AZ EN RU

Zamanında verilmiş düzgün qərar uğurun açarıdır!

Məlumdur ki, müasir dövrdə ölkələrin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri yox, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. Bu da bir reallıqdır ki, öz maddi resurslarını insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğur əldə edir. İnsan kapitalının ön sırada olduğu cəmiyyətlərdə düzgün peşə seçimi əsas amillərdəndir. Bəs düzgün peşə seçimi üçün nə etməliyik? Dəbi,  ya tələbatı üstün götürməliyik? Suallarımız haqqında daha ətraflı məlumatı tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevdən alırıq. Arzu müəllim bildirdi ki, universitetə qəbul olmaq hər bir abituriyentin arzusudur. Amma universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimi də bir o qədər vacibdir. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir. Çünki sizin bugünkü seçiminiz gələcək həyatınıza təsir edir. Bəzən abituriyentlər bu seçimə səthi yanaşır və topladığı bal hara uyğundursa heç araşdırma etmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Bəzən isə tam əksinə hadisələr baş verir. Bu zaman siz ehtiyatlı davranmalı və yaxşı araşdırma etməlisiniz. Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.  Arzu müəllim qeyd etdi ki, gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Amma onu da unudurlar ki, peşəyə görə əmək haqqı ödənilmir.

Arzu müəllim bu il qəbul imtahanlarında formalaşacaq keçid balından da danışaraq deyir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ildə ixtisaslar üzrə keçid ballarının “Abituriyent” jurnalının 2-ci nömrəsində çap olunması şagirdlərdə mövzu ilə bağlı sualların yaranmasına səbəb olub. Ötən illə müqayisədə, bu il ixtisas seçimi edərkən 2022-ci ildə formalaşan balların əhəmiyyətli olub-olmaması qeyri-müəyyən olaraq qalır. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır. Abituriyent ixtisas seçimi edərkən öz istəyi ilə yanaşı, mövcud müsabiqə vəziyyətinin reallıqlarını-ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz imtahan nəticəsinin bu sıralamadakı yerini, həmçinin ötən illər formalaşmış keçid ballarını nəzərə alması onun seçiminin uğurlu olmasına müsbət təsir edə bilər. İxtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisas seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir. Yüksək bal toplayan abituriyentlərin ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 200-350 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir. Bunun üçün ixtisas seçərkən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisaslar yazılmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir. Müsahibimiz vurğuladı ki, abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. Yadda saxlamaq lazımdır ki, bütün ixtisaslar lazımlı və faydalıdır. Lakin bütün bu ixtisaslardan biri sizə daha yaxındır. Nəyə qarşı istedadınızın olduğunu aşkara çıxarmaq lazımdır. Yəqin ki, məktəbdə siz də hər hansı bacarıq və qabiliyyətinizə görə digər şagirdlərdən fərqlənməyi bacarırdınız. Belə isə, özünüzə bu sualla müraciət edin: “Mənim istedadım nəyə qadirdir?”. İnsan peşəsinə qarşı sevgi, həvəslə işləmədikdə çətin ki, işdə böyük uğurlara nail olsun. O adi, sıradan bir işçi olaraq qalacaq. Lakin insan arzusunda olduğu ixtisası seçdikdə nəinki yüksək nəticələrə nail olacaq, həmçinin işdə də hər zaman sayılan və seçilənlərdən olacaq. Arzulayın və arzunuza doğru gedin.

Əgər məntiqinizin səsi daha çox tələbatın olduğu peşəni seçməyinizi tələb edirsə, 5-10 ildən sonra hansı peşəyə daha çox tələbatın olacağını aydınlaşdırın. Ola bilsin ki, bu seçiminizlə uzun illər boyu özünüzü təmin edə bildiniz. İnsanlar sizinlə eyni addımlaya bilər, lakin sizi ötüb keçə bilməzlər.

Bir çoxları valideynlərinin təklif etdiyi ixtisasları seçirlər. Bəs gələcəkdə bu ixtisasda kim işləyəcək?

