AZ EN RU

Yeniləşən Naxçıvan: Yeni əsr-yeni təhsil

Giriş. Bu yazıda ötən dövr ərzində Azərbaycan, o cümlədən muxtar respublikanın təhsil sahəsində qeydə alınan inkişaf, əldə olunan uğurlara nəzər salınmış, bəzi statistik müqayisələr aparılaraq Naxçıvan təhsilinin keçdiyi inkişaf mərhələləri, müasirliyə doğru getdiyi yolda nailiyyətləri, yeni yanaşmalar təhlil edilmiş, təhsil iştirakçılarının vəzifələri ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Günümüzdə muxtar respublikamızda təhsilin dünəni ilə bu gününün müqayisəsini ifadə etmək gözlə görünəcək qədər asan, sözlərlə ifadə edə bilinməyəcək qədər də çətindir.

Uzun inkişaf yolu keçmiş təhsilimiz bu gün hər bir şagird, hər bir gənc üçün əlçatandır. Naxçıvanın bütün rayonlarında, ən ucqar dağ kəndlərində belə artıq maksimum şərait yaradılır, gənclərimiz güclü maddi-texniki baza ilə əhatə olunmuş məktəblərdə təhsil alırlar.

Güclü infrastruktur quruculuğuna, kommunal təminata, resurs əlçatanlığına və bu kimi zəruri üstünlüklərə malik muxtar respublika iqtisadiyyatı təhsil islahatlarını zəruri edən vaxtlardan bugünkü müasirləşmənin və modernləşmənin mərkəzinə qədər böyük inkişaf yolu keçmiş, təhsilin məqsəd və vəzifələri, məzmun və strategiyaları, qiymətləndirmə meyarları, gələcək perspektivləri müəyyənləşdirilmiş, əsaslı islahatlar həyata keçirilmiş və inkluzivlik uğrunda mübarizə aparılmışdır.

Bildiyimiz kimi ölkəmizdə, o cümlədən Naxçıvanda da böyük maarifçilik hərəkatı hələ XIX, XX əsrlərdən cərəyan etmiş, təhsilin mədrəsə formasından dünyəvi tədris formasına keçidlə bağlı ardıcıl mübarizələr aparılmış, təhsil vasitəsi ilə insanların və cəmiyyətin dəyişilməsinə nail olunmuşdur. Həmçinin XX əsrin sonlarından muxtar respublikada “Təhsildə geriləməyə qətiyyən yol vermək olmaz” prinsipi əsas götürülərək bütün yaşayış məntəqələrində məktəblərin, idman müəssisələrinin tikilməyə başlanılması ilə bu sahələrin inkişafının əsası qoyulmuşdur. Həmin dövrlərdə aparılan mübarizə və əldə olunan nailiyyətləri müasir təhsilin qabaqcıl təcrübəsini, ayrı-ayrı müəllimlərin pedaqoji ustalığını yaymaq üçün təhsilə dair qəzet və jurnalların nəşri isə bu inkişafa təkan vermişdir.

Günümüzdə də kütləvi informasiya vasitələri, mütəmadi olaraq təşkil edilən televiziya verilişləri, keçirilən elmi-praktiki konfranslar, vebinar və seminarlar təhsilin davamlı, fasiləsiz inkişafına təsir göstərən amillərdir.

Təhsilin xronoloji dövrlərini müqayisə etmək üçün araşdırmalar zamanı muxtar respublikanın sosial-iqtisadi vəziyyəti haqqındakı arxiv materiallarına və ya bəzilərimizin təhsil aldığı dövrə nəzər yetirərkən əvvəllər məktəblərin, istilik və elektrik sisteminin, idman müəssisələrinin yararsız halda olduğunu, dərsliklərin çatışmamasını aydın görə bilirik. Elə öz təhsil aldığım, biliklərə yiyələndiyim məktəbdəki şəxsi təəssüratlarım mənə bu müqayisəni aparmaq üçün güclü bir vasitədir. O zamanlar sinfimizin döşəmə taxtaları arasına təsadüfən əlimizdən düşən kiçik əşyalar (yeri gəlmişkən qeyd edim ki, döşəmə sıradan çıxmışdı) bizim deyildi. Həmin dövrdə dərsliklər şəxsi məvaciblərlə alınır, bir dərslikdən bir neçə şagird istifadə edirdi. Bəzilərinin nəinki oxumaq üçün kitabı, heç yazmaq üçün dəftəri belə olmurdu... Olduqca böyük bir məktəbin istilik sistemi zəif idi. Elə olurdu ki, uşaqlar günlərlə məktəbə getmirdilər. Bir sözlə, bu gün müasir görkəmi ilə ən müasir tədris bazalarından biri olan məktəbimiz bir zamanlar çoxumuzun ağlına belə gəlməzdi. Ancaq çətinliklərə baxmayaraq keyfiyyətli təhsil almaq, bugünkü strukturda cəmiyyət üçün faydalı vətəndaş ola bilmək üçün səylə çalışırdıq. Bu gün isə vəziyyət tamam fərqlidir. Qürur hissi ilə vurğulamalıyıq ki, müasir dövrdə Naxçıvan Muxtar Respublikasında təhsilin məzmununun müasir dövrün tələb etdiyi səviyyədə müəyyənləşdirilməsi həm infrastruktur, həm də kadr hazırlığı baxımından yüksəkdir. Muxtar respublikada təhsilə dövlət qayğısı və diqqət birinci növbədə bu sistemin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və müasir tələblər səviyyəsində yeniləşdirilməsində özünü göstərir.

