kimi əməyim qiymətləndirilib. Allahdan arzu edirəm ki, xalqımızın, millətimizin süfrəsindən bolluq-bərəkət heç zaman əskik olmasın.

         Türk tələbə Birgün Yılmaz qəzetimizə müsahibəsində dedi: – Tələbə yoldaşlarımdan həmişə eşidirdim ki, Naxçıvanda festivallar çox gözəl keçir.  Bu gün burada iştirak etdiyim üçün sevinirəm. Festivalda müxtəlif rayonlar üzrə kətə bişirən xanımların əl işlərini maraqla izlədim. Yorulmadan və həvəslə çalışmaqları xoşuma gəldi. Təndirdə bişirilən kətədən daddım. Ləzzətli idi. Bilirəm ki, Azərbaycan mətbəxi zəngin və çoxçeşidlidir. Nümunələr sırasında kətə də  var və o, öz xüsusi dadı ilə seçilir. Bundan sonra da belə festivallarda iştirak etməyə çalışacağam.

Ordubad rayon sakini, nəvələri ilə festivala gəlmiş Zeynəb Abdullayeva dedi: – Festival maraqlı keçdi. Hər rayon üzrə bişirilən kətələr özünəməxsusluğu ilə seçilir. Ordubad rayonunun təbiəti zəngindir. Dağlarında, düzlərində müxtəlif dərman bitkiləri, pencərlər yetişir. Mən bir ev xanımı kimi, bu pencərlərdən yığıb kətə hazırlayıram. Lakin, burdakı kətənin dadı bir başqadır. Təndirdə, sac üzərində hər bölgənin də özünə xas pencərləri ilə hazırlanan kətələrin ayrı ləzzəti vardır. Aldıq, yedik, razı qaldıq. Asudə vaxtımızı səmərəli keçirdik, milli musiqi nömrələrindən zövq aldıq. Festivalı təşkil edənlərə, dövlətimizə minnətdarıq.

Milli dəyərlərimizin yaşadıldığı, milli mətbəx nümunələrimizin təbliğ edildiyi, növbəti “Kətə” festivalı da beləcə başa çatdı. Milli mətbəx  ənənələrimizin  gələcək nəsillərə çatdırılması baxımındam mühüm əhəmiyyət daşıyan bu festival Naxçıvanda milli mətbəximizin təbliğinə dövlət qayğısının təzahürü, milli dəyərlərimizə verilən qiymətin bariz  ifadəsi idi.

Güntac ŞAHMƏMMƏDLİ

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 08.04.2023 17:09