AZ EN RU

Yeni nəsil telekommunikasiya avadanlıqlarının təqdimatı keçirilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Buta Global Enerji” şirkəti tərəfindən Nazir­liyin aparatının, tabeli qurumlarının və Naxçıvan Muxtar Respublikasının Radio-Televiziya Ötürücü Mərkəzinin mühəndisləri və texniki işçilərinə yeni alınmış telekommunikasiya avadanlıqlarının istifadə qaydaları öyrədilib.
    Tədbirdə nazirliyin aparatının Telekommunikasiya və radiotezliklərin qeydiyyatı şöbəsinin müdiri Ruhən Əsgərov bildirib ki, muxtar respublikada yeni nəsil telekommunikasiya şəbəkələrinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, əhalinin müasir rabitə və internet xidmətləri ilə əhatə olunması diqqət mərkəzində saxlanılır. 
     “Buta Global Enerji” şirkətinin radioölçmələr üzrə mütəxəssisi, telekommunikasiya üzrə mühəndis-ekspert Ramazan Əliyev slaydlar vasitəsilə yeni telekommunikasiya avadanlıqlarının istifadə qaydalarından bəhs edərək bildirib ki, Kanadanın EXFO şirkətinin istehsalı olan Max Tester730c-Pon/metro OTDR-1310/1550nm tablet tipli müasir ölçmə cihazı (OTDR-Optical Time Domain Reflectometer-optik zaman domen reflektoru), fiber-optik şəbəkələrdə, habelə FTTX/DON şəbəkələrdə istifadə üçün  tam avtomatlaşdırılmış Windows əməliyyat sistemi ilə işləyən proqram təminatı və müasir interfeyslə təchiz edilib. 
    Qeyd olunub ki, muxtar respublikada ilk dəfə istifadə ediləcək bu cihaz vasitəsilə fiber-optik şəbəkələrin çəkilişi, habelə texniki xidmət üçün effektiv ölçü cihazı olmaqla fiber-optik kabellərdə lif birləşmə itkisinin yoxlanılmasına, uzunluğunu ölçməyə, kabel qırılmalarını aşkar­lamağa imkan yaranır. 
    Vurğulanıb ki, nazirliyə cari ilin əvvəlində alınmış Almaniya istehsalı olan “Rohde & Schwarz” Spectrum Rider analizatoru, yeni alınmış HE400VHF markalı aşağı tezliklərdə çalışan radioötürücü avadanlıqların spektr ölçmələrini ölçmək üçün anten modulu ilə dəstləşdirilib. Bu da muxtar respublika ərazisində televiziya və radio proqramlarının yayım vəziyyətinin yoxlanılması və aşağı tezlik diapazonlarının ölçülməsinə şərait yaradacaqdır. 
    Təlimdə, həmçinin Fluke Networks PRO3000 Tone&Probe Kit, Fluke Networks Intelli Tone Pro 200 Lan Tone&Probe Kit və Fluke Networks micro scanner 2 cable Verifier ölçmə cihazlarının versiyaları, onların istifadə qaydaları və xüsusiyyətləri barədə də iştirakçılara məlumat verilib. 

Naxçıvan Muxtar Respublikası Rabitə və

Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2022 20:40