AZ EN RU

Arzu Abdullayev: “Təhsilin mərhələli şəkildə bir universitetin daxilində aparılması beynəlxalq təcrübə baxımından da zamanın tələbidir”

Ölkəmizin nüfuzlu universitetlərindən sayılan Naxçıvan Dövlət Universitetinin tələbə və müəllim kontingenti sürətlə böyüyür. Əvvəlcə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi universitetin tabeliyinə, bu yaxınlarda isə Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib. Əlbəttə ki, qəbul edilən qərarların təhsilimizin inkişafı baxımından mühüm əhəmiyyəti vardır. Bu haqda Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev bizi ətraflı şəkildə məlumatlandırdı.

 –Arzu müəllim, ölkə başçısının müvafiq sərəncamı ilə qəbul edilən dövlət proqramında Naxçıvan Dövlət Universiteti ilə də bağlı qarşıya mühüm vəzifələr qoyulub. Əvvəlcə istərdim bununla bağlı məlumat verəsiniz.

 – Naxçıvan Dövlət Universiteti nəinki ölkəmizin ali məktəbləri, həm də dünya universitetləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə tanınır. Təsadüfi deyildir ki, universitetimiz bir sıra sahələr üzrə ali təhsil müəssisələri arasında öncül yerləri tutub, onun fəaliyyəti təqdir olunub, klassik universitetlərlə müqayisə edilib, regionun elm və təhsil mərkəzlərindən biri kimi nüfuz qazanıb. Burada inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik sayılan bütün struktur bölmələr yaradılıb, ilk dəfə müxtəlif yeniliklər tətbiq olunub və onların səmərəli fəaliyyəti təmin edilib. Bunu universitetin istər beynəlxalq əməkdaşlıqlarının daha dinamik olaraq davamlılığında, iqtisadi, sosial, tibbi və digər mövzular üzrə ortaq elmi araşdırmaların uğurla həyata keçirilməsində, elmi konfransların təşkil olunmasında, eyni zamanda daha mütərəqqi layihələrin reallaşmasında daha açıq şəkildə görmək olar. Naxçıvan Dövlət Universiteti 3 ildir ki, Böyük Britaniyanın “Times Higher Education”, “Impact Rankings” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin də qarşıdakı mərhələlər üzrə perspektivləri müəyyən olunub. Universitetin tədris imkanlarının daha da etibarlı qaydada olmaqla şaxələndirilməsi, ixtisaslaşma proseslərinin təkmilləşməsi və ali məktəblərarası qarşılıqlı əməkdaşlıqlar mühüm məsələ olaraq müəyyən edilib. Qarşıya qoyulmuş əhəmiyyətli məsələlərdən biri də Naxçıvan Dövlət Universitetində ingilisdilli Tibb fakültəsinin, tibbi tədqiqat klinikasının yaradılmasından ibarətdir. Naxçıvan Dövlət Universiteti yüksək bilikli və bacarıqlı, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, bacarıq və təcrübəyə, daim təhsil alma bacarığına malik olan mütəxəssislərin hazırlanmasını missiya olaraq müəyyən edib ki, bu həm də tabeliyində olan qurumların fəaliyyət istiqamətlərini müəyyən edəcək.

          –Yuxarıda adı çəkilən təhsil müəssisələrinin universitetin tabeliyinə verilməsinin əhəmiyyəti nədən ibarətdir?

          – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli Qərarı ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2023-cü il tarixli Qərarı ilə Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.

