AZ EN RU

Həkim-pediatrlar üçün ilk tədris seminarı keçirilib

    Regional layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Novartis şirkətinin və Talassemiya Mərkəzinin (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında həkim-pediatrlar üçün ilk tədris seminarı keçirilib.
    Tədris seminarında Talassemiya Mərkəzinin həkimləri Zaur Məmmədbəyov və Samirə Həsənova real praktikadakı kliniki hallar ilə bağlı müzakirələr aparıb. 
    Seminarda “Jadenyu-deferaziroksun yeni forması. Üstünlükləri və istifadə xüsusiyyətləri” və “Jadenyunun talassemiyada istifadəsi. Kliniki hal” mövzularında çıxış edən  həkim-hematoloq Zaur Məmmədbəyov  həkimlərdə preparatın əsas klinik sınaqları və göstəriciləri, onun faydaları və istifadə xüsusiyyətləri, mümkün yan təsirləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.
    Həkim-hematoloq Samirə Həsənova isə revoleyd preparatının uşaqlarda klinik praktikada istifadə imkanları, klinik tədqiqatlara uyğun olaraq effektivlik və təhlükəsizlik, uşaqlarda İTP-nin epidemiologiyası, etiologiyası, diaqnostikası və müalicə məqsədləri, həmçinin İTP-li pediatrik xəstələrin idarə olunması üzrə beynəlxalq təlimatlarla bağlı “Uşaqlarda İTP zamanı revoleyd preparatının istifadəsi” və “İmmun trombositopeniya. Klinik vəziyyət” mövzularında çıxış edib.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.12.2022 20:31