Ümummilli Liderimiz Heydər Əliyev təhsili cəmiyyət həyatının strateji sahəsi hesab edərək deyirdi: “Əgər bizim yüksək təhsil, güclü kadr potensialımız olmasa, nə iqtisadi, nə elmi, nə də sosial potensiala malik ola bilmərik. Yaxşı təhsil ölkənin gələcək inkişafı üçün yaxşı əsas yaradılması deməkdir. Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Yüksək bilik səviyyəsinə nail olmaq üçün isə təhsil ardıcıl surətdə inkişaf etdirilməlidir”.

Həmin strategiyanın uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müasir kompüter və elektron lövhələrlə təchizatı, laboratoriya və fənn kabinələrinin zəruri avadanlıqlarla təmin olunması, kitabxana fondlarının zənginləşdirilməsi tədrisin yüksək səviyyədə təşkilinə geniş imkanlar açmış, məktəb sənədlərinin işlənməsi üsulları, rəhbərlərin vəzifələri, pedaqoji şuranın strukturu və başqa sahələrdə də əsaslı yenliklər edilmişdir.

Onu da qeyd etmək lazımdır ki, ötən müddətdə sağlamlıq imkanları məhdud uşaqların da təhsil hüquqlarının təmin edilməsi, inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində də məqsədlərə nail olmaq üçün müəyyən edilmiş tədbirlər uğurla həyata keçirilmişdir.

Təhsil sahəsində hər ötən il qazanılan uğurların daha da artması, bu sahədə yeni qərar və sərəncamların verilməsi, dövlət proqramlarının qəbul olunması Naxçıvan təhsilinin ildən-ilə daha da inkişafına layiqli töhfəsini verməkdə davam edir. Hərtərəfli dövlət qayğısı hesabına diyarımızda 300-ə yaxın dünya standartlarına tam cavab verən məktəb binası, məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, şagirdlərin asudə vaxtlarının, onların intellektual səviyyəsini və istedadlarının üzə çıxarılmasının səmərəli təşkili məqsədilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Şahmat və Musiqi məktəbləri üçün yeni binalar tikilmiş və ya əsaslı şəkildə təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün onların istifadəsinə verilmişdir. Həmçinin ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin dərslik, dərs vəsaiti və bədii ədəbiyyatla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılmışdır. Göründüyü kimi, muxtar respublikanın təhsil mühitində böyük potensial cəmləşmiş, təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, məktəblər ən müasir informasiya avadanlıqları ilə təmin olunmuşdur.

Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə məktəbəqədər tərbiyə və təhsil sisteminin təşkili də nəzarətdə saxlanmış, muxtar respublikadakı bütün uşaq bağçaları yeni və müasir binalarla təmin olunmuşdur.

Reallıqdır ki, Naxçıvanda son illər ərzində gedən inkişaf prosesləri nəinki muxtariyyətin geridə qalan 100 ilində, hətta Naxçıvanın mövcudluğu dövründə müşahidə edilməmişdir. Həyata keçirilən tədbirlər isə Naxçıvanda təhsilin yeni mərhələyə qədəm qoymasına imkan vermişdir. Əgər 1939-cu ildə muxtar respublika əhalisinin təqribən hər on min nəfərinə 1 ali təhsilli düşürdüsə, 1979-cu ildə 227, 1995-ci ildə 554, 2014-cü ildə 1038, 2023-cü ildə təxminən 2000-dən artıq ali təhsilli düşür. Bununla yanaşı orta ixtisas və peşə təhsillilərin də sayı xeyli artmışdır.