Bilirik ki, bu gün dünya təcrübəsində də geniş profilli və həmçinin tədqiqat yönümlü Universitetlərin tabeliyində orta məktəblər, Liseylər, kolleclər mövcuddur. Dünyanın aparıcı univeristetlərinin tərkibində kolleclərin fəaliyyət göstərməsi ənənəsi var. Hətta həmin kolleclərin təhsil proqramları da nəzdində yerləşdikləri ali məktəblərin proqramlarına yaxındır. Bu isə kollecdə oxuyan tələbələrin daha yaxşı təhsil almasına gətirib çıxarır. Və bu hal-hazırda da geniş əhəmiyyətə malikdir. Son illər ölkə ali təhsilinə də diqqət etsək universitetlərin tabeliyində yeni-yeni kolleclər və orta məktəblər yaradılır. Hətta bu gün sevindirici haldır ki, bir çox özəl ali təhsil müəssisələrinin tabeliyində beynəlxalq orta məktəblər də fəaliyyət göstərir. Bu bir çox cəhətdən əhəmiyyətlidir: birincisi kolleclər ixtisas proqramları əsasında təhsil xidmətləri göstərir; ikincisi subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququna malikdir, üçüncüsü universitetlərin müxtəlif ixtisasları üçün ilkin baza roluna malikdir. Hətta bəzi universitetlər özlərinə tələbə kadr ehtiyatını məhz öz tərkiblərində fəaliyyət göstərən kolleclərdən və orta məktəblərdən seçirlər. Bu gün ali təhsildə kəmiyyət və keyfiyyət balansını qurmaqla beynəlxalq rəqabətlilik strategiyasını quran, çoxprofilli ixtisaslara sahib olan Naxçıvan Dövlət Universiteti tədrisin keyfiyyətinin və elmi fəallığının artırılmasını, insan kapitalının formalaşdırılmasını üstün tutaraq “Tədqiqat” və uzaq gələcəkdə “Sahibkar” universitet statusu qazanma yolunda inamla addımlayır. Bu baxımdan istər Liseyin istərsə də Kolleclərin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ilk öncə dövlətin yüksək diqqət və qayğısının təzahürüdür. Bu baxımdan dövrün tələbi də nəzərə alınmaqla verilən qərarlar tarixi əhəmiyyətə malikdir.

 – Bu addım gələcəkdə universitetə hansı imkanları qazandıracaq?

          – Təbii ki, suala iki cəhətdən yanaşmalıyıq. Bu, universitetə yeni imkanlar qazandırmaqla yanaşı həmin təhsil ocaqlarının özü və həm də orada təhsil alan gənclər üçün geniş imkanlar açacaq. Eyni zamanda, universitetlər üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi baxımından böyük əhəmiyyəti var. Bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edəcək, digər tərəfdən orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına səbəb olacaq.

Kolleclərin universitetlərin nəzdinə keçirilməsi təhsil sisteminin dünyaya inteqrasiyasıdır. Universitetlərin orta məktəbi, kolleci, peşə məktəbi, laboratoriyası və sair var. Ona görə də kolleclərin universitetlərə birləşdirilməsi təbii haldır və zamanın tələbidir. Bu həm də yarımçıq təhsilin qarşısını alır. Bu sistemə keçidin özəlliklərindən biri də kolleci yüksək qiymətlə bitirənlərin sonradan həmin müəssisədə ali təhsil almaq imkanının olmasıdır. Kolleci bitirəndən sonra həm işləyə biləcək, həm də əgər kolleci yaxşı qiymətlə başa vurubsa, universitetdə təhsil ala biləcək. Hər bir universitetin öz tərkibində kollec yaratmaq ixtiyarı var. Dünyanın heç yerində ayrıca ixtisas məktəbi yoxdur. Təcrübədən də görünür ki, onlar daha çox universitetlərin nəzdində olur. Təbii ki, kampusları, böyük şəraiti olan universitetlər bu iş üçün daha yaxşıdır. Təhsilin mərhələli şəkildə bir universitetin daxilində aparılması müsbət haldır. Avropa, Qərb təcrübəsində bu sistem geniş yayılıb. Bu cür sistem kolleclərdə təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Əgər kollec universitetin nəzdindədirsə, universitetin potensialından da istifadə edilir, daha yüksək səviyyəli mütəxəssislər oraya cəlb olunur.

Təhsilin inkişafı üzrə dövlət startegiyasında da təhsilin yeni keyfiyyət mərhələsinə keçid var. Orada dünya təcrübəsinin öyrənilməsi və inteqrasiyanın sürətlənməsi nəzərdə tutulur.

 İmtahan və qəbul prosesi necə aparılacaq?

– Bu gün üçün kolleclərdə qəbul qaydalarında hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Bildiyimiz kimi qəbul prosesi ali məktəblərə olduğu kimi kolleclərə də Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Təbi ki, bu da şəffaflıq baxımından daha əhəmiyyətlidir. Ancaq kolleclərdə mövcud olan ixtisaslarla bağlı dövrün tələbinə və Universitetin öz viziyonuna uyğun olaraq müəyyən dəyişikliklərin həyata keçirilməsinə strukturun təkminləşdirilməsinə ehtiyac var. Naxçıvan Dövlət Universitetinin tabeliyində olan Kimya-biologiya təmayüllü lisey ilə bağlı isə təbii ki, idarəetmədə tədris prosesində yeniliklərin tətbiqi nəzərdə tutulur. Bu, həm Liseyin təyinatı ilə bağlı olacaq, həm də qəbul qaydaları və şərtləri ilə.

