AZ EN RU

Yeddi ayın mənzərəsi: Dövlət Proqramı uğurla icra olunur, suvarma və içməli su təminatı yaxşılaşdırılır

Dünyada gedən qlobal iqlim dəyişiklikləri, qonşu respublikaların ərazisindən daxil olan çaylarda sululuğun azalması, eyni zamanda əhali artımı və digər iqtisadi faktorlar ölkəmizdə içməli su ehtiyatlarının getdikcə tükənməsi problemini ortaya çıxarmaqla ciddi tədbirlərin görülməsini zəruri edib. Hələ dörd il bundan öncə, daha dəqiq desək, 2020-ci il aprelin 15-də dövlətimiz tərəfindən bu istiqamətdə mühüm addım atılıb. Belə ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb, komissiyaya su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif, sudan istifadədə isə itkilərin yüksək olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılıb. 

          Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanda da səmərəli suvarma metodlarından istifadə, içməli və suvarma su təminatı ilə bağlı vacib məqamlar yer alıb. Ötən ildən etibarən vahid konsepsiya əsasında, plan üzrə işlərə başlanılıb, tenderlər uğurla reallaşdırılıb. Nəzərdə tutulan layihələr üzrə, ümumilikdə, 9 tender müsabiqəsi uğurla yekunlaşaraq təchizatçı şirkətlərlə müqavilə imzalanıb. Onlardan 8-i layihə-smeta sənədlərinin hazırlanması, digəri isə texnika parkının yenilənməsi olub ki, bunlarla bağlı müvafiq işlər görülüb. Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması üzrə layihə-smeta sənədləri layihəçi şirkətlər tərəfindən hazırlanaraq ekspertizadan keçirilməsi üzrə FHN-nə təqdim olunub. Babək rayonunun Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması, eyni zamanda Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar Su Anbarını qidalandıran kanalın yenidən qurulması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər yekunlaşıb və ekspertizadan müsbət rəy alınaraq təsdiq olunub. “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması layihəsinin tikintisi üzrə tender müsabiqəsi uğurla həyata keçirilir. Kəngərli rayonunun 3500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin, Araz Su Anbarından Heydər Əliyev Su Anbarına suyun verilməsi məqsədilə yeni nasos stansiyasının və boru xəttinin tikintisini nəzərdə tutan layihə-smeta sənədləri yekunlaşmaq üzrədir. Meliorasiya və irriqasiya sahəsində xidmətin təkmilləşdirilməsi məqsədilə təchizatçı şirkət tərəfindən 4 avadanlıq, 21 texnika və avtomobil gətirilərək nəqliyyat-texnika parkı yenilənib.

Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlər çərçivəsində Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərinin ərazisində, ümumilikdə, 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisinin davam etdirilməsinin, eyni zamanda Gilançaydan Culfa və Babək rayonlarının ərazisində, ümumilikdə, 1600 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılmasının, Sədərək rayonunun Sədərək, Qarağac kəndlərinin və Heydərabad qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının layihə-smeta və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üzrə elan edilmiş tender uğurla yekunlaşaraq qalib şirkətlə satınalma müqaviləsi bağlanılıb. Müqaviləyə uyğun olaraq işlər davam etdirilir. Eyni zamanda Qaraçuq magistral kanalının yenidən qurulmasının layihələndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə tender müsabiqəsi elan edilib və cari ilin iyunun ayının 22-də uğurla yekunlaşıb. Tender komissiyası tərəfindən qiymətləndirmə aparılıb, “Yekun Protokolun” təsdiq olunması üçün  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilib və avqustun 12-də təsdiqlənib. Qalib şirkətlə müqavilə bağlanılması istiqamətində müvafiq işlər görülür.

