AZ EN RU

Duz süxurlari qadin bəzəyinə çevrilir

 Duz çox qədim zamanlardan insanlara məlumdur. O, insan üçün ən vacib minerallardan biri sayılır və orqanizminin bütün sisteminin fəaliyyətində mühüm rol oyanayır.

AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun verdiyi mlumata görə təbiətdə daş duz halit mineralı şəklində əmələ gəlir. Halit rəngsiz, tərkibindəki hissəciklərə görə ağ, bozumtul, çəhrayı və qırmızı, yaşıl, mavi, göy, bənövşəyi rənglərdə ola bilir.

Azərbaycanda ən böyük daş duz yatağı Naxçıvan şəhəri yaxınlığındadır. Bu yataqda daş duz şaxta üsulu ilə çıxarılmaqdadır. Bəzi şaxtalar kalsium ionları ilə zəngin olur.  Elə şaxtalar da var ki, orada natrium və xlorun ionları olan mikromühit üstünlük təşkil edir. Belə şaxtalardan biri Naxçıvan şəhəri yaxınlığında 1979-cu ildən fəaliyyət göstərir.

Hazırda bu daş duz yatağında ümumi uzunluğu 40 km-dən çox olan tunellər mövcuddur. İndi həmin mədənin bir hissəsi nəfəs yolları xəstəliklərinin, xüsusən də bronxial astmanın müalicəsi üçün sanatoriya kimi fəaliyyət göstərir. Tunellərin daş duz divarlarında olan ionlar havada olan mikrobları öldürür və xəstəliyin müalicəsi asanlaşır.

Qaya duzu (daş duz) əsasən müxtəlif xlorid və sulfat birləşmələrinin, gil hissəciklərinin, üzvi və qara birləşmələrin müəyyən qatqıları ilə halitdən ibarətdir. Qaya duzunda lent təbəqəsi tez-tez müşahidə olunur, bu da daha təmiz və çirklənmiş təbəqələrin növbələşməsini göstərir. Belə təbəqələşmənin baş verməsi adətən duzların çökmə şəraitində mövsümi dəyişikliklərlə izah olunur. Qaya duzunun ən təmiz forması şəffafdır.

Hər zaman təbabətdə istifadə edilən, yeyinti və kimya sənayesi üçün xammal olan Naxçıvan duzu artıq incəsənətə də yol tapıb.

Naxçıvanın kristal-halit duzundan qadın bəzək əşyaları hazırlayan gənc sənətkar, dekorativ-tətbiqi sənət ustası, rəssam-pedaqoq və sənətşünas Əzizə Məmmədovadır.

Gənc rəssam və Əzizə Məmmədova 1990-cı il mart ayının 10-da Naxçıvan şəhərində dünyaya göz açmışdır. Naxçıvan Dövlət Universitetində (2007-2011) bakalavr təhsilini bitirdikdən sonra 2017-2019-cu illər ərzində təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir.  2013-cü ildən Naxçıvan Rəssamlar Birliyinin üzvü olan Əzizə Məmmədova hələ tələbəlik illərindən öz yaradıcılıq qabiliyyəti ilə həmyaşıdlarından fərqlənmişdir. Hazırda Naxçıvan Dövlət Universitetində müəllim-pedaqoq kimi fəaliyyət göstərir.

Gips ilə səth üzərində qabartmalar, şüşə üzərində cızma və boyama, qiymətli və yarımqiymətli təbii daşlardan və təbii güllərdən müxtəlif incəsənət nümunələri hazırlayan Əzizə müəllim daimi yaradıcılıq axtarışları sayəsində kristal-halit duzun qadın bəzək əşyalarında tətbiqinə də nail olmuşdur. Kobud duz süxurlarından zəriflik yaradan müəllif yonma, oyma, qırma kimi bir çox üsullarla onları qadın bəzəyinə çevirməkdədir.

Gənc sənətkarın işlətdiyi əsas material Naxçıvan qaya duzu olmaqla bərabər, o, kristal-halit duzun müxtəlif növlərini də uğurla tətbiq edir.

Qeyd edək ki, kristal-halit duzdan müxtəlif fiqur, heykəlcik, qab, lampa və digər məmulatlar yerli və xarici ölkələrin sənət ustaları, eləcə də, Naxçıvan Rəssamlar Birliyinin üzvü, rəssam-sənətkarımız Ədalət İsmayılov tərəfindən hazırlansa da, kristal-halit duzun Naxçıvan, çəhrayı Havay, çəhrayı və qəhvəyi Himalay, gilli qara, şəffaf və başqa növlərinin qadın bəzək əşyalarında boyunbağı, sırğa, üzük və  bilərziklərdə ilk dəfə tətbiqinin məhz, Əzizə Məmmədovaya məxsus olması təkcə Naxçıvan Dövlət Universiteti deyil, bütün Azərbaycan xalqı üçün qürurverici faktdır. Onun bu uğuru 28 aprel 2022-ci il tarixdə Naxçıvan Rəssamlar Birliyində keçirilmiş “Dekorativ-tətbiqi sənət” sərgisində xüsusi qeyd olunmuş, yüksək dəyərləndirilmişdir. Gənc sənətkarın kütləvi marağa səbəb olan bu yeniliyi həmin tarixdə Naxçıvan Televiziyasında yayımlanmışdır.

 Əzizə Məmmədova qaya duzundan həm gözəl estetik görünüşü,  həm də müalicəvi funksiyası olan lampalar da hazırlayır.  Bunun üçün o, qaya duzunu diqqətli bir şəkildə oyaraq içərisinə lampa yerləşdirir. Olduqca xoş görünən belə duz lampaları, mühiti işıqlandırarkən eyni zamanda, istiliyin təsiri altında duzu buxarlandırır və otaqdakı havanı effektiv şəkildə ionlaşdırmağa imkan verir. Hazırda bu məmulatlar astma və allergik narahatlıqların təbii müalicəsində istifadə edilməkdədir.

İstedadlı rəssam “Türkiye kalite ödülləri 2021” Azərbaycan layihəsində iştirakına və öz sahəsində göstərdiyi peşəkar və uğurlu fəaliyyətinə görə ilin ən yaxşı gənc rəssamı mükafatına layiq görülmüşdür.  

Yaradıcılıq fəaliyyətində öz üzərində gərgin çalışıb qabiliyyətini inkişaf etdirən Əzizə Məmmədova təbii sərvətlərimizdən olan Naxçıvan qaya duzuna xüsusi dekorativlik bəxş edir və bu sahədə qarşısına qoyuğu məqsədə nail olmağı yaxşı bacarır.

Səyyarə Sadıxova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Azərbaycan Rəssamlar İttifaqının üzvü

YUNESKO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının (İOV) üzvü

Naxçıvan Dövlət Universiteti  Təsviri incəsənət kafedrası baş müəllim

Nəşr edilib : 09.03.2023 15:40