– Başqalarının arzularını reallaşdırmayın. Əksər insanlar uğur qazanmış insanların həyat tarixçələrini oxuyaraq onları özlərinə ideal şəxs olaraq seçir və onların uğurlarını təkrarlamağa çalışırlar. Uğur qazanmış insanların tarixçələrini oxuyun. Ola bilsin onlar sizə motivasiya qazandıracaq və nə istədiyinizi onlar sizə deyəcək. İxtisas seçərkən, onu özünüzə görə seçin. Beləliklə gələcəyin ən yaxşı mütəxəssislərindən birinə çevrilin. 

Təəssüflər olsun ki, insanlar peşə seçərkən onların qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşırlar. Bu amillər sırasına onun ailəsi, yaşadığı cəmiyyət, fərdi xarakterik xüsusiyyətləri, maraq və meylləri, qabiliyyətləri də daxildir. Bəzi hallarda insanın peşə seçimi etməyində həyat şərtləri də rol oynayır. Ancaq peşə seçiminə təsir edən əsas faktorlardan biri məhz ailədir. Demək olar ki, bir çox uşaqlı ailələri düşündürən əsas sual da övladlarının “Böyüyəndə kim olacaq?” sualıdır. Alman filosofu Nitşe “İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir” demişdi. Zənn edirəm, Nitşenin bu fikrini cəmiyyətdə hər zaman aktuallığını qoruyan “peşə seçimi” mövzusuna da aid edə bilərik. Ümumiyyətlə, peşə seçimi elə bir anlayışdır ki, biz özümüzə hər hansı bir ixtisas seçməklə bir növ gələcək həyatımızı da zəmanət altına almış oluruq. Valideynlər çox vaxt övladlarını özlərinin arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər. Valideynlər övladlarına bilərək təsir edir, onların gələcək seçimləri üçün xüsusi addımlar atırlar. Burda sevindirici bir məqam o ola bilər ki, valideyn övladının hər hansı bir sahədə qabiliyyətini görür və onu həmin sahə üzrə istiqamətləndirir. Zamanında verilmiş düzgün qərarlar nəticəsində gəncin peşə seçimi problemi həll olunur. Ancaq reallıq onu göstərir ki, ailələrin övladlara birbaşa təsiri heç də həmişə müsbət nəticələnmir. Gəlin etiraf edək ki, bir çox valideynlər övladlarını elə öz çalışdığı sahələrdə görmək istəyir. Bu zaman isə meydana “Valideynin peşəsinin davamçısı, ailə dəyərlərinin qoruyucusu bir övlad” anlayışı çıxır. Mövzunun daha dərininə getsək, bir çox məqamlarda valideynlərin övladlarına peşə seçimi ilə bağlı psixoloji təsirlərini aydın şəkildə görə bilərik. Nədənsə valideynlər düşünür ki, əgər onlar bir sahədə uğur qazanıbsa, eyni nəticəni övladları da göstərəcək.

Bəs genetik amilləri nəzərə alsaq, valideynlərə bu baxımdan haqq qazandırmaq olar?