 – Kimya-biologiya təmayüllü liseyə qəbul prosesi artıq aparılıb. Neçə şagird bu liseyə qəbul olunub?

           – Qeyd edim ki, lisey universitetin tabeliyinə verilmədən öncə bura sənəd qəbulu elanı verilmişdi və 450 nəfərə yaxın şagird imtahan üçün qeydiyyatdan keçmişdir. Bunu nəzərə alaraq bu il qəbul imtahanında əvvəlki ilin qəbul sayını yəni 60 şagirdin qəbul olmasını gündəmdə saxlayaraq imtahan suallarında cüzi dəyişikliklə imtahan həyata keçirildi. Məlum olduğu kimi, cənab Prezidentin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması, xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili, ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və sair.) tətbiq edilməsi də öz əksini tapıb. Bu baxımdan qısa vaxtda kimya –biologiya liseyinin təyinatı dəyişərək universitetin nəzdində ingilisdilli beynəlxalq məktəb yaradılacaq. Bununla bağlı lazımi görüşlər də keçirilib və beynəlxalq məktəbdə qısa vaxtda Cembirige proqramının qurulması nəzərdə tutulur. Məlumat üçün də qeyd edim ki, bu ilin sentyabrından beynəlxalq məktəbdə həm məktəbəqədər hazırlıq sinifləri üçün, həm də 5-ci siniflərdə təhsil alan şagirdlər üçün hazırlıq qrupları fəaliyyət göstərəcək. 2024-cü ildən artıq Beynəlxalq məktəbin 1-ci və 6-cı siniflərinə qəbul imtahanı keçiriləcək.

Naxçıvan Dövlət Universitetinin nəzdinə Beynəlxalq Məktəb gələcəkdə ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsini də mümkün edəcək. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universitetinin beynəlxalq məktəbi də qısa zamanda təhsilin inkişafı istiqamətində öz layiqli töhfəsini verəcək.

 – Liseyə və kolleclərə qəbul olunan şagird və tələbələr də universitetdə yaradılan imkanlardan istifadə edəcəklər...

          – Bəli. Bu gün Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 13 tədris korpusu, Elektron Kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Universitet Xəstəxanası, Olimpiya İdman Mərkəzi, 2 stadion və müasir tipli Tələbə evi yerləşir. Universitetdə ən yüksək kampus simsiz internet şəbəkəsindən istifadə olunur. Burada 3 internet mərkəzi, Media mərkəzi, Universitet televiziyası (UTV), “Nuhçıxan” radiosu, Nəşriyyat, “Elmi əsərlər” jurnalı, “Yeni fikir” qəzeti və bir neçə muzey fəaliyyət göstərir. Eyni zamanda Naxçıvan Dövlət Universitetində 12 fakültədə bakalavriat səviyyəsi üzrə 75 ixtisas, magistratura üzrə 85 ixtisaslaşma, doktoranturada 39 ixtisas və rezidentura üzrə 32 ixtisasda, ümumilikdə, 8000-ə yaxın, o cümlədən 9 ölkədən 1800 nəfərə yaxın xarici tələbə təhsil almaqdadır. Elmi axtarışların davamlılığı, əhatəliliyi və dinamikliyi sahəsində proseslərin daha da sürətləndirilməsinə təkan olaraq ölkə ali təhsilində ilk dəfə 2022-ci il tarixində Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzi fəaliyyətə başlayıb. 2023-cü il tarixdən isə Universitetdə SAT qeydiyyat və imtahan mərkəzi yaradılıb. Bunları qeyd etməkdə məqsəd isə bu gün bu imkanlardan həm də beynəlxalq məktəb və kolleclər də faydalanacaq. Bunlar həm universitetdə olan bütün imkanlardan faydalanacaq, həm də ixtisaslarını daha dərindən öyrənmək, praktika keçmək üçün universitetin laboratoriya və tədqiqat mərkəzlərindən geniş istifadə edəcək, daha yüksək səviyyəli mütəxəssislər oraya cəlb olunacaq.

           – Arzu müəllim, geniş müsahibə üçün sağ olun!

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 10.08.2023 11:08