AZ EN RU

“Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın aparıcı siyasi qüvvəsidir” mövzusunda elmi-praktik konfrans olub

    Noyabrın 16-da Naxçıvan Dövlət Universitetində muxtar respublikanın tanınmış ictimaiyyət nümayəndələrinin, ali təhsil ocağının müəllim və tələbələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın aparıcı siyasi qüvvəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib. 
    Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini, Ali Məclisin deputatı Anar İbrahimov açaraq qeyd edib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanın siyasi tərəfdaşları müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Partiya ötən müddətdə ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində dərin böhran içində olan Azərbaycan parçalanma, dağılma təhlükəsi ilə üzləşmişdi. Məhz bu zaman yeni yaranan partiyanın rəhbəri seçilən ulu öndər xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdı, ölkəni anarxiyadan sabitliyə, iqtisadi böhrandan tərəqqiyə doğru apardı. Bütün bunlar bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyasının ideyaları ətrafında birləşən xalqımız ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalmış, böyük əzm və qətiyyət göstərərək Vətənimizi işıqlı gələcəyə aparmışdır.
    “Yeni Azərbaycan Partiyası: Naxçıvandan başlanan qalibiyyət yolu” mövzusunda çıxış edən Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli vurğulayıb ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə dövlətçilik tariximizdə yeni mərhələnin – böyük quruculuq, inkişaf və tərəqqi dövrünün əsası qoyulmuş, müdrik dövlət xadiminin yaratdığı iqtisadi, elmi və milli potensial sonradan müstəqilliyimizin möhkəm təməlinə çevrilmişdir. Ümummilli liderimiz Sovetlər Birliyi dövründə Azərbaycanı müstəqilliyə hazırlamışdırsa, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə isə Yeni Azərbaycan Partiyasını təsis etməklə müstəqilliyimizi və dövlətçiliyimizi qorumuş, Azərbaycan xalqının gələcək tarixi taleyində mühüm siyasi addımlar atmışdır. Azərbaycanda sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, quruculuq işlərinin həcmi artmış, əhalinin rifahı yüksəlmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurmuş, ölkə Prezidenti tərəfindən isə bu yol davam etdirilərək inkişaf və tərəqqiyə, sabitliyə və yüksək rifaha nail olunmuş, torpaqlarımız işğaldan azad edilmişdir.
    Konfransda “Yeni Azərbaycan Partiyası – 30: Xalqa xidmət nümunəsi” mövzusunda Naxçıvan Dövlət Universiteti İqtisadiyyat kafedrasının müdiri, dosent Ceyhun Mahmudov, “Tarixi zərurətin ən dolğun və alternativsiz siyasi təşkilatı” mövzusunda Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, dosent Çapay Quliyev, “Qələbələr Partiyası Azərbaycanı yeni tarixi nailiyyətlərə aparır” mövzusunda “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı Tural Məmmədzadə çıxış ediblər. 
    Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş Naxçıvan Dövlət Universitetinin tələbələrinə üzvlük vəsiqələri verilib. 
    Tədbir Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin hazırladığı konsert proqramı ilə başa çatıb.

“Şərq qapısı”

Nəşr edilib : 16.11.2022 20:06