– Məlum olduğu kimi, əksəriyyət daha yüksək maaşı olan, cəmiyyətdə yaxşı statusa malik peşələrə sahib olmaq istəyir. Yuxarıda qeyd etdiyimiz peşənin – “gələcək həyata zəmanəti” olması anlayışı burda öz təsdiqini tapır. Çünki normal şəkildə yaşamaq, öz istək və tələbatlarını ödəmək üçün maddi vəziyyətin yaxşılaşdırılması insanların həyatını da asanlaşdıracaq. Bu baxımdan da gənclər məhz yüksək maaşlı ixtisasları seçməyə meylli olurlar. Valideynin peşəsi kifayət qədər yaxşı qazanc bəxş edirsə, gəncin də həmin sahəni seçmə ehtimalı yüksək olacaqdır. Hər bir halda ailələrin həm birbaşa, həm də dolayı təsiri gənclərin bu mövzudakı qərarlarında rol oynayacaqdır. Burda isə diqqət yetirilməli olan əsas məsələ, ailələrin zamanında övladlarının qabiliyyətinin fərqində olmaq, onları düzgün istiqamətləndirməkdir. Əlbəttə valideynlər öz uşaqlarını daha yaxşı yerdə görmək, uğurlu mütəxəssis olmağını istəyir. Ancaq bu o demək deyil ki, gənclər mütləq şəkildə valideynin peşəsini davam etdirməlidir. “Mən bu sahədə uğur qazanmışamsa, övadım da eyni nəticəni göstərəcəkdir” fikrini özünüzdən uzaqlaşdıraraq, ona daha yaxşı seçimlər təklif edə bilərsiniz. İxtisası prestijə yox, əmək bazarına görə seçmək lazımdır. Həm valideynlər, müəllimlər, həm də abituriyentlər ixtisas seçimində əmək bazarını nəzərə almalıdırlar. Bunu bilmək isə o qədər də çətin deyil.

Naxçıvan Dövlət Universitetində müəyyən ixtisaslarda plan yerləri haqqında danışan müsahibimiz deyir ki, ixtisas seçimində 3 əsas amilə – abituriyentlərin sayına, imtahan nəticəsinə və plan yerlərinə ciddi şəkildə diqqət edilməlidir. İlkin olaraq 2023-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmaq lazımdır. Amma onunla tam şəkildə yola çıxmaq da uğurlu ola bilməz. Abituriyentlər mütləq şəkildə 2023-cü ildə ixtisas qrupu üzrə eyni və daha çox bal toplayanların sayına və həmin ildəki plan yerlərinə, yeni ixtisaslara və həm də bağlanmış ixtisaslara diqqət etməlidir. 2023-cü ildə bəzi aşağı və ya yuxarı balla formalaşmış ixtisasların plan yerləri ilə 2024-cü ilin plan yerləri müqayisə edilməlidir. Çünki onların bəzisində azalma bəzisində isə artma var ki, bu da ixtisas seçimi zamanı sizi yanılda bilər. Misal olaraq, Naxçıvan Dövlət Universitetinə qəbul aparılacaq ixtisaslardan III ixtisas qrupunda “Fəlsəfə”, “Tərcümə” (ərəb-fars dilləri), V ixtisas qrupunda “Bəstəkarlıq” ixtisaslarına plan yeri nəzərdə tutulmayıb. Digər tərəfdən isə I ixtisas qrupunda “İnformasiya təhlükəsizliyi” (tədrisi ingilis dilində), IV ixtisas qrupunda “Tibb bacısı işi” ixtisaslarına ilk dəfə olaraq qəbul nəzərdə tutulub. Digər tərəfdən plan yerlərinə də diqqət edilməsi vacib şərtlərdəndir. Arzu müəllim qeyd etdi ki, 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin “İnformasiya texnologiyaları” ixtisasında 30 plan yeri var idi, bu il isə o ixtisas üzrə plan yeri 10 yer artaraq 40 plan yeri olub. Başqa bir misal, 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi ixtisasında 30 plan yeri var idi, bu il isə o ixtisas üzrə plan yeri 10 yer artaraq 40 plan yeri olub. Deməli, bu ixtisası seçən abituriyentlər üçün də fürsət yaranmış olur.

Bir sözlə, ixtisas seçimi edən hər kəs Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan və yayımlanan jurnallara, statistik məlumatlara, xüsusi buraxılışlara, ixtisas qrupları üzrə rəsmi məlumatlara diqqət etməli və bu sahənin mütəxəssisləri ilə məsləhətləşməlidir. Bir sözlə, “Yüz ölçüb bir seçməliyik”!         

Biz də öz növbəmizdə tələbə adını qazanmaq uğrunda başlayacaq bu marafonda hər bir abituriyentə uğurlar arzu edirik!

Bülbül QULİYEVA

Nəşr edilib : 07.08.2024 10:02