AZ EN RU

Ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılmışdır

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ilin mart ayı ərzində ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılmış, təlim, tədbir, monitorinqlər keçirilmiş və beynəlxalq günlər qeyd edilmişdir.

    Ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Şərur rayonunun Tumaslı kəndində yaşayan aztəminatlı sağlamlıq imkanları məhdud olan Tağıyevlər ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış və ailəyə ehtiyaclarına uyğun ərzaq payı verilmişdir. 
    Hesabat dövrü ərzində ailə, qadın və uşaq məsələləri ilə bağlı təbliğat işi aparılmışdır. Belə ki, gənclərin iştirakı ilə Naxçıvan Müəllimlər İnstitutunda “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilmiş, ailə dəyərlərimiz, milli dəyərlərimiz, nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsinin vacibliyi, nikah və nikah müqavilələri ilə bağlı çıxışlar olmuş, tədbir iştirakçılarına komitə tərəfindən hazırlanmış 80 ədəd maarifləndirici broşür paylanılmışdır. Tədbirdə 130 nəfər iştirak etmişdir. 
    Naxçıvan Muxtar Respublikasında tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli və Şahbuz rayonu üzrə qadınlardan 4-ü dərzilik, 2-si bərbər-manikürçü, 2-si aşpazlıq peşə təhsilinə yiyələnməsi üçün 8 qadının məlumatları Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilmişdir.
    “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsində sərmayə kapitalı verilmiş 4 qadının yaşadığı ünvanda və təsərrüfat sahəsində sərmaye kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmiş, heç bir nöqsan aşkarlanmamışdır.    
    Şahbuz rayonunun Keçili kəndində yaşayan aztəminatlı ailənin üzvü olan gənc qızlar və qadınlar üçün dekorativ-tətbiqi sənətin bədii tikmə sahəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmişdir. Təlimdə istedadlı qadın Səkinə Qarayeva əyani vasitələrdən istifadə etməklə iştirakçılara dekorativ-tətbiqi sənətin bədii tikmə sahəsinin sirlərini öyrətmişdir. Təlimdə 22 qadın iştirak etmişdir.
    2023-cü il 6 mart tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri iştirak etmişdir.
    “Heydər Əliyevi İli”ndə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə komitə tərəfindən bir sıra tədbirlər keçirilmişdir. 603 qadının iştirakı ilə Heydər Əliyev Sarayında keçirilən “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda tədbirdən əvvəl muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən qadınlar tərəfindən əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə gül dəstələri qoyulmuş və Heydər Əliyev Muzeyi ziyarət edilmişdir. Tədbir Heydər Əliyev Sarayında davam etmiş, müvafiq mövzuda çıxışlar edilmiş, “Azərbaycan qadını – keçmişimiz və bu günümüz” mövzusunda film nümayiş olunmuş, komitə tərəfindən 2022-ci il ərzində muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən, müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 35 qadına diplom, eləcə də tədbirdə iştirak edən qadınlara gül təqdim olunmuş, tədbir bədii hissə ilə davam etmişdir. Tədbirin sonunda Heydər Əliyev Sarayında təşkil edilmiş istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış olmuşdur. Təşkil edilən sərgi-satışda müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, muncuqla, gipslə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma və xalça olmaqla, ümumilikdə, 94 müəllifin 2107 əl işi, 50 kiloqram qənnadı və un məmulatları, 84 növdə ailə təsərrüfatı məhsulları sərgilənmiş və satışı həyata keçirilmişdir. Sərgi-satışda 9 istedadlı qadının 240 manat dəyərində 25 əl işi, 4 ailə təsərrüfatçısı olan qadının 212 manat dəyərində istehsal etdikləri məhsulları satılmışdır. Həmçinin 8 Mart – Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar muxtar respublikada yaşayan gözdən əlil olan 20 qadınla və 1 çoxuşaqlı ana ilə görüş keçirilmiş, qadınlara hədiyyə və gül buketi, əlavə olaraq çoxuşaqlı ailəyə isə həm də ərzaq payı təqdim olunmuşdur. Bundan əlavə, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüş keçirilmiş, ona hədiyyələr və gül buketi təqdim olunmuşdur.
    Naxçıvan Dövlət Universitetində Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyevanın 70 illik yubileyi qeyd edilmiş, tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri çıxış etmiş, yubilyara hədiyyə və gül buketi təqdim olunmuşdur. 
    Novruz bayramı ilə əlaqədar “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil edilmiş bayram tədbirində komitə tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, “Ağac bəzəmə” müsabiqəsində istedadlı qadınların hazırladıqları əl işlərindən ibarət 6 ağac bəzədilmiş, müsabiqənin sonunda Novruz Bərəkət Ağacının ən yaxşı şəkildə bəzədilməsində fəal iştirakına görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.
    Novruz bayramı ilə əlaqədar keçirilən tədbirə 36 şəhid və 22 qazi övladı olmaqla, 58 uşaq dəvət edilmiş və tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli uşaqlarla görüşərək onlara hədiyyələr təqdim etmişdir.
     Həmçinin tədbirdə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilmişdir. Belə ki, sərgi-satışda müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, muncuqla, gipslə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma və xalça olmaqla, ümumilikdə, 123 istedadlı qadının 3672 adda hazırlanmış əl işləri sərgilənmiş və satışı həyata keçirilmişdir. Sərgi-satışda 14 istedadlı qadının 4282.50 manat dəyərində 437 ədəd əl işi satılmışdır. 
    Hesabat dövrü ərzində özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 23 istedadlı qadının, 4 ailə təsərrüfatçısı olan qadının 4734.50 manat dəyərində 462 əl işi və istehsal etdikləri məhsullarının satışı həyata keçirilmişdir. 
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən Babək rayon Naxışnərgiz kənd tam orta məktəbində monitorinq keçirilmiş və uşaq hüquqlarının pozuntusu hallarına rast gəlinməmiş, infrastrukturla bağlı nöqsanlar aşkarlanaraq aktlaşdırılmışdır. Nöqsanların aradan qaldırılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə və Babək Rayon İcra Hakimiyyətinə aktın surəti göndərilmişdir. 
    Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı 8 sağlamlıq imkanları məhdud uşağın evində monitorinq keçirilmişdir.
    10 mart – Milli Teatr Günü ilə əlaqədar Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında xalq nağılı əsasında hazırlanmış “Keçinin qisası” tamaşasına xüsusi qayğıya ehtiyacı olan ailələrin, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar, həmçinin şəhid övladları olmaqla, 120 nəfər uşaq cəlb olunmuşdur.
    Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Tədbirlər Planına əsasən cari il ərzində “Liderliyə gedən yol” mövzusunda millət vəkillərinin uşaqlarla görüşü keçirilir. Bu məqsədlə 2023-cü il 13 mart tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək şəhəri 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyevanın uşaqlarla görüşü keçirilmişdir. Tədbirdə müvafiq mövzuda çıxışlar olmuş, sonda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva “Liderliyə gedən yol” mövzusunda uşaqların şəxsi karyera və inkişafla bağlı fikir və təkliflərini dinləmişdir. Diskussiya şəklində keçirilən tədbirdə uşaqların gələcək planları, onları maraqlandıran digər məsələlərə dair sualları millət vəkili tərəfindən ətraflı cavablandırılmışdır. 

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri 
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 20.04.2023 00:43