Cari ilin 7 ayında Dövlət Proqramında nəzərdə tutulan prioritetlərə uyğun muxtar respublikada əhalisinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilib. Belə ki, Şərur rayonunda 0,66, Babək rayonunda 1,21, Şahbuz rayonunda 0,1, Ordubad rayonunda isə 1,71 kilometr  içməli su xətləri çəkilib. Şərur rayonunda 0,59, Babək rayonunda 2,76, Şahbuz rayonunda 0,54, Culfa rayonunda 2,18, Ordubad rayonunda 6,9, Kəngərli rayonunda isə 0,32 kilometr mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılıb. Bundan əlavə, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Qahab kənd kaptajından Naxışnərgiz kəndində yerləşən subartezian quyusunun supaylayıcı qurğusuna 750 metr uzunluğunda yeni sugətirici boru, Çeşməbasar kəndində 3288 metr ana boru, 3000 metr paylayıcı boru, Güznüt kəndində 2650 metr paylayıcı boru, Culfa rayonunun Dizə kəndində isə yeni tikilmiş subartezian quyusundan 2395 metr suaparıcı boru xətti çəkilib. Ordubad rayonunun Dəstə kəndində yeni tikilmiş kaptajdan 1200, Gilançay hövzəsində yeni tikilmiş kaptajdan Sabirkəndə 3200 və Gilançay hövzəsində yeni tikilmiş kaptajdan Baş Dizə kəndinə isə 300 metr uzunluğunda yeni sugətirici boru, Ordubad rayonunun Düylün kəndinə yeni qazılmış subartezian quyusundan 500 metr uzunluğunda yeni suaparıcı boru xəttinin çəkilişi icra olunub.

Bu il rayonlarda yerləşən kaptajlarda təmir-bərpa prosesi də uğurla aparılıb, nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib, Culfa rayonunun Bənəniyar kəndinin suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə “Bənəniyar” nasos stansiyasından 3,41 kilometr uzunluğunda yeni təzyiqli boru xətti çəkilib. Şərur rayonunda “Qorçulu”, “Həmzəli-1”, “Həmzəli-2”, “Zeyvə-1”, “Zeyvə-2”, “Xələc”, “Ərəbyengicə”, “Ağbulaq-1”, “Muğanlı” və “Dərəkənd” nasos stansiyalarının təzyiqli boru xətlərinin 1,89, Babək rayonunda “Hacıvar”, “Badaşqan”, “Şəkərabad”,  “Araz-1”, “Araz-2”, “Kərimbəyli” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 2,47, Şahbuz rayonunda “Mahmudoba”, “Külüs”, “Daylaqlı”, “Şahbuzkənd”, “Əcəmi-1”, “Əcəmi-2” nasos stansiyalarının, Ayrınc, Şada, Aşağı Qışlaq, Daylaqlı, Külüs kəndlərində, Şahbuz şəhərində yerləşən subartezian quyularının təzyiqli boru xətlərinin 0,81, Culfa rayonunda Bənəniyar Su Anbarının, “Kırna”, “Bənəniyar”, “Culfa-1”, “Yaycı-1” və “Gülüstan”  nasos xətlərində təzyiqli boru xətlərinin   1,13, Ordubad rayonunda “Dəstə-2” və “Əylis-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,4, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2”, “Kərki”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,65, Naxçıvan şəhərində isə “Azərbaycan”, “Qaraçuq-1” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 1,4 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

2024-cü ilin yanvar-iyul ayları ərzində 12 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 2 kəhrizdə isə davam etdirilib, kəhrizlərdə 1730 metr kürə təmizlənib, 78  metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 28-nə yeni nasos quraşdırılmaqla 357-si əsaslı təmir olunub. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Culfa rayonunun Dizə kəndində 1 yeni subartezian quyusunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Ordubad rayonunun Düylün, Babək rayonunun Qaraqala, Şahbuz rayonunun isə Sələsüz kəndində hər birində 1 subartezian quyusu olmaqla, ümumilikdə, 3 yeni subartezian quyusunun qazma işləri başa çatdırılıb. Həmçinin “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 240 evin içməli su xəttinə, 1699 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb. Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikinti işləri başa çatdırılıb...

Naxçıvanda suvarma və içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsinin genişliyi, sadalanan faktların zənginliyi belə deməyə əsas verir ki, dünyada baş verən qlobal iqlim dəyişiklərinin bu sahəyə təsirinin azaldılması üçün vacib addımlar atılır və nəticələr müsbətə doğru dəyişə bilər. Əminliklə demək olar ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritetlərin icrası bu ümumbəşəri problemin aradan qaldırılmasına töhfələr verəcək...

Nail ƏSGƏROV

Nəşr edilib : 13.08.2024 16:32