AZ EN RU

Zeynal Nağdəliyev: Növbədənkənar parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında ikinci ən böyük mühüm hadisədir

2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında ikinci ən böyük mühüm hadisədir. Bundan əvvəl Azərbaycan xalqı prezident seçkilərində öz layiqli namizədinə səs verdi. Fevralın 7-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev növbədənkənar parlament seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün iyulun 10-da MSK-da keçirilən müşavirədə söyləyib.

Zəfərindən sonra ölkəmizin işğaldan azad edilmiş ərazilərdə böyük miqyasda bərpa və quruculuq işlərini apardığını, insanların doğma torpaqlarına qayıtdıqlarını bildirən Z.Nağdəliyev deyib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq parlament seçkilərinin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsi təmin edilməlidir.

“Milli Məclisə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Çalışmalıyıq ki, seçkilər həm ölkədə, həm də beynəlxalq miqyasda yaxşı mənada səs salsın. Məqsədimiz Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsinin təmin edilməsidir”, - deyə o vurğulayıb.

Nəşr edilib : 10.07.2024 12:36