Göründüyü kimi, böyük bir inkişaf prosesi getmiş, cəmiyyətdə əhalinin ziyalı təbəqəsinin xüsusi çəkisində böyük dəyişiklik baş vermişdir. Sevindirici haldır ki, artıq məktəblərimizin tam fəaliyyət göstərməsi, uğur qazanması üçün hər cür şəraiti, eləcə də bütün fənlər üzrə peşəkar müəllim heyəti vardır. Ancaq təhsilin məzmunu nə qədər yüksək və mükəmməl, maddi-texniki bazası nə qədər möhkəm, biliklərin ötürülməsi vasitələri nə qədər müasir olsa da, əgər tələblərə cavab verən, avadanlıqlarla işləməyi bacaran müəllim yoxdursa, heç nəyə nail olmaq mümkün deyil. Əsas odur ki, hər bir müəllim auditoriyaya, sinif otağına daxil olarkən üzərinə düşən məsuliyyəti hiss etsin. Müasir dövrün müəllimi bilməlidir ki, artıq bütün məlumatlar internetdə hamının əlinin altındadır, artıq bizim nə bildiyimiz deyil, nə edə biləcəyimiz vacibdir. Buna görə də əsas hədəfimiz qəliblərdən kənara çıxmaq, bilikləri tətbiq etmək, qurmaq, yaratmaq olmalıdır. Bu bir həqiqətdir ki, bu gün yeni doğulan və ya I sinifdə təhsil alan şagirdlər, əsrin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Çox yox 6, il sonranı düşünsək, 2030-cu ildə insanların nəyə ehtiyacı olacaq, bizdən nə tələb ediləcək? Biz hazırda hansı fərziyyəni necə yoxlaya bilərik? Buna hazırıqmı?, – deyə düşünməliyik. Fikrimə dayaq olaraq, görkəmli Amerika pedaqoqu Filipp Şlextiniri “XX1 əsrin məktəbi. Təhsil islahatının prioritetləri” əsərində çoxsaylı sorğularındakı bir suala istədiyi cavab çox diqqətimi çəkdi: “Siz məktəbdən nə istəyirsiniz?” – cavab isə belə olmuşdur: “Bizə elə insanlar lazımdır ki, onlar müstəqil, sərbəst öyrənməyi bacarsınlar”. Bu sorğunun nəticəsindən onu başa düşürük ki, müasir cəmiyyətə müstəqil öyrənməyi, məqsədinə çatmaq üçün yollar tapmağı, bu və ya digər problemləri həll etməyi və problemin həlli üçün müxtəlif müasir informasiya mənbələrindən, həyat boyu öyrənmə formulundan – 21-ci əsr bacarıqlarından istifadə etməyi bacaran şəxsiyyətlər lazımdır.

Şagirdlər və tələbələrlə apardığım müşahidələrim də bunu təsdiqləyir ki, müasir təlim metodları ilə keçirilən dərslər daha çox sevilir, onlarda özünə inamı və fənnə marağı qat-qat artırır. İstənilən şəhərin, rayonun, kəndin müasir məktəb binalarında təhsil alan şagirdləri artıq laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artırır, idman zalında idmanın müxtəlif növləri ilə məşğul olur, kitabxanada mövcud ədəbiyyatlarla mütaliə mədəniyyətlərini inkişaf etdirirlər. Bundan başqa dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan, təhsil sistemində əsaslı yer tutan STEAM təhsil metodunu tətbiq etmək üçün artıq Naxçıvanın bir çox ümumtəhsil məktəblərində mərkəz və kabinələr şagirdlərin istifadəsinə verilmişdir. Bəli, təhsildə yenilik təkcə məktəb binalarının yeniliyi ilə ölçülmür. Ölçülə bilən istənilən şagird nailiyyəti ilə bağlı nəticələrə baxdıqda 5-10-15 və sair illik perspektivdə Naxçıvan şagirdlərinin və gənclərinin inkişafında müsbət dinamika var. Bu gün Azərbaycan, o cümlədən Naxçıvan dünyanın inkişaf etmiş ölkələrinin qoşulduğu bir çox beynəlxalq qiymətləndirmədə iştirak edir. Belə qiymətləndirmələrdə şagirdlərimizin eyni zamanda intellektli gənclərimizin nailiyyətləri yaxşıya doğru dəyişir.

Beləliklə, təhsilin dünənki vəziyyəti və bugünkü inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, biz gələcəyimizi daha etibarlı və inamlı görmək əzmindəyik. Ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olaraq muxtar respublikamızın bugünkü iqtisadi inkişafı və sosial etibarlılığı üçün çox qürurluyuq. Çünki, artıq ərazi bütövlüyümüzün təmin olunması ilə daha böyük uğurlar qazanılmaqdadır və ümid edirik ki, Qərbi Azərbaycana qayıdışımızla, Azərbaycanın digər bölgələri ilə inteqrasiya artdıqca inkişaf, yüksəliş də sürətlə davam edəcəkdir. Biz təhsil işçiləri də bizə əmanət edilən bu nailiyyətlərin davamçıları olmalı, bundan sonra daha çox işlər görərək yeni uğurların qazanılmasında fəal iştirak etməliyik.

Yeniləşən Naxçıvanımızın yeni əsr təhsil prioritetlərində, gələcəyimizin qurucuları olan gənc nəslin yetişdirilməsi işində bütün təhsil iştirakçılarına uğurlar arzulayıram.

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun, doktorantı

Məqalə “Şərq qapısı” qəzetinin elan  etdiyi “Naxçıvan 100 ildə” yaradıcılıq

müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 09.07.2024 11:02