AZ EN RU

Ali məktəbin tələbələrinə açıq dərs keçirilib

Martın 28-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri üçün açıq dərs keçirilib.

Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri məqsədi ilə təşkil edilən açıq dərsdə bu dəfə  “Daxil olan çap məhsullarının qeydiyyata alınması” mövzusuna toxunulub.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova dərs zamanı bildirib ki, kitablar kitabxanaya satınalma, bəxşiş, itirilmiş kitab əvəzinə oxucunun başqa kitab verməsi və s. mənbələrdən daxil olur. Kitabxanaya daxil olan kitablar, hər şeydən əvvəl qoşma sənədlə tutuşdurulub yoxlanılır. Daxil olan çap məhsullarının qeydiyyatı fərdi və ümumi uçot kitablarında aparılır. Ümumi uçot kitabxananın fondundakı kitabların miqdarını və qiymətini, onların elm sahələrinə, dillərə görə bölünməsini xarakterizə edir. Fərdi uçot inventar kitabı vasitəsilə aparılır. İnventar kitabı vasitəsilə kitabxananın kitab fondunun tarixini, yəni hansı ildə nə qədər kitab daxil olduğunu, hansı səbəblərə görə kitabların kitabxanadan çıxarıldığını müəyyənləşdirmək olur.

Açıq dərsin sonunda tələbələr kitabxananın Komplektləşdirmə şöbəsinin  işi ilə əyani şəkildə tanış olublar. Tələbələri maraqlandıran suallar cavablandırılıb.

   Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.03.2